Beslan Terekbayev: “Kinematoqraf üçün işıqlı gələcəyə ümid həmişə var”

Beslan Terekbayev: “Kinematoqraf üçün işıqlı gələcəyə ümid həmişə var”

Mədəniyyət
01 Noyabr 2016, 12:34 3144
Şimali Kiprdə keçirilən Türk Dünyası I Gənclər Forumuna qatılan qonaqlar arasında o da vardı – Çeçen Respublikası Milli Kino Departamentinin rəhbəri Beslan Terekbayev. Forumda söhbətləşməyə fürsət olmasa da, Kiprdən İstanbula uçan təyyarədə yanaşı oturmağımız bu fürsəti qaçılmaz etdi. Beslan Terekbayev çeçen kinosunun bugünkü vəziyyəti və gələcəyinə dair planlar haqqında "Kaspi” qəzetinə eksklüziv müsahibə verdi. Müshibimin suallarıma verdiyi cavablar bir növ, "Çeçenistanda kino varmı?” deyə səslənən çoxsaylı sualların da cavabı oldu.
 
- Siz Şimali Kiprdə ilk dəfə keçirilən Türk Dünyası I Gənclər Forumunda iştirak etdiniz. Forum haqqında təəssüratlarınız maraqlıdır...
- Kiprə səfər və orda təşkil olunan Forum çox məhsuldar keçdi. Fikrimcə, bu cür tədbirlər nəinki əhəmiyyətlidir, hətta çox vacibdir. Nəzərə alaq ki, bu cür tədbirlər gəncləri birləşməyə çağırışdır.

- İxtisasca həkimsiniz, ancaq hazırda Çeçen Respublikasının Milli Kinematoqrafiyası Departamentinə rəhbərlik edirsiniz. İki fərqli sahə arasında uyğunlugu necə yarada bilirsiniz? Yoxsa bu, birdəfəlik transferdir?
- Bu sferalar çox yaxındır. Çünki hər iki sahə insanlara kömək etməyə çağırır. Əgər həkim insanların fiziki problemlərini həll etməyə çalışırsa, kino haqqında da bunu demək olar. Kino insanların qəlblərinə təsir etmək gücünə malikdir və onları mənəvi tərbiyə edir. Kinematoqrafiya digər incəsənət növləri kimi qəlbin ən kəskin yaralarını sağalda bilir, həmçinin xarakterin estetik profilaktikasına xidmət edir.

- Çeçen kinosu haqda nə deyə bilərsiniz? Milli kinonun qaynağı hardadır?
- Çeçen milli kinosunun mənbəyi əlbəttə ki, ilk növbədə milli xüsusiyyətdir. Məlum məsələdir ki, ümumbəşəri dəyərlər mövcuddur, amma bu dəyərlərə özünəməxsus yanaşma xüsusiyyəti var. Bu baxımdan, çeçen kinematoqrafiyasının dünyaya danışacaqları var.

- Hazırda dünya ölkələri ssenari problemi yaşayır. Detektiv, zorakı, terror, kriminal məzmunlu filmlər kinematoqrafiyanı zəbt edib. Sizcə, insanları xilas etmək vaxtı çatmayıbmı?
- Heç kəsə sirr deyil ki, dünya kinosunda ideyaların böhranı müşahidə olunur. Hansısa mənada kino vasitəsilə söylənənənlər çoxdan deyilib. Bu gün böyük kinostudiyaların sahibləri dərin məzmundan gözəl formaya keçərək möhtəşəmliyə üstünlük verirlər. Elə bu səvbəbdən də kəskin süjetli, kriminal, zorakı, dağıdıcı süjetlərlə bol filmlər yaranır. Lakin heç kim yaradıcı insanlarda humanizmə, insanları sevməyə və xoşbəxtliyə çağırış öhdəliyinin qarşısına qadağa qoymayıb. Belə kino kölgəyə çəkilməsinə baxmayaraq, bu gün hələ də sağdır.

- Öz filmləriniz haqda danışın. Kinomanların zövqünü necə müəyyənləşdirirsiniz?
- Mən öz filmlərimdə baxımlılıqla bədii dəyəri balanslaşdırmağa cəhd etmişəm. Əgər filmlər qəlbin işıqlı tərəfini göstərmirsə, insanları müsbət emosiyalara çağırmağın vacibliyinə diqqət etmirsə, bu, zərərli kinodur və mən belə kinonu çəkməməyə çalışıram. Ancaq insanların zövqləri həmişə birdir - əsas odur ki, maraqlı və məzmunlu olsun.

- Sizdə ilk serial çəkilişi başlayıb. İki müharibədən keçən, çətinliklər yaşayan bir ölkəyə konkret süjetli ekran əsərləri daha uyğun deyilmi? Yoxsa tamaşaçılar arasında "serial”lara ehtiyacı olanlar var? 
- Əvvəla, mən müharibə mövzusuna ilk Xiro produser layihəmdə toxunmuşam. Digər tərəfdən, televizyadakı seriallar prinsipcə bugün kinematoqrafiyaya az uduzur. Bugün dünyada serialların keyfiyyətinə yüksək istinad var. Nəticədə çox seriallar böyük filmlər kimi gözlənilən olub. Serialda öz qəhrəmanını daha ətraflı açmaq, hadisəni daha dolğun danışmaq mümkündür. Əgər ədəbiyyatdan nümunə götürürsünüzsə, təsəvvür edin ki, bədii film hekayə və ya povest, serial isə bütöv romandır.

- Səhv etmirəmsə, bir filminiz Kann festivalında iştirak edib. Prizə uzaqdan baxmağınızın səbəbini necə izah edərdiniz?  
- Hə, bu həqiqətən belədir. Mənim iştirakımla bir film bu yaxınlarda Kann kinofestivalının müsabiqə proqramının iştirakçısı idi. Ancaq iş ondadır ki, bu mənim müəllif layihəm deyildi. Söhbət gənc və istedadlı rejissor Yevgeni Çubarovun "Qatılaşdırılmış süd” adlı dramından gedir. Mən həmin filmdə aktyor kimi iştirak edərək baş rolu oynamışam.

- Bu gün dünya kinosunda hansı tendensiyalar yaranır?
- Tendensiyalar müxtəlifdir. Bu gün kütləvi kino ilə elitar adlanan kinonun sərhədləri çox genişlənib. Bu hardasa məlum dar auditoriya üçün çəkilən filmlərdir. Hər birinin öz tendensiyası var. Biz öz növbəmizdə qəlbə yaxın olan, geniş tamaşaçı dairəsini əhatə edən auditoriya tərəfindən qiymətləndirilən müəllif kinosu çəkməyə çalışırıq. Hesab edirəm ki, bir çox tamaşaçı üçün əsas tendensiya həmişə cəlbedicilik və dərin məna arasında balans yaratmaq və bu tendensiyaya istiqamətlənməkdır.

- Məşhur rejissor Andrey Konçolovski Rusiya mətbuatına bir müsahibəsində "Kino ölür, ancaq özünü yalandan sağ göstərir”- deyib. Kommersiya filmləri kinonun xilaskarı ola bilərmi?
- Ümid həmişə axrıncı ölür. Kinematoqraf üçün isə işıqlı gələcəyə ümid həmişə var. Xüsusən bugün yüksək texnologiyalar əsrində film çəkmək əvvəlkindən daha asandır. Ona görə mən fikirləşirəm ki, kinematoqrafiyanın can verməsi haqqında danışmaq hələ çox tezdir.

- Azərbaycan kinematoqrafiyası ilə əlaqələrininz hansə səviyyədədir? 
- Mən MDB ölkələrinin kinematoqrafiyasına böyük hörmət edirəm. Azərbaycan da bu sırada istisna deyil. Məlumatım var ki, keçən əsrin əvvələrindən başlayaraq Azərbaycan kinematoqrafiyası böyük və mürəkkəb bir tarixi yol keçib. Çeçen kinematoqrafiyası yenicə yarandığına görə, Azərbaycan kinosu ilə hələ əməkdaşlıq etmək və birgə film istehsal etməyə nail olmamışıq. Ancaq əminəm ki, biz bunu nə vaxtsa edəcəyik. Çünki mən milli kino mədəniyyətlərinin dialoqunu yüksək qiymətləndirirəm. Bu yaxınlarda Hindistanla birgə film istehsalına başladıq. Rejissoru, ssnerari müəllifi və prodüseri olduğum ”Ən yaxşı dostlar” filmi çeçen, hind və rus uşaqlarının macərası haqqındadır. Bu, son 25 ildə Rusiya və Hindistanın səyləriylə yaradılan ilk birgə iş olacaq. Bu yaxınlarda Dehlidə olmuşuq və artıq bir sıra razılıq əldə edilib. Kim bilir, növbəti filmlə bağlı danışıqlar bəlkə də Bakıda keçdi. Yeri gəlmişkən, bizim Azərbaycandakı nümayəndəmiz, prodüser Aydın Mahmudov Azərbaycanla çeçenlərin birgə filminin hazırlıqlarına başlayıb.
 
Söhbətləşdi 
Təranə Məhərrəmova