• cümə, 26 Aprel, 23:25
  • Baku Bakı 22°C

Baş redaktorlar jurnalistlərin qarşılıqlı səfərləri təşəbbüsünü təqdir edirlər

16.04.19 19:34 767
Baş redaktorlar jurnalistlərin qarşılıqlı səfərləri təşəbbüsünü təqdir edirlər
Aprelin 15-də Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Moskvada görüşü keçirilib. Görüşdə Azərbaycan və Ermənistan jurnalistlərinin Bakıya, Yerevana və Dağlıq Qarabağa səfərlərinin təşkili məsələsinə də toxunulub. Jurnalistlərin həm Azərbaycana, həm də Ermənistana qarşılıqlı səfərləri iki ölkə arasında etimadın yaradılmasına yönəlik addım kimi qiymətləndirilib. Ölkəmizin media kapitanlarının bu təşəbbüsə münasibətini və qarşılıqlı səfərlərin danışıqlar prosesinə nə kimi müsbət təsirinin olacağını öyrənməyə çalışdıq.

"İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadədeyir ki, bu səfər dövlətin nəzarətində hazırlanacaq: "Xarici İşlər Nazirliyi danışıqlar prosesində fəal iştirak edir. Görünür, bu mövzu artıq danışılıb və növbəti mərhələdə səfərlər təşkil ediləcək. Əgər bu səfərlər danışıqların ədalətli, pozitiv keçirilməsinə, Azərbaycanın işğal altından olan torpaqlarının azad olunmasına müsbət təsirini göstərəcəksə, Ermənistan aqressiv siyasətindən əl çəkəcəksə, təşəbbüsü normal qiymətləndirirəm”.
"Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev düşünür ki, səfərlərin danışıqlar prosesinə müsbət təsirini zaman göstərəcək: "Azərbaycan və Ermənistan jurnalistlərinin Bakıya, Yerevana və Dağlıq Qarabağa səfərlərinə normal baxıram. Onsuz da bəzi jurnalistlər və vətəndaş cəmiyyətinin nümayəndələri beynəlxalq təşkilatların himayəsi altında zaman-zaman həm Yerevana, həm də Dağlıq Qarabağa səfərlər edirlər. Xarici işlər nazirlərinin ilkin razılığı isə bu işin daha peşəkar təşkilinə şərait yarada bilər. Azərbaycan cəmiyyəti illərdir Dağlıq Qarabağın işğal altında olan ərazilərindən xəbərsizdir. Biz tarixi torpaqlarımız haqqında həm görüntülü, həm də yazılı informasiyaları ya ermənilərin, ya rusların, ya da hansısa üçüncü ölkənin təqdimatı ilə əldə edirik. Beləliklə, təqdim olunan informasiyaların səhihliyinə şübhə edirik. Daha yaxşı olardı ki, Azərbaycan jurnalistləri Dağlıq Qarabağın mövcud vəziyyətini cəmiyyətə olduğu kimi təqdim etsinlər. Bu nöqteyi-nəzərdən səfərin təşkili təklifini müsbət dəyərləndirmək lazımdır. Səfərlərin danışıqlar prosesinə müsbət təsirinə gəlincə, düşünürəm ki, bunu zaman göstərəcək”.
"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu planlaşdırılan səfərləri məqbul qiymətləndirir: "Nazirlərin danışıqlarından sonra yekun olaraq jurnalistlərin də qarşılıqlı səfərləri ilə bağlı bəyanatın verilməsi mənim üçün çox maraqlı oldu. Hətta bu xəbəri eşidəndə jurnalist olaraq özümə "bu cür səfərlərə hazırammı və ya bunu istəyirəmmi” deyə sual verdim. Məlum oldu ki, şəxsən belə görüşlərə getməyə hələ hazır deyiləm. Amma media meneceri kimi bizim media qrupumuzu təmsil edəcək əməkdaşımızın bu səfərdə yer almasını çox istəyərəm. Jurnalistlərin ora səfər etməsi, Qarabağı görüb oradakı vəziyyət haqqında yazılar yazması çox faydalı olar. Bu, bir növ xalqları sülhə hazırlamaq planının tərkib hissəsi ola bilər. Bu addım cəmiyyətlərə bir-birindən daha çox məlumat almaq imkanı yaradacaq. Ona görə də bu səfərləri məqbul qiymətləndirirəm”.
Modern.az saytının baş redaktoru Elşad Eyvazlı qeyd edir ki, səfərlər iki ölkə arasındakı münasibətlərin yaxşılaşmasına, Qarabağ probleminin həllinə, torpaqların işğaldan azad olmasına müsbət təsir edəcəksə, təqdir olunmalıdır: "Bu gün jurnalistlər, o biri gün müəllimlər, deputatlar, başqa gün cəmiyyətin digər təbəqələrinin nümayəndələri görüşə bilərlər. Lakin burada məni qayğılandıran bir məsələ var. Belə ki, Ermənistan tərəfi həmişə bu kimi məsələlərdən sui-istifadə edir. Onların atdıqları addımın arxasında həmişə hiylə, məkr dayanır. Ona görə də çox ayıq olmalıyıq. Əgər jurnalistlərin qarşılıqlı səfərləri xalqlar arasında dostluğa gətirəcək və bu dostluğun arxasında Azərbaycan torpaqlarının işğaldan azad edilməsi durursa, təqdir olunmalıdır”.
Baş redaktor deyir ki, bu səfərlərə hazırlıqlı jurnalistlərimiz getməlidirlər: "Düşünürəm ki, bu səfərə nəinki Qarabağla bağlı bilgiləri yetərli olan, həm də dil bilmək, dünyagörüşü, özünü aparmaq baxımından kifayət qədər təcrübəli jurnalistləri göndərməliyik. Yəni səfər zamanı elə situasiya yaranar, elə sual verərlər ki, yalnız jurnalistika biliyi yetməz. Ona görə də bu səfərə göndəriləcək jurnalistlər xüsusi olaraq seçilməlidirlər”.

Günel Azadə


banner

Oxşar Xəbərlər