• cümə, 26 Aprel, 07:49
  • Baku Bakı 12°C

Bələdiyyə seçkiləri uğurla başa çatdı

23.12.14 19:10 1400
Bələdiyyə seçkiləri uğurla başa çatdı
Dekabrın 23-də Azərbaycanda sayca dördüncü bələdiyyə seçkiləri keçirilib. İşğal olunmuş ərazilər istisna olmaqla, 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilən seçkilərdə 15 035 bələdiyyə üzvü seçilib. Bələdiyyə seçkilərində 37 077 nəfər bələdiyyə üzvlüyünə namizəd qeydə alınıb.
Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası və Ana Vətən Partiyası bələdiyyə seçkilərində partiya kimi namizədləri ilə iştirak edib.
Partiya mənsubiyyəti nəzərə alınsa, ümumilikdə 30 partiyanın üzvləri seçkilərdə iştirak edib.
Saat 08:00-dan etibarən açılan seçki məntəqələri 19.00-da bağlanıb. Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, bələdiyyə seçkiləri ilə bağlı ölkə üzrə seçici fəallığı saat 19:00-a 38,93 faiz təşkil edib. Saat 19:00-a qədər 4 milyon 819 min 382 seçicidən 1 milyon 876 min 14 nəfəri səs verib.
Xatırladaq ki, 2009-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində seçici fəallığı 32,04 faiz təşkil etmişdi. Yəni 4 milyon 612 min 727 seçicidən 1 milyon 478 min 186 nəfər səs vermişdi.
Gün ərzində 5 dəfə - saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da seçicilərin səsvermədə iştirakı ilə bağlı məlumatlar birbaşa MSK-nın internet səhifəsində yerləşdirilib və ictimailəşdirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, seçkiləri 50 mindən artıq müşahidəçi işləyib. Səsvermə 5015 məntəqədə baş tutub. Bunun 4887-si daimi, 128-i müvəqqəti yaradılan məntəqədir. MSK sədri əlavə edib ki, şəffaflığı təmin etmək üçün seçki məntəqələrində veb-kameralar quraşdırılıb.
Gün ərzində jurnalistlərin suallarını cavablandıran MSK sədri deyib ki, budəfəki bələdiyyə seçkilərində seçici fəallığı ötən bələdiyyə seçkisi ilə müqayisədə yüksəkdir. MSK sədrinin sözlərinə görə, seçkilər normal gedir: "Yerlərlə fasiləsiz əlaqə saxlayırıq. Həm də veb-kameralar vasitəsilə səsvermənin gedişini müşahidə edirik. Hələlik seçkilərin nəticələrinə təsir edən qanun pozuntusu ilə bağlı müraciət daxil olmayıb".
M.Pənahov internetdə seçki məntəqələrindən birində bülletenlərin topa halında qutuya salınması ilə bağlı yayılan video ilə əlaqədar araşdırma aparılacağını da bildirib. Onun sözlərinə görə, MSK-ya hələlik yalnız seçkilərlə bağlı sorğu xarakterli müraciətlər daxil olub. M.Pənahov deyib ki, ünvanlara daşınan qutuların aparılmasını KİV nümayəndələrinin müşayiət etməsi üçün sərbəst şərait yaradılıb. Axşam bülletenlər sayılanda, ilk növbədə daşınan qutular açılacaq.
MSK sədri, həmçinin vurğulayıb ki, seçki günü öncəsi namizədliyini geri götürənlər də olub.
Əli Əhmədov: “Seçkilər çox uğurla baş tutub”
“Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində bütün bələdiyyələrdə öz namizədini irəli sürüb. Bütövlükdə ölkədə irəli sürülən namizədlərin 40 faizdən çoxu YAP-ın namizədi olub”. Bunu YAP sədrinin müavini, baş nazirin müavini Əli Əhmədov dünən seçki başa çatandan sonra keçirdiyi mətbuat konfransında bildirib.
Seçkilərdə YAP-ın 16 760 nəfər namizədinin olduğunu deyən Ə.Əhmədov bildirib ki, bunlardan 4400 nəfəri partiya tərəfindən, 3356 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb: “Bu, YAP resursunun ölkədə nə qədər çox olmasından xəbər verir”. Seçkilərin baş tutduğunu bildirən YAP sədrinin müavini deyib ki, partiya seçkinin nəticələrinə böyük ümid bəsləyir: “İstinad etdiyimiz başlıca seçki resursu bu ümidlərə əsas verir”.
Ə.Əhmədov bildirib ki, seçkilər çox uğurla baş tutub, qanun pozuntularına yol verilməyib: “Müşahidəçilərimiz çox geniş şəkildə iştirak ediblər və onlar tərəfindən heç bir qanun pozuntusu barədə məlumat almamışıq”.
Elmira Süleymanova: «Pozuntularla bağlı müraciət olmayıb»
"İndiyə qədər bələdiyyə seçkilərində hər hansı pozuntularla bağlı bizə müraciət olunmayıb". Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova deyib. Lakin E.Süleymanova hansısa müraciətlərin olacağını istisna etməyib: "İndiyə qədər hansısa pozuntu halları müşahidə etməmişik, amma yenə də hansısa müraciətlərin daxil olacağını istisna etmirəm. Seçkilər qurtarandan sonra belə şeylər olur. Keçən dəfə də belə olmuşdu. Demək istəyirəm ki, bunların heç biri diqqətdən kənarda qalmır. Həmin an müraciətlər Mərkəzi Seçki Komissiyasına göndərilir və orada da lazımi tədbirlər görülür. Bildiyiniz kimi, keçən bələdiyyə seçkiləri zamanı bir sıra seçki məntəqələrinin nəticələri ləğv olundu".
Ombudsman qadın bələdiyyə üzvlərinin çoxalacağına ümid edir
E.Süleymanova əlavə edib ki, cəzaçəkmə məntəqələrində Ombudsman Aparatının nümayəndələri seçki prosesini müşahidə ediblər və oradan da hər hansı şikayət və ya narazılıq eşitməyiblər. Onun sözlərinə görə, hər bir cəzaçəkmə müəssisəsində seçki məntəqələri yaradılıb və məhkumlar mütəşəkkil qaydada səs veriblər.
Ombudsiman əlavə edib ki, artıq dördüncü dəfə keçirilən bələdiyyə seçkilərinə hazırlıq dövründə dairə, məntəqə seçki komissiyalarının binalarının texniki avadanlıqla təchizatı, informasiya sisteminə qoşulması çox müsbət haldır.
E.Süleymanova qadınların da bələdiyyə seçkilərində aktivliyinin artmasını müsbət hal kimi dəyərləndirib. Onun sözlərinə görə, 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində böyük dönüş yarandı: "Ona qədər bələdiyyələrdə təmsil olunan qadınların göstəricisi 4 faiz idisə, 2009-cu ildə bələdiyyələrdə qadınların təmsilçiliyi 26 faizə qalxdı. Bu il bələdiyyələrdə qadınların sayının daha da artacağına ümid edirik".
Ombudsman əlavə edib ki, qadınların bələdiyyələrdə daha çox təmsilçiliyinə nail olmaq üçün ölkə ərazisində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman təsisatı, QHT-lər, media çox böyük təbliğat-təşviqat kampaniyası aparıb. E.Süleymanova bildirib ki, Ombudsman təsisatı ölkədə bələdiyyələrlə çox aktiv işləyir: "Ombudsman təsisatının 41 əməkdaşı ölkə ərazisində 50 seçki dairəsində seçkiləri müşahidə edib".
AVCİYA: Seçkilər sakit tərzdə, demokratik mühitdə keçib
“Biz AVCİYA olaraq 400 seçki məntəqəsində müşahidə aparırıq. Müşahidəçilərimizlə müntəzəm əlaqə saxlayırıq. İndiyədək seçkilər sakit tərzdə, demokratik mühitdə keçir və ciddi bir qanun pozuntusu qeydə alınmayıb”. Bunu Trend-ə açıqlamasında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.
AVCİYA-nın Seçki Qərargahının rəhbəri qeyd edib ki, ötən seçkilərlə müqayisədə seçicilər daha çox fəallıq nümayiş etdirirlər: “Ötən bələdiyyə seçkiləri ilə müqayisədə seçicilərin fəallığı daha yaxşıdır. Bilirsiniz ki, əhali digər seçkilərə nisbətən bələdiyyə seçkilərinə elə də maraq göstərmir. Çünki prezident və parlament seçkilərində daha ciddi mübarizə gedir”.
Mətbuat Şurasına da hər hansı müraciət olmayıb
Öz növbəsində, Mətbuat Şurasının «qaynar xətt» rejimində fəaliyyət göstərən telefon nömrələrinə 23 dekabr bələdiyyə seçkisini işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçilərindən hər hansı müraciət daxil olmayıb. Şuranın müxtəlif seçki məntəqələrində prosesi izləyən monitorinq qrupunun üzvləri də media təmsilçilərinin peşə fəaliyyətini yerinə yetirmələrinə hər hansı maneçilik faktı qeydə almayıblar. MŞ İdarə Heyətinin üzvlərinin müşahidələrinə əsasən, yerli və xarici KİV-lərin əməkdaşlarının seçki prosesini işıqlandırmalarına hər cür şərait yaradılıb.
MŞ sədri Əflatun Amaşov Nəsimi və Nərimanov, qurumun sədr müavinləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Binəqədi, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Suraxanı, Şuranın İdarə Heyətinin üzvlərindən - Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Xətai, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Sabunçu, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Səbail, MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə Salyan və Neftçala rayonlarındakı seçki məntəqələrində jurnalistlərin prosesi işıqlandırmaları ilə bağlı vəziyyətlə tanış olublar.
Qeyd edək ki, MŞ prosesi işıqlandıran KİV nümayəndələrinin mümkün ola biləcək müraciətlərini bundan sonra da diqqət mərkəzində saxlayacaq.
İlham QULİYEV
banner

Oxşar Xəbərlər