• cümə, 26 Aprel, 08:23
  • Baku Bakı 12°C

Azərbaycanın koronavirusa qarşı mübarizə tədbirləri təqdir olunur

13.03.20 18:06 1803
Azərbaycanın koronavirusa qarşı mübarizə tədbirləri təqdir olunur
ÜST bildirir ki, Azərbaycan infeksiyanın geniş yayıldığı İranla həmsərhəd olsa da, öz ərazisini virusun yayılmasından qorumağı bacarır
Son vaxtlar dünya mediasının gündəmini yeni növ koronavirusun (COVID-19) yayılması xəbəri zəbt edib. Dünya Səhiyyə Təşkilatının martın 13-nə olan məlumatına görə, 2019-cu ilin dekabrında Çində baş qaldırmış yeni koronavirus artıq 127 ölkəyə yayılıb. Dünya üzrə koronavirusa 134 768 nəfər yoluxub (102 yeni yoluxma), 4983 nəfər ölüb (8 yeni ölüm), 70 387 nəfər isə sağalıb (1 300 yeni sağalanlar). Azərbaycan da dünyanın bir parçası olduğundan, xaricdə özünü göstərən virusun ölkəmizdə yayılmaması, vətəndaşların bu xəstəliyə yoluxmaması üçün müvafiq tədbirlər görülüb. Belə ki, Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib və nəzərdə tutulmuş tədbirlər həyata keçirilib. Qeyd olunan xəstəliyin yayılma coğrafiyasının geniş miqyası nəzərə alınaraq, Nazirlər Kabineti tərəfindən daha geniş əhatəli Tədbirlər Planı təsdiqlənib.
Azərbaycanda beynəlxalq standartlara cavab verən biotəhlükəsizlik laboratoriyaları tam gücü ilə paytaxtda, eləcə də regionlarda fəaliyyət göstərməyə başlayıb. Hansı ki, bu laboratoriyalar bir sıra xüsusi təhlükəli xəstəliklərin molekulyar diaqnostikası üzrə ixtisaslaşıb. Eyni zamanda koronavirus (COVİD-19) infeksiyasının yüksək həssaslıqla PZR metodu ilə təyini qısa zaman ərzində həyata keçirilib. Dövlətin qurduğu bu laboratoriyalar stasionar, səyyar və mobil tiplidir. Bu laboratoriyalarda həyata keçirilən diaqnostik metodlar, həmçinin koronavirusun təyini ÜST tərəfindən yüksək qiymətləndirilib. Bunlarla yanaşı, Məhz Prezident İlham Əliyevin göstərişi ilə koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. Qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub. Ölkə başçısının digər göstərişi ilə lazımi tədbirlərin görülməsi işinin daha sürətlə aparılması üçün əlavə 10 milyon manat vəsait ayrılıb. Ümumiyyətlə, ölkəyə giriş-çıxış ciddi nəzarətə götürülüb.
Bu yerdə onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycan və Dünya Səhiyyə Təşkilatı (DST) arasında uzunmüddətli səmərəli əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan DST-nin qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərini yüksək qiymətləndirir. DST-nin COVID-19 virusu ilə bağlı tövsiyələri Azərbaycan tərəfindən nəzərə alınır və tətbiq olunur. Dünya Səhiyyə Təşkilatının nümayəndə heyətinin Azərbaycana martın 9-dan 13-dək davam edən 5 günlük səfəri çərçivəsində ekspertlər Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təmsilçiləri ilə respublika və regional səviyyəli xəstəxanalara, həmçinin Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyalarına, Azərbaycan Tibb Universitetinə və sərhəd keçid məntəqələrinə baş çəkib, ölkədə koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlərlə tanış olublar. DST-nin saytında qurumun ekspertlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri barədə yerləşdirilmiş məlumatda ölkəmizin koronavirusun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirlər, eləcə də DST ilə əməkdaşlığı təqdir olunub.
Missiyanın məlumatında bildirilib ki, Azərbaycan COVID-19 infeksiyasının geniş yayıldığı İranla həmsərhəd olsa da, öz ərazisini virusun yayılmasından etibarlı qorumağı bacarır. Məlumatda Azərbaycanın DST-nin yeni koronavirusun yayılmasının qarşısını almaq üçün ən qabaqcıl laboratoriya dəstlərini alan 17 ölkədən biri olduğu da bildirilib. Məlumatda, həmçinin Azərbaycan hökumətinin qonşu ölkələrlə əlaqəli şəkildə COVID-19 virusunun dünyada yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə DST-nin "Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində "COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul etdiyi də bildirilib və bu qərar DST tərəfindən təqdir edilib. Bununla yanaşı, Azərbaycanın ÜST-nin laboratoriya müayinəsi dəstlərini alan 17 ölkədən biri olması da müsbət hadisə kimi qeyd olunub.
Milli Məclisin deputatı, ixtisasca həkim olan Musa Quliyev mövzu ilə bağlı bildirib ki, koronavirus epidemiyası hazırda bütün dünyanı narahat edən ciddi bir problemdir. O qeyd edib ki, Azərbaycanda dövlət tərəfindən koronavirusla mübarizə tədbirləri ən yüksək səviyyədə həyata keçirilir. M.Quliyev Azərbaycanda koronavirusla mübarizə üçün lazımi şəraitin, kifayət qədər dərman ehtiyatlarının mövcudluğunu, klinikaların buna hazır olduğunu vurğulayıb: "Bu məsələ Prezident İlham Əliyevin nəzarəti altındadır. Bilirsiniz ki, cənab Prezidentin tapşırığı ilə Nazirlər Kabinetinin yanında koronavirusla mübarizə ilə bağlı xüsusi qərargah yaradılıb və bu qərargah da xüsusi vəziyyət rejimində çalışır. Vətəndaşlara demək istərdim ki, heç kim təşvişə düşməsin, amma hər kəs ehtiyat tədbirini görsün. Mən bir həkim kimi deyirəm ki, təşviş, stress insanın ümumi immun sistemini zəiflədən faktorlardır. Ümumiyyətlə, stress keçirmək və təşvişə düşmək lazım deyil. Azərbaycanda koronavirus simptomları aşkar olunan şəxslər ciddi nəzarət altındadır və müalicələr qaydasında gedir”.
Alpər TURAN

banner

Oxşar Xəbərlər