AZE | RUS | ENG |

“Bakı planetin ən gözəl şəhərlərindən biridir”

“Bakı planetin ən gözəl şəhərlərindən biridir”
Paytaxtımız haqqında mahnıların müəllifi Aleksandr Qorodnitski deyir ki, Bakı özündə dünya xalqlarının mədəniyyətini, o cümlədən ədəbiyyatını birləşdirir

"Onun Bakı haqqında möhtəşəm şeirləri və mahnıları var. O, müəllif mahnıları müsabiqəsində iştirak edib. Aleksandr Qorodnitskini Bakıda yaxşı tanıyırlar, sevirlər. Həyat elə qurulub ki, insanlar bir vaxt dünyadan köçürlər. Lakin yaradıcı insanların etdikləri həyatda qalır və daim onları xatırladır. İndiki dövrdə bu qədər yaşamağın özü belə qəhrəmanlıqdır. Yubilyarı belə eleqant formada səhnədə görmək çox gözəldir. Hesab edirəm ki, Aleksandr Moiseyeviç 100 yaşına kimi hələ çox şeirlər və mahnılar yazacaq və biz də onları oxuyacağıq". Tanınmış rus şairi və fiziki Aleksandr Qorodnitskinin 85 illik yubileyində xalq artisti Polad Bülbüloğlunun səsləndirdiyi bu fikirlər yubilyarın Azərbaycana olan sevgisi haqqındadır.

A.Qorodnitskini müəllif mahnılarının əfsanəsi hesab edirlər. O, həmçinin bir çox kəşflərin müəllifidir. Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, Rusiya Akademiyasının təbiət elmləri akademikidir. Elmi xidmətlərinə görə «Qütb ulduzu», «Elm fədakarı», «Quruculuq ulduzu» ordenlərinə və bir sıra digər mükafatlara layiq görülüb.  A.Qorodnitski ilk alimlərdəndir ki, Atlantidanın real mövcudluğu haqqında nəticə çıxarıb. O, Leninqrad blokadasını yaşayıb, bir çox həyat sınaqlarından keçib, amma özünün 85 illiyində öz ruh yüksəkliyini, şuxluğunu, romantizmini qoruyub saxlaya bilib. Aleksandr beyni daim inkişafda, hərəkətdə, ürəyi isə insanlara həmişə açıq olan şəxslərdəndir. Qorodnitski müəllif mahnıları janrının ənənəsinin mənəvi qoruyucusu kimi tanınır. Elmdə isə o, fədakardır. Çıxışlarının birində: «Mən şadam ki, Rusiyadakı həyatımda çox da asan olmayan vaxtlarda satılmayan dəyərləri qoruyub dəstək göstərməyə cəhd etmişəm” - deyib. A.Qorodnitskinin mətbuata müsahibələrində Bakı haqqında xoş fikirləri də yer alıb. 

Planetin ən gözəl şəhərlərindən biri

- Aleksandr Moiseyeviç, siz Bakı haqqında mahnılar yazmısınız. Bakılı olmaya-olmaya bu mahnılar necə yarandı?
- Mənim Bakıya həsr olunmuş iki mahnım var. İş burasındadır ki, özüm bakılı deyiləm, ona görə də əslən bakılı olanlar kimi düşünmək mənə çətindir. Axı mən Bakıya gəzməyə gələn adamların gözü ilə baxıram və məni onun günü-gündən gözəlləşməsi sevindirir. Məni Bakıda aparılan yenidənqurma işləri heyrətləndirir. Baxmayaraq deyirlər ki, Bakının qala simasını saxlamaq lazım idi. Artıq bu haqda düşünmək Bakıda yaşayan əhalinin üzərinə düşür. Bakıda bir neçə dəfə olmuşam. Əgər yanılmıramsa, ilk dəfə buraya 1973-cü ildə səfər etmişəm. O vaxt Bakıda geofizika konfransı keçirilirdi, mənim peşəm geofizik-okeanoloqdur. Xəzər isə ümumiyyətlə, geofizikanın beşiyi sayılır. Sonralar, 1975-76-cı illərdə Bakıdan keçib getmişəm. Üçüncü dəfə isə, 5 il bundan öncə yaxından dostluq etdiyim Mixail Qusmanın 65 illiyi ərəfəsində Bakıda oldum. Üst-üstə Bakıya dörd dəfə səfər etmişəm. Deməliyəm ki, Bakını sonuncu dəfə görəndə möhkəm heyrətləndim. Mən bu şəhəri tanıya bilmədim. Yenidənqurmanın belə dönüşünü görməmişdim. Bakı dünyanın gözəl şəhərlərindən birinə çevrilib. Firavanlıq, rahat, geniş həyat məni heyran etdi. Nəticəni görmək üçün yaxın illərdə də Bakıya qayıtmaq istərdim. Belə gözəl şəhərin bəzədilməsinə çox böyük pullar xərclənir və bu, çox yaxşıdır. Mən bura gəlməmişdən əvvəl - 1966-cı ildə Parisdə olmuşdum, amma Bakıda olarkən onu Parislə müqayisə etməyə bilməzdim. Həmin təəssüratı yenidən yaşayıram. Mən demək olar ki, bütün dünyanı dolaşmışam. Hesab edirəm ki, Bakı planetin ən gözəl şəhərlərindən biridir. Bakı özündə dünya xalqlarının mədəniyyətini, o cümlədən ədəbiyyatını birləşdirir. «Bakı haqqında mahnı»nı yazandan sonra hamı məndən soruşurdu: «Siz bakılı deyilsiniz, belə bir mahnını necə yaza bildiniz?» Bəlkə bu mahnı ona görə yarandı ki, mən leninqradlıyam və bu şəhərlər arasında mənəvi cəhətdən çox oxşarlıqlar tapdım. Ona görə mən Bakını çox sevdim. Bakı ilə Leninqradı birləşdirən bir şey də var, onlar dəniz kənarında yerləşirlər. «Əsl böyük şəhər dəniz kənarında olmalıdır. Bakı – bu, cənub dənizidir, Leninqrad – bir qədər fərqlidir. Digər tərəfdən hər iki şəhərin böyük tarixi var. Bizim bir çox şairlərimiz, yazıçılarımız, məsələn, Sergey Yesenin Bakı ilə əlaqəli olub. Mən rus müəllif mahnılarının Bakıda keçirilən festivalında münsiflər heyətinin sədri olmuşam. Buna görə dövlətə minnətdar olmaq lazımdır. Çünki onlar rus mədəniyyətinin inkişafına anlayışla yanaşırlar.  

- Bakıda eşitdiyiniz müəllif mahnıları sizə nə qədər yaxındır?
- Yadımdadır ki, Volqadakı Qruşinski müəllif mahnıları festivalının münsiflər heyətinin üzvü olan vaxtlarda biz bakılı bard Yaşa Koqanı laureat seçdik. İbrahim İmaməliyev özü də parlaq müəllifdir, Cavid İmaməliyev də həmçinin. Bakının bardları xoşuma gəlir. Bütün dənizkənarı beynəlmiləl şəhərlərə məxsus olduğu kimi, Bakı da Odessa kimi müəllif mahnılarının yatağıdır. Mənim hazırkı və gələcək mahnı müəlliflərinə həmişə rəğbətim var və olacaq. 

- Aleksandr Moiseyeviç, siz Bakıya gələndə Azərbaycanın rayonlarına da baş çəkmisiniz. Ən çox xoşunuza gələn nə oldu?
- Əvvəllər Azərbaycana gələrkən yalnız Bakını gəzərdim. Bir də yalnız «İnturist» mehmanxanasında yerləşirdim. Bu dəfə bəxtim gətirdi. Azərbaycan aşıqlarını filmə çəkmək qərarına gələn alman kinematoqrafçılarının truppasında mən Lerikdə, Lənkəranda, Gədəbəydə, fantastik yer olan Şəkidə, Nizaminin doğma, gözəl şəhəri olan Gəncədə oldum. Ən maraqlısı insanlardır. Xüsusilə Lerikin 100 yaşını keçmiş uzunömürlü qocaları məni maraqlandırdı. Bunlar son dərəcə gözəl insanlardır. Mən onlar haqqında uzun müsahibə vermək fikrində deyiləm, çünki onlar haqqında düşüncələrim şeirlərimdə öz əksini tapıb. Bundan başqa, mən Azərbaycanın tarixi ilə bağlı çoxlu yerləri gəzdim. Bu səfər çərçivəsində mənə Azərbaycanın tarixi, mədəniyyəti, keçmişi və hazırkı dövrü haqqında çox nüanslar aydınlaşdı. Xoşbəxtəm ki, bunları öz şeirlərimdə əks etdimək bu ahıl yaşlarımda da olsa mənə nəsib olub. Səfərlərimin birində Bakı haqqında bir neçə şeir yazmışam. Daha sonrakı səfərim çərçivəsində isə Azərbaycan haqqında 20-yə yaxın şeir qələmə aldım. Bura gələndə mən sanki «qrafoman» xəstəliyinə tutuluram. Elə hey yazıram. İstəyirəm ki, Azərbaycana həsr etdiyim şeirlərimdən ibarət olan kitabımı məhz burada - Bakıda çap etdirim. 

«Biri arvadım, o birisi sevgilimdir»
- Aleksandr Moiseyeviç, sizin məşhur, çoxdan artıq himnə çevrilən, yaxın insanları mənəvi cəhətdən birləşdirən «Atlantlılar» mahnınız necə yaranıb? 
- Bu, çoxdan baş verib. Səhv etmirəmsə, 63-65-ci illərdə «Kuruzenşteyn» gəmisində Şimali Atlantikaya ekspedisiya zamanı yaranıb. Mən əvvəlcə atlantlar haqqında şeir yazdım. O mənə xoş gəlmədi. Bir-iki gündən sonra hiss etdim ki, nəsə ürəyimcə deyil. Adətən, mən melodiyanı düşünəndə şeir də onunla eyni vaxtda gəlir. Burada isə şeir gəldi, melodiya isə alınmadı. Mən onu məhv etmək istəmədim. Oturub düşündüm və birdən «Atlantlılar» mahnısının yarandığı melodiya əmələ gəldi. Atlantika okeanı və Atlantidanın axtarışı, hansı ki, mən sonra həmin yerdən çox da uzaq olmayan ərazidə iştirak etmişdim. Həmin mahnı da orada yazılmışdı. Bu, sadəcə bir təsadüf idi. 

- Jurnalistlər və tamaşaçılar sizə ən çox hansı sualı verirlər?
- Adətən, «sizin üçün elm və poeziya nədir, biri və digəri ilə nə qədər məşğul ola bilirsiniz?”, «özünüzü daha çox şair, yoxsa alim hesab edirsiniz?» suallarını verirlər. Mən adətən «bu suala cavab verə bilmirəm, ən yaxşısı, işlədiyim adamlardan soruşun» - deyə cavab verirəm. Çünki əgər alim desə ki «mən şairəm», şair isə desə ki «mən aliməm», burada bir az dolaşıqlıq yaranar. Bəzən məndən «sizin üçün elm və ədəbiyyat nə deməkdir?» - deyə soruşurlar. Mən cavan olanda və həyatı o qədər də dərk etməyəndə, dərhal «biri arvadım, o birisi sevgilimdir» - deyə cavab verirdim. Bütün jurnalistlər bunu başa düşüb gülümsəyir və daha bu sualı mənə vermirdilər. Əgər israrla «sevgiliniz məhz kimdir?» - deyə soruşsaydılar, cavab verməzdim. Çünki mən bunu da, onu da sevirəm və bütün həyatım boyu heç birini digərindən ayırmaq istəməmişəm. 

- Elə bir kitab varmı ki, sizi maraqlandırır və onu oxuyursunuz?
- Mən indi heç vaxt olmadığı kimi pis oxucuyam. «EKSİMO» nəşriyyatı iki xatirələr kitabımın çapı ilə bağlı mənimlə müqavilə bağlayıb. Artıq onun birini təhvil vermişəm və çap olunub, digərinin üzərində işləyirəm. İlk kitabım 20 il bundan əvvəl çap olunub. Yeni kitabımda şeirlər, mahnılar, xatirələr olacaq. Mən işə gedirəm, Xəzər dənizinin neft-qaz problemləri ilə bağlı konfranslarda iştirak edirəm. Oxumağa demək olar ki, vaxtım qalmır. Vaxt qıtlığı bir yana, özüm də cavan deyiləm. Amma mən həmişə nəsə etməyə cəhd edirəm. Əgər dayana bilsəydim, bərbad hala düşmüş səhhətimlə məşğul olardım. Mən velosipedçi kimiyəm, dayansam, yıxılaram.

- Sizin üçün insanlarda ən yaxşı xüsusiyyət hansıdır?
- Etibarlılıq, sədaqətlilik, sadiqliyi itirməmək. Bu keyfiyyətlər hər şeydən qiymətlidir. 
 
Təranə Məhərrəmova


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2029
TRY 1 Türk lirəsi 0.2991
KWD 1 Küveyt dinarı 5.6028
SEK 1 İsveç kronu 0.1885
EUR 1 Avro 1.9474
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000