"Bəzi şeirlərim var ki, onları mən yazmamışam" - MÜSAHİBƏ
Məmməd İsmayıl: "Vətənimdəki boşluğumu ya məzarımla,
ya güzarımla doldurmalıyam”
Görkəmli şair Məmməd
İsmayıl 1996-cı ildən Türkiyənin Çanaqqala 18 Mart Universitetinin
professorudur. Biz onu daim dünyanın müxtəlif ölkələrində keçirilən ədəbiyyat tədbirlərində
görürük. Məmməd müəllim hər il Vətənə gəlir, öz doğma torpağını ziyarət edir.
Şairlə bir neçə dəfə müsahibə üçün vədələşsək də, canlı söhbət etmək imkanımız
olmayıb, daim internet üzərində ədəbi müsahibələr edib yayımlamışıq. Qismət bu
günə imiş...
– Məmməd müəllim, hər şairin öz yaşam qaydaları,
meyarları, dəyərlər sistemi var. Bəs sizin nəzərinizdə ləyaqətli şair ömrü necə
olmalıdır?
– Haradansa bir daş atsalar, pəncərəyə dəysə, mən də
çoxları kimi dik atılaram. Yəni şüursuz şəkildə çox şeydən qorxuram. Amma
şüurlu şəkildə heç kəsdən qorxacağım yoxdur. Çünki mənim arxamca buraxdığım izlərdən
yaxşı xəbərim var. Həyatda çox şey üzərindəki izi saxlayır: suyun üstündə yerisən,
orada da iz qalır, dumanın içindən keçsən, orada da. Bəzən insan həyatında da
elə izlər qalır ki, onlardan qaçmaq mümkün deyil. Ona görə də, çalışıb həyatda
elə izlər buraxmalısan ki, sonra həmin izlər edam kəndiri kimi arxanca gəlib səni
məhv etməsin. Dünyada çox şeyin bəlası həzdədir. Söhbət hər mənada həzdən
gedir. Necə ola bilər ki, sən həm istəyirsən ki, hər şeydən həzz alasan, həm də
sənə "gözünün üstündə qaşın var” deməsinlər? Bu mümkündürmü? Heç vaxt. Həmişə
çalışmaq lazımdır ki, arxanda adını batıran, səni məhv edən bir iz qalmasın.
Ona görə də, aza qane olub təmiz yaşamağa özünü alışdırmalısan. Hər halda, mən
özüm belə yaşadığıma görə, ləyaqətlə yaşamaq yolunu tutanlara da bunları deyə
bilərəm.
– Sizin şəxsiyyət və yaradıcılığınıza həsr olunan şeirlərdən ibarət
"Sən indi hardasan, Məmməd İsmayıl?” adlı kitab çap olunub. Həmin kitabdakı
şeirlərin böyük əksəriyyəti sizi geriyə – Vətənə səsləyir. Eşitdiyimə görə, gələn
ildən Vətənə biryolluq qayıdacaqsınız. Bu qayıdışınızda o şeirlərin – həmin
çağırışların rolu varmı?
– İyirimi iki il əvvəl 60 illiyim ərəfəsində yaradıcılığım və həyat yolum haqqında
"Yaş altmışa dayandı” adlı bir kitab da çap olunmuşdu. Kitabı oxuyanda başımın
tükləri biz-biz olmuşdu. O qədər həyəcanlandırıcı kitab idi ki! Sanki haqqında
kitab yazılan adam bu dünyadan köçüb, onun bütün fiziki gücü yox olub, enerjisi
ancaq mətnlərində qalıb. Və barəsində yazanlar sanki ona ağı deyirdilər,
haqqında söhbət gedən şairin, sadəcə quruca adı ortadadır, onunla bağlı bütün həsəd,
paxıllıqlar isə artıq geridə qalıb. Canımız adımızın ögey Vətənidir. Çünki
adımız qalır, canımız isə dünyadan köçüb gedir. O nəşrdə çox mötəbər imzaların
mənim haqqımda yazıları vardı. Həmin yazıları oxuyanda düşündüm ki, kaş heç
qürbətə getməyəydim. Qürbət də bir növ o dünyadır. "Sən indi haradasan, Məmməd
İsmayıl?” kitabını oxuyub bitirəndən sonra da oxşar hissləri keçirdim. Bizim ən
yaxşı adamlarımız hər gün bizi təqdir etmir. Məsələn, həyat yoldaşımız demir
ki, sən böyük şairsən, övladlarımız söyləmir ki, ata, fəxrimiz, vüqarımızsan.
Amma səndən bir köynək aralı olan adamlar sənin şair kimliyini daha yaxşı dərk
edir və bunu dilə – yazıya gətirirlər. Səndən bir köynək uzaqdakı adamların səni
sevməsi Allahın sevgisi, Yaradanın təqdiridir
və onları qiymətləndirmək boynumuzun borcudur.
Əlbəttə, o kitabdakı yazılar həm səsli, həm də səssiz
haraylardır. Bir qaya önündə haray çəkirsən, səsin yüz yerdən özünə qayıdır. O
yazılar məndən mənə qayıdan çoxsaylı haraylardı. O şeirlər mənim qürbət həyatımın
vətəndəki əks-sədalarıdır. O əks-sədaların qayıtdığı boşluq mənim Azərbaycandakı
boşluğumdur. Vətənimdəki boşluğumu ya məzarımla, ya güzarımla doldurmalıyam.
– Bir
şeirinizdə "Mən olan zamanın qulağı
kardı, eşidən deyildi nə söyləsəm də” yazırsınız. Xaqani Şirvani "Yeyir İsa
süfrəsindən nemət eşşək arısı” yazaraq müasirlərini qınayırdı, Nizami Gəncəvi
"Əsrdaşlarımın yaramazlığı barədə” yazırdı, Məhəmməd Füzuli "Şikayətnamə” ilə
dövrünü qamçılayırdı. Sizcə, haçansa şairin sözünün eşidildiyi dövr olubmu?
– Aleksandr Puşkin dövrünün vacib adamlarından sayılan Nikolay
Mixayloviç Yazıkova ünvanladığı məktubda belə gileylənirdi: bu necə zamandır
ki, səhər yazdığın şeirin günorta zamanı keçdiyini fərq edirsən. Yaxud Yuri Kuznetsov heyfslənirdi ki, yaşıdlarım
arasında dost tapa bilmədim. Yəni dövrdən gileylənmək özündə cəmiyyətə söz deməyə
mənəvi haqqı olan əksər şairlərdə olub. Əgər ömründə bircə dəfə şairin ilham
naqilləri Allahın diktəsi ilə ilahi bir mətn yarada bilirsə, o şair əsrlərlə
insanların yaddaşında yaşamağa layiqdir. Bəzi şeirlərim var ki, onları mən
yazmamışam. Onlar Allahın diktəsi ilə kağıza köçürülüb. Məsələn, bu şeirim:
Bir
qapı döyüləcək bu yolların başında
Pəncərə
işığından diksinəcək bu gecə.
Bir
ürək döyünəcək bu yolların başında,
Buza
dönmüş arzular isinəcək bu gecə.
Açacaq
qollarını xoş gələn qonağına,
Güləcək
bir ananın divarları, daşları.
Bir
sevinc qışqıracaq gecənin qulağına:
Bakıdan
oğlum gəlib – başında yoldaşları...
Hamısını demirəm, həvəsi olan özü tapıb
oxuyar. Ancaq o şeir bir daha və heç bir peşəkarlıqla qələmə alına bilməz. Sən
heç qızılın köhnəldiyini görübsən? Yox. Qızıl heç kəsə can atmır, insanlar ona
can atırlar. Torpağın altında da qızıl qızıldır. Fikir yüklü misralar qızıla bərabərdir,
kiminsə onun fərqində olub-olmamağı vacib deyil. Kimi-kimsəsi olmayan Məhəmməd
Füzuli bu gün ona görə dimdik ayaqdadır, bizim aramızdadır. Bu gün özünü
"postmodernist” adlandıran hansısa şair bu misradakı fikir qədər müasir, fərqli,
yenilikçi ola bilərmi? İnanmıram:
Güli-rüxsarinə qarşu gözümdən qanlı
axar su,
Həbibim, fəsli-güldür bu, axar sular
bulanmazmı?
Dünyanın 12 ölkəsində kitabım çıxıb, üç ölkədə də
çapa hazırlanır. O kitabların çapına nə böyük pul xərcləmişəm, nə də nəşrlərindən
ötrü kiməsə ağız açmışam. Bu özünütərif kimi başa düşülməsin, sadəcə
yaradıcılığım haqqındakı faktı deyirəm. Amma öz Vətənimdə çoxları məni görməzdən
gəlir, ona görə də, sənin sualındakı misraları – "Mən olan zamanın qulağı kardı,
eşidən deyildi nə söyləsəm də” deməyə mənəvi
cəhətdən haqqımın olduğunu düşünürəm.
– Bir şeirinizdə belə bir fikir səsləndirirsiniz ki: "Musanı dağlara
çəkən nəydisə, məni də qürbətə o çəkəcəkdi”. Bu
misralardakı fikir şeirdə tam aydın olmur, eyni zamanda Musa peyğəmbərin
dağlara çəkilməsi müxtəlif dini səbəblərlə izah edilir. İstərdim sizi qürbətə çəkən
səbəbi daha geniş müstəvidə şeirinizdəki analogiyanı əsas götürərək şərh edəsiniz...
– Mən
misraların öncədiktə və qədərinə inanan şairəm.
İki sahil yaxasıyam,
Həsrət-həsrət baxasıyam.
Mən Dardanel boğazıyam,
Hamı məndən keçib gedər…
Bu misraları yazandan yeddi il sonra gözümü açıb
özümü Dardanel boğazının sahilində tapdım. 26 ildir iş otağımın pəncərəsi həmin
boğaza açılır.Halbuki o şeiri damağımın çağ, kefimin kök vaxtında
yazmışdım və o zamanlarda qürbətdə yaşamağa məcbur olacağımla bağlı xırda bir ehtimal da yox idi.
Onda iki jurnalın baş redaktoru idim. "Gənclik” jurnalı 300 min tirajla
çıxırdı. Görəsən, onda bu misraları niyə qələmə almış, nə üçün başqa boğaz yox,
məhz Dardanel yazmışdım? Çünki şair, bəlkə, özü də fərqində
olmadan alın yazısını oxuyub yazır.
Elə vaxtlarım oldu ki, ən yaxın dostlarım belə mənə yaxın durmadılar. İndi
əksəri yenidən qucaq açmaq istəyirlər. İndiki Məmməd İsmayılla dost olmağa nə var? Övladlarım, ailəm aclığın
astanasında olanda, mən əlacsız qalıb Tovuzun Əsrik kəndində yer belləyəndə,
əkin əkəndə sinəsini qabağa verənə ehtiyacım vardı. Qayıdaq sənin sualına: Musanı dağlara çəkən tale Allah idi, məni də
qürbətə öz nəsibim apardı. Allah deyilən qüdrət mənə deyir ki, Məmməd, sən məndən varmı istəmisən?
Yox! Vəzifəmi istəmisən? Xeyr. Sən məndən arzularınla imkanlarının uzlaşmasını
istəyibsən, mən də sənin üçün o imkanı, şansı hər zaman yaratmışam. Ona görə də,
naşükür, şikayətçi deyiləm. Bax, Araz əgər Türkiyədən axıb Kürə qovuşmasaydı, Xəzərə çata bilərdimi? Araz Kürə qovuşub dənizə can atır, Kür də dənizdə öz adını itirəcəyini bilə-bilə yenə Xəzərə can atır. İnsan da həyatdakı bütün gücünü sərf edir ki,
Allaha qovuşsun. Şair yalnız İlahi şeirləri və təmiz vicdanı ilə Allaha qovuşa bilər.
– Siz zaman-zaman səfər düşüncələrinizi şeirləşdiribsiniz. Himalaydan
Paris küçələrinəcən yaşadığınız günlərin izlərini şeirlərinizdə görmək olar.
Dünyanı görmək sizin şair kimi düşüncələrinizə nə dərəcədə təsir elədi və
səfərlərlə bağlı yaşantıları şeirləşdirmək nə qədər gərəklidir?
– Sovet dönəmində xeyli publisistik şeirlər
yazmışam. Məsələn, "Göz yaşı qülləsi” şeirim. 30-40 yaş arası SSRİ Yazıçılar
İttifaqının xətti ilə dünyanın bir çox ölkələrini gəzmişəm. Mənim
yaradıcılığıma bu gün də həmin ölkələrdə böyük rəğbət var. Məsələn, bildiyim qədərincə Moskvada Ədəbiyyat İnstitutunun
binasında Qafqazlı məzunlardan bircə mənim
portretim asılıb. Bu təsadüfü deyil, məsələn, "Литературная газета"-nın redaktorunun müavini vardı, Krivitski,
bir dəfə onunla qəzetdə Azərbaycan şairlərinin şeirlərinin davamlı olaraq poeziya
səhifəsinin ən aşağısında verilməsi ilə bağlı mübahisəmiz olmuşdu. Söhbət
zamanı ona dedim ki, nəyə görə Bəxtiyar Vahabzadənin şeirini hamıdan sonra, səhifənin
aşağısında veribsiniz, bu həm şairə, həm də Azərbaycan ədəbiyyatına hörmətsizlikdir.
O isə siyirməsindən Bəxtiyar müəllimin şeirlərinin qəzetdə çap olunması ilə
bağlı redaksiyaya göndərdiyi təşəkkür məktubunu
çıxarıb oxudu. Dedim, bununla etdiyiniz yaxşılığı sübut edirsiniz? Görün siz Azərbaycan
şairlərinə necə pis münasibət göstərirsiniz ki, onlar aza qane olaraq sizə təşəkkür
ünvanlayırlar. Halbuki Bəxtiyar Vahabzadənin haqqıdır ki, səhifənin ən
başında çap olunsun. Söhbətimizin nəticəsi
oldu və ondan sonra Azərbaycan şairlərinin
şeirlərini daha gözəgəlimli yerdə dərc edirdilər. Sualına cavabı konkretləşdirsək,
onu deyərəm ki, sonralar xarici səfərlərdə publisistik şeirlər yazmadım, bunun
şairlik olmadığını başa düşdüm. Dünyanı görmək, bəşəri düşünmək baxımından
dünyagörüşümə çox təsir eləyib.
Eyfel Qülləsinə çıxma ki, çıxsan
Paris ayağının altında qalar.
Bütün dünya ədəbiyyatının ədəbi prospektləri Parisdə kəsişir. Bu
misraları yazmaq üçün gərək Eyfeli görəsən. Məsələn, Kubada elə ot var ki,
bələdçi həmin ota əlini uzadır, ot içinə çəkilir, əlini geri çəkir, ot açılır.
Himalay dağına çıxmasan, Hindistanın əski dünyadan qalma bir torpaq parçası
olduğunu haradan bilə bilərsən?! Bütün bu möcüzələri görmək gözəldir, çünki
onlar şairin düşüncəsinə, dünyagörüşünə təsir edir. Amma fikrimcə, səfər
şeirləri yazmaqdansa, səfərlər haqqında gündəlik yazmaq, təəssürat məqalələri
qələmə almaq daha gərəkli olardı.
– Şeirlərinizdən danışmışkən
bu misralarınızı da yada salaq. Yazırdınız ki, "Vətən
Qarabağsız yarıvətəndi, mən də ki, Vətənsiz yarımadamam?” Şükürlər olsun
ki, torpaqlarımız azad olundu, daha
bütövsünüzmü?
– Fərid, inan, mən Qarabağsız yaşaya
bilmirdim. Vətənsiz yarıbədən, yarıcan idim. II Qarabağ müharibəsindən əvvəl
bir müsahibəmdə demişdim ki, mən məğlub millətin məğlub şairi kimi dünyadan
köçməyəcəyəm. Şuşanın azad olunması xəbərini eşidəndə hönkür-hönkür ağladım.
Şuşanın azad olunması ilə İstanbulun fəthini eyniləşdirmək olar. O mənada ki,
ərəblər bir neçə dəfə Konstantinopolu fəth etmək istəyiblər, amma mümkün olmayıb.
Bu səbəbdən Məhəmməd peyğəmbər deyirdi ki, Konstantinopolu fəth edəcək ordu nə
mübarək ordudur, ona öndərlik edəcək komandir nə mübarək komandirdir. Eyni
fikri Şuşanın azadlığına aid eləmək olar. Bax, bu gün qalib millətin qalib
şairi kimi qarşında oturmuşam. Allahın bu gününə çox şükür.
Söhbətləşdi: Fərid Hüseyn
Firudin Səlimov / Global Media
Group