• cümə, 26 Aprel, 10:38
  • Baku Bakı 12°C

Azərbaycanın informasiya və mənəvi sərhədləri etibarlı qorunmalıdır

13.02.20 18:20 1579
Azərbaycanın informasiya və mənəvi sərhədləri etibarlı qorunmalıdır
Prezident İlham Əliyev: "Milli dəyərlər, müstəqillik və müasirlik gələcək inkişafımız üçün çox önəmli amillərdir”
Prezident İlham Əliyev ötən gün Kürdəmirdə "ASAN xidmət” mərkəzinin açılışında iştirak etdikdən sonra ASAN könüllüləri ilə görüşüb. Könüllülərə müraciət edən dövlət başçısı ölkə maraqlarını müdafiə etmək üçün bir neçə önəmli amilin lazım olduğunu dilə gətirib. Bildirib ki, ilk növbədə, Vətən sevgisi, Vətənə və milli köklərə bağlılıq olmalıdır. Ölkəmizin gələcək taleyinin müasir, bilikli, istedadlı gənclərin əlində olacağını diqqətə çatdıran Prezident İlham Əliyev xalqımıza xas olan dəyərlərin nəsildən-nəslə ötürülməsinin, onların itirməməlisinin, qorunmasının vacibliyini vurğulayıb. Əlavə edib ki, indiki şəraitdə bunu etmək o qədər də asan deyil: "Çünki indi dünya qloballaşır, informasiya heç bir sərhəd tanımır, - bu da müsbət haldır, - amma bununla bərabər dezinformasiya da heç bir sərhəd tanımır, feyk xəbər anlayışı 5-6 il bundan əvvəl mövcud deyildi. İndi bu, həqiqətdir və bunu etiraf edənlər dünyanın aparıcı ölkələrinin dövlət başçılarıdır. Onlar da bundan əziyyət çəkirlər. Biz buna hazır olmalıyıq, xüsusilə, gənclər. Ona görə bilməliyik ki, bizim uğurlu inkişafımızı bizdən çox istəyən yoxdur və taleyimiz öz əlimizdədir. Artıq 30 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq və müstəqillik hər şeydən dəyərlidir. Milli dəyərlər, müstəqillik və müasirlik gələcək inkişafımız üçün çox önəmli amillərdir. Biz doqmatizmdən uzaq olmalıyıq. Doqmatizm hər bir cəmiyyətin inkişafına əsas əngəldir”.


Prezident İlham Əliyev Azərbaycanın strateji inkişaf yolunun milli dəyərlərin qorunması, müstəqilliyin möhkəmləndirilməsi, heç kimdən asılı olmamaq, uğurlu iqtisadi-sosial inkişaf, təhlükəsizlik, sabitlik, dünyaya açıqlıq və milli maraqların qorunması üzərində qurulduğunu söyləyib. O, Azərbaycanın dünyaya açıq ölkə olduğunu, xalqımızın qapalı şəraitdə yaşamadığını xatırladaraq, dünyada gedən proseslərin yaxından izlənməsinin, öz addımlarımızı buna uyğun atmağımızın zəruriliyini söyləyib. Eyni zamanda bildirib ki, Azərbaycan, onun informasiya, mənəvi sərhədləri qorunmalıdır. Elə möhkəm inşa edilməlidir ki, heç bir kənar qüvvə xalqımızın milli-mənəvi dəyərlərinə, ölkənin müstəqilliyinə xələl gətirə, gələcək uğurlu inkişafa mane ola bilməsin. Prezident deyib ki, gələcək nəsillər öz fəaliyyətlərini bu istiqamətdə qurmalı, təxribatlara uymamalı, bəzi beynəlxalq təşkilatların yalan məruzələrinə inanmamalıdırlar. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tarixində heç vaxt bu qədər müstəqil və azad olmayıb.


Mətbuat Şurasının sədri Əflatun Amaşovmövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti informasiyanın qlobal mahiyyətinə son dərəcə dərindən bələddir. O xatırladıb ki, dövlət başçısı İlham Əliyev Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə keçirilən görüşlərdə də bu barədə son dərəcə konseptual məqamları açıqlayıb: "Dövlət başçımızın ASAN könüllüləri ilə görüşdə səsləndirdiyi fikirlər bu baxımdan müstəsna əhəmiyyət daşıyırdı. Bəli, vacib məqam budur ki, gənclik Azərbaycan həqiqətlərinin təbliği üçün çalışmalıdır. Konkret nələri etməlidir? Gəlinən qənaət onu deməyə əsas verir ki, yalnız təbliğat aparılmamalı, eyni zamanda əks-təbliğat meyllərinə qarşı da gənclik səfərbər olmalıdır. Cənab Prezidentin informasiya təxribatlarına, yalan məlumatların yayılmasına, fake profillərin fəaliyyətinə diqqət yetirməsi də təsadüf deyil. Prezidentin səsləndirdiyi fikirlər dünyanın media ictimaiyyətini dərindən düşündürür. Biz iştirak etdiyimiz beynəlxalq konfranslarda, o cümlədən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının, Avropa Mətbuat Şuraları Alyansının illik toplantılarında mövzuya necə həssas yanaşıldığının şahidi olmuşuq”.


Şura sədri deyib ki, əslində Azərbaycan kimi ölkələri, qeyd edilən məsələ daha çox düşündürür: "Zaman-zaman ölkəmiz belə hallardan əziyyət çəkib. Əlbəttə, ilk növbədə mediamız bu cür xoşagəlməzliklərə münasibətdə səfərbər olmalıdır. Ancaq hazırkı dövrdə informasiya işi daha qlobal mahiyyət daşımaqdadır. Mövcud istiqamətdə gənclik də öz sözünü deməyi bacarmalıdır. Bunun üçünsə onun daha üstün savada malik olması, dinamikliyi, hadisə və proseslərə çevik yanaşması şərtdir. Prezident bildirdi ki, biz doqmatizmdən uzaq olmalıyıq. Hesab edirəm ki, dövlət başçımız son dərəcə ciddi əhəmiyyət daşıyan məqama toxunur. Çünki dünya dəyişir, dəyərlər, münasibətlər dəyişir. İstər-istəməz biz də dəyişirik. Yəni dəyişən dünyaya köhnə stereotiplərlə yanaşmaq geriliyə gətirir. Ancaq biz eyni zamanda milli dəyərlərimizi də qorumalıyıq. Bunun üçünsə malik olduğumuz dəyərlərin dünyaya təqdimatında yeniliklərə imza atmalıyıq. Dünyaya özümüzü anlatmalıyıq ki, dəyərlərimiz deqradasiyaya məruz qalmasın”.


Politoloq Elman NəsirovXXI əsrin informasiya əsri olduğunu diqqətə çatdıraraq qeyd etdi ki, bu əsrdə informasiyanı kim düz işləyirsə, informasiya və təhlükəsizlik məsələlərinə xüsusi önəm verirsə, bu məsələdə lazımi tədbirlər görürsə, heç şübhəsiz, o qalibdir: "Alman ekspertlərinin belə bir məşhur deyimi var: "Vacib informasiyaya malik olmaq, hakimiyyətə malik olmaq deməkdir. Vacib informasiyanı qeyri-vacib informasiyadan ayırmağı bacarmaq, bu, ikiqat hakimiyyətə malik olmaq deməkdir. Vacib informasiyanı yaymaq və yaxud yaymamaq, susmaq qabiliyyəti, bu, üçqat hakimiyyətə malik olmaq deməkdir”. Yəni bütün bunlar onu göstərir ki, həqiqətən də əsrimiz informasiya əsridir. Bu əsrdə informasiyanı kim düz işləyirsə, kim informasiya və təhlükəsizlik məsələlərinə xüsusi önəm verirsə, bu məsələdə lazımi tədbirlər görürsə, heç şübhəsiz ki, o qalibdir. Bu nöqteyi-nəzərdən Prezident İlham Əliyevin Kürdəmirdə "ASAN xidmət” mərkəzinin açılış mərasimində və xüsusilə, gənclərlə görüşündə səsləndirdiyi fikirlər xüsusi məna kəsb edir. İnformasiya təhlükəsizliyi, informasiya baxımından sərhədlərimizin qorunması, mənəvi təhlükəsizlik məsələləri, milli-mənəvi dəyərlərimizin qorunması, onlara xaricdən məqsədyönlü şəkildə olan müdaxilələrin qarşısının alınması, vətənpərvər, savadlı, bilikli gənclərin yetişdirilməsi və sair heç şübhəsiz ki, ölkənin həm informasiya, həm də mənəvi, milli təhlükəsizliyinin mühüm komponentləridir. Cənab Prezident bu kimi məsələlərə diqqət ayırmaqla, əslində bir daha onu nümayiş etdirir ki, yeritdiyi bu siyasətin sayəsində ölkəmizdə sözün həqiqi mənasında sabitlik hökm sürür, təhlükəsizlik mühiti formalaşıb və güclənməkdədir. Xalq da bunu görür, qiymətləndirir və dəyərləndirir. Bu səbəbdən də, Azərbaycanda səfərbər olunmuş cəmiyyət, vətəndaş həmrəyliyi hökm sürür”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər