• şənbə, 27 Aprel, 06:30
  • Baku Bakı 12°C

Azərbaycanın xarici siyasəti ötkəm və məhsuldardır

19.04.18 10:30 784
Azərbaycanın xarici siyasəti ötkəm və məhsuldardır
Ötən illərdə Azərbaycanın xarici siyasət kursu balanslaşdırılmış şəkildə həyata keçirilib. Bunun nəticəsidir ki, Azərbaycan dünya ölkələri ilə qarşılıqlı şəkildə əməkdaşlıq edir və mövcud siyasi-iqtisadi koalisiyalara qoşulmur. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son ildə bu tarazlaşdırılmış xarici siyasət davam etdirilib.Onu qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirildi və böyük səs çoxluğu qələbə qazanan İlham Əliyev növbəti 7 ildə də ölkəyə rəhbərlik edəcək. Bəs, görəsən növbəti illərdə Azərbaycanın xarici siyasətində hansısa dəyişikliklər olacaqmı?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Prezident İlham Əliyevin parlamentdə andiçmə mərasimi oldu və dövlət başçısı ölkə konstitusiyasına, Qurani-Kərimə and içdi: "Andiçmədən sonra dövlət başçısı ölkəmizin son 15 il ərzində qazandığı daxili və xarici siyasət uğurları ilə bağlı geniş çıxış etdi. Təbii ki, əsas diqqət mərkəzində saxlanılan məsələlərdən biri də xarici siyasət məsələləri idi. Prezident qeyd etdi ki, biz həm daxili, həm də xarici siyasətdə ona görə böyük uğurlara imza atırıq ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi kursu davam etdiririk. Yəni, onun müəyyən etdiyi yol ən düzgün yoldur və ona görə də belə nəhəng siyasi, iqtisadi nailiyyətlərlə beynəlxalq mövqeyimizi möhkəmləndirən nəticələrə nail ola bilmişik. Bu nöqteyi-nəzərdən prezident İlham Əliyevin növbəti 7 il ərzində xarici siyasət kursunun ulu öndərin müəyyən etdiyi balanslı, tarazlaşdırılmış, çoxvektorlu xarici siyasət kursunun növbəti davamı olacağı bəllidir. Bilirik ki, dövlət başçısı bu kursa bir çox yeniliklər gətirib. Xarici siyasətimiz ilk növbədə daha çevikdir və bura hücum taktikası əlavə edilib. Ona görə də prezident nitqində bildirdi ki, ikitərəfli əlaqələr çox yüksək səviyyədədir. Bunun sayəsində Azərbaycan çoxtərəfli münasibət inkişaf dinamikasına malikdir. Xüsusilə, qonşu ölkələrlə münasibət Azərbaycan üçün prioritet istiqamət təşkil edir. Bu onun 15 illik fəaliyyəti dövründə də var idi və bundan sonra da həmin siyasət daha da inkişaf etdiriləcək. Onu qeyd edim ki, bizim dördtərəfli format da formalaşıb və uğurla davam etdirilməkdədir”.

E.Nəsirov qeyd etdi ki, prezident İlham Əliyev xarici siyasətdə prioritet istiqamətlərdən biri kimi Dağlıq Qarabağ probleminin həlli məsələsini də dilə gətirib: "Bu məsələdə Azərbaycanın prinsipial mövqeyi var və dəyişməzdir. Həmin mövqe ondan ibarətdir ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər. Ərazi bütövlüyü məsələsi heç bir zaman danışıqlar predmeti olmayıb və bundan sonra da olmayacaq. Beynəlxalq birlik bu məsələlərdə Azərbaycanın mövqeyini dəstəkləyir. Bu kontekstdə prezident andiçmə mərasimində onu da qeyd etdi ki, Ermənistan qondarma rejimdə qondarma referendum keçirtdi, amma bunun nəticələrini heç bir dünya dövləti, beynəlxalq təşkilat tanımadı. Əksinə, bu qondarma seçkiləri pislədi. Bu da o deməkdir ki, beynəlxalq ictimaiyyət və onun subyektləri növbəti dəfə Dağlıq Qarabağı və ətrafında işğal olunmuş 7 rayonu Azərbaycan ərazisi kimi tanıyır. Artıq bu, Azərbaycanın diplomatik nailiyyəti kimi qeyd oluna bilər. Məsələyə bu kontekstdən yanaşdıqda da növbəti 7 ildə İlham Əliyevin prezidentliyi zamanı Azərbaycanın xarici siyasət kursunun ulu öndərin müəyyən etdiyi kurs kimi olacağı bəllidir və bu istiqamətdə yeni hədəflər və istiqamətlər qazanmaq əsas məqsədlərimizdən biridir. Ona görə də inauqurasiyada dövlət başçısı qeyd etdi ki, Azərbaycan bayrağı Ağdərə, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilmiş ərazilərində dalğalanmaqdadır. Lakin əsas hədəf odur ki, bayrağımız həm Şuşada, həm də Xankəndində dalğalansın. Növbəti 7 ildə bu məsələnin öncül yerdə dayanacağı artıq indidən hər kəsə bəllidir”.

Politoloq Tofiq Abbasov bildirdi ki, uğurlu siyasəti dəyişməyə ehtiyac olmur: "Ancaq onu gücləndirmək üçün korrektələr və əlavələr etmək olur. Azərbaycanın xarici siyasətinin ana xətti bəllidir. Ölkəmiz həm bölgədə, həm postsovet məkanında, həm də Qərblə münasibətlərdə, İslam Konfransı təşkilatı ilə əlaqələrdə praqmatik və çox aydın mövqe tutur, özünün əməkdaşlığa, qarşılıqlı anlaşmaya hazır olduğunu bildirir. Biz artıq bu siyasətin pozitiv nəticələrini görürük. Təsadüfi deyil ki, Azərbaycanla bir çox ölkələr sıx əlaqələr qurmaq istəyirlər. Çünki ölkəmiz xarici sektorda, deyərdim ki, Ermənistan kimi baş ağrı gətirən, problem yaradan dövlətlərdən deyil. Əksinə, Azərbaycanın münasibətləri qurmaqda məqsədi ondan ibarətdir ki, əməkdaşlıq artsın, qarşılıqlı mənfəət əldə olunsun, təhlükəsizlik təmin edilsin. Çünki təhlükəsizliyin ən yaxşı qarantı əməkdaşlıq, birgə fəaliyyət göstərməkdir. Ona görə də hesab edirəm ki, Azərbaycanın xarici siyasəti kifayət qədər ötkəm və məhsuldardır. Bu baxımdan da böyük dəyişikliklərə ehtiyac yoxdur”.

T.Abbasov vurğuladı ki, ölkəmizin düşmənləri də bir yerdə dayanmırlar və əleyhimizə fəaliyyət göstərirlər: "Misal üçün, Ermənistanı və onu dəstəkləyən müxtəlif dövlətlərdə olan lobbi qruplarını, eləcə də erməni diaspor təşkilatlarını göstərmək olar. Bunlar bütün ölkələrdə Azərbaycana qarşı sistemli şəkildə fəaliyyət göstərirlər, bizim imicimizi korlamağa çalışırlar. Bu təbii ki, bizə nəinki xoş gələ bilməz, həm də biz onunla barışa bilmərik. Ona görə də son illərdə Azərbaycanın hətta uzaq Cənubi Amerika qitəsində belə, fəaliyyəti intensiv hal alıb. Azərbaycana saxta təbliğat lazım deyil, sadəcə, həqiqətlərin düzgün şəkildə retranslyasiya edilməsi lazımdır. Bu baxımdan hesab edirəm ki, rəsmi diplomatiyamız, həm də xalq diplomatiyamız, artmaqda olan Azərbaycanın dostları kifayət qədər dinamik mövqe tutublar. Ona görə də bu istiqamətdə fəaliyyət kifayət qədər qənaətbəxşdir”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər