• şənbə, 27 Aprel, 07:18
  • Baku Bakı 12°C

Beş ildə beş söz

02.04.19 11:30 1098
Beş ildə beş söz
Tanınmış söz adamı, pedaqoq, texnika və filologiya elmləri doktoru, professor Elçin İsgəndərzadənin "VEKTOR” Beynəlxalq Nəşrlər Evi tərəfindən çap edilmiş əsərlərinin beş cildini nəhayət ki, oxuyub başa çatdırdım. Duydum ki, bu beş kitab barəsində elə beş söz də deməklə, borcumu yerinə yetirməliyəm. Ən azından bu beş kitabın bütün səhifələrində ruhumun ünvanı kimi sevdiyim, xiffətini çəkdiyim Şuşamızın nəfəsini hiss etdim. Adamın adama bənzədiyi şəksizdir. Amma insanın doğulduğu yurda oxşaması həm maraqlıdır, həm də qeyri-adilikdir. Ona ithaf edilən şeirlərdə də bu ovqat var. Hətta onu "gözləri Şuşaya tumurcuqlayan oğlan” da adlandırıblar. Mətləb və məram bir həsrətdə birləşib:
" Şuşa məni çağırır...” Allahdan arzum budur ki, Şuşaya qayıdışımız bizə qismət olaydı. Nə isə... Yox, yox, mətləbdən, uzaq düşmədim, indi gərək hər anımız vətən desin, Şuşa-Qarabağ desin... Möhnət dolu fikirlər bizi içimizdən yeyir, hətta tez-tez öz-özümə pıçıldadığın misralarımın töhmətinə dözə bilmirəm:
Daş da bizdən vəfalı,
Quş da bizdən vəfalı,
İldə bir yol Şuşada
Qış da bizdən vəfalı.

BİRİNCİ SÖZ

Elçin İsgəndərzadənin şeirlərində Şuşa ağrılarını ilk duyan xalq şairi Məmməd Araz olub. Unudulmaz insan 1998-ci ildə ona xeyir-dua verib, "Müqəddəs görüş” kitabına ön söz yazaraq qəhrəmanımızı bir şair kimi oxuculara təqdim etdi: " Elçin İsgəndərzadə şeiri vətənə, yurda, insanlığa və onların xoş gələcəyinə bağlı səmimi, gənc ziyalı - vətəndaş ürəyinin yaşantıları, çırpıntılarıdır, dəyərli bir istedaddan xəbər verən misraların - işıqlı, həlim, isti, təbii, insani duyğuları əks etdirən ürəyin döyüntüləridir.” Elçinin beş cildliyinin ilkinində məhz şeirləri toplanıb. Mövzu rəngarəngliyi öz yerində, mənim diqqətimi çəkən məhz onun Şuşasız keçən ömrünün bədii sualları oldu:
Elə nigaranam küçələrindən,
Gecələr düşəndə gecələrindən,
Suyundan, havandan, sərçələrindən,
Elə nigaranam, Şuşam, necəsən?
Bu nigarançılığın ahəngindəki sualların neştərləri adamı için-için doğrayır. "Qibləmizə çönəsiyik, deyilmi, obamıza dönəsiyik, deyilmi?” Əslində bu, Şuşasız keçən ömrün "didərgin türküsü”dür. Bu cilddə müəllifin "İkiliklər”indən gətirdiyim nümunə mənim birinci sözümü ifadə etdi: "Üfürə-üfürə içdiyim bu su, sanki yuxuymuş - bardağın içində heç su yox imiş...” Fəsillər dəyişir, ümidlər göyərir, tumurcuqlayır, amma dərdimiz daha da köhnəlir, dəyişməyən yurd yerlərimizdəki bizsiz həyatdır. Nəhs gətirmiş bəxtimizin ağrıları dil açır:
Ürəyimdə hələ dərddir gül açan,
Novruzgülün mənim kimi bağrı qan.
Xarıbülbül, qovuşarıq bəs haçan,
Qarabağa bizsiz gəlir bu yaz da...

İKİNCİ SÖZ

Xalq şairi Nəriman Həsənzadə onun əsərlərini türkçülük- vətənçilik kontekstində dəyərləndirərək yazıb: "Elçin İsgəndərzadənin yaradıcılığında Şuşa harayını eşidirəm. O, xarıbülbülün əvəzinə oxumalı, qarlı qızılgülün əvəzinə danışmalıdır. Oxuyur da, danışır da!..”
Ürəyimin başında,
Gözlərimin yaşında
Bir bulud hüzn,
Bir yarpaq nisgil.
Müəllifin ikinci cildində oxuculara 20-dən artıq poeması təqdim olunub. "Şahmar şikəstəsi” poeması ( ustad şarimiz, dünyasını vaxtsız dəyişmiş Şahmar Əkbərzadəyə ithaf edilib- F.X.) əslində işğalda inildəyən torpaqlarımız haqqında qəmli bir elegiyadır. Müəllif böyük vətənpərvər şair Şahmar Əkbərzadənin həyat və ömür yoluna poetik güzgü tutaraq arzularını, məramını yazmaqla bərabər, həm də özünün şeirləri ilə sanki ağı deyir:
Qırxqız dərdin dənizləşir,
Gəlin qayan kənizləşir,
Ta Şuşan da Təbrizləşir,
Döy başına, yan, ay Şahmar!
Qarabağ həsrəti ilə dünyasını dəyişən insanların əziz xatirəsinə həsr edilmiş "Qarabağ xronikası” adlı poema-rekviyem güllü torpağımızı qan gölünə döndərən daşnakların zülmündən, insanlığa sığmayan vəhşiliklərindən, vətən oğullarının qəhrəmanlığından, sağalmayan yaralarımızdan, qətlə yetirilən insanlarımızdan, güllələnən heykəllərimizdən söz açılır. Namərd qonşular mənəvi sərvətlərimizi də nişan aldılar:
Güllələndi Şuşada
Xan əminin gur səsi,
Hələ də yaralıdır
Qarabağ şikəstəsi...
İkinci cilddən aldığım təəssüratları bir ümidlə-dərin bir həsrətlə elə müəllifin etirafına bələyərək sözümə qüvvət verirəm:
Şuşa gözləyir bizi,
At belində qardaşlar!
Alnımıza yazılıb
Yurd uğrunda savaşlar.

ÜÇÜNCÜ SÖZ

Xalq şairi Zəlimxan Yaqub Elçin İsgəndərzadənin əsərlərini həmişə maraqla oxuyar və deyərdi ki, qələm dostumun yazılarında bir işıq var: "... şair kimi fəhminə, dünyagörüşünün genişliyinə, hətta rəssamlıq duyğularına heyranam. Arzu edirəm ki, Tanrı səni Şuşana, Cıdır düzünə, xarıbülbülünə qovuşdursun!..” Müəllifin üçüncü cildində məqalələri, müxtəlif kitablara yazdığı ön sözlər, rəylər yer alıb. Təbii ki, mən bu yazıların arasında ruhumu çəkən əsərləri daha maraqla oxudum və təsirləndim. "Azərbaycan folklorunda "Qarabağ” adlı məqalə bayatılar əsasında hazırlanıb. Müəllif mətləbini aydın şərh etmək üçün XVIII əsrdə yaşayıb yaratmış, Qarabağ hökmdarı İbrahimxəlil xanın sarayında vəzir olmuş Molla Pənah Vaqifin məşhur misralarını yada salır:
Külli Qarabağın abu-həyatı
Nərmə-nazık bayatıdır, bayatı.
Əlbəttə, bu mövzuda danışarkən ilkin yada düşən Ağabəyim ağanın yaratdığı bayatıdır ki, bu gün bizim qan yaddaşımızdır:
Əzizinəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Müəllifin sonda təqdim etdiyi bir bayatı da günümüzün dərd və ələmlərinin ifadəsi baxımından düşündürücüdür. Vətəni Kərkükdən aydın fikirlərinə görə ayrı düşüb Londonda yaşayan İraq azərbaycanlısı bəstəkar, folklor araşdırıcısı Seyfəddin Çaxmaqçı tərəfindən yaranmışdır:
Qarabağ,
Qan üstündə Qarabağ!
İçimdə iki həsrət var-
Biri Kərkük, biri Qarabağ!
Məqalələrin birində oxuduğum bu fikirlər - klassik divan şerir ənənələrinin yaradılmasında qadınların rolu və bu məsələyə nümunə kimi Qarabağı göstərməsi həqiqətdir. Çünki qadın şairlərinin böyük bir qisminin məhz Qarabağda, xüsusi ilə Şuşada yetişib formalaşması faktdır. Ağabəyim ağa, Fatma xanım Kəminə, Xurşidbanu Natəvan...
DÖRDÜNCÜ SÖZ

Dördüncü cildə bələdçilik edən Qərib Mehdi onu "Uzağa uçan söz arısı” adlandırıb. Bu da təsadüfi deyil. Uzağa uçan arının balı daha keyfiyyətli olur, deyirlər. Qərib Mehdinin təbirincə, Elçin İsgəndərzadə də məhz uzaqlarda çox gəzən , söz axtaran, dərinliklərə enən yazardır. Bu səbəbdən də əsərləri təbii və şirəlidir. Bu topluda da müəllifin müsahibələri, esseləri, tərcümələri diqqətə çatdırılıb.
Müsahibələrin birində Şuşada doğulduğunu bildirərək deyir: " Bir insan kimi formalaşmağımda on yeddi yaşıma qədər olan uşaqlıq və gənclik dövrümə borcluyam. Mən o yaşa qədər nənəmin (atamın anasının) yanında olmuşam. İndi əlli yaşlı Elçin İsgəndərzadə böyük qürur hissi ilə deyir ki, mən bağça həyatımı, məktəb illərimi, universitet dövrümü, akademiya təhsilimi nənəmdən əxz etmişəm. O, uç il əvvəl - 105 yaşında dünyasını dəyişdi. Bu çağacan böyük, adlı-sanlı çox akademiklərlə, şairlərlə, dövlət xadimləri ilə oturub-durmuşam, amma nənəmi bu sırada birinci görürəm”. Məncə, izaha, əlavə şərhə ehtiyac yoxdur. Həsəd və qibtə hissi məni boğdu. Nə vaxtsa mənim də nəvələrimdən belə deyəni olsaydı... Çox gözəl hissdir. Şuşa mühiti və elə bir müdrik nənə və qədir bilən nəvə...

BEŞİNCİ SÖZ

"Dünyada ən böyük arzum övladlarıma övladı olduğum Şuşanı göstərməkdir!” deyən Elçin İsgəndərzadənin sonuncu cildinə haqqında yazılan məqalələr, deyimlər, şeirlər toplanıb. Unudulmaz müəllimim Famil Mehdi "Taleyin poeziyası” adlı məqaləsində qəhrəmanımın yaradıcılığını elə məhəbbətlə dəyərləndirib ki... "Elçinin poeziyası bu günün, müasir dövrümüzün poeziyasıdır. Ancaq gələcəyə ünvanlanan poeziyadır”. Şahmar Əkbərzadə isə belə arzulayırdı: " Mən ürəkdən inanıram ki, istiqlal şairi Məmməd Arazın xeyir-duası ilə şeir-sənət aləminə qədəm qoyan şairimiz... ilham köhləninin səmtini keçilməmiş yollara yönəldəcək”.

SONDA...

Elçin İsgəndərzadə həmkarları, qələm dostları, eləcə də oxucuları tərəfindən sevilən yaradıcı şəxsiyyətdir. Həmişə həqiqətə söykənən, həqiqətə baş əyən, qələminə sadiq və xeyirxah bir insandır. Təzadlarla dolu dünyada mərhəmətli ürək sahibi olmaq, kiminsə qolundan tutmaq, kiməsə yaxşılıq etmək elə də asan məsələ deyil. Çoxcəhətli yaradıcılığa malik qələm dostumuzun, görkəmli alim və pedaqoqumuzun bu sahələrdəki fəaliyyətindən saatlarla danışmaq və yazmaq mümkündür. Amma... Açıq deyim, vallah, atalar doğru deyib: "Alim olmaq asandı, adam olmaq çətin...” Elçin İsgəndərzadə əsil insandır! Bu fikir, çoxu tərəfindən qürurla səslənir.
"Vektor” Beynəlxalq Elmlər Akademiyasının 2001-ci ildən etibarən ənənəvi olaraq hər il tətbiq etdiyi Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatlara təqdim edilir. Maraqlısı odur ki, həmin şəxslərin kitabları da təmənnasız olaraq məhz "Vektor” Beynəlxalq Nəşrlər Evi tərəfindən çap edilir. Bu xeyirxah missiyanı həyata keçirənsə Elçin İsgəndərzadədir. Bu xeyirxahlığın qələm əhli üçün nə demək olduğunu izah edə bilmirəm.
Əlbəttə, haqqında qısa söz açdığım V cildliyin hər biri barəsində geniş danışmaq, təhlilə çəkmək də olardı . Mən sadəcə, ruhuma dinclik verməyən, eləcə də onun könül nisgili olan Şuşamızla bağlı çırpıntılarından söz açmağa üstünlük verdim. Bu yerdə qələm dostumuz Zülfüqar Şahsevənlinin sözlərini xatırladım: "Professor Elçin İsgəndərzadə öz əməli fəaliyyəti ilə hər bir Azərbaycan gəncinə çağırış edir, bu gün dünyada intellekt döyüşünün getdiyini, bu döyüşdə güclülərin qalib gələcəyini bildirir.
Bakıda ay doğmadı,
Ay doğmadı Şuşasız.
Könlüm qəm odasıdı
Pəncərəsiz, şüşəsiz,
- deyə zillət çəkən, hər gecə Şuşasız ölüb-dirilən, təzədən mübarizəyə, döyüşlərə səfərbər olan əsl vətəndaş, alim, şair Elçin İsgəndərzadə...”
Elçin İsgəndərzadənin bir şerinin sonluğu belə tamamlanır:
Qaldır Türkün bayrağını,
Haykır zəfər sorağını,
Ölsəm Şuşa torpağını
Tökün gözümə-gözümə.
Bilirsən qardaş, Şuşasız ölmək də olmaz! Biz üçrəngli bayrağımızın Şuşada-Qarabağda dalğalanacağı günü mütləq görməliyik. Biz Şuşaya dönəcəyik... O müqəddəs günün olacağı ümidi ilə yazıma nöqtə qoyaraq Cıdır düzündə görüşək deyirəm. Sən də söz ver ki, "Biz qayıtdıq, Şuşa!” kitabımı da sən elə bu şəhərdə fəaliyyətə başlayacaq nəşriyyatında nəşr edəcəksən...

Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist








banner

Oxşar Xəbərlər