• cümə, 26 Aprel, 16:55
  • Baku Bakı 23°C

Bakının musiqi bayramı - “Jara”

27.07.18 19:27 826
Bakının musiqi bayramı - “Jara”
Azərbaycan son illər bir çox humanitar, iqtisadi, mədəni və idman yarışlarına ev sahibliyi edir. Bu heç də təsadüfi deyil. Çünki Cənubi Qafqaz ölkəsi olan Azərbaycan aparılan siyasi-iqtisadi siyasət nəticəsində qısa bir zamanda regionda lider dövlətə çevrilib. Heç şübhəsiz ki, bu, dünyanın aparıcı dövlətlərinin diqqətindən kənarda qala bilməzdi və nəticə etibarı ilə qazanılan etimad Azərbaycanı mühüm beynəlxalq tədbirlərin məkanına çevirir.
Həmçinin tarixən Azərbaycanda mövcud olan tolerantlıq, multikulturalizm hazırkı siyasi sabitliyin əsası kimi özünü göstərməyə başlayıb. Elə bunun nəticəsidir ki, ard-arda "Avroviziya” mahnı müsabiqəsi, I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları paytaxt Bakıda reallaşdırılıb.
Bu günlərdə dünyaca məşhur simaları bir araya gətirən "Jara” beynəlxalq musiqi festivalı növbəti dəfə Bakıda keçirilir. Bu beynəlxalq tədbir demək olar ki, paytaxtın musiqi bayramına çevrilib. Görəsən bu festivalın Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Hikmət Məmmədov bildirdi ki, "Jara” hər şeydən öncə beynəlxalq musiqi festivalıdır və bunu elə mühüm incəsənət hadisəsi kimi də qəbul etmək lazımdır: "Ona siyasi don geyindirmək, siyasi eynəklə baxmaq düzgün deyil. Məsələyə bu kontekstdən yanaşa bilsək görəcəyik ki, orada kiminsə iştirak edib-etməməsi ən sonuncu məsələlərdən biridir. Çünki söhbət musiqidən, incəsənətdən gedir və bu musiqi hadisəsi nəticə etibarilə həm də Azərbaycan musiqisinin, Azərbaycan mədəniyyətinin təbliğ olunmasına xidmət edir. Ona görə də bu məsələ ətrafında sosial şəbəkələrdə və bəzi media qurumlarında yaradılmağa çalışılan süni ajiotaj yersizdir. Nəzərə almalıyıq ki, bizim torpaqlarımızı işğal edən Ermənistandır və biz bu işğalçı ölkəyə görə hamı ilə düşmən ola bilmərik. Tam əksinə, problemin həlli üçün bizə dostlar lazımdır və biz onları qazanmalıyıq. Əgər bu gün Rusiya vətəndaşı olan, kürd mənşəli bir rus müğənni Azərbaycan mədəniyyətinə, musiqisinə, dünyada multikulturalizmin paytaxtı kimi qəbul edilən Bakımıza rəğbətini bildirirsə, buraya gəlmək istəyirsə, doğma dilimizdə musiqi səsləndirmək istəyirsə, məncə, bunu normal qəbul etmək lazımdır. Necə ola bilər ki, Avropa Oyunlarına, İslam Həmrəyliyi oyunlarına ev sahibliyi edən, bütöv bir ili "Multikulturalizm ili”, daha sonra "İslam Həmrəyliyi ili” elan edən və bunu əslində dinlərarası dialoqa çevirməyi bacaran bir ölkə onun mədəniyyətini və incəsənətini daha yaxından tanımağa çalışan bir incəsənət xadiminə ev sahibliyi edə bilməsin? Axı Azərbaycan dünyada tolerantlıq məkanı, əməkdaşlıq və tərəfdaşlıq məkanı kimi tanınır. Ona görə də belə məsələlərə bir qədər soyuqqanlı, təmkinli yanaşmaq daha obyektiv və realist düşünməyimizə gətirib çıxara bilər”.
H.Məmmədovun sözlərimə görə, ancaq təəssüf ki, bəzi hallarda realist mövqedən çıxış edən şəxslər və qurumlar öz mövqelərinə görə hücuma məruz qalırlar: "Elə sosial şəbəkələrdə "Xəzər” televiziyasının bir qrup sosial şəbəkə iştirakçısı tərəfindən şantaja məruz qalması da bu hadisələrdən biridir. Çünki bu televiziya məsələ ətrafında yaradılan süni ajiotajı doğru məcraya yönləndirməyə çalışan informasiya qurumlarından biridir. Artıq "Jara” beynəlxalq musiqi festivalı başlayıb və həmişə olduğu kimi, bu dəfə də paytaxt sakinləri tərəfindən olduqca maraqla və coşquyla qarşılanıb. İnanırıq ki, bu musiqi festivalı Azərbaycan musiqi və incəsənətinin, Azərbaycan həqiqətlərinin, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasına öz töhfəsini verən mühüm tədbirlərdən biri kimi yadda qalacaq”.
Millət vəkili Jalə Əliyeva bildirdi ki, "Jara” beynəlxalq musiqi festivalı artıq bir neçə ildir ölkəmizin paytaxtında keçirilir: "Deyərdim ki, bu beynəlxalq festival daha çox insanların diqqəti cəlb edir. Eyni zamanda bu musiqi festivalı həm vətəndaşlarımızın, həm də ölkəmizdən xaricdə yaşayan insanların marağına səbəb olur. Festivalın əhəmiyyətli tərəflərindən biri odur ki, keçirilən hər belə beynəlxalq tədbirlə ölkəmiz bir daha imicini təsdiq edir. Həmçinin Azərbaycan bir daha özünün dünyəviliyini, qloballaşma prosesində yaxından iştirak etdiyini, tolerantlığını və bütün sənət nümunələrinə açıq olduğunu nümayiş etdirir. Təbii ki, ölkəmizə gələn qonaqlar bir daha Azərbaycanın inkişafının əyani şahidi olurlar. Onlar sadəcə iqtisadiyyatın deyil, həmçinin mədəniyyətin inkişafını görürlər. Təsadüfi deyil ki, son illər ərzində Azərbaycanda "Avroviziya” beynəlxalq mahnı müsabiqəsi, ilk Avropa Oyunları, o cümlədən İslam Həmrəyliyi Oyunları və sair bir çox beynəlxalq təbdirlər keçirilib. Onu da qeyd edim ki, bütün bunlar Azərbaycanın dünyada və beynəlxalq təşkilatlarda artan nüfuzundan xəbər verir və bu, əlbəttə ki, ölkəmizə göstərilən etimaddır”.
J.Əliyeva qeyd etdi ki, "Jara” beynəlxalq festivalının keçirilən gündən ətrafına insanları toplaması onun artıq digər festivallar kimi məşhurlaşmasına gətirib çıxarıb: "Öz ətrafına insanları toplamağı bacaran festival ola bilsin ki, yaxın gələcəkdə daha böyük miqyasda keçirilsin. Bilirik ki, bu gün dünyada "Yurmala” və digər bu kimi bir çox festivallar keçirilir. Düşünürəm ki, "Jara” musiqi festivalı da belə beynəlxalq tədbirlər sırasında olacaq”.

AZAD
banner

Oxşar Xəbərlər