• şənbə, 27 Aprel, 03:50
  • Baku Bakı 14°C

Baş nazir Ermənistanı uçuruma aparır

19.09.18 18:29 592
Baş nazir Ermənistanı uçuruma aparır
Küçə eyforiyasından çıxa bilməyən Ermənistanın baş naziri Nikol Paşinyan günbəgün müxtəlif mövzularda ziddiyyətli bəyanatlarını davam etdirir. Onun bu sərsəm fikirləri isə artıq Ermənistan cəmiyyəti tərəfindən birmənalı qarşılanmır. Artıq erməni mətbuatı Paşinyanı tənqid hədəfinə gətirib ki, bu da baş nazirin "xoşuna” gəlməyib. Mətbuata azadlıq verəcəyini bəyan edən Paşinyan indi onu tənqid edən mətbu qurumlara qarşı "tədbirlər” görməyə başlayıb.
Siyasi savadsızlığı ucbatından verdiyi vədləri yerinə yetirə bilməyən yeni baş nazir cəmiyyətin diqqətini daxili problemlərdən uzaqlaşdırmaq üçün sələfləri kimi Qarabağ problemi ilə bağlı sərsəm bəyanatlar səsləndirir. Bəs görəsən Paşinyan bu addımı ilə nə qədər siyasi manipulyasiya edə biləcək?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Nikol Paşinyanın hakimiyyətə gəlişindən artıq 4 ay keçir: "Bu dövr ərzində onun həm daxili, həm də xarici siyasətinə qiymət versək, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dediyi kimi, Paşinyanın öz vəzifəsinə qeyri-adekvat bir adam olduğu məlum olacaq. Onun bəyanatları və atdığı addımlar bu fikri bir daha təsdiqləyir. Bu günlərdə isə erməni mətbuatı daha çox Paşinyanın əqli problemlərini müzakirəyə çıxarıb. Hətta belə fikirlər səslənməkdədir ki, dünyanın ən nüfuzlu psixiatrlarını, psixoloqlarını Ermənistana dəvət etmək lazımdır. Eyni zamanda parlamentdə Paşinyanın əqli baxımdan xəstə olması məsələsi müzakirə edilməlidir, əks təqdirdə, Ermənistanı çox böyük fəlakətlər gözləyə bilər. Bununla bağlı misallar da gətirirlər. Paşinyan son çıxışlarından birində qeyd edir ki, Ermənistanda heç bir məhkəmənin hakimi onun bir sözünü iki edə bilməz və belə bir hakim varsa, mən onunla görüşmək istəyərdim. İş o yerə çatıb ki, populizm üzərində hakimiyyətə gələn Paşinyanın küçədən gələn dəstəyi artıq tükənmək üzrədir. Buna baxmayaraq, o bu populizmini daha da gücləndirməkdədir, hətta ailəsini də bu işə cəlb edir. Oğlunu Dağlıq Qarabağa hərbi xidmətə göndərmək hesabına da istəyir ki, erməni ictimai fikrində özünə rəğbət oyatsın. Lakin onun bu addımı da beynəlxalq hüquqa tamamilə ziddir. Ümumiyyətlə, bu gün Paşinyanın ailə üzvlərinin davranışı Ermənistana ciddi problemlər yaradır. Elə götürək onun həyat yoldaşı Anna Akopyanı. O, Paşinyanla birgə Paris səfərindən danışarkən deyib ki, mənim 300 avro pulum var idi və dükanları gəzərkən 3 uşağım üçün cəmi 100 avro pul xərclədim, qalan xərcləri isə Ermənistanın Fransadakı səfiri qarşılayıb. Bu, birbaşa korrupsiya əməlidir. Faktiki olaraq, Anna Akopyan etiraf edir ki, səfir onun xərclərini qarşılamaqla korrupsiyaya yol verib. Ona görə də bu diplomat geri çağırılmalı və eləcə də Ermənistanın Baş Prokurorluğu Anna Akopyana qarşı cinayət işi açmalı idi. Bu faktlar onu göstərir ki, Ermənistanın baş nazirinin ailəsi də öz davranışı ilə yerli ictimai fikirdə qıcıq oyatmaqda davam edir”.
E.Nəsirov qeyd etdi ki, Paşinyanın sentyabrın 18-də Qarabağa təcili səfər etməsi də populizmdən qaynaqlanır: "Məqsədi isə odur ki, sələfləri kimi Qarabağ kartından istifadə edib müəyyən zaman üçün hakimiyyətdə qala bilsin. Amma nə vaxta qədər? Məgər Sarkisyanın hakimiyyətdən getməsi ona dərs olmadımı? Sarkisyanın Qarabağla bağlı tutduğu mövqe və Azərbaycan tərəfindən güclənməkdə olan blokada, təcrid siyasəti Ermənistanda rejimin çökməsini şərtləndirdi. Bu günlərdə Prezident İlham Əliyev Biləsuvara səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə də qeyd etdi ki, Ermənistanda əvvəlki diktatura rejimi 20 il ərzində mövcud oldu, amma çökdü. Bu hakimiyyətin diktatura, korrupsioner bir rejim olduğunu biz söyləyirdik və bunu sonra erməni xalqı dedi. Təəssüf ki, Ermənistandakı indiki rejim də çox məsuliyyətsiz bəyanatlar verir və münaqişənin tənzimlənməsi imkanlarını buxovlayır. Bizim gücümüz ondadır ki, xalq hakimiyyəti dəstəkləyir. Ermənistanda isə xalq-hakimiyyət birliyi yoxdur. Hadisələr belə davam edərsə, Paşinyan öz sələfi Sarksiyanın taleyini yaşayacaq”.
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, Paşinyanın stabil psixi durumu sual altındadır və həkimlər tərəfindən ciddi şəkildə müayinədən keçməlidir: "Ziddiyyətli bəyanatlar vermək, özünü qeyri-stabil aparmaq əlbəttə ki, normal baş nazir işi deyil. O, küçələrdə verdiyi vədlərin indi ziddinə gedir, əleyhinə addımlar atır. Ona görə də hesab edirəm ki, sağlam düşüncəli insanlar bunun hərəkətlərini normal qəbul etmir.
Bundan başqa, Rusiya prezidentinin Yerevana gəlməsi artıq bəyan olunub. Putin bildirdi ki, Koçaryan və Sarkisyanla görüşəcək və onlar Paşinyanın ən qatı rəqibləridir. Bunun özü Paşinyana bir zərbədir, çünki Paşinyan onlara qarşı cinayət işi açır, həbs etmək istəyir. Putin isə onlarla görüşmək niyyətində olduğunu deyir. Bu, o deməkdir ki, hətta Ermənistanın müttəfiqləri belə, başa düşür ki, Paşinyanla normal əlaqə qurmaq, onu inkişaf etdirmək mümkün deyil. O həqiqətən daşıdığı vəzifəsinə qeyri-adekvat bir insandır və psixi durumu mütləq yoxlanılmalıdır. Əgər bunu etməsələr, Paşinyanın ciddi qeyri-adekvat addımları olacaq və bu da Ermənistanı uçuruma aparacaq”.
F.Sadıxov qeyd etdi ki, Paşinyanın həyat tərzi onun demokrat olmasını inkar edir: "O heç universitet diplomu ala bilməyib. Jurnalistika sahəsində də uğur qazana bilməyib. Onu keçmiş həmkarları da tənqid edir və düşünürlər ki, Paşinyan normal düşüncəli jurnalist olmayıb. Belə bir insanı normal şəxs adlandırmaq da mümkün deyil”.

Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər