• şənbə, 20 Aprel, 17:45
  • Baku Bakı 23°C

ABŞ Azərbaycanla əməkdaşlıq etməkdə israrlıdır

30.01.19 18:43 1390
ABŞ Azərbaycanla əməkdaşlıq etməkdə israrlıdır
ABŞ hər zaman Cənubi Qafqaz regionuna maraq göstərib və xüsusilə, Azərbaycanla müxtəlif zamanlarda əlaqələrin inkişaf etdirilməsinə diqqət ayırıb. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq layihələrdə ABŞ yaxından iştirak edir. Eyni zamanda, Azərbaycan dünyada təhlükəsizliyin təmin olunması məsələlərində ABŞ-a dəstək olur. Onu da qeyd edək ki, son dövrlər ABŞ hökumət nümayəndələrinin Dağlıq Qarabağla bağlı fikirləri maraqla qarşılanır. Bu kontekstdə, yanvarın 29-da ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışması və söhbət zamanı bir sıra mühüm məsələlərin müzakirə olunması diqqətdən yayınmır.
ABŞ-Azərbaycan münasibətləri, onun gələcək perspektivləri və digər məsələlər barədə politoloq Tofiq Abbasovla söhbətləşdik.

- ABŞ prezidentinin müşaviri Con Boltonun Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti kimi bir sıra mühüm məqamlara toxunulub. Sizcə, bu addımı ABŞ hökumətinin Azərbaycanla daha yaxından əməkdaşlıq etmək istəyində olduğunun növbəti göstəricisi hesab etmək olarmı?

- Əlbəttə. Azərbaycan bölgənin əsas dövlətlərindən biridir. Amerikanın Xəzər bölgəsinə, Qafqaz regionuna, həm də postsovet məkanına diqqəti həddən artıq böyükdür. Burada Amerikanın Azərbaycanı yox, özünü düşündüyünü deyə bilərik. ABŞ istəyir ki, bu bölgələrdə cəmlənsin, Rusiyanın maraqlarını zəiflətsin, öz təsir dairəsini genişləndirsin və sair. ABŞ-ın Azərbaycanla tərəfdaşlıq müqavilələri var. Biz bilirik ki, Azərbaycanın enerji sektorunda Amerikanın şirkətləri geniş şəkildə təmsil olunublar, Azərbaycanın iqtisadiyyatına investisiyalar yatırıblar. Ona görə də onlar Azərbaycanla tərəfdaşlıq etməkdə israrlıdırlar. Amma Amerikanın belə bir qaydası var və o hansı ölkələrlə əməkdaşlıq edirsə, çalışır ki, o ölkələrə haradasa prioritetlərini sırısın, diktə yolu ilə öz istədiyini həyata keçirsin, həmin ölkələri öz rəqiblərinə qarşı istifadə etsin və sair. Təbii ki, Azərbaycan belə məsələlərə gedən deyil və ABŞ-ın siyasi elitası bundan məlumatlıdır. Ancaq cəhdlər göstərilir. Onu deyim ki, bundan əvvəl Con Boltonla Prezident İlham Əliyevin görüşü oldu və onlar geniş bir gündəlik ətrafında fikir mübadiləsi apardılar. Burada bir çox məsələlər var. Həm təhlükəsizlik problemi, həm İran məsələsi, həm də postsovet məkanının durumu və sair diqqət mərkəzində olub. Amma hesab edirəm ki, Azərbaycan digər dövlətlərlə bərabər hüquqlu münasibətlər qurmaq şərtini elə eyni tərzdə ABŞ-a da ünvanlayır. Burada ayrı bir mövqe ola bilməz.

- Biz bilirik ki, ABŞ Azərbaycanın indiyədək həyata keçirdiyi enerji təhlükəsizliyi layihələrinə ciddi dəstək verib. Rəsmi Vaşinqtonun Cənub Qaz Dəhlizi layihəsinə dəstəyi hansı formada özünü göstərir?

- ABŞ-ın bu enerji layihəsinə dəstəyi o şəkildədir ki, prinsip etibarı ilə Cənub Qaz Dəhlizi Rusiyadan kənar keçir. Rusiyadan kənar keçən, perspektivi olan, strateji mahiyyətə malik bütün layihələri ABŞ dəstəkləyir. Amma bu dəstəklə bərabər, həm də öz istəklərini, tələblərini ortaya qoyur. Bilirsiniz, Amerika Türkiyənin, Azərbaycanın, Qazaxıstanın və ya digər ölkələrin yox, özünün maraqlarından irəli gələn tələbləri ortaya qoyur. Bu baxımdan, Amerikanın bizim tərəfdaşımız, müttəfiqimiz olması öz yerində, amma müttəfiqlik məqamı onu nəzərdə tutur ki, sən nəyi isə tələb edirsən, lakin başqasının tələbini də layiqincə qiymətləndirməli və ondan irəli gələn işləri həyata keçirməlisən. Yəni, ABŞ-ın "yekəxana” siyasəti bütün dünyada hamıya məlumdur. Şəxsən istəməzdim ki, Amerika həmin bu siyasətini, qəlibini Azərbaycana tətbiq etsin. Çünki biz postsovet məkanında, Qafqaz bölgəsində, Avrasiya qitəsində özümüzü təsdiqləmişik. Bizim kifayət qədər böyük zəhmətlərimiz və əldə etdiyimiz uğurlarımız var. İnteqrasiya proseslərindən həm Azərbaycan, həm də tərəfdaş dövlətlər çox böyük mənfəət əldə edib. Ona görə də Azərbaycan bu məsələlərin hamısında ötkəm bir məmləkət kimi hər şeyi götür-qoy etməklə son qərara yaxınlaşmalıdır.

- ABŞ Azərbaycanın dünyada və regionda təhlükəsizliyin qorunması istiqamətində atdığı addımları, o cümlədən hərbçilərimizin hazırda bir sıra ölkələrdə sülhyaratma missiyalarında iştirakını yüksək qiymətləndirib. Bu sahədə ABŞ-Azərbaycan münasibətlərini necə dəyərləndirirsiniz?

- Təhlükəsizlik mühüm və çox həssas məsələdir. İndi bütün dünya bu məsələ ilə bilavasitə həm məşğuldur, həm də buna səylər göstərilir. Konkret proqramlar həyata keçirilir ki, təhlükəsizlik sözdə yox, əməldə olsun. Azərbaycan ABŞ-a, ümumiyyətlə Qərb qütbünə bu proseslərin hamısında əməli dəstək göstərir, Kosovada, Əfqanıstanda, İraqda sülhməramlı missiya həyata keçirir. Bu, Azərbaycan dövlətinin həyata keçirdiyi sülhməramlı, nəcib bir siyasətin tərkib hissəsidir. Ancaq bu məsələ ilə bağlı Azərbaycana hansı bir müstəvidə olur-olsun, təzyiq göstərmək olmaz. Çünki Azərbaycan müstəqil siyasət yürüdən bir məmləkətdir. Eyni zamanda ölkəmiz Avropanın enerji təhlükəsizliyində yaxından iştirak edən dövlətdir. Bu, vaxtilə Rusiya ilə münasibətlərimizin soyumasına da gətirib çıxartdı. Ancaq göstərdik ki, biz bu layihələri Rusiyaya qarşı etmirik, əslində öz enerji resurslarımızı dünya bazarlarına çıxarırıq. Əgər bu, həqiqətən də təhlükəsizlik məsələlərinə xidmət edirsə, gözəl bir addımdır və heç kəsdən üzr istəməli deyilik. Rusiya da bu məsələni layiqincə qiymətləndirdi və anladı ki, Azərbaycan Rusiyanın maraqlarına zidd olaraq hərəkət etmir. Azərbaycan öz prioritetlərini, milli məqsədlərini həyata keçirir və bundan mənfəət götürürsə, Rusiya buna nə deyə bilər? Ona görə də biz hamıya göstərdik ki, nəhəng dövlətlərin, oyunçuların qarşıdurmasında iştirak etmirik və milli maraqlarımızı həyata keçirmək üçün bu və digər proqramlara qatılırıq və ya onları işləyirik.

- Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı son dövrlər rəsmi Vaşinqtonun mövqeyində dəyişikliyin şahidi oluruq. Xüsusilə, ABŞ ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarı olduğunu tez-tez bəyan edir. Münaqişə tərəflərini təmsil edən dövlət başçılarının, xarici işlər nazirlərinin son dövrlər görüşmələri, danışıqlar aparması da diqqət çəkir. Sizcə, müşahidə olunan bu müsbət dinamika davam etdiriləcəkmi?

- Ermənistanda baş verən proseslərdə ABŞ elə bir ssenariyə dəstək verdi ki, İrəvan Rusiyanın təsir dairəsindən çıxsın. Ermənistandakı məxməri inqilab ABŞ-ın, demokratik institutların bilavasitə iştirakı ilə həyata keçirildi. ABŞ bunu açıq bəyan və etiraf etməsə də, bildirir ki, Paşinyan hərəkatını dəstəkləyir. Yəni, biz burada kənar tendensiyalara, cərəyanlara uymayaq. Amerikaya lazım olan odur ki, Ermənistanda qərbpərəst hakimiyyət qurulsun, Rusiyanı oradan uzaqlaşdırsın və Türkiyənin, İranın, Azərbaycanın, Rusiyanın sərhədləri yaxınlığında olan platsdarmı ələ keçirsin. Ona görə də bu məsələdə qəti əminəm ki, ABŞ öz siyasətinə uyğun olan cərəyanları dəstəkləyir. Bu həm də Ermənistana olan məhəbbətdən irəli gələn göstərici deyil. Əksinə, Amerika istəyir ki, bu strateji üçbucaqda - Cənubi Qafqazda özü üçün dayaq nöqtəsi əldə etsin və ətraf dövlətlərə nəzarətini artırsın, həm də Rusiyanın sərhədləri yaxınlığında güclü mövqeyə sahib çıxsın. Ancaq bu məqamdan Ermənistanın siyasi elitası necə istifadə edəcək və onlar bu məsələyə necə münasibət bəsləyəcək, bunu gələcək göstərəcək.

Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər