• çərşənbə axşamı, 19 mart, 09:22
  • Baku Bakı 8°C

Bakı növbəti böyük beynəlxalq tədbirə ev sahibliyi edir

23.10.19 17:58 1746
Bakı növbəti böyük beynəlxalq tədbirə ev sahibliyi edir
Bakı qısa zaman kəsiyində növbəti dəfə dünyanın dialoq mərkəzlərindən birinə çevrilməyi bacarıb. Belə ki, paytaxt Bakı oktyabrın 25-26-da Qoşulmama Hərəkatına üzv ölkə rəhbərlərin XVIII Sammitinə ev sahibliyi edəcək. Artıq 21-22 oktyabr tarixində iştirakçı ölkələrin məsul şəxslərinin hazırlıq görüşü keçirilib. Hərəkata üzv ölkələrin xarici işlər nazirlərinin görüşü isə 23-24 oktyabr tarixini əhatə edəcək. Artıq Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin iclasına sədrlik Azərbaycana keçib.
Xatırladaq ki, Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılacaq. Həmçinin tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycan üçün vacib və əhəmiyyətlidir: "Qoşulmama Hərəkatı – BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatdır və dünya əhalisinin təqribən 55 faizi quruma üzv ölkələrdə yaşayır: "Bu dövlətlər dünyanın neft ehtiyatının 75 faizdən, təbii qaz ehtiyatının 50 faizdən çoxuna, habelə nəhəng insan resurslarına və təbii resurslara malikdir.
Ölkəmizin Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra belə nəhəng bir təşkilatın çox mühüm beynəlxalq tədbirinə ev sahibliyi etməsi alqışlanmalıdır. Burada dünyanın yarıdan çoxu təmsil olunacaq. Onu da qeyd edim ki, bir neçə gün əvvəl türkdilli dövlətlərin rəhbərləri də Bakıda toplaşmışdılar. Ölkəmizdə belə sammitlərin keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və xarici siyasət kursumuzun çoxşaxəli olmasının daha bir sübutudur”.
E.Məmmədov qeyd etdi ki, Bakıda belə bir Zirvə Toplantısının keçirilməsi Azərbaycanda daimi diplomatik nümayəndəlikləri olmayan ölkələrlə əlaqələri möhkəmləndirmək üçün effektli platforma imkanı yaradır: "Bu, həmçinin, BMT-də və digər beynəlxalq platformalarda Qarabağ məsələsi ilə bağlı potensial dəstək qazanmaqdır. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyini qazanmaqla BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində Qoşulmama Hərəkatı ölkələrinin səsi mühüm rol oynayıb.
Hərəkata üzv olduğumuz qısa müddət ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyət arasında məlumatlılıq daha da artıb. 2012-ci ildə İranın paytaxtı Tehranda keçirilən zirvə görüşündə qəbul edilmiş Yekun Sənəddə, Azərbaycanın "ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində” münaqişənin həllinə dəstək ifadə edilib. 2016-cı ildə də eyni qaydada, münaqişənin həll edilməmiş qalmasına təəssüf ifadə edilib və problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstək bildirilib.
Ölkəmizin Qoşulmama Hərəkatında iştirakı ilə bu qurumun üzvlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatı daha da dolğunlaşdı. 2012-ci ildən etibarən hərəkatın nazirlər və zirvə görüşləri nəticəsində qəbul edilən bütün yekun sənədlərinə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bənd daxil edilir. Burada münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dəstək ifadə edilir”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, Qoşulmama Hərəkatı dünyada ən çox üzvü olan təşkilatlardan biridir: "Bildiyimiz kimi, Azərbaycan bu hərəkata 2011-ci ildə üzv olub. Ölkəmizin bu təşkilata üzvlüyü siyasi və digər bir sıra məqsədlər daşıyırdı. Məsələ ondadır ki, bu gün dünyanın ayrı-ayrı ölkələri hərbi-siyasi təşkilatlara üzv olmaqla bağlı qarşı-qarşıya dayanıblar. Məhz bu aspektdən məsələlərə nəzər yetirsək görərik ki, regionda NATO-ya can atan, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələr mövcuddur. Azərbaycan isə xarici siyasət kursunda balanslaşdırılmış və bütün vektorlarla mehriban siyasət yürüdür. Bu baxımından ölkəmizin Qoşulmama Hərəkatına qoşulması təhlükəsizlik və milli maraqlarının qorunması üçün mühüm idi. Baxmayaraq ki, Azərbaycan təşkilata az bir zamandır üzv olub, amma artıq Bakı üzv olan ölkələrin hökumət və dövlət başçılarının toplantısına ev sahibliyi edəcək. O cümlədən Azərbaycan bir neçə il müddətində hərəkata sədrlik edəcəkdir. Bu, coğrafi cəhətdən kiçik olan və yeni müstəqillik qazanmış Azərbaycan Respublikası üçün mühüm uğurlardan biridir. Xatırladım ki, ölkəmizin ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də daima Qoşulmama Hərəkatı üzvlərinin diqqətindədir və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı təşkilat tərəfindən mütəmadi bəyanatlar verilir”.
Z.Məmmədov vurğuladı ki, göründüyü kimi, Azərbaycan dünyanın bir çox ölkələri ilə eyni platformada yer alır. Ölkəmizdən sonra Ermənistan Qoşulmama Hərəkatındakı müşahidəçi statusunu bərpa etməyə çalışdı. Lakin bu, onlara müyəssər olmadı. Çünki bizim ölkəmiz hətta Ermənistanın daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İttifaqına üzv olan ölkələrlə daha yaxşı ikitərəfli münasibətlərə malikdir. Ümumi götürdükdə bu hərəkatın əhəmiyyəti olduqca böyükdür və nəticə olaraq, Azərbaycanın dövlət və milli maraqlarının reallaşmasına gətirib çıxarıb. Azərbaycan Qoşulmama Hərəkatından dividentlər götürməyə başlayıb. Bu bir daha sübut edir ki, Prezident İlham Əliyev çox uzaqgörən, düşünülmüş və rasional siyasət ilə Azərbaycanı bir çox təhlükələrdən qoruyub, eyni zamanda ölkənin milli maraqlarının reallaşmasına nail olub”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər