• şənbə, 27 Aprel, 03:12
  • Baku Bakı 14°C

Bakcell Gəncədə 4G LTE xidmətini istifadəyə verib - Fotolar

16.11.17 18:17 3516
Bakcell Gəncədə 4G LTE xidmətini istifadəyə verib - Fotolar
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti Gəncədə 4G LTE xidmətini istifadəyə verib. Bu münasibətlə Gəncə şəhəri Cavadxan küçəsindəki Bakcell müştəri xidmətləri mərkəzində təqdimetmə mərasimi keçirilib.

Mərasimdə şirkətin PR və korporativ kommunikasiyalar departamentinin rəhbəri Süheyla Cəfərova çıxış edərək bildirib ki, ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. O qeyd edib ki, Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət nümayəndəsinin sözlərinə görə, Bakcell Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir. Bu çərçivədə görülən işlərin davamı olaraq, Bakı və Abşeron yarımadasından sonra Gəncə şəhərində də 4G LTE xidməti istifadəyə verilir. S.Cəfərova onu da xatırladıb ki, mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən bu yaxınlarda Bakcell Azərbaycanda "Best in Test” (sınaq nəticələrinə görə ən yaxşı) adına layiq görülüb.

Şirkətin baş satış direktoru Zaur Bayramov Gəncə şəhərinin onlar üçün prioritet olduğunu dilə gətirib. Qeyd edib ki, Bakcellin mobil internet istifadəçiləri arasında Gəncə və gəncəlilər daha aktivdirlər. 4G LTE xidmətinin yaxın gələcəkdə digər regionlarda təqdim olunacağını vurğulayan Z.Bayramov bu xidmət növü barədə daha ətraflı məlumat verib. Bildirib ki, mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən "4G Sür@” xidməti yerləşdikləri məkanda genişzolaqlı internetə yüksək sürətli çıxış imkanına malik olmaq istəyən istifadəçilər üçün nəzərdə tutulub. Onun sözlərinə görə, Bakcell şirkəti tərəfindən təqdim olunan və 225 Mbit/s sürəti dəstəkləyən 4G LTE texnologiyası vasitəsilə abunəçilər öz mobil qurğularında multimedia xidmətlərindən, mobil televiziyadan, videokonfranslardan, monitorinq sistemlərindən, müxtəlif onlayn oyunlardan daha rahat istifadə etmək imkanına malik olurlar. Satış direktoru onu da əlavə edib ki, hazırda Bakcell həm smartfon, həm də noutbuk və kompüter istifadəçiləri üçün nəzərdə tutulmuş müxtəlif 4G tarif paketlərini təklif edir. Z.Bayramov hazırda Azərbaycan bazarında 4G xidmətlərinə olan tələbatdan və 4G texnologiyasını dəstəkləyən cihazların sayının əhəmiyyətli dərəcədə artmasından da söhbət açıb. Bildirib ki, bu kimi səbəblər LTE xidmətini ölkənin bölgələrində istifadəyə verməyi zəruri edir.

Tədbirdə açılış nitqlərindən sonra xidmət mərkəzində media mənsublarının, eləcə də müştərilərin yeni xidmət növü barədə maraq doğuran sualları cavablandırılıb. Bildirilib ki, "Bakcell”in Gəncədəki abunəçiləri təklif olunan müxtəlif variantlar arasından seçim edə bilərlər ki, bunlardan da biri aylıq cəmi 10 AZN-ə təklif olunan 5 GB-lıq 4G internet paketidir. Gəncə şəhərində yaşayan Bakcell abunəçiləri şirkətin müştəri xidməti mərkəzində 3G SİM kartlarını pulsuz olaraq 4G SİM kartlara dəyişə bilirlər.

Təqdimat mərasimindən sonra şirkət nümayəndələri və media mənsubları "Gəncə Hub”a və baza stansiyasının yerləşdiyi ərazilərdən birinə səfər ediblər. Səfər iştirakçıları qeyd edilən ərazilərə daxil olmazdan öncə Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə bölmə rəhbəri Rəşad Paşayev təhlükəsizlik qaydalarını xatırladıb. Bildirib ki, hab mərkəzə və stansiyanın yerləşdiyi əraziyə daxil olarkən hər bir kəs sadə mühafizə vasitələri ilə, yəni qoruyucu dəbilqə və xüsusi eynəklə təmin edilməlidir. Yalnız bundan sonra əraziyə daxil olmaq, təlimatçının müşayiəti ilə oradakı avadanlıqlarla, həmçinin onların iş prinsipi ilə tanış olmaq olar.

Təlimatı dinləyən və sadə mühafizə vasitələri ilə təmin olunan media mənsubları hab mərkəz və stansiya ilə yaxından tanış olublar. Mobil şəbəkə operatorları ilə əlaqələrin idarə edilməsi üzrə şöbə rəhbəri Samir Məhəmmədov, Radio şəbəkələrin planlaşdırılması bölməsinin rəhbəri Ramin Qurbanov jurnalistləri maraqlandıran sualları ətraflı cavablandırıblar.

S.Məhəmmədov jurnalistlərə baza stansiyalarının iş prinsipi, 4G baza stansiyalarında istifadə olununan mobil texnologilayar və 4G texnologiyasının abunəçilərə verdiyi imkanlardan danışıb. O qeyd edib ki, Bakcell şirkəti öz abunəçilərini yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin etmək üçün şəbəkənin təkmilləşdirilməsi işlərini davam etdirir və müasir avadanlıqlardan geniş istifadə edir.

Şöbə rəhbəri bildirib ki, Şirkət bütün ölkə ərazisini 3G xidmətləri ilə təmin edib. Hazırda 3G şəbəkəsini təkmilləşdirməklə yanaşı, 4G texnologiyasının digər bölgələrdə tətbiqi istiqamətində işlər həyata keçirilir.

Qeyd olunub ki, 6500-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Alpər TURAN
banner

Oxşar Xəbərlər