Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi var

Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi var

Mədəniyyət
19 Noyabr 2019, 15:15 1576
Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi mövcuddur. Bu əlaqələr, birbaşa olaraq Azərbaycan Prezidentinin şəxsi himayəsi altında daim inkişaf edir və daha da möhkəmlənir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində UNESKO Baş Konfransının 40-cı sessiyasında iştirak edən İSESKO-nun baş direktoru, doktor Salim bin Mohamməd Əl-Malik söyləyib.
Ötən il Bakıda qeyri-maddi mədəni irsin qorunması üzrə Beynəlxalq QHT Forumunun əhəmiyyətinə toxunan İSESKO-nun baş direktoru deyib: "UNESKO-da mədəniyyət nazirlərinin forumu çərçivəsində Azərbaycan Mədəniyyət naziri ilə görüşümdən çox məmnunam. Birlikdə Azərbaycan və İSESKO arasında əməkdaşlıqdan danışdıq. Əməkdaşlığımızın ən vacib istiqamətlərindən biri Azərbaycanın da böyük önəm verdiyi mədəni irsin qorunması sahəsidir. Azərbaycanda mədəni irsin qorunmasına böyük diqqət verilir. Ötən il Bakıda keçirilmiş qeyri-maddi mədəni irsin qorunması üzrə Beynəlxalq QHT Forumu da bunun bariz nümunəsidir”.
Qeyd edib ki, görüşdə gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb. İSESKO çərçivəsində irsin qorunması ilə bağlı layihələr həyata keçirilməsi müzakirə olunub. Bu layihə vasitəsilə İslam dünyasında mədəni irsin qorunmasına birgə töhfə vermək olar.
"Düşünürəm ki, Azərbaycan regionun parlaq ulduzudur. Bakıya iki dəfə səfər etmişəm. Ölkədə tarixi irs, mədəni dəyərlər və müasir inkişaf meyllərinin vəhdəti məni heyran edib. Bakının küçələrində gəzərkən müasirliklə keçmişin ahəngi insanı valeh edir”,-deyə İSESKO-nun baş direktoru diqqətə çatdırıb.