AZE | RUS | ENG |


Bakının brendi necə olmalıdır?

Bakının brendi necə olmalıdır?
“Potensialı reallaşdırmaq üçün turizm-marketinq fəaliyyətlərində bundan istifadə ediləcək”

Bu ilin sonuna kimi Bakının brendinin hazırlanması nəzərdə tutulur. Bunu Trend-ə Milli Turizm Təbliğat Bürosunun mətbuat xidmətinin katibi Kənan Quluzadə deyib. Onun sözlərinə görə, Bakının brendinin yaradılması üçün işlər fəal şəkildə aparılır. K.Quluzadə deyib ki, bununla bağlı dünyanın ən populyar şəhərlərinin, paytaxtlarının brendlərini formalaşdıran 2 beynəlxalq şirkətlə iş aparılır. Hazırda qurum şirkətlərdən hansı ilə əməkdaşlıq edilməsinin daha münasib olduğunu müəyyənləşdirir və onlar arasında seçim aparır: "Onlar bizə layihələr hazırlayaraq təqdim edirlər. Nəzərə alınmalıdır ki, brend yalnız loqonun hazırlanması demək deyil. Bu, konseptual bir yanaşmadır. Yəni biz Bakını xaricilərə necə təqdim edirik, Bakını hansı turizm bazarına hansı tərəfdən göstərmək istəyirik. Bakı çox rəngarəngdir. Buna görə də Çin bazarı üçün Bakı haqqında bir, körfəz ölkələri üçün başqa bir məlumat maraqlı olur. Kimə isə mətbəximiz, kimə isə mədəniyyətimiz, tariximiz xoş gəlir”.

Belə bir brendin yaradılmasının hansı faydaları olacaq? Ümumiyyətlə, Bakının brendi necə olmaldırı? Bu suallara mütəxəssislərdən cavab aldıq.
 
Marketoloq Seymur Quliyev bildirdi ki, Bakı brendinin formalaşması marketinqin destinasiya sahəsinə daxildir : "İlk növbədə, Bakının xaricdə necə tanınması məsələsi ön planda olmalıdır. Biz fikir verməliyik ki,  Bakı deyəndə, insanların ağlına nə gəlir? Məsələn, mən bir neçə xarici vətəndaşla danışdığım zaman, belə qənaətə gəldim ki, Bakı deyəndə, onların ağlına neft şəhəri gəlir. Yəni, hal-hazırda Bakı neft şəhəri kimi tanınan şəhər brendidir. Amma bu, əslində bir brend hesab edilmir. Şəhərin tanıdılması və brend kimi formalaşdırılması üçün əvvəlcə cari vəziyyəti analiz etmək lazımdır. Bu analiz edildikdən sonra Bakının brendi ola biləcək kriteriyalar müəyyən edilməlidir. Yəni, Bakını hansı kriteriyalar üzrə tanıda bilərik? Məsələn, Bakıda çoxlu tarixi abidələr var. Bu abidələri brendin siması kimi göstərmək olar. Əgər Bakını brend ediriksə, insanların diqqətini cəlb edəcək xüsusi kriteriyaları daha çox qabartmaq lazımdır. Həmçinin,  Bakı üçün bir sloqan da seçmək olar. Bu sloqan elə olmalıdır ki, Bakının bütün kriteriyalarını özündə cəmləyə bilsin. Yəni, loqo ilə sloqan brendlə eyni tempdə olmalı  və harmoniya təşkil etməlidir.  Paytaxt brendlərinə dünya praktikasında çox rast gəlinir. Məsələn, Dubay deyəndə, ağıla azad zona və ticarət şəhəri  gəlir. Bundan başqa, Dubay deyəndə, möhtəşəm göydələnlər, səhrada qurulmuş şəhər yada düşür. Onlar bu şəkildə mövqe tuta biliblər. Başqa bir nümunə kimi İstanbulu göstərmək olar. İstanbul tarix və müasirliyin vəhdətini xatırladır. Müasir İstanbul dedikdə, ağıla müəyyən tarixi abidələr, xüsusi obyektlər gəlir. Soltan Əhməd Camisi, Boğaz körpüsü İstanbulun simvollarındandır. Mən təklif edərdim ki, Azərbaycanda Bakının brendinqi zamanı Flame Tover əvəzinə Qız Qalası seçilsin. Çünki brend formalaşan zaman tarixə daha çox üstünlük verilir. Bu, dünya təcrübəsində belədir. Bakının brend kimi formalaşmasının ölkəyə çox faydası ola bilər. Lakin bu qədər qısa müddət ərzində Bakının brend kimi tanıdılacağına açığı, bir o qədər inanmıram. Çünki brendin formalaşması üçün cəmiyyətin bunu qəbul etməsi lazımdır. Cəmiyyətin qəbul etməsi üçün isə həqiqətən də təqdim olunan elementin brend olduğuna inanması lazımdır”. 

Marketoloq bəzi məqamları da qeyd etdi: "Bundan başqa, Bakı brendinin yaradılması üçün infrastrukturun tələb olunan standartlara cavab verməsi lazımdır. Cəmiyyətin bu brendi qəbul etməsi turist axınına səbəb ola bilər. Brend kimi formalaşmaq həm də ölkəyə yeni investisiya cəlb etməyə kömək edir. Yəni, bir sözlə, şəhər A-dan Z-yə kimi bu brendə  hazır olmalıdır. Çünki brend o zaman formalaşır ki, bütün strukturlar buna hazır olur. Destinasiya olaraq loqo,  konsepsiya fəlsəfəsi hazır ola bilər. Amma brend ictimaiyyət tərəfindən qəbul edilə  və ad çəkiləndə qavranılan xüsusi kriteriyadır. Ona görə də, qısa müddət ərzində brend formalaşdırmaq bir qədər çətindir”. 

Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov "Kaspi”yə açıqlamasında bildirdi ki,   bu, turizmlə bağlı yol xəritəsində xüsusi qeyd edilən məsələlərdən biridir: "Dünyanın bir çox ölkələrində böyük şəhərlərin brendi var. Həmin şəhərin iqtisadiyyat və  turizm potensialını,  biznes imkanlarını daha da artırmaq üçün brenddən istifadə edilir. Buna misal olaraq, bir çox nümunə göstərmək olar. Məsələn, "İ Love London”  deyilən brend Londonun tarixi hissələrinin eskizləri əsasında hazırlanıb.  Bakı üçün belə bir brendin yaradılması turizm potensialını genişləndirmək, Bakı və Abşeron yarımadasında turizm potensialının tam reallaşdırılması üçün düşünülən bir addımdır. Ümid edirəm ki, bu məsələ tezliklə öz həllini tapacaq. Brendin yaradılması üçün ilk növbədə brendlə bağlı komissiyanın yaradılması, tələblərə cavab verəcəyi şərtlərin müəyyənləşdirilməsi lazımdır. Yaxşı olardı ki, mütəxəssislər, rəssamlar, alimlər, etnoqraflar, tarixçilər bu məsələni müzakirə etsinlər. Bakının brend olaraq gerbi var. Bakının müasirliyini simvolizə edən alov qüllələri,  tarixiliyini göstərən Qız qalası, Qobustan qayaları var. Bütün bunları düşünərək, gənclər, alimlər, rəssamlar, dizaynerlər öz təkliflərini irəli sürə bilərlər. Bu təkliflərin içərisində ən layiqlisi münsiflər heyəti tərəfindən brend olaraq seçilə bilər. Yaxud bir neçəsini ictimai rəy sorğusuna çıxarmaq olar. Bu üsullardan dünya təcrübəsində çox istifadə edilir. Bu zaman çoxluğun rəyi və məmnunluğu önəm kəsb edir. Bu, ümumi qəbul edilən bir prosedurdur. Bu işlə məşğul olan müvafiq qurumların da  buna oxşar bir prosedurdan istifadə edəcəklərini düşünürəm”.

E.Aslanov deyir  ki, Bakı brendinin yaradılmasının böyük faydaları ola bilər: "Çünki Bakının potensialını reallaşdırmaq üçün bundan sonrakı turizm-marketinq fəaliyyətlərində bu brenddən istifadə ediləcək. Bakıda olan şirkətlər, istehsal edilən məhsulların qablaşdırılmasında, zahiri görkəmində həmin brenddən istifadə edilə bilər. Bakı şəhərində keçirilən bütün beynəlxalq tədbirlərdə bu brenddən yararlanacaqlar. Bütün bu səylər isə daha çox turist cəlb edilməsinə müsbət təsir göstərəcək”. 
 
Şəbnəm Mehdizadə
 
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6373
GBP 1 İngilis funt sterlinqi 2.2678
TRY 1 Türk lirəsi 0.4429
KWD 1 Küveyt dinarı 5.6260
SEK 1 İsveç kronu 0.1996
EUR 1 Avro 2.0012
CHF 1 İsveçrə frankı 1.7140
USD 1 ABŞ dolları 1.7000