• bazar, 22 Dekabr, 10:05
  • Baku Bakı 8°C

Bakıda elə bir “yaşıl bazar” açılır ki... - Reportaj - Fotolar

31.01.17 12:30 9693
Bakıda elə bir  “yaşıl bazar” açılır ki... - Reportaj - Fotolar
Böyük bir məkan təsəvvür edin. Elə bir məkan ki, burada istədiyiniz hər şeyi tapa və ala biləcəksiniz. İstədiyiniz təamların dadına baxa biləcəyiniz, istədiyiniz yerdə dincələ biləcəyiniz bir yer. Yəqin ki, bir çoxlarınız belə bir məkanın olmadığını düşünür. Elə biz də elə düşünürdük. Ta ki, yolumuz "Aqro-Mall”dan keçənə qədər. Haqqında bir az eşitsək də, qərara gəldik ki, min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Gedib gördük və gördüklərimizi sizinlə paylaşmaq istədik.
Həm açıq, həm də qapalı fəaliyyət göstərəcək
Məkanın qarşısında bizi "AGROMALL Yaşıl bazar 2”-nin nümayəndəsi Emin Mustafayev qarşıladı. Düzü, bura gəlməzdən əvvəl bu qədər böyük bir məkanı təsəvvürümüzə gətirməmişdik. Bazarda satışın getdiyini görüb, açılış haqqında da soruşduq. E.Mustafayev bildirdi ki, "Aqro-Mall”-ın rəsmi açılışı fevral ayının ilk 10 günündə baş tutacaq. Bazara daxil olarkən burada bir çox yerli şirkətlər üçün xüsusi stendlərin ayrıldığının da şahidi olduq: " Əslində "Aqro-Mall” adi bazardan bir çox keyfiyyətlərinə görə fərqlənir. Lakin ilk növbədə onu deməliyəm ki, bu genişlikdə və bu qədər təmiz ikinci bir bazar yoxdur. Burada gigiyena və təmizlik qaydalarına çox ciddi nəzarət olunur. Satıcılar üçün vahid uniforma da nəzərdə tutulub ki, bu da bizi digərlərindən fərqləndirən əsas üstünlüklərimizdən biridir. Həmçinin, müştərilərin rahat hərəkətinin təmin edilməsi üçün xüsusi park yerləri də yaradılıb. Gələn qonaqlarımızın rahatlığını təmin etmək üçün burada ailəvi istirahət üçün restoranlar da tikilib. Bazar həm açıq, həm də qapalı, yəni həm qışda, həm də yayda fəaliyyət göstərə biləcək. Bir neçə gündür ki, artıq satış başlayıb. Yaxın gələcəkdə pərakəndə satış üçün nəzərdə tutulan ərazidə yarmarkaların təşkili də planlaşdırılır”.
"Bölgələrin pavilyonu”
Burada satıcılar üçün də hər cür şəraitin yaradıldığının şahidi olduq. Diqqət çəkən məqamlardan biri də "bölgələrin pavilyonu” deyilən stendlər oldu. Belə ki bu stendlər bölgələrin məşhur olduğu məhsulların satışı üçün nəzərdə tutulub. Məsələn, cənub bölgəsinin sitrus meyvələri, çay "Cənub pavilyonu”nda satılacaq. Satıcıların hər biri isə məhz həmin bölgədən olub, o zonanın ləhcəsində danışacaq. E.Mustafayev bildirdi ki, stendlərdə bölgələrin adı da qeyd olunacaq. Bazarın ikinci əsas hissəsi olan və üstün cəhətlərindən biri də meyvə-tərəvəzin saxlanılması üçün nəzərdə tutulan 5 min tonluq soyuducu anbarının olmasıdır. Bu anbarlarda müxtəlif fermerlərin məhsulları saxlanılacaq və qablaşdırılaraq bazara girişi təmin olunacaq. Nümayəndənin sözlərinə görə, anbar ən son alman texnologiyası ilə hazırlanıb: "Həmçinin, digər rayonlarımızda, məsələn, Qubada da belə soyuducu anbarlarımız var. Müəyyən müddətə qədər bu anbarlar fermerlər üçün ödənişsiz olacaq. Qeyd etdiyim kimi, rəsmi açılış fevralın 4-də olacaq. Lakin artıq bir çox yerlər indidən tutulub. İndidən öz məhsulunu birbaşa burada satmaq istəyən kəndlilər və fermerlər var. Çünki məhsul ikinci və ya üçüncü şəxs tərəfindən alındıqda, bu, kəndliyə sərf etmir. Ona görə də kəndlilər bizimlə əməkdaşlıqda maraqlıdırlar. Onlar bazarın şəraiti ilə tanış olduqdan sonra bizimlə əməkdaşlığa tam ürəklə razılıq verdilər. Bəzən soyuducu anbarların, satış üçün münbit şəraitin olmaması kəndlinin öz məhsulunu xarici bazara dəyər-dəyməzinə çıxarmağa məcbur edirdi. Bunun nəticəsində ölkədə ərzaq qıtlığı yaranırdı və qiymətlərin yüksəlməsinə səbəb olurdu. Bu cür soyuducu anbarlara sahib olan bazarların meydana çıxması, kəndlinin bir başa bazara çıxışını təmin etməklə yanaşı ucuzluğa şərait yaradır və eyni zamanda yerli tələbatı ödədikdən sonra əlavə məhsulun xaricə çıxışını təmin edəcək.
İxrac imkanları da genişdir
Mərkəzin Marketinq şöbəsinin direktoru Ruhin Bayramov artıq "Aqro-Mall”ın saytının da fəaliyyətə başladığını qeyd etdi. O bildirdi ki, mərkəzin sosial şəbəkə hesablarından da məlumat əldə etmək mümkündür: "Öz məhsulumuzun yerli bazarlarda satışını təmin etməyə çalışırıq. Bu, həmçinin xaricdən idxalın da qarşısını almağa köməklik edir. Bir çox bölgələrdən - Tovuz, Gədəbəy, Qusar, Şəki və cənub zonasından olan fermerlər artıq öz məhsullarını bizim bazara çıxarmaq istəyirlər. Adətən, bazarlarda topdansatış üçün yerlər məhdud olduğu üçün fermerlər bundan əziyyət çəkirlər. Bütün bölgələr üzrə fermerlər, onların məhsullarının satışı üçün əlimizdən gələni edirik. Bakı və Bakı ətrafı rayonların təminatını ödəmək və həmçinin, bazarlarda xarici məhsulların satışının qarşısını almaq üçün çalışırıq. Öz məhsulumuzu öz bazarımızda satmaqla həm qiymətlər əlverişli olacaq, həm də keyfiyyətli məhsul əldə olunacaq. Burada ixrac imkanları da genişdir. Çünki xaricə mal ixrac etmək istəyən fermerlərin ixracat işini təşkil edəcəyik. Fermerlər vasitəmizlə istənilən xarici bazarda öz məhsulunu sata biləcək. Kəndli özünü tanıdana qədər biz onlara şərait yaradacağıq. Çünki fermer də özünə müştəri yığmalıdır. Həmin vaxta qədər hostellər və stendlər onlar üçün ödənişsiz olacaq. Hansı sahədə boşluq olarsa, biz həmin boşluğu doldurmağa çalışacağıq.
Hədəflərdən biri "Ailə brendləri”nin yaradılmasıdır
Mərkəzin rəhbəri Həsən Şərifovla söhbətləşdik. O, bizimlə söhbətində bildirdi ki, paytaxtda "Yaşıl bazar” layihəsi Almaniyadakı müşahidələri və fermerlərlə görüş nəticəsində yarandı: "Belə ki, Almaniyada daha çox iki tip, əsasən, şəhər kənarı və şəhər mərkəzinə yaxın bazarlara rast gəlinir. Bizim məqsədimiz Almaniyada mövcud olan bu iki bazar tipini bir araya gətirərək, layihəni respublikanın bütün rayonlarında həyata keçirməkdir: "Dövriyyəsi kiçik olan fermerlər market şəbəkəsinə çıxa bilmədikləri üçün məhsullarının keyfiyyətinə və təzəliyinə xeyli diqqət ayırırlar. Çox zaman ailə adı ilə bağlı olan kiçik fermerlərin məhsulları şəhər əhalisi arasında populyarlaşır və həmin məhsullar ailənin brendi olaraq sonradan patentləşdirilir. Ölkəmizdə buna yeganə misal olaraq yalnız İvanovka kəndinin məhsullarını göstərmək olar. Lakin bizdə də "Farmers Marketlər” fəaliyyət göstərərsə, çoxlu sayda belə kiçik fermer təsərrüfatlarının məhsulları brendləşə bilər. Hədəflərimizdən biri isə məhz «Ailə brendləri»nin yaradılmasıdır. Başlıca məqsədimiz şəhər əhalisinin təzə və keyfiyyətli məhsullar almaqla yanaşı, ailəsi ilə bərabər maraqlı vaxt keçirməsini də təmin etməkdir. Təmiz və səliqəli şəkildə fəaliyyət göstərən bu bazara hər kəs öz ailəsi ilə gələrək, müxtəlif növ məhsullarla tanış ola bilər, keçirilən aksiyalarda iştirak etməklə yanaşı, məhsulların dadına baxmaq imkanı da qazana bilər. Qeyd edim ki, Azərbaycanda ilk dəfə həyata keçirilən bu layihə əsasən Almaniyanın Ştutqart, Münhen, Drezden kimi şəhərlərində olan "Farmers Market”lərin əsasında yaradılıb”.

Sonda mərkəzin rəhbəri burada fermerlər üçün yaradılan şəraitdən də söz açdı: "Məqsədimiz fermerlərin kortəbii şəkildə deyil, Avropa standartlarına uyğun şəkildə məhsullarını yetişdirmək, qablaşdırmaq və satış mədəniyyətinə uyğunlaşdırmaqdır. Bəzən fermerlər əkin-biçin işini bilsə də, saxlama, qablaşdırma və satış mərhələlərində müxtəlif çətinliklərlə üzləşirlər. Belə problemlərin aradan qaldırılması üçün bazarda fəaliyyət göstərən məlumat mərkəzinin işçiləri regionlara səfər edərək, yerli fermerlərlə görüşəcək və onlara tövsiyələrini verəcəklər. Bundan sonra fermerlər məhsullarını nəinki daxili bazarda sata biləcək, həmçinin, xarici bazarlara çıxmaq imkanını artıracaq və məhsulların brenləşdirilməsinə də nail olacaqlar. Mərkəzimizdə yerli məhsullarla yanaşı xarici məhsulların da satışı nəzərdə tutulub. Əsasən respublikamızda qıt olan bir sıra məhsulların və subtropik meyvələrin satışı dünya stendində həyata keçiriləcək. Bu məhsulları birbaşa xarici istehsalçılardan almaqla, daxili bazarda satış qiymətlərinin salınmasına və alıcıların da bu bazara rəğbət bəsləməsinə nail olunacaq. Bundan başqa, bazarda meyvə, tərəvəz, quru meyvələr, ət, balıq, və süd məhsullarının satışı həyata keçiriləcək”.

Şəbnəm Mehdizadə








banner

Oxşar Xəbərlər