• cümə, 26 Aprel, 13:37
  • Baku Bakı 23°C

Beynəlxalq ictimaiyyət işğal altında olan torpaqları Azərbaycanın ərazisi hesab edir

24.09.18 21:17 669
Beynəlxalq ictimaiyyət işğal altında olan torpaqları Azərbaycanın ərazisi hesab edir
Qərb mediası Bakının erməni-daşnak və bolşevik tör-töküntülərindən azad edilməsinin 100 illiyi ilə bağlı keçirilən möhtəşəm hərbi parada yer ayırıb. Birləşmiş Ştatların nüfuzlu "Eurasianet” saytı yazır ki, Azərbaycan-Türkiyə dostluğunun şərəfinə keçirilən parad Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya günorta saatlarında gəlməsi səbəbindən bir qədər gec başlasa da, təsiredici mərasim kimi yadda qalacaq. Məqalə müəllifi yazır ki, Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda hərbi əməliyyatlar başlanandan bəri on minlərlə insan həlak olub. Altı il sürən hərbi əməliyyatlar nəticəsində 1 milyona yaxın insan öz ev-eşiklərindən məhrum olub. Əlavə edir ki, beynəlxalq ictimaiyyət işğal altında olan torpaqları Azərbaycanın ərazisi hesab edir. Müəllif yazır ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalından sonra Türkiyə Ermənistanla diplomatik münasibətlərin kəsilməsi barədə qərar qəbul edib. Türkiyə və Azərbaycan arasında etnik yaxınlıq mövcuddur və hər iki ölkə hərbi və iqtisadi sahələrdə əməkdaşlıq edir. Müəllif daha sonra məqaləsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən hərbi paraddakı çıxışından bəzi məqamları təqdim edir. Türkiyə lideri bəyan edib ki, Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir: "Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik. İllərdir vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir. Əvvəla, bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qardaşımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir. Bundan 26 il əvvəl Xocalıda, Dağlıq Qarabağda törədilmiş qətliamlara görə məsuliyyət daşıyanların, qatilləri qəhrəman elan edənlərin bizə verə biləcəyi heç bir tarixi dərs yoxdur. Türkiyə əsgərləri bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə, bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd edirlər. Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır. Bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyik”.
Məqalədə daha sonra sentyabrın 15-i tarixinin Azərbaycan xalqı üçün daşıdığı önəm qeyd edilir. Bildirilir ki, bu tarix Azərbaycan və Türkiyə xalqları arasında qeyri-rəsmi bayram kimi qeyd olunur: "Azərbaycan Demokratik Respublikası Şərqdə ilk müsəlman dövlətidir. Cəmisi iki il sürən bu dövlətə sovetlər son qoyublar. Azərbaycanda bu tarixə birmənalı olaraq münasibət müsbətdir. ADR qadınlara səsvermə hüququ verən ilk müsəlman dövlətidir. Osmanlı ordusunun Bakının azad edilməsində rolu əvəzsiz olub”.
Məqalədə Türkiyə prezidentinin Azərbaycanla ikitərəfli əməkdaşlığa aid fikirləri də yer alıb: "İki ölkənin qardaş ölkələr olduğunu bildirən Türkiyə prezidenti əlavə edib ki, "Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı –Tbilisi–Qars dəmir yolu, TANAP kimi birgə həyata keçirdiyimiz layihələr bütün regiona töhfəsini verir. Türkiyə Azərbaycanda ən böyük sərmayədarlardan biridir. İnşallah, Azərbaycan da çox yaxın zamanlarda Türkiyədə eyni mövqeyə malik olacaq. Biz minlərlə şəhidimizin qanı ilə yoğurulan bu dostluğu daimi edəcək layihələri həyata keçirərək "Bir millət, iki dövlət” şüarımıza uyğun şəkildə hər sahədə əməkdaşlığımızı dərinləşdirməliyik”.
Məqalə müəllifi daha sonra Azərbaycan-Türkiyə alyansına münasibətinin yüksək göstəricisinin bariz nümunəsi kimi, Türkiyənin Ermənistana olan münasibətini göstərib. Qeyd edilir ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin gərginliyi tək Qarabağla bağlı deyil. Rəsmi Yerevan Osmanlı İmperiyasını ermənilərə qarşı qondarma soyqırımı həyata keçirməkdə ittiham edir. Daha sonra bildirilir ki, Ermənistan ABŞ tərəfindən hazırlanan və 2009-cu ildə Sürixdə imzalanan, iki ölkə arasında münasibətlərinin normallaşmasını nəzərdə tutan protokola xitam verib. Türkiyə rəhbərliyi də protokolların müzakirəsinin mümkünsüz olduğunu bildirərək, Yerevandan, işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağı tələb edib. "İki ölkə arasında diplomatik münasibətlərin olmaması iyul ayında erməni ərazisinə səhvən keçən yeniyetmə çobanın ekstradisiyasında problem yaradıb. Gürcüstandakı türk səfirliyi vasitəsilə informasiya mübadiləsinin aparılmasına baxmayaraq, Umud Əli Ezmen Yerevan yaxınlığındakı həbsxanalardan birində nəzarət altındadır. Kütləvi İnformasiya Vasitələrinin yaydıqları məlumata görə, məsələyə Türkiyə prezidenti də qarışıb. O, Ermənistanın baş naziri Nikol Paşinyana zəng edərək, Ezmenin azad edilməsinə yardımçı olmağı xahiş edib. Yeniyetmənin bu həftə geri təhvil veriləcəyi gözlənilir. Lakin erməni KİV-i yazır ki, Paşinyan belə bir telefon danışığının olmadığını bildirib”, - deyə məqalədə vurğulanır.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər