Azərbaycanın media təmsilçilərinin Gürcüstana səfəri uğurlu nəticələrlə yekunlaşıb
22.10.18 20:14
993
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə
ölkənin aparıcı kütləvi informasiya vasitələrinin və jurnalist təşkilatlarının
təmsilçiləri oktyabrın 17-dən 20-dək Gürcüstan Respublikasının paytaxtı Tbilisi
şəhərində işgüzar səfərdə olublar.
Fondun
"Azərbaycan Xalq Cümhuriyyəti ili» ilə bağlı hazırladığı Tədbirlər Planı çərçivəsində
gerçəkləşən səfər media nümayəndələrini Cümhuriyyət yaradıcılarının dövlətçilik
fəaliyyəti və zəngin ideya irsi ilə yaxından tanış etmək, habelə bu ölkənin kütləvi
informasiya vasitələri ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək məqsədi
daşıyıb.
Səfərdə
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat
Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri
Cəmaləddin Quliyev, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı
Hikmət Məmmədov, «Ədalət» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Aqil
Abbas, «İki Sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Səs» qəzetinin baş
redaktoru Bəhruz Quliyev, «Bakı-Xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev,
«525-ci qəzet»in baş redaktoru Rəşad Məcid, Jurnalistlərin Həmkarlar İttifaqının
sədri Müşfiq Ələsgərli, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu, «Palitra»
qəzetinin baş redaktoru Namiq Əliyev, «Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin
Həziyev, «Trend» İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev, Fondun
Müşahidə Şurasının üzvü Əvəz Rüstəmov, habelə aparıcı məsləhətçiləri Samir
Mustafayev və Mirsəid Ağayev iştirak ediblər.
Səfərin
ilk günü – oktyabrın 18-də media təmsilçiləri və Azərbaycan Respublikasının Gürcüstandakı
fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov Tbilisi şəhərinin mərkəzində yerləşən
Heydər Əliyev Parkında ümummilli lider Heydər Əliyevin abidəsini ehtiramla ziyarət
edib, önünə çiçək dəstələri düzüblər.
Media təmsilçiləri
sonra Tbilisidəki Botanika bağına gələrək köhnə müsəlman qəbiristanlığında Azərbaycan
Xalq Cümhuriyyətinin qurucularından olmuş Həsən bəy Ağayevin, Fətəli Xan Xoyskinin,
eləcə də görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin məzarlarını ziyarət
ediblər.
Səfər çərçivəsində
media nümayəndələri daha sonra Tbilisi şəhərində 1918-ci il mayın 28-də Azərbaycan
Xalq Cümhuriyyətinin «İstiqlal Bəyannaməsi»nin elan edildiyi tarixi bina ilə tanış
olublar. Azərbaycanlı jurnalistlərə məlumat verilib ki, Gürcüstan dövlətinin və
Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal bəyannamələrinin elan edildiyi tarixi bina
çar Rusiyası dövründə Qafqaz canişinliyinə məxsus olub və hazırda «Gənclər evi»
kimi fəaliyyət göstərir.
Bildirilib
ki, 1918-ci il fevralın 23-də binada Gürcüstan, Azərbaycan və Ermənistan təmsilçilərindən
ibarət Zaqafqaziya Seymi çağırılıb. Seymdə müsəlmanlar say etibarilə üstünlük təşkil
ediblər. Həmin dövrdə müsəlman fraksiyasının 44, Gürcüstan sosial demokratlarının
32, ermənilərin isə 27 üzvü Seymdə təmsil olunub. Qeyd olunub ki, Gürcüstan
1918-ci il mayın 26-da Zaqafqaziya Seymindən çıxdığını bəyan edib və bununla da
Seym buraxılıb. Mayın 27-də Seymin azərbaycanlı nümayəndələri müvəqqəti Milli Şuranın
yaradıldığını elan ediblər və Şuraya sədrlik Məhəmməd Əmin Rəsulzadəyə həvalə olunub.
Bir gün sonra Milli Şuranın 26 üzvünün iştirak etdiyi ilk iclasda «İstiqlal Bəyannaməsi»
qəbul olunub. Beləliklə, 1918-ci il mayın 28-də Tbilisinin mərkəzində yerləşən bu
tarixi binada Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması rəsmən elan edilib. Yeni
yaranmış hökumət və Milli Şura iyunun 16-dək, yəni Gəncəyə köçürülənədək həmin binada
fəaliyyət göstərib.
Azərbaycan
nümayəndə heyətinin üzvləri bina ilə yaxından tanış olublar. Media təmsilçiləri
bir vaxtlar gərgin müzakirələrin aparıldığı "Güzgülü salon"da, sənədlərin
imzalandığı "Ağ salon"da və qərarların oxunduğu, iclasların keçirildiyi
"Qırmızı salon"da olub, binanın bağçasında xatirə fotosu çəkdiriblər.
Həmin
gün Azərbaycanın media təmçilçiləri və Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli
səfiri Dursun Həsənov Gürcüstan parlamentində olublar. Fondun icraçı direktoru Vüqar
Səfərli, eləcə də Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun
rəhbəri Əflatun Amaşov Azərbaycanın media nümayəndələrinin Tbilisiyə səfərinin məqsədi
barədə məlumat veriblər.
Fondun
icraçı direktoru Vüqar Səfərli iki strateji tərəfdaş ölkə arasında əlaqələrin daha
da möhkəmlənməsində kütləvi informasiya vasitələrinin rolunu xüsusi qeyd edib. İcraçı
direktor hər iki ölkənin media nümayəndələri arasında birbaşa əlaqələrin yaradılması,
informasiya mübadiləsinin təmin edilməsi üçün qarşılıqlı səfərlərin və tədbirlərin
təşkilinin vacibliyini bildirib.
Mətbuat
Şurasının sədri Əflatun Amaşov isə ikitərəfli əlaqələrin dinamik inkişafında parlamentlərin
rolunu xüsusi vurğulayaraq beynəlxalq tədbirlərdə hər iki ölkənin parlamentarlarının
taleyüklü məsələlərdə eyni mövqedən çıxış etmələrini yüksək qiymətləndirib.
Gürcüstanın
GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Gürcüstan-Azərbaycan
parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvü Giorgi Mosidze bildirib ki,
ölkəsi Azərbaycan ilə əlaqələrin bütün sahələrdə inkişafında maraqlıdır. O, deputatların
və KİV nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və intensivləşdirilməsi
üçün səylərini artıracağını bildirib.
Söhbət
zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Oktyabrın
19-da media təmsilçiləri səfərin təşkilinə hərtərəfli dəstək verən Azərbaycanın
Gürcüstandakı səfirliyində olublar. Qonaqlar əvvəlcə səfirliyin binasında
yaradılmış iş şəraiti ilə yaxından tanış olublar.
Səfir Dursun
Həsənov qonaqları səmimi salamlayaraq onlara səfirliyin diplomatik missiyası, habelə
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətləri barədə ətraflı məlumat verib.
Diplomat Azərbaycanın Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında
ilk yerlərdən birini tutduğunu xüsusi diqqətə çatdırıb. Azərbaycan dövlətinin bu
ölkədə yaşayan soydaşlarımıza hər cür qayğı göstərdiyini xüsusi qeyd edən səfir
Dursun Həsənov deyib: «Gürcüstanın ali məktəblərində təhsil alan yerli tələbələrin
əksəriyyətinin təhsil haqqı Azərbaycan dövləti tərəfindən ödənilir. Azərbaycan Təhsil
Nazirliyi Gürcüstandakı Azərbaycan dilli məktəblərin dərslik problemlərinin həlli
məqsədilə bu ölkəyə hər il minlərlə dərs vəsaiti göndərir. Azərbaycan dövlətinin
dəstəyi ilə Gürcüstanda bir neçə məktəb tikilib, onlarla məktəb əsaslı təmir olunaraq
soydaşlarımızın ixtiyarına verilib. Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərində
minlərlə soydaşımız işlə təmin olunub».
Fondun
icraçı direktoru Vüqar Səfərli öz növbəsində Azərbaycan jurnalistlərinin Gürcüstana
səfərinin məqsədi barədə məlumat verib, habelə səfərin təşkilinə verdiyi dəstəyə
görə səfir Dursun Həsənova və səfirliyin əməkdaşlarına təşəkkürünü bildirib.
Azərbaycan
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və səfirliyin birinci
katibi Vüqar Mustafayev çıxış edərək Gürcüstandakı soydaşlarımızı narahat edən bəzi
məsələlərin – xüsusilə də Azərbaycan dilində məktəblərin sayının azalması və
müəllim kadrların hazırlığı sahəsində bəzi problemlərin olduğunu vurğulayıblar.
Görüşdə «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət
Məmmədov, «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev, "İki Sahil"
qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Trend» İnformasiya Agentliyinin baş direktor
müavini Arzu Nağıyev, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli
çıxış edərək səfirliyin Gürcüstandakı soydaşlarımızın problemlərinə göstərdiyi diqqət
və qayğını yüksək dəyərləndiriblər. Media nümayəndələri səfirliklə ölkənin aparıcı
KİV-ləri arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli
təkliflər səsləndiriblər.
Görüşün
sonunda icraçı direktor Vüqar Səfərli Fondun xatirə hədiyyəsini səfir Dursun
Həsənova təqdim edərək Azərbaycanın Gürcüstandakı səfirliyi ilə ölkənin aparıcı
media qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün bundan sonra
da bütün zəruri tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.
Azərbaycanın
media təmsilçiləri daha sonra Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti
Muzeyini ziyarət ediblər. Muzeyin direktoru Leyla Əliyeva qonaqlara muzeyin fəaliyyəti,
habelə burada nümayiş olunan sənəd və eksponatlar barədə məlumat verib. Muzeylə
tanışlıqdan sonra media təmsilçiləri Tbilisi şəhərinin azərbaycanlı və gürcü icmalarının
nümayəndələri, habelə tanınmış politoloq və jurnalistlərlə görüşüblər.
Fondun
icraçı direktoru Vüqar Səfərli qonaqlara səfərin məqsədi barədə məlumat verərək
hər iki ölkənin media qurumları arasındakı əlaqələrin, habelə informasiya mübadiləsinin
genişləndirilməsinin zəruriliyini diqqətə çəkib.
Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru
Hikmət Məmmədov, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, hüquqşünas
Fərhad Musayev çıxış edərək Gürcüstan-Azərbaycan münasibətlərinin bütün
sahələrdə dinamik inkişaf etdiyini bildirib, habelə soydaşlarımızı qayğılandıran
məsələlərlə bağlı fikir və rəylərini bölüşüblər. Müzakirələr zamanı Gürcüstanın
və Azərbaycanın media qurumları arasındakı əməkdaşlığın gələcək perspektivlərinə
toxunulub.
Gürcüstan
Demokratik Hərəkatının təmsilçisi, politoloq Levon Çixeidze, Gürcüstan Strateji
Araşdırmalar İnstitutunun siyasi məsləhətçisi Gela Vasadze, Gürcüstan-Azərbaycan
ictimai və mədəni əlaqələr fondunun rəhbəri Tengiz Txilava, politoloq Simon Kopadze
və başqaları Azərbaycanla Gürcüstan arasında ictimai-siyasi, iqtisadi, mədəni və
humanitar sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.
Gürcüstanı təmsil edən politoloqlar ölkələrimizin etnik separatçılıq zəminində
20 faiz torpaqlarının işğal altında olduğunu xatırladaraq milli həqiqətlərin
dünyaya çatdırılması üçün birgə səylərin gücləndirilməsinin vacibliyini
vurğulayıblar.
Görüşün
sonunda Fondun icraçı direktoru Vüqar Səfərli Tbilisidəki M.F.Axundzadə adına
Azərbaycan Mədəniyyəti Muzeyinə Fondun xatirə hədiyyəsini təqdim edib.
Gürcüstanda səfərdə
olan media təmsilçilərinin oktyabrın 19-da Marneuli rayonunda yaşayan soydaşlarımızla
görüşü də maraqlı müzakirələrlə yaddaqalan olub. Fondun
icraçı direktoru Vüqar Səfərli soydaşlarımızı salamlayaraq bu ilin may ayında Azərbaycan
və Gürcüstanda ilk demokratik respublikanın yaranmasının 100-cü ildönümünün tamam
olduğunu xatırladıb. İcraçı direktor bu səfərin də məhz Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi ilə əlaqədar hazırlanmış Tədbirlər Planı çərçivəsində reallaşdırıldığını
söyləyib.
Milli Məclisin
deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, Azərbaycan
dövləti Gürcüstanda yaşayan soydaşlarımızın qayğıları ilə hər zaman yaxından maraqlanır
və həllinə dəstək verir. O bildirib ki, görüşün azərbaycanlıların yığcam yaşadıqları
Marneulidə kecirilməsində məqsəd həm də soydaşlarımızın problemləri ilə yaxından
maraqlanmaqdır.
Marneulidə
yaşayan azərbaycanlılar tədbirdə çıxış edərək Azərbaycan dilində orta
məktəblərin sayının ildən-ilə azalması, dərsliklərin çatışmazlığı, ixtisaslı pedaqoqların
azlığı kimi çətinliklərlə üzləşdiklərini vurğulayıblar. Fondun icraçı direktoru
Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşov imkan daxilində bu problemləri
Azərbaycanın aidiyyəti dövlət strukturlarının diqqətinə çatdıracaqlarını vurğulayıblar.
Azərbaycanın
Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
məsul əməkdaşı Cəmaləddin Quliyev, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev
və başqaları soydaşlarımızın qaldırdıqları məsələlərə münasibət bildiriblər. Diqqətə
çatdırılıb ki, Gürcüstan hökuməti bu ölkədə yaşayan soydaşlarımızın problemlərinə
diqqətlə yanaşır, onların həllinə çalışır. Azərbaycan dövləti də qarşılıqlı dostluq
və əməkdaşlıq şəraitində soydaşlarımızın problemlərinin həllində öz köməyini əsirgəmir.
Vurğulanıb ki, Azərbaycan dövlətinin bu qayğısı davamlı xarakter daşıyır və soydaşlarımızın
cəmiyyətə fəal inteqrasiya prosesinə bundan sonra da kömək göstəriləcək.
Səfərin
üçüncü günü – oktyabrın 20-də Azərbaycanın media təmsilçiləri Tbilisi şəhərində
görkəmli ictimai-siyasi xadim, yazıçı Nəriman Nərimanovun ev-muzeyini ziyarət
ediblər. Qonaqlara muzeydə nümayiş olunan eksponatlar, əşya və sənədlər barədə
ətraflı məlumat verilib.
Günün
ikinci yarısında media təmsilçiləri sərbəst qrafik əsasında Tbilisi şəhərinin tarixi
mədəniyyət abidələri və digər görməli yerləri ilə tanış olublar. Bununla da nümayəndə
heyətinin Gürcüstana səfəri başa çatıb.