“Azərbaycanın yerləşdiyi coğrafi mövqe hər zaman cəlbedici olub” - Fotolar
"Şimal-Cənub” Beynəlxalq
Nəqliyyat Dəhlizi (BND) Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz
regionlarının Fars körfəzi və Hindistana çıxışına, həmçinin Xəzəryanı ölkələrin
Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait
yaradacaq layihədir. Belə bir layihənin reallaşması Avropa-Cənubi Asiya-Yaxın
Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər
yerli, istərsə tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan
verəcək. Əfsuslar olsun ki, hal-hazırda beynəlxalq siyasi arenada baş verən
gərginliklər "Şimal-Cənub” BND-nin reallaşmasını gecikdirir. Azərbaycanın da
qoşulduğu bu layihənin dünya və ölkəmiz üçün iqtisadi-siyasi əhəmiyyəti,
perspektivi və sair məsələlərlə bağlı "Kaspi” qəzetinin suallarını Milli Məclisin İqtisadisiyasət,sənayevəsahibkarlıqkomitəsinin
üzvü Tahir Mirkişili cavablandırır.
-
Tahir müəllim, "Şimal-Cənub” BND ideyası haradan yaranıb və belə bir layihənin
reallaşmasını zəruri edən nə olub?
- Dünyada son dövrlər
ticarətin həcmində artım müşahidə olunur. Texnologiyaların inkişafı və artması,
internetin getdikcə daha geniş yayılması, ölkələr arasında təmasların
sürətlənməsi ticari əlaqələrə də təsir edir. Ticarətin həcminin artması ölkələr
arasında mal və xidmətlər mübadiləsinin intensiv şəkildə artmasını tələb edir.
Belə bir şəraitdə yeni marşrutların yaradılması, onların daha təhlükəsiz və
ucuz olması, eyni zamanda bu marşrutun ölkələr arasında ticarət əlaqələrini bir
qədər də möhkəmləndirməsi zərurəti yaranıb. Bu tələb və zərurət həm Qərb-Şərq,
həm də Şimal-Cənub arasında meydana gəlib. Çünki, indiyə qədər mövcud olan
infrastruktur layihələri regionlar arasında iqtisadi-ticari əməliyyatların daha
sürətli inkişafına şərait yaratmırdı. Belə bir fonda şimalda və cənubda
iqtisadiyyatı böyüyən ölkələrin sayı getdikcə artıb. Ötən ilin statistik
göstəricilərinə görə, dünyada ən sürətli iqtisadi böyümə Hindistana aiddir. Bu
mənzərə şimalda Rusiyada müşahidə olunur. Rusiyanın öz iqtisadi əlaqələrini
daha da genişləndirmək siyasəti yürütməsi, Avropa ilə Rusiya arasında
münasibətlərin soyuması bütövlükdə şimalla cənub arasında əlaqələrin
intensivləşməsinə, iqtisadiyyatın artmasına, yeni münasibətlərin qurulmasına
imkan yaradıb. Konkret olaraq "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə
gəlincə, bu barədə razılaşma Rusiya, İran və Hindistan arasında hələ 2000-ci
ildə Sankt-Peterburq şəhərində əldə olunub və 2002-ci ildən qüvvəyə minib.
Razılaşma bütün nəqliyyat növlərinə, yəni, dəmir yolu, dəniz, avtomobil, çay və
hava nəqliyyatı ilə daşımaları təmin edən nəqliyyat infrastrukturuna və nəqliyyat
vasitələrinə aiddir. Hindistanın dəniz marşrutları ilə daşımalarda iştirakı
nəzərdə tutulur.
-
Azərbaycan bu layihəyə necə töhfə verir?
- Azərbaycanın yerləşdiyi
coğrafi mövqe hər zaman cəlbedici olub və indi də belədir. Ölkəmizin şimalla cənub
arasında yerləşməsi indiyə qədər bizə iqtisadi, siyasi dividentlər qazandırıb.
Azərbaycan həm şimalın, həm də cənubun iqtisadiyyatına inteqrasiya edib.
Bununla bərabər, ölkəmizdə ictimai-siyasi sabitliyin yüksək səviyyədə olması,
dünyada etibarlı tərəfdaş kimi tanınması, milli və beynəlxalq layihələri yerinə
yetirə bilmək gücünə qadir olması, dövlət başçısının beynəlxalq nüfuzu
"Şimal-Cənub” dəhlizinin Azərbaycandan keçməsi zərurətini yaradıb. Onu da
xatırlatmaq yerinə düşər ki, ulu öndər Heydər Əliyevin razılığı ilə Azərbaycan
2000-ci ildə "Şimal-Cənub” dəhlizinə qoşulub, İran və Rusiyanın aidiyyəti
qurumların rəhbərləri ilə çoxsaylı görüşlər keçirilib, ətraflı müzakirələr
aparılıb. Ölkəmiz 2005-ci ildən bu layihənin önəmli parçasına çevrilib. İndiyə
qədər ötən vaxt ərzində ölkəmiz üzərinə götürdüyü bütün vəzifələri icra edib,
bu marşrutun işləməsi üçün kifayət qədər sərmayə yatırıb. Misal üçün, İran
sərhədinə qədər dəmir yolu infrastrukturu tamamilə yenilənib, İran
prezidentinin Azərbaycana səfəri çərçivəsində Astara-Rəşt dəmir yolu hissəsinin
tikintisinin maliyyələşdirilməsi ilə bağlı saziş imzalanıb. Azərbaycan
Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolunun tezliklə
istifadəyə verilməsində maraqlıdır. Təkcə bu yolun Rəşt-Astara hissəsinin tikintisinə
500 milyon dollar güzəştli kredit ayrılması nəzərdə tutulur. Azərbaycan şimal
və cənub istiqamətində bütövlükdə yolların bərpasına investisiya yatırıb. Eləcə
də hər iki istiqamət üzrə iqtisadi-siyasi əməkdaşlıq əlaqələrini genişləndirib
ki, bu da "Şimal-Cənub” dəhlizi layihəsinin reallaşmasına kömək edir.
Nəzərə alaq ki, ən qısa formada da şimalla cənub arasında yol infrastrukturu,
əlaqələri məhz Azərbaycandan keçir, tariflər də əlverişlidir.
-
"Şimal-Cənub” BND-də iştirakçı olmaq Azərbaycana iqtisadi baxımdan nə dərəcədə
əlverişlidir?
- Şimal-Cənub layihəsinin
reallaşması həm şimal və cənub, həm də Azərbaycan üçün əlverişlidir. Bu
dəhlizdən ölkəmiz kifayət qədər iqtisadi fayda götürə biləcək. Digər tərəfdən,
sözügedən layihədə iştirakçı olmaq Azərbaycanda qeyri-neft sektorunun inkişafı
baxımından da önəmlidir. Təkcə bir faktı xatırlamaq yetərlidir ki, ötən illə
müqayisədə yükdaşımalarda yüz dəfəyə yaxın artım olub. Bu, davamlıdır. Bütün
bunlar onu göstərir ki, Azərbaycanın seçdiyi iqtisadi siyasət kifayət qədər
uğurludur. Azərbaycan Şimalla Cənub arasında yerləşən iqtisadi güclər arasında böyük
etibara və müasir infrastruktura sahibdir. Yük qəbul etmə baxımından
Azərbaycanın infrastrukturu daim təkmilləşdirilir. Təkcə son illərdə Bakı-Tbilisi-Qars
dəmir yolunun, Ələt qəsəbəsində Beynəlxalq Limanın tikilib istifadəyə
verilməsi, Ələt qəsəbəsində azad iqtisadi zona yaradılması buna əyani misaldır.
Bu iqtisadi zonanın əsas məqsədi yüklərin emal olunması və daşınmasını ən
yüksək səviyyədə təşkil etməkdir. Bu gün şimalla cənub arasında Azərbaycan
mövcud layihənin rəqabətli hissəsidir. Çünki alternativ marşrutlar, o cümlədən
ənənəvi marşrutlar da var. Ona görə də Azərbaycan bu sahədə infrastrukturu
davamlı olaraq müasirləşdirir, dövlətlərarası münasibətlər çərçivəsində
tariflərin müəyyən edilməsi, gömrük prosedurunun sadələşdirilməsi, daha sürətli
keçidin təmin edilməsi istiqamətində lazımi addımlar atır. Sürətli keçid və
zaman məsələsinə nümunə olaraq onu demək mümkündür ki, Süveyş kanalı vasitəsilə
hazırkı marşrut üzrə malların çatdırılma vaxtı 45-60 gündür. "Şimal-Cənub”
dəhlizi vasitəsilə yüklər 14-20 gün ərzində ünvanına
çatdırılacaq.Ümumilikdə bu işlər 3-5 ilin çərçivəsinə sığmır, kifayət
qədər zaman və investisiya tələb edir. Lakin indiyə qədər işlərin görülmə
dinamikası və əldə edilən nəticələr onu deməyə əsas verir ki, Azərbaycan qısa
vaxtda sözügedən istiqamətdə mühüm addımlar atıb.
-
Beynəlxalq iqtisadi layihələrdə iştirakçı olan Azərbaycan iqtisadi
dividentlərlə yanaşı, siyasi dividentlər də əldə edə bilirmi? Azərbaycanın
beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsi ölkəmizin siyasi maraqlarının təmin
olunmasına necə təsir edir?
- Azərbaycanın iqtisadi
baxımdan güclü olması milli maraqlara xidmət edən daha müstəqil siyasət
yürütməsinə təsir edir. Prezident İlham Əliyevin kifayət qədər güclü, iradəli,
qətiyyətli, uzaqgörən, milli maraqların müdafiəsinə yönəlik addımlar atması
iqtisadiyyatın davamlı inkişafına, yeni-yeni layihələrin reallaşmasına səbəb
olur. Çoxsaylı iqtisadi layihələr var ki, ölkə başçısının nüfuzu olmasaydı
onların həyata vəsiqə alması qeyri-mümkün olardı. Bəzən elə layihələr olur ki,
onun həyata keçməsi üçün Azərbaycan öz iqtisadi potensialından, valyuta
ehtiyatlarından istifadə etməli olur. Misal üçün, Bakı-Tbilisi-Qars layihəsini
xarici sərmayəçilər, təşkilatlar maliyyələşdirməkdən imtina etdiyi halda,
Azərbaycan öz hesabına bu dəmir yolunun tikintisini başa çatdırıb. Bu baxımdan,
Azərbaycanın beynəlxalq arenada nüfuzunun artması, regionda müstəqil siyasət
yürütməsi həm iqtisadi gücə, həm də bilavasitə Prezident İlham Əliyevin şəxsi
nüfuzuna əsaslanır.
-
Azərbaycanın bütün öhdəlikləri yerinə yetirməsinə rəğmən, təəssüflə qeyd
edilməlidir ki, "Şimal-Cənub” BND-nin tam reallaşması gecikir. Bu layihənin
tamamlanmasını beynəlxalq siyasi arenada
baş verən hansı proseslər yubadır?
- Bəzi ölkələr, xüsusən də
İran ətrafında yaranan situasiya "Şimal-Cənub” layihəsinin yekunlaşmasını
yubadır. Hər kəsə bəllidir ki, bu nəqliyyat dəhlizinin bir hissəsi İran
ərazisindən keçir. Hazırda isə İranla Qərb ölkələri arasında münasibətlər
qeyri-sabitdir. Bu da qeyd edilən
layihənin reallaşmasını bəzən risk altına salır, bəzən isə intensivliyini
azaldır. Bundan başqa, Hindistan və Pakistan arasında, Hindistan və Çin
arasındakı mövcud münasibətlər də risklər doğurur. Bütün bunlar regionda nəhəng
iqtisadi layihələrin reallaşmasına hansısa formada təsir edir. Ümumilikdə
beynəlxalq aləmdə gərginliyin olması hazırda adi hal kimi qarşılanır. Elə bir
region, elə bir münasibətlər yoxdur ki, orada hansısa ziddiyyətlər olmasın.
Amma iqtisadiyyatın inkişaf etmə sürətinə, insanların iqtisadi aktivliyinə
fikir versək, hazırda iqtisadi aktivliyin artmasına olan tələb beynəlxalq
aləmdə olan ziddiyyətlərin yaranma sürətini üstələyir. Ziddiyyətlərə baxmayaraq,
iqtisadiyyat daha sürətlə inkişaf edir. Belə bir fonda münasibətlərin inkişaf
etdirilməsi ən doğru yoldur. Ona görə də hesab edirəm ki, qarşılıqlı
ziddiyyətlərə baxmayaraq, əlaqələrini inkişaf etdirən, müasir infrastruktur
quran, gələcəyə istiqamətlənən dövlət daha çox uğur əldə edə biləcək. Biz bunu
Azərbaycanın timsalında görürük.
Rufik
İSMAYILOV