Azərbaycanlı məktəblilər Çində uğur qazandılar
Bakı Slavyan
Universitetinin (BSU) nəzdində Məktəb-Lisey Kompleksinin müəllim və şagirdləri
Pekində "Kəmər və yol - gənclər yaradıcılığı düşərgəsi və müəllimlər üçün təlim”
adlı tədbirdə iştirak ediblər. Tədbir Çin Xalq Respublikasının Elm və
Texnologiya Nazirliyinin dəstəyi, Çin Elm və Texnologiya Assosiasiyasının Uşaq
və Gənclər Elm Mərkəzi və Çin Uşaq Elmləri üzrə Təlimatçıları Assosiasiyasının
təşkilatçılığı ilə keçirilib.
Universitetdən
AZƏRTAC-a bildirilib ki, şagirdlər Çinin təhsil sistemi ilə yaxından tanış
olub, Pekində fəaliyyət göstərən 80 nömrəli orta məktəbin elmi
laboratoriyalarında təcrübəli müəllimlərin rəhbərliyi altında "Intelligent
Robot” (İntellektual robot), "Chemistry and Life” (Kimya və həyat), "Biological
Tissue Culture” (Bioloji toxuma mədəniyyəti), "Virtual Reality” (Virtual
reallıq), "Digital Video Making” (Rəqəmsal video yaradıcılığı) və bu kimi digər
maraqlı layihələrdə iştirak ediblər.
Dünyanın 29 ölkəsinin
nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycanı təmsil edən BSU-nun nəzdində Məktəb-Lisey
Kompleksinin şagirdləri Nərmin Abdullayeva, Urfan Rəhimzadə, Arzu Mirizadə, Rəna
Rüstəmli və Fidan Xudaverdiyeva mükafatlara layiq görülüb, medal və diplomlarla
təltif olunublar.
Tədbir çərçivəsində
keçirilən "Elmi təhsil hamı üçün" təhsil forumunda Təhsil
Nazirliyinin təmsilçısi Yaşar Ömərov məruzə ilə çıxış edib, ölkəmizdə aparılan
təhsil islahatları barədə məlumat verib.
Azərbaycanın Çin
Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı BSU-nun müəllim və şagirdləri ilə
görüşüb. Məktəbliləri qazandıqları uğurlara görə təbrik edən səfir Azərbaycan-Çin
münasibətlərinin bütün sahələr üzrə dinamik inkişaf etdiyini, xüsusən təhsil
sahəsində iki ölkə arasında böyük nailiyyətlər əldə olunduğunu diqqətə
çatdırıb.