“Azərbaycanın bütün hava limanlarında bütün aviaşirkətlər üçün zəruri şərait və əlverişli şərtlər yaradılıb”
Aşağı büdcəli
("lou-kost”) hava nəqliyyatı şirkətlərinin fəaliyyəti müntəzəm olaraq xaricə uçmaq istəyən, səyahəti hobbisinə çevirən, tez-tez
işgüzar səfərlərə və ya istirahətə yollanan, təhsil məqsədi və s. işlərlə
əlaqədar ölkədən kənara üz tutan insanların ikiəlli alqışladığı nüansdır.
Bu, rəqabətin gücləndirilməsi və uçuşların sayının artırılması, xüsusən qısa məsafəli
məntəqələrə təyyarə biletlərinin qiymətinin aşağı salınması üçün əlverişli
mühit formalaşdırmağa xidmət edir. Hazırda ölkəmizdə bu fəaliyyəti "Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin struktur
bölməsi kimi "Buta Airways” həyata keçirir. Vətəndaşlarımız isə Azərbaycanın
yeganəloukoster şirkəti olan "Buta”nın uçuş istiqamətlərinin çoxalmasını arzulayırlar.
Belə ki, Avropa ölkələrinə uçuşlar üçün Tbilisi-Kutaisidən uçuşları həyata
keçirən hava şirkətlərinin xidmətindən deyil, elə Bakıdan – milli aviadaşıyıcı
vasitəsilə həyata keçirmək istəyirlər. Sosial şəbəkələrdə yazılan rəyləri və
ümumən tez-tez səfər edən insanların fikirlərini nəzərə alsaq, onlara görə
"Buta”nın fəaliyyəti az sayda ölkələrlə məhdudlaşır. Belə ki, iş, təhsil,
turizm və s. məsələlərlə bağlı Avropaya gedib-gələnlərin sayı daha çoxdur və bu
tələbat günü-gündən artır. Bəs tələbatı qarşılamaq üçün hansı addımlar atılır?"Azərbaycan Hava
Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski
"Kaspi”nin suallarını cavablandırıb:
-
Yaxın vaxtlarda Avropa ölkələrinə loukost reyslərin açılması nəzərdə
tutulurmu?
-
Hal-hazırda "Buta Airways” 17 istiqamətə və 6 ölkə ərazisinə uçuşlar
həyata keçirir. İstiqamətlərin seçimi zamanı ölkə əhalisinin daha çox tələbatı
olan istiqamətlərə reyslərin açılması prioritet götürülür.Məhz bu
səbəbdən Türkiyənin, Rusiyanın, Gürcüstanın və Ukraynanın bir neçə şəhərləri
istiqamətində müntəzəm uçuşlar həyata keçirilir. 2019-cu ildə "Buta Airways” Ankara, Ufa, Xarkov, Odessa,
Batumi və Həştərxan şəhərləri istiqamətində müntəzəm uçuşların yerinə
yetirilməsinə başlayıb. Avropa istiqamətində vətəndaşlarımız tərəfindən yüksək
tələbat olduğu halda (Şengen vizasının daha da sadələşdirilmiş qaydada ölkə
vətəndaşlarına təqdim olunması və s.) bu istiqamət üzrə uçuşların yerinə
yetirilməsi aktual ola bilər. Onu da qeyd edək ki, hazırda Macarıstanın loukost
aviaşirkəti "Wizz Air” Bakıdan Budapeştə və əks istiqamətə uçuşlar həyata
keçirir.
-
Turizimçilər ölkəyə turist cəlbi üçünaeroportların
loukosterlərə daha çox açılması təklifində nə qədər haqlıdırlar?
-
Şübhəsiz ki, ölkədə turizmin inkişafı bir çox amillərdən, o cümlədən
rahat və sərfəli nəqliyyat əlaqələrinin mövcudluğundan asılıdır. "Buta Airways”
aviaşirkətinin yerinə yetirdiyi uçuşlarda böyük sayda turistlərin səyahət
etdiyinin şahidi oluruq və məhz uçuşlarımızın sərfəli qiymətləri sayəsində,
istiqamət seçimi zamanı turistlər bizim ölkəmizi səfərləri üçün seçirlər. O ki
qaldı aeroportların loukosterlərə daha çox açılmasına, qeyd etmək istəyirik ki,
hava limanlarının loukosterlərə açılması bizim üçün bir təklif deyil, bu, bizim
rəhbər tutduğumuz fəaliyyət prinsiplərimizdən biridir. Belə ki, "Azərbaycan
Hava Yalları” QSC rəhbərliyinin dəfələrlə ictimaiyyətə açıqlamasında qeyd
etdiyi kimi, bizim hava limanlarımız bütün aviaşirkətlərə açıqdır və
loukosterlərin burada xüsusi yeri vardır.
-
Bölgə aeroportlarında loukosterin fəaliyyəti nəzərdə tutulurmu?
-
Azərbaycanın bütün beynəlxalq hava limanları xarici aviadaşıyıcılar
və loukosterlər üçün açıqdır və biz bütün aviaşirkətləri həm Bakıdan, həm də
regionlardan uçuşlar həyata keçirməyə dəvət edirik. Bununla bağlı məhdudiyyət
yoxdur. Bildiyiniz kimi, paytaxt Bakı şəhərindəki Heydər Əliyev Beynəlxalq
Aeroportundan başqa, bölgələrimizdə 5 beynəlxalq - Gəncə, Naxçıvan, Qəbələ, Lənkəran və Zaqatala hava
limanları var. Öncəki sualın cavabında da qeyd olunduğu kimi, bütün hava
limanlarımız aşağı büdcəli aviaşirkətlərlə işləməyə tam hazırdır. Bundan əlavə,
bölgələrə uçuş həyata keçirən həm klassik aviaşirkətlər, həm də loukosterlər
üçün xüsusi stimullaşdırıcı xidmət paketləri tətbiq edilməkdədir. Öncəki yaz
mövsümündə bölgələrdə yerləşən hava limanlarından "Ural Airlines”,
"Utair”, "Flydubai”, "Air Arabia”, "Fly Baghdad” loukost şirkətləri
vasitəsilə sərnişin daşımaları həyata keçirilmişdir. Bundan başqa qeyd etmək
istəyirik ki, hazırda "Buta Airways” aviaşirkəti Gəncə-Moskva-Gəncə
istiqamətində müntəzəm uçuşlar həyata keçirir. Xüsusilə yeni xarici
aviaşirkətlərin Azərbaycana cəlb edilməsi istiqamətində davamlı tədbirlərin
mütəmadi aparıldığını bildirmək istərdik. Belə ki, əldə edilmiş razılaşmaya
əsasən, yaxın zamanda Hindistanın "İndiGo” və Küveytin "Kuwait Airways”
aviaşirkətləri Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlara başlayacaqlar.
Bundan əlavə, Rumıniyanın "Tarom”, Polşanın "LOT”, Yaponiyanın "ANA”, Cənubi
Koreyanın "Korean Air”, Malaziyanın "Malaysia Airlines”, Rusiyanın "Pegas” və
"Smartavia” aviaşirkətləri ilə ölkəyə uçuşların açılması məqsədilə danışıq və
məsləhətləşmələr aparılmaqdadır. Həmin tədbirlər sırasında fəaliyyətimizin
digər istiqaməti Azərbaycanda artıq fəaliyyət göstərən xarici aviaşirkətlərin
uçuşlarının sayının artırılması və məntəqə əhatəsinin genişləndirilməsidir ki,
bu sahədə də zəruri addımlar atılır və tezliklə nəticələri olacaq.
-
İnsanlarımız Gürcüstan yolu ilə, konkret Kutaisi aeroportu
iləAvropanın müxtəlif ölkələrinə ucuz daşıyıcılar vasitəsilə gedirlər. Bu
xidməti öz ölkəmizdə tətbiq etmək mümkün deyil?
- Yuxarıda qeyd olunduğu kimi, "Buta Airways” aviaşirkətinin
istiqamətlərinin seçimində ölkə əhalisinin daha çox tələbatı olan istiqamətlərə
üstünlük verilir. "Buta Airways”
aviaşirkətinin aşağı qiymətlər ilə müxtəlif aktual istiqamətlərdə uçuşlar
yerinə yetirməsi, sərnişinlərin digər hava limanları vasitəsilə tək Avropa
deyil, həmçinin digər ölkələrə rahat və sərfəli qiymətlər ilə calanma
uçuşlarına aviabiletlər əldə etmək imkanı verir və sərnişinlərimiz bundan
faydalanırlar. Bundan əlavə, Azərbaycanın bütün hava limanlarında bütün
aviaşirkətlər üçün zəruri şərait və əlverişli şərtlər yaradılıb. Bunun bariz
nümunəsi kimi "Buta Airways” ilə yanaşı, Heydər Əliyev Beynəlxalq Aeroportunda
fəaliyyət göstərən "Flydubai”, "Jazeera Airways”, "Wizz Air”, "Air Arabia”
loukost aviaşirkətlərini göstərə bilərik. Hazırda mövcud olan marşrutlar
siyahısına iyun ayından etibarən İzmir istiqaməti üzrə "Pegasus” loukost
şirkətinin uçuşları da əlavə olunacaq.Bir faktı da
vurğulamaq istərdik ki, Azərbaycan hava limanları sərnişin dövriyyəsinə görə
Gürcüstanın hava limanlarından heç də geri qalmır, əksinə sərnişinlərinin
sayına görə onları üstələyir. Misal üçün, 2019-cu ilin ilk dörd ayı ərzində
Azərbaycanın bütün beynəlxalq aeroportları 1 milyon 45 min sərnişinə xidmət
göstərmişdir ki, bu da Cənubi Qafqaz ölkələrinin bütün aeroportları arasında
rekord göstəricidir. Onu da qeyd edək ki, sərnişinlərin 1 milyon 23 min nəfəri
təkcə Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşmüşdür.
Təranə
Məhərrəmova