AZE | RUS | ENG |

Bakıda film çək, Hindistandan turist gəlsin

Bakıda film çək, Hindistandan turist gəlsin
Ekspert deyir ki, film vasitəsi ilə ölkəyə turist cəlb etmək dünyada geniş istifadə olunan və sınanmış təcrübədir

Hazırda turizm dünyada ən dinamik inkişaf edən və ən gəlirli sahələrdən biridir desək, yanılmarıq. Son dövrlər Azərbaycanda da bu sahədə görülən işlər, atılan addımlar turizmin inkişafına təsirsiz ötüşmür. Müxtəlif metod və üsullarla ölkəyə turist axınının təmin olunmasına şərait yaradılır. Belə ki, Azərbaycan Turizm Assosiasiyası (AzTA) ölkəyə Hindistandan turistlərin cəlb olunması üzərində işləyir.
 
Bunu Trend-ə Assosiasiyanın sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, AzTA hazırda müxtəlif Hindistan şirkətləri ilə danışıqlar aparır: "Assosiasiya Bakıda Hindistan filminin bəzi səhnələrinin çəkilməsi təşəbbüsü ilə çıxış edib. Bu filmin çəkilişləri bir müddət əvvəl başa çatıb. Film ekranlara çıxanda bu, Azərbaycan üçün böyük reklam olacaq. Bu cür filmlər həmçinin Hindistandan turist axınının artmasına təsir göstərəcək". 2019-cu il üçün prioritetlərindən danışan N.Bağırov qeyd edib ki, bu, Hindistan bazarında fəal iştirak, eləcə də ərəb bazarının qorunub saxlanılması üçündür: "Ərəb turisti digər ölkələrdə da populyardır. Demək olar ki, bütün ölkələr ərəb turistlərini cəlb etməyə çalışır". Azərbaycanın turistlər arasında ən populyar regionuna gəldikdə isə assosiasiya rəhbəri bildirib ki, əsas turist axını Qəbələdə müşahidə olunur. Ekspertlərlə həmsöhbət olub bu addımın turizm sahəsinin inkişafına necə təsir edəcəyini, hindistanlı turistləri cəlb etmək üçün başqa hansı addımların atıla biləcəyini öyrənməyə çalışdıq.
 
"SKAL İnternational Baku” klubunun (Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyası) sədri  Ceyhun Aşurov bildirdi ki, bu ideya ölkəmiz üçün çox perspektivli addımdır: "Bu praktika artıq uzun müddətdir ki, Gürcüstanda istifadə edilir. Belə ki, orada bir sıra Ukrayna filmlərinin və bəzi serialların çəkilişi həyata keçirirlər. Hindistanın məşhur aktyorları Avropanın bəzi şəhərlərində çəkilişlər edirlər. Hətta, ölkələr və turizm şirkətləri özləri onlara sponsorluq edir ki, gəlib film çəksinlər. Məsələn, elə dövlət olur ki, həmin çəkilişlərə görə filmin ümumi büdcəsinin 20 faizini ödəyir. Bunun qarşılığında isə filmin əsas kadrları o ölkənin konkret olaraq tanıdılması nəzərdə tutulan məkanlarında çəkilir, kinonun qəhrəmanları məhz o yerlərdə görüşür. Bu metod turistlər üçün çox güclü təsirə malikdir. Xüsusilə də Hindistan auditoriyası üçün bunlar daha effektli olur. Onlar tanımadıqları, fiziki olaraq getmədikləri yerləri kinodan görürlər. Bunu da nəzərə almaq lazımdır ki, Hindistan filmləri tərcümə olunaraq bütün MDB məkanında və digər ölkələrdə təqdim edilir. Təbii ki, filmdə çəkilən aktyorların tanınma səviyyəsi də burada böyük rol oynayır. Bu, ölkəmiz üçün çox perspektivli bir addımdır. Məkanların seçilməsi isə kinonun motivlərindən asılıdır. Yəni filmi çəkən tərəf ilə filmin çəkildiyi ölkə arasında kinonun hekayəsinə uyğun razılaşma əldə edilir. Düşünürəm ki, Bakı çəkiliş üçün əlverişli olan şəhərlərdəndir. Çünki burada müasirlik ilə qədimlik bir aradadır”.  
C. Aşurov Bakıda yerləşən Atəşgah məbədinin də hindistanlı turistlərin marağını cəlb etdiyini deyir: "Əvvəlki illərdə də  Hindistandan olan zəvvarların Atəşgah məbədinə, Yanardağa böyük marağı olub. Onlar həmin yerləri müqəddəs sayırlar. Ona görə, bu yerlərin lazımı infrastrukturu daha da inkişaf etdirilməlidir. Sırf turistlər üçün xüsusi şərait yaradılmalıdır. Burada hədəf auditoriyası təkcə hindlilər yox, hind filmlərini sevərək izləyən kütlə olmalıdır. Film vasitəsi ilə ölkəyə turist cəlb etmək dünyada geniş istifadə olunan və sınanmış təcrübədir. Bundan başqa, lap film çəkilməsə belə, hansısa bir tanınmış şəxsin ölkəyə səyahət edərək fikir bildirməsi, həmçinin sosial media hesabında şəkil və ya sözlü paylaşım etməsi də həmin ölkə üçün əhəmiyyətlidir”. 
"New ERA Travel” turizm agentliyinin rəhbəri Elçin Rüstəmov deyir ki, müxtəlif ölkələrdə çəkilən filmlər istənilən halda, onların reklamına səbəb olur: "Bu, həm Hindistan filmlərinə, həm də digər ölkələrin istehsalı olan filmlərə aiddir. Bu, istənilən halda ölkənin populyarlaşmasına şərait yaradacaq. Bu, bir növ şüuraltı təsir kimidir. İstənilən halda, hər hansı Hindistan filmində ölkəmizdən kadrların olması, adının hallanması belə, reklama səbəb olar. Film çəkənlər bacardıqları qədər onu daha az büdcə ilə başa gətirməyə çalışırlar. Ona görə, ola bilsin ki, ölkəmizdə edilən çəkilişlərin müqabilində, həmin aktyorların bura gətirilməsini, onların oteldə yerləşdirilməsini və digər xidmətləri ölkəmizin qarşılamasını istəsinlər”.  
Günel Azadə
 
 
 
 
 
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917