AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bir ölkənin qaydaları digəri üçün məcburi ola bilməz Müsahibə

Bir ölkənin qaydaları digəri üçün məcburi ola bilməz Müsahibə

Müsahibə
12 İyun 2013, 09:09 1433
“Kaspi”nin suallarını Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə cavablandırır.

- Aydın müəllim, YAP iyunun 7-də V qurultayını keçirdi və bu tədbir bir sıra mühüm qərarların qəbul edilməsi ilə yadda qaldı. İstərdim ilk öncə elə bu qurultay barədə təəssüratlarınızı öyrənim.

- YAP-ın V qurultayı Azərbaycan ictimaiyyətinin böyük marağına səbəb oldu. 20 ildir hakim partiya olan, ölkənin 600 mindən sox vətəndaşını birləşdirmiş bir təşkilatın ali orqanı seçkiqabağı ölkəyə çox ciddi mesajlar verdi. Əvvəldən də partiyanın seçkilərdə namizədi, onun sədri, ölkə başçısı cənab İlham Əliyevin olacağı gözlənilirdi. Xeyli əvvəldən partiya funksionerləri və eyni zamanda təşkilatın sıravi üzvləri partiyanın namizədinin hazırkı ölkə prezidenti olması barədə arzularını bildirirdilər. Qurultay yekdil şəkildə bu qərarı qəbul etdi. Eyni zamanda çıxışlarda ölkənin bugünkü durumuna qiymət verildi. Gələcəklə bağlı partiyanın perspektivləri açıqlandı. Hesab edirəm ki, YAP-ın qurultayı ümumən tək bir təşkilatın deyil, Azərbaycanın demokratik düşüncəli çoxsaylı insanlarının qərarı idi. Heç də təsadüfi deyil ki, qurultaydan bir neçə gün keçməsinə baxmayaraq, hələ də tədbirin yaratdığı müsbət abı-hava cəmiyyətdə qalmaqdadır. Düşünürəm ki, insanların mütləq əksəriyyəti seçkilərdə məhz İlham Əliyevin qalib gələcəyinə inanır.

- YAP Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Bu partiyanın Azərbaycan siyasətindəki yerini necə qiymətləndirərdiniz?

- YAP cəmiyyətin sosial sifarişi ilə 21 il bundan əvvəl yaranmış bir partiyadır. Onun yaranması ilk növbədə cəmiyyətin demokratik düşüncəli insanlarını yeni Azərbaycan quruculuğunda təşkilatlanmış formada iştirakını təmin etdi. Bu gün YAP hakim partiya olmasına baxmayaraq, özünü sıradan bir siyasi təşkilat kimi daima göstərə bilər. Ölkədə olan elə bir məsələ yoxdur ki, YAP onunla bağlı münasibətini ortaya qoymasın. Bu gün bütün Azərbaycan coğrafiyası üzrə partiyanın şaxələnmiş təşkilati strukturu var. Cəmiyyətin bütün təbəqələrində olan nümayəndələr bu təşkilatda təmsil olunur. Siyasi Şuraya seçkilərdə həm ayrı-ayrı region təmsilçiləri, həm də sosial qrupların nümayəndələri kifayət qədər geniş təmsil olunur. Onların içərisində çoxsaylı gənc də var. YAP üzərinə düşən məsuliyyəti dərindən dərk edir. O, İlham Əliyev kimi tanınmış və nüfuzlu bir siyasi xadimi yenidən dövlət başçılığına namizəd bilməklə, Azərbaycanı demokratik insan hüquqlarının qorunduğu, sosial vəziyyətin yaxşılaşdığı bir ölkə kimi görmək istəyini ortaya qoyur. YAP cənab İlham Əliyevi prezidentliyə namizəd görməklə demokratiyaya bağlı olduğunu, dünya birliyində nüfuzlu bir ölkə kimi yer tutmasında marağı olduğunu ortaya qoydu. YAP-ın bütün mərhələlərdə fəaliyyəti şəffaf olduğuna görə Azərbaycan xalqı bu partiyanın timsalında özünün maraqlarının təmsilçisini, özünün gələcəyə uzanan arzularının təminatçısını görür.

- Sizin də qeyd etdiyiniz kimi, qurultayda YAP-ın sədri İlham Əliyev prezident seçkilərində növbəti dəfə partiyanın namizədi elan olundu. Amma müxalifət düşərgəsində hakim partiyanın bu qərarı birmənalı qarşılanmadı. Hətta, bəziləri İ.Əliyevin iki dəfə prezident seçildiyini əsas gətirərək, onun təkrar bu posta seçilməsini düzgün saymırlar. Sizin belə fikirlərə münasibətiniz necədir?

- YAP həmişə Konstitusiya və qanunlara hörmət edən bir təşkilat olub, hal-hazırda da bu, belədir. İndiki qərarlar da tamamilə qanunlara uyğundur. Bəzən bizim siyasi rəqiblərimiz müxtəlif fikirlər səsləndirsələr də, həmin fikirlərin nədən, haradan qaynaqlandığını heç özləri də bilmirlər. Nə beynəlxalq konvensiyalarda belə təsnifat yoxdur, nə də bütövlükdə digər ölkələrdə ümumi şəkildə qəbul edilmiş bu cür normativ yoxdur. Hansısa bir ölkədə bir normativin olması, heç də başqa ölkə üçün məcburi deyil. Ona qalsa, hər bir ölkənin siyasi sisteminin özünəməxsusluğu var. Heç bir halda bir ölkənin qaydaları digəri üçün məcburi ola bilməz. Müxalifətin iki dəfə normativinə nəyə görə belə tərəfdar olduğunu başa düşmək olmur. Əgər doğurdan da onlar üçün belə önəmlidirsə, özlərinin siyasi təşkilatlarında bu normativi qəbul etsinlər və cəmiyyətə də nümunə göstərsinlər. Özləri onilliklərlə siyasi rəhbərlikdə qalırlar, gənclərə yol açmırlar, qanunun bu və ya digər formada pozulmasını özləri üçün adi bir hal hesab edirlər. Amma nədənsə öz kiçik “ölkələrində” - partiyalarında tətbiq edə bilmədiklərini cəmiyyət üçün bir eksperimentə çevirmək istəyirlər. Bu gün cəmiyyət ümumilikdə Konstitusiyanın və demokratik qayda-qanunların gözlənilməsində maraqlıdır. Bu baxımdan Yeni Azərbaycan Partiyasında qərarı tək partiyanın deyil, cəmiyyətin ortaya qoyduğu siyasi iradə oldu.

- Qurultayla bağlı əlamətdar hadisələrdən biri də YAP sədrinə yeni müavinlərin, həmçinin İdarə Heyətinə və Siyasi Şuraya yeni simaların seçilməsidir. Siyasi Şura üzvü kimi bu hadisəni necə dəyərləndirirsiniz?

- Qurultay eyni zamanda hesabat-seçki xarakteri daşıdığına görə, rəhbərliyə yeni şəxslərin seçilməsi tamamilə gözlənilən idi. Həyat inkişaf edir, YAP-a yeni qüvvələr gəlir. Bu baxımdan rəhbərlikdə də zamanın tələbinə uyğun olaraq yenilərin olması tamamilə gözləniləndir. İlk növbədə partiya sədrinin müavinləri sırasına Heydər Əliyev Fondunun prezidenti və Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın seçilməsi tamamilə məqsədəuyğundur. Mehriban xanım 1999-cu ildən partiyanın Siyasi Şurasının üzvü idi. Daima partiyanın həyatında fəal iştirak edirdi. Özünün fəaliyyəti ilə bu gün Yeni Azərbaycanın yaranmasında, ölkəmizin beynəlxalq aləmdə imicinin formalaşmasında böyük rol oynayır. Həyata keçirdiyi bu cür böyük işləri nəzərə alınaraq qurultay Mehriban xanımı sədrin müavinlərdən biri təsdiq etdi. Eyni zamanda, iki yeni müavinin də seçilməsi tamamilə onların fəaliyyətinə, qurultayın arzusuna uyğun idi. Müavinlərdən digəri Milli Elmlər Akademiyasının prezidenti, dünyaca tanınmış alim Akif Əlizadə oldu. Onun müavin seçilməsi YAP-ın elmə, təhsilə verdiyi böyük qiymət idi. Akif müəllimin simasında YAP böyük bir alim ordusunun problemlərinin həllində bundan sonra da daha yaxından iştirak edəcəyini göstərdi. Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun YAP sədrinə müavin seçilməsi də uğurlu bir addımdır. O da uzun müddətdir ki, Siyasi Şuranın üzvü idi. O, yalnız hökumətdə təmsil olunmur, eyni zamanda partiyanın fəaliyyətində də yaxından iştirak edirdi. Əli Həsənovun seçilməsi, həm bir milyona yaxın qaçqın və məcburi köçkünün ali rəhbərlikdə təmsil olunması, həm də partiyanın nüfuzlu şəxslərindən birinin hökumətdə təmsil olunması deməkdir. Bununla yanaşı, İdarə Heyətinə, Siyasi Şuraya yeni şəxslərin seçilməsi də həmin orqanların nüfuzunun qaldırılmasına, iş fəaliyyətinin gücləndirilməsinə xidmət edəcək addımlardandır.

- YAP sədrinin yeni müavinləri seçildikdən və onların adları elan olunduqdan sonra, bir sıra mətbu orqanlarda qeyd olundu ki, partiyanın gələcək fəaliyyətində əsas prioritetlər elmin, təhsilin inkişafı, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli olacaq. Siz bu fikirlərlə razısınızmı?

- Bu, tamamilə düzgün yanaşmadır. YAP-ın son qurultayında həm prezident İlham Əliyev, həm də digər partiya funksionerləri çıxış edərək, siyasi təşkilatın özünün gələcək inkişaf perspektivlərini və diqqət edəcəyi məsələləri göstərdilər. Bu gün Azərbaycanın inkişafı üçün prioritet nə varsa, bunların hamısı YAP-ın prioritetidir. Həm müavinlərin seçkisində, həm Siyasi Şuraya yeni insanların seçilməsində, eləcə də partiyanın qəbul etdiyi bəyanatlarda bunların hamısı kifayət qədər aydın göstərilib.

- YAP bu gün hər hansı siyasi təşkilatı özünə rəqib görürmü?

- YAP siyasi rəqabət aparmır. YAP cəmiyyətin ona etimadını doğrultmağa çalışır. Birincisi, onun sıralarına toplaşan 100 minlərlə insanın marağını ortaya qoyur. İkincisi isə partiyamız cəmiyyətlə işləyir. Hər bir vətəndaşın ümidlə qapısını döydüyü bir məkan olduğunu göstərir. Üçüncü, ən vacibi isə YAP səlahiyyəti seçicidən, Azərbaycan vətəndaşından alır və o, siyasi mübarizəni ilk növbədə vətəndaşlarla bir yerdə olmaq, onun maraqlarını özünün fəaliyyətində əks etdirmək, bugünkü Azərbaycan üçün məsuliyyət daşımaq funksiyasını yerinə yetirir. Öz qüvvəsini ayrı-ayrı siyasi qüvvələrlə mübarizəyə həsr etmək, onun böyük amallar üçün deyil, müəyyən bir dövr üçün siyasi maraqlarını qoruyan bir təşkilata çevrilməsinə səbəb ola bilərdi.

- YAP-ın qurultayı ilə eyni vaxtda özlərini demokratik qüvvələrin təmsilçisi kimi təqdim edən şəxslər də bir araya gəlib Milli Şuranın ilk yığıncağını keçirdilər. Sizcə, bu, sırf təsadüfdür, yoxsa əvvəlcədən planlaşdırılan bir addım?

- Müxalifətin Milli Şura adlanan yeni bir qurum yaratması haqqında mesajı çoxdan verilmişdi və onun may ayında elan olunacağı barədə bəyanatlar da az deyildi. Lakin onların fəaliyyəti və yekun nəticəsi hətta indiyə qədər də tam başa çatmır. Daxili ziddiyyətlər, kəskin maraqların zorla bir araya toplanması özünü bundan sonra da dəfələrlə göstərəcək. YAP qurultayı ilə eyni günə onların da tədbir salması təsadüfi deyildi. Onlar cəmiyyətin marağının YAP-a olduğuna görə bu maraq işığında özlərinə də yer tapmaq istəyirdilər. Amma göründüyü kimi bu müddət ərzində cəmiyyət hansısa bir yeni şuraya deyil, məhz Azərbaycanın ən böyük siyasi təşkilatının ali orqanına və onun qəbul etdiyi qərarlara önəm verdi. Milli Şura kimi qurumlar Azərbaycanda dəfələrlə olub. Bundan sonra da müxalifət özünü məşğul etmək üçün dəfələrlə yeni təşkilatlar yaradacaq. Lakin onların hansınınsa, azacıq da olsa bir uğur qazanacağı gözlənilən deyil. Birincisi, cəmiyyətin buna marağı yoxdur. İkincisi isə, eyni adamlar, eyni təfəkkürlər, eyni siyasi texnologiya ilə vaxtaşırı yeni təşkilatlar yaradırlar. Əlbəttə ki, yeni bir fikir olmadığına görə bu da heç vaxt uğur qazana bilməz. Azərbaycan bu gün müstəqilliyini qorumaq, möhkəmləndirmək, güclü demokratik bir ölkə olmaq, vətəndaşlarının hüquqlarının qorunduğu bir ölkə olmaq istəyir. Bunun da təbliğatçısı ulu öndər Heydər Əliyevin adı ətrafında yaranmış YAP-dır.

- Milli Şuranın vahid namizədi kimi kinorejissor Rüstəm İbrahimbəyovun adı hallandırılır. Sizin belə fikirlərə münasibətiniz necədir?

- Azərbaycanda siyasi çəkisinə, dünya görüşünə və ümumən cəmiyyətə təqdim etdiyi proqramın dərinliyinə görə prezident İlham Əliyevə rəqib olacaq insan yoxdur. Onun siyasi rəqibləri var. Bunlar ibrahimbəyovlar, qəmbərlər, kərimovlar, namazovlar və sairdir. Ancaq siyasi çəki, sosial baza fərqlidir. Bu gün cəmiyyət tərəfindən dəstəklənmə faizi kifayət qədər fərqlidir. Bu gün müxalifətdə olan hər bir kəs özünü cənab prezidentə alternativ kimi görmək istəyir. Bəlkə də alternativ kimi onların adı çəkilə bilər. Lakin cənab prezidentin Azərbaycan üçün etdiyinin və edəcəyinin müqabilində onların ortaya qoyacağı ciddi bir şey yoxdur. Cənab İlham Əliyev bu gün Azərbaycanın inkişaf simvoludur. O, Azərbaycanın keçmişinin, bu gününün və sabahının vəhdətli şəkildə birləşdirən dəyərli bir insandır. Cənab İlham Əliyev bu gün Azərbaycanın tanınma nişanıdır. Siyasətdə iştirak və dövlət başçısı olaraq məsuliyyəti üzərinə götürmək, bunlar kifayət qədər çox fərqli və məsuliyyətli məsələlərdir. Cənab İlham Əliyev prezident kimi fəaliyyət göstərdiyi 10 il ərzində sübut etdi ki, o, Azərbaycanın problemlərini bilir, bu problemlərin adekvat həll yollarını ortaya qoyur. Ən əsası isə Azərbaycanın dinamik, sürətli inkişafını təmin edə bilər. Bu gün ikinci bir şəxsin İlham Əliyev səviyyəsində bunu edə biləcəyi mümkünsüzdür.

Rufik İSMAYILOV