• cümə, 26 Aprel, 18:01
  • Baku Bakı 22°C

Aztəminatlı ailələrin sosial qayğıları diqqət mərkəzindədir - Fotolar

27.12.17 09:30 1560
Aztəminatlı ailələrin sosial qayğıları diqqət mərkəzindədir - Fotolar
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosialyönümlü siyasət Azərbaycan cəmiyyətində razılıqla qarşılanmaqdadır. Çünki bu siyasət ayrı-ayrı sosial qrupların həyat şəraitinin yüksəldilməsinə, iqtisadi stimulun, insan amilinə hörmətin formalaşmasına, ümumilikdə ictimai rifahın, siyasi sabitlik və sosial sülhün bərqərar olmasına etibarlı zəmin yaradan konseptual inkişaf yoludur.Bu siyasət Azərbaycan vətəndaşının həyati tələbatlarının ödənilməsini təmin edən əlverişli sosial-mənəvi iqlimin və həmrəylik şəraitinin, ümumilikdə ölkədə etibarlı sosial müdafiə sisteminin yaradılmasını gerçəkləşdirib. Həmin sistem vətəndaşların sağlam mühitdə yaşamaq, istirahət, mənzil, təhsil və digər hüquqlarının da etibarlı müdafiəsinə mükəmməl institusional-qanunverici təminat mexanizmləri formalaşdırıb. Prezident İlham Əliyev dövlətin yeritdiyi bu siyasətin mahiyyətindən bəhs edərkən onun mərkəzində məhz insan amilinin, Azərbaycan vətəndaşının dayandığını dəfələrlə qeyd edib. Bildirib ki, əhalinin sosial təminatının, maddi vəziyyətinin daha da yaxşılaşdırılması üçün genişmiqyaslı sosial-iqtisadi islahatların həyata keçirilməsi prioritet vəzifə kimi hər zaman aktual olaraq qalacaq.

Dövlət başçısının bu yanaşması onun əməli fəaliyyətində dəfələrlə müşahidə olunub. Dünya bazarında neftin qiymətinin kəskin azalması fonunda, habelə beynəlxalq iqtisadi böhranın hökm sürdüyü illərdə Azərbaycanda icrası nəzərdə tutulan sosialyönümlü layihələrin heç biri dayandırılmayıb. Əksinə, bütün çətinliklərə baxmayaraq, vətəndaşların sosial rifahı naminə yeni-yeni sosial layihələrin icrasına da başlanılıb. Ölkədə minimum əməkhaqqı, təqaüd və müavinətlər, müxtəlif dövlət strukturlarında çalışanların aylıq maaşları dəfələrlə artırılıb. Dünyada iqtisadi böhran yaşandığı halda, Azərbaycanda maaş və təqaüdlər gecikdirilməyib, ərzaq qıtlığı və sair problemlər yaşanmayıb. Bir sözlə, Prezident İlham Əliyev ölkəmizdə sosial layihələri, xüsusən də aztəminatlı ailələrin sosial vəziyyətini daim diqqət mərkəzində saxlayır.

Buna əyani bir misal kimi, 11 aprel 2016-cı il tarixdə onun imzaladığı sərəncamla Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) yaradılmasını göstərə bilərik. Ölkə başçısı tərəfindən bu Agentlik qarşısında qoyulan başlıca vəzifə vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəməkdən, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaqdan, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etməkdən, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdən ibarət idi.

Agentlik formalaşandan sonra 2016-cı il dekabrın 24-də MİDA-nın birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi keçirildi. Prezident İlham Əliyev və xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın iştirak etdiyi mərasimdə bildirildi ki, yaradılacaq bu ilk şəhərcik 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan 17-sinin ikibloklu 9 mərtəbəli, 12-sinin isə birbloklu 12 mərtəbəli olması planlaşdırılır. Bu binalardakı 1854 mənzildən 301-i birotaqlı, 1110-u ikiotaqlı, 443-ü isə üçotaqlı olacaq. Birotaqlı mənzillərin sahəsi təqribən 31 kvadratmetrdən 33 kvadratmetrədək, ikiotaqlı mənzillərin sahəsi təqribən 50 kvadratmetrdən 58 kvadratmetrədək, üçotaqlı mənzillərin sahəsi isə təqribən 70 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə ən güzəştli şərtlərlə vətəndaşlara təklif olunacaq.

Həmin mərasimdə çıxış edən Prezident İlham Əliyev MİDA-nın ilk layihəsinin yeni sosial təşəbbüs, sosial layihə olduğunu xatırladaraq qeyd etmişdi ki, sosial binaların tikintisi mənzilə ehtiyacı olan ailələr üçün böyük dəstək olacaqdır: "Son illər ərzində biz ciddi iqtisadi islahatlarla yanaşı, həmişə sosial məsələlərin həllinə də böyük diqqət vermişik. Son 10 il ərzində pensiyalar 7 dəfə, maaşlar 5 dəfə artmışdır. Ölkəmizdə bir çox sosial infrastruktur obyektləri tikilmişdir. Üç mindən çox məktəb, 600-dən çox xəstəxana tikilib təmir edilmişdir. Doxsandan çox məcburi köçkün qəsəbəsi salınmışdır və bu proses davam edir. Ünvanlı sosial yardımın məbləği artırılır və bu proqram üzrə yardım alanların sayı da lazım gələndə artırılır. Bir sözlə, sosial siyasət bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə ki, bu siyasəti daha da uğurla aparmaq üçün bizim güclü iqtisadi imkanlarımız olmalıdır. Bu imkanları biz yaradırıq, hətta böhranlı vaxtlarda da ciddi islahatlar aparılır və bu islahatlar öz nəticələrini verməkdədir”.

Cari il dekabrın 24-də isə Prezident İlham Əliyev MİDA-nın Hövsan Yaşayış Kompleksində ilk binanın təməlqoyma mərasimində iştirak edib. Bu yeni şəhərciyin çoxmənzilli 11 yaşayış binasından ibarət olacağı planlaşdırılıb. Layihəyə əsasən, həmin binalardan 7-si yeddimərtəbəli on səkkiz girişli, 4-ü isə onmərtəbəli bir girişli olacaq. Bu binalarda, ümumilikdə, 3002 mənzil olacaq ki, onlardan 280-nin birotaqlı, 1481-nin ikiotaqlı, 940-nın üçotaqlı, 301-nin dördotaqlı olması planlaşdırılıb. Birotaqlı mənzillərin sahəsi təqribən 32-35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 51-54 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 64-68 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi 79-86 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara güzəştli şərtlərlə təklif olunacaq.

Prezident İlham Əliyev yeni yaradılan agentliyin fəaliyyəti barədə danışarkən qeyd edib ki, müəyyən səbəblər üzündən mənzil ala bilməyən vətəndaşlar MİDA-nın fəaliyyəti nəticəsində mənzil ala biləcəklər: "Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq, imkanlı təbəqə, yoxsul təbəqə, aztəminatlı vətəndaşlar var və onların problemlərinin həllini dövlət öz üzərinə götürür. Artıq qeyd etdiyim kimi, müxtəlif sosial proqramlar icra olunur və mənzil təminatı da, əlbəttə ki, hər bir ailənin həyatında xüsusi yer tutan amildir. İmkanlı vətəndaşlar özlərini mənzillərlə, evlərlə təmin edirlər, ancaq buna imkanı olmayanlar üçün dövlət öz yardımını əsirgəməməlidir. Bu gün bu layihənin başlanması bunun əyani sübutudur. İlk növbədə, şəhid ailələrinə, müharibə veteranlarına, gənc mütəxəssislərə, müəllimlərə, alimlərə, hərbçilərə, bu kateqoriyadan olan vətəndaşlara bu yaşayış kompleksində güzəştli şərtlərlə mənzillər veriləcək. Şərtlər doğrudan da çox güzəştlidir, uzunmüddətli ödəmə şərti ilə insanlar yeni mənzillərə köçəcəklər”.

Faktlardan, həmçinin dövlət başçısının fikirlərindən də göründüyü kimi, Azərbaycanda həyata keçirilən siyasətin qayəsində ölkə vətəndaşı, onun sosial rifah halının yaxşılaşdırılması, mənzil-məişət və sair problemlərinin həll edilməsi dayanır. MİDA tərəfindən artıq iki layihənin icrasına başlanması buna gözəl nümunədir.

Dekabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalaması da vətəndaşların sosial təminatının daha da yaxşılaşdırılması istiqamətində atılan növbəti addımdır. Bu sərəncamla minimum aylıq əməkhaqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilib. Eyni zamanda, 2018-ci il üçün yaşayış minimumu haqqında qanun da dövlət başçısı tərəfindən təsdiqlənib. Həmin qanuna görə, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib. Bütün bunlar ölkə rəhbəri İlham Əliyevin sadə insanların qayğıları ilə yaşamasını, onların üzləşdikləri çətinliklərin aradan qaldırılması istiqamətində konkret tədbirlər görməsini sübut edir.
Alpər TURAN

banner

Oxşar Xəbərlər