• şənbə, 27 Aprel, 05:11
  • Baku Bakı 14°C

“Azərbaycan İslam həmrəyliyinin nümunəvi modelini yaradıb” - Fotolar

30.11.17 13:34 3027
“Azərbaycan İslam həmrəyliyinin nümunəvi modelini yaradıb” - Fotolar
İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə ötən gün Bakıda "İslam həmrəyliyinin güclənməsində medianın rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransı giriş sözü ilə Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli açaraq qeyd edib ki, Misirin aparıcı media nümayəndələri bu tədbirdə iştirak etmək, eyni zamanda Azərbaycan mətbuatı, ölkəmizin ictimai-siyasi həyatı ilə daha yaxından tanış olmaq məqsədilə Bakıda səfərdədirlər. O, "İslam həmrəyliyi ili” çərçivəsində baş tutan konfransa Mətbuat Şurası, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Prezident Administrasiyasının da dəstək verdiyini dilə gətirib.
İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Güney "İslam Həmrəyliyi İli”nin başa çatmaqda olduğunu söyləyib. Bildirib ki, bu tarixi il ərzində Azərbaycanda İslam həmrəyliyini təbliğ edən müxtəlif səviyyəli tədbirlər keçirilib. Onun sözlərinə görə, İslam həmrəyliyinin ən pik nöqtəsi may ayında Bakıda keçirilən və İslam ümməti tarixinə qızıl hərflərlə yazılan IV İslam Həmrəyliyi Oyunları olub. F.Güney deyib ki, "İslam həmrəyliyinin güclənməsində medianın rolu” adlı konfrans da bu qəbildən olan tədbirlərdəndir: "Tarixi 7 min ilə qədər olan Azərbaycanda – müsəlman ölkəsində hər birinizi salamlamaqdan məmnunluq duyuram. Azərbaycan Prezidenti tərəfindən ölkəmizdə 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan olunması tarixi hadisədir. Hər kəsə yaxşı məlumdur ki, İslam ölkələri və cəmiyyətləri siyasi ayrı-seçkiliyə, təriqət, məzhəb fərqliliyinə görə tarix boyu bir-biri ilə mübarizə aparıblar. Bir çox hallarda bu mübarizələr qanlı münaqişələrlə müşayiət olunub. Acınacaqlı haldır ki, İslama düşmən gözü ilə baxan bəzi xarici dairələr bundan öz məqsədləri üçün daim istifadə ediblər. Təəssüf ki, bu gün də belə mənzərənin şahidi olmaqdayıq. Bütün bunlara görə də Azərbaycan Prezidentinin imzaladığı sərəncamla 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan olunması əlamətdar hadisədir. Bu qərarın mənası və faydası çox böyükdür. İngilis əks-kəşfiyyatının Yaxın Şərq və Ərəbistandakı ən məşhur agentlərindən biri Tomas Edvard Lourens 13-cü imam adı ilə Birinci dünya müharibəsi ərəfəsində Ərəbistan yarımadasında zühur edib. Ərəb dilini və İslam adətlərini gözəl bilən, hətta ərəb dilinin bir çox şivəsində doğma ana dili kimi danışan Lourens imam qiyafəsinə girərək, kütlələri qarşıdurmalara yönəldib. XX əsrin sonlarında isə İngiltərənin siyasi xadimi, dəmir ledi adını qazanmış Marqaret Tetçer SSRİ dağıldıqdan sonra qeyd edib ki, qırmızı təhlükə aradan qalxdı, qaldı yaşıl təhlükə. Hazırda bu "yaşıl təhlükəyə” – İslama qarşı edilənlər göz qabağındadır. Qərbdəki bəzi dairələr İslamın sülh dini olması ilə bağlı təkzibedilməz sübutları, həqiqətləri eşitmək və dinləmək istəmirlər. Bütün bu gerçəklikləri oxuduqca, gördükcə, İslam həmrəyliyinin son dərəcə vacib olduğunu bir daha dərindən anlayırsan”.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev rəhbərlik etdiyi qurum tərəfindən son 25 ildə bir çox tədbirlərə ev sahibliyi edildiyini dilə gətirib. 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli” elan edilməsinin əhəmiyyəti barədə danışan Fond sədri "İslam həmrəyliyinin güclənməsində medianın rolu” adlı konfransın mahiyyətinə də toxunub. Bildirib ki, bu kimi tədbirlər İslam aləminin əlaqələrinin daha da gücləndirilməsində özünəməxsus rol oynayır: "İslam bizləri birləşdirən ortaq dəyərdir. Təəssüflə qeyd edilməlidir ki, bəzi cəmiyyətlərdə dini məzhəblər və təriqətlər arasında toqquşmalar müşahidə olunur. Müsəlmanlara düşmən mövqedə olan bəzi dairələr də bundan öz məqsədləri üçün istifadə edirlər. Lakin Azərbaycanda İslam dininin ayrı-ayrı məzhəblərinin təmsilçiləri, eləcə də müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar. Bütün bu reallıqları İslam ölkələri jurnalistlərinin də görməsi, şahidinə çevrilməsi, öz ölkələrindəki media qurumlarında işıqlandırması ümumilikdə İslam aləminin həmrəyliyinə xidmət edən amildir. Nahaq yerə deməyiblər ki, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək daha faydalıdır. İnanıram ki, bu konfrans İslam ölkələri, o cümlədən Misir və Azərbaycan jurnalistləri arasında səmərəli əməkdaşlıq əlaqələrinin yaranmasına xidmət edəcəkdir”.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov bildirib ki, İslam dini sülh, mərhəmət dinidir və bu din terrorla eyniləşdirilməməlidir. O, konfransın Azərbaycanla ərəb ölkələri, xüsusən Misir arasında media əməkdaşlığının qurulmasında vacib rol oynayacağını diqqətə çatdırıb. Qeyd edib ki, tədbir media müstəvisində yeni mərhələnin başlanğıcı olacaq: "Mətbuatımız İslam ölkələrinin media qurumları ilə sıx əməkdaşlıq etməlidir. Azərbaycan İslam sivilizasiyasının formalaşmasında yaxından iştirak edən, zəngin tarixi irsi olan ölkədir. Tarix boyu Azərbaycanda dinlər və məzhəblər arasında həmrəylik mövcud olub. Azərbaycan İslam həmrəyliyinin nümunəvi modelini yaradıb. Bu model öyrənilməli və təbliğ edilməlidir”.
B.Həsənov terrordan əziyyət çəkən ölkələrdən birinin də Azərbaycan olduğunu vurğulayıb. Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu diqqətə çatdıran natiq qeyd edib ki, həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi, dini və mədəniyyət abidələri dağıdılıb: "Terrordan əziyyət çəkən ölkə kimi, biz terrorun bütün təzahürlərinə qarşı mübarizə aparırıq. Azərbaycanın İslam ölkələri ilə qarşılıqlı və faydalı əlaqələri var. Bəzi İslam ölkələrinin təcavüzkar Ermənistanla əməkdaşlıq etməyə, dostluq yaratmağa cəhd etməsi İslam meyarlarına ziddir”.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan olunmasına toxunan B.Həsənov deyib ki, burada məqsəd təkcə Azərbaycandakı məzhəblər arasındakı dialoqu gücləndirmək deyil, eyni zamanda, dünyada İslam ölkələri arasında həmrəyliyi möhkəmləndirməkdir. Onun sözlərinə görə, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da İslam ölkələri arasında dialoqun gücləndirilməsinə öz töhfəsini verib.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Nicat Məmmədli də Azərbaycan Prezidentinin 2017-ci ili "İslam Həmrəyliyi İli” elan etməsi fonunda belə bir konfransın keçirilməsinin əhəmiyyətini vurğulayıb. Deyib ki, 2016-cı ilin Azərbaycanda mədəni müxtəlifliyin təbliğinə, cari ilin isə bir sivilizasiyanın həmrəyliyinin təmin olunmasına həsr olunması beynəlxalq aləmə mühüm mesajlar verib. Onun sözlərinə görə, İslamın özündəki müxtəliflik Azərbaycanın timsalında möhtəşəm bir mozaikanın ayrı-ayrı hissələri olmaqla, bütövlükdə bir gözəllik yaradır.
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Şahin Abdullayev bildirib ki, qarşımızda duran əsas məsələlərdən biri İslam ölkələrinə yönələn bütün təsirlərə qarşı mübarizə aparmaqdır. Səfir İslam ölkələrininbu sahədə bir-birinə yardım göstərməsini də vacib sayıb: "Bəzən belə fikir yaranır ki əgər müsəlman ölkəsiyiksə,müsəlman dünyasında bütün qapılar üzümüzə açıqdır. Lakin bu sahədə problemlər var. Mən uzun illər ərəb ölkələrində səfir vəzifəsində çalışan şəxs kimi bilirəm ki, Qarabağ problemi haqda İslam ölkələrindəki beynəlxalq tədbirlərdə danışanda erməni lobbisi, erməni təşkilatları buna mane olmağa çalışırlar. Həmin tədbirlərdə Azərbaycan haqqında düzgün məlumatlar verildikdə, ölkəmizə qarşı münasibətlər dəyişir. Lakin İslam amili çox güclü faktordur və biz bundan maksimum şəkildə faydalanmalı, istifadə etməliyik”.
Fələstinin Azərbaycandakı səfiri Nasir Əbül Kərim konfransın təşkilini yüksək qiymətləndirib. O, İslam ölkələrinin müxtəlif çağırışlarla üzləşdiyini dilə gətirib. Qeyd edib ki, bu, inkişafa nail olmaq, korrupsiya və yoxsulluqla mübarizə aparmaq, Qarabağ və Fələstin problemləridir. Səfir bildirib ki, media hər zaman bu mövzuları diqqətdə saxlamalıdır.
Konfransda digər çıxış edənlər də qarşılıqlı əməkdaşlığın vacibliyi haqqında danışıblar.
Xatırladaq ki, Misir jurnalistlərinin Azərbaycana səfəri dekabrın 3-dək davam edəcək. Səfər çərçivəsində onların Cocuq Mərcanlı kəndinə səfəri də nəzərdə tutulub.

Rufik İSMAYILOV





banner

Oxşar Xəbərlər