• cümə, 26 Aprel, 08:31
  • Baku Bakı 12°C

Bəsitləşmiş Müsavat

06.05.15 05:37 985
Bəsitləşmiş Müsavat
Müsavatda növbəti dəfə start götürən istefa dalğası davam etməkdədir. Belə ki, Vurğun Əyyub və Adil Qeybullanın ardınca Partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sabiq sədri İbrahim İbrahimli də üzvlükdən istefa verib. İstefa səbəbləri haqda danışan İ.İbrahimli deyib ki, Müsavat rəhbərliyinin hazırkı idarəçiliyinə etiraz olaraq bu addımı atmağa qərar verib: “Müsavat Partiyasının indiki rəhbərlərinin partiyada fərqli düşünən insanlara qarşı yürütdüyü repressiv qərarlar məni belə addım atmağa vadar etdi. Faktiki olaraq, partiyanı bataqlığa sürükləyən, yalnız öz maraqlarını düşünən avtoritar üsul-idarəçiliyə etiraz edərək, bu partiyadan çıxdığımı elan etdim”.
Sabiq MNTK sədri nəzərə çatdırıb ki, istefa verməsinə əsas səbəb V.Əyyubun partiyadan qanunsuz olaraq çıxarılması olub: “Hazırkı rəhbərliyin yürütdüyü siyasət, fərqli düşüncəyə qarşı dözümsüzlük, əks fikirlilərin dərhal kənarlaşdırılması partiyanı uçuruma aparır”.
Hazırda Müsavatda baş verənlərlə bağlı müsahibə verən Məclis üzvü Tural Abbaslı bildirib ki, V.Əyyubu rəhbərliyin siyasi qərarı ilə Müsavat Partiyasının Binəqədi özəyində xaric ediblər: “Məndə olan məlumata görə, özəkdə iclas düzgün keçirilməyib. Özəyin legitim olub-olmaması müzakirə mövzusudur. Vurğun Əyyubun və digər müsavatçıların partiyadan uzaqlaşmasının əsas səbəbi indiki rəhbərliyin dözümsüzlüyüdür. Məhz Arif Hacılının əks fikrə dözümsüzlüyüdür, opponentlərindən qurtulmaq arzusudur. Təəssüf ki, Müsavat Partiyası daxilində hökm sürən demokratik ənənələrə böyük zərbələr vuruldu. Bu zərbələr Müsavat Partiyasının adı ilə bağlanır, tarix qarşısında məsuliyyət yaradır. Düşünülmədən bugünkü korporativ maraqlara uyğun qərarlar verilib, addımlar atılır. Hansısa ziyalı Vurğun Əyyuba olan münasibəti görəndə avtomatik o hərəkəti özünə qarşı edilmiş hesab edir və gələcəkdə bununla üzləşməmək üçün özü istefa verir və yaxud partiyadakı fəaliyyətini minimuma endirir. Bu da ümumilikdə partiyaya və Azərbaycan müxalifətinə ziyandır. Necə ola bilər ki, eyni insanlar İsa Qəmbərin başqanlıq dövründə eyni təşkilatda, eyni qərargahda fəaliyyət göstərə bilirdilər, amma indi bunu edə bilmirlər? Bunun səbəbi var, o da indiki rəhbərlikdir”.
T.Abbaslının fikrincə, ən acınacaqlısı rəhbərliyin bu cür halların varlığını inkar etməsidir: “Vurğun Əyyubun çıxarılmasını guya partiyaya gəlməməklə, fəaliyyət göstərməməklə və üzvlük haqqı ödəməməklə bağlayırlar. Bəsit arqumentlərlə partiya gözdən salınır. Bu, partiyanın sıravi üzvləri arasında da qarşıdurma yaradır. Arif Hacılı bu baş verənlərə görə konkret addımlar atmasa, Müsavat Partiyası zəifləyə-zəifləyə gedəcək. Sonun nə olacağını isə adam düşünmək belə istəmir. Özümə qarşı hələ ki, belə təhlükə hiss etmirəm, rəsmi şəkildə heç bir irad bildirilməyib. Ancaq “gözü çıxmış qardaş”dan görmək olur nə olacağını. Mən də Arif Hacılının partiyadaxili siyasətini dəstəkləmirəm. Onun atdığı addımların partiyaya xeyir verdiyini düşünmürəm. Mən və ətrafım da rəhbərliyə opponent olan kəsimə aidik. Müsavat Partiyasını Azərbaycanda bərpa edənlərdən olan, Müsavat Partiyasının bərpa təşkilat komitəsinin üzvü olmuş bir insanı özəkdə 4 nəfərin iştirakı ilə partiyadan çıxardıblar. Bu hadisə bizi də düşündürür”.
Son istefalara münasibət bildirən Müsavat Partiyası başqanının müavini Elman Fəttah partiyanın qərarları ilə razılaşmayanları istefaya çağırıb: “Adil Qeybulla və İbrahim İbrahimlinin partiyadan növbəti dəfə istefa verməsini təqdir edirəm. Partiya ilə razılaşmaqdan imtina edən, qurultaydan 8-9 ay keçməsinə baxmayaraq, hələ də gündəmdə ancaq Müsavatdaxili məsələləri tutmaqla öz siyasi fəaliyyətini icra etməyi özünə vəzifə hesab etmiş bir çox insanları da məhz bu siyasi mədəniyyətə - istefaya dəvət edirəm”.
E.Fəttahın fikrincə, perspektivlərini başqa təşkilatlarda görənlər Müsavatdan istefa verməlidirlər: “Ya Müsavat Partiyası ilə birlikdə fəaliyyət göstərsinlər, ya da perspektivlərini Qubad İbadoğlunun rəhbərlik etdiyi hərəkatda görürlərsə, ora getsinlər və siyasi mədəniyyət göstərərək, istefa versinlər. Niyə bizi onların haqqında hansısa qərarları qəbul etməyə məcbur edirlər? Buyursunlar, istefa versinlər”.
Sədr müavini V.Əyyubun Müsavatdan çıxarılması haqqında qərara da münasibət bildirib: “Qərar partiyanın Nizamnaməsinə uyğundur. Vurğun Əyyubla bağlı Binəqədi özəyi qərarını verib və verdiyi qərarın düzgünlüyü barədə kimin şübhəsi varsa, partiyanın müvafiq orqanlarına şikayət edə bilər”.
H.Əsgər
banner

Oxşar Xəbərlər