• cümə, 26 Aprel, 20:22
  • Baku Bakı 22°C

Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək cəhdinin iflasa uğrayacağı şübhəsizdir

30.04.18 21:24 936
Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək cəhdinin iflasa uğrayacağı şübhəsizdir
Azərbaycan dövlətinin müxtəlif beynəlxalq təşkilatlarda təmsil olunması Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə nail olmaq məqsədi daşıyıb. Lakin ötən müddət ərzində ölkəmizə düşmən olan qüvvələr bəzi beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə kampaniyalar aparıb, hesabatlar hazırlayıb. Bir neçə gün öncə Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) qəbul edilən hesabat da məhz Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq niyyəti güdürdü. Ölkə ictimaiyyəti bu yalan və böhtan xarakterli "sənəd”lə bağlı artıq öz etirazını gündəmə gətirib.
Bu günlərdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da AŞPA-da başladılan yeni anti-Azərbaycan kampaniyasına münasibət bildirib. O qeyd edib ki, Qərbdə Azərbaycana qarşı ardıcıl və məqsədyönlü şəkildə fəaliyyət göstərən dairələr, onların nəzarətində olan təşkilatlar və media orqanları ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində daha da fəallaşır və ciddi-cəhdlə həm Azərbaycanı, həm də həmin tədbiri qaralamağa çalışırlar: "2018-ci il başlayandan Azərbaycan bir çox beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edib, ölkənin həyatında mühüm əhəmiyyət kəsb edən hadisələr baş verib. Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ekspertlərin tam əksəriyyəti tərəfindən cənab İlham Əliyevə etimad referendumu kimi dəyərləndirilib. Seçkilərdən sonra yeni hökumətin formalaşdırılması istiqamətində atılan addımlar cəmiyyət tərəfindən olduqca pozitiv qarşılandı. Biz ilk müsəlman demokratiyasının qurulmasının 100 illiyini qeyd edirik, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımının bir əsrlik tarixinə beynəlxalq platformalarda hüquqi-siyasi qiymət verilməsi üçün ciddi kampaniya təşkil olunub. Azərbaycanın liderliyi ilə həyata keçirilən "Cənub Qaz Dəhlizi” layihəsinin bəzi komponentləri üzərində işlər yekunlaşır və bir müddət sonra TANAP-ın açılışını qeyd edəcəyik. Mühüm geostrateji əhəmiyyətə malik nəqliyyat layihələrinin həyata keçirilməsi ilə bağlı çox əhəmiyyətli qərarlar qəbul olunub və bu istiqamət üzrə işlər uğurla davam etdirilir. "Formula l” yarışlarını izləyən dünya idmansevərləri həm də müasir Bakının möhtəşəmliyindən öz təəccüblərini gizlətmirlər. Baxın! Bu tədbirlər 2018-ci ilin dörd ayında baş verib”.
Prezidentin köməkçisi qeyd edib ki, məhz bu mənzərə - bir tərəfdə güclü və öz inkişafını uğurla davam etdirən Azərbaycan, digər tərəfdə də siyasi kataklizmlər burulğanında çabalayan, sabaha heç bir ümidi olmayan Ermənistan reallığı xarici anti-Azərbaycan dairələri ciddi narahat edir: "Əminəm ki, böyük maliyyə sərfiyyatı hesabına başa gələn "söyüş kampaniyasının” səmərəsizliyi də onların yuxusunu ərşə çəkib. Məhz belə bir məqamda anti-Azərbaycan fəaliyyəti dəfələrlə sübut edilmiş bəzi Qərb QHT-ləri və mediası tərəfindən irəli sürülən subyektiv mülahizələr əsasında AŞPA-da növbəti kampaniyanın başlanması heç də təəccüblü görünmür və təsadüfi xarakter daşımır. Qərbin bir sıra transmilli nəşrlərində xüsusi səhifələr alaraq "araşdırmalarını” dərc edən OCCRP şəbəkəsinin və onun arxasındakı qüvvələrin nə istədiyini anlayırıq. Onlar qlobal miqyasda səs salan, iri ölçülü siyasi xəritədə nəzərə çarpan kiçik bir dövlətin müstəqil siyasətini qəbul etmək istəmirlər. Keçmiş sovet periferiyasının – Azərbaycanın öz milli sərvətlərinə sahib çıxması, güclənməsi və beynəlxalq aktora çevrilməsi həmin dairələri məmnun etmir”.
Administrasiya rəsmisi vurğulayıb ki, artıq daxildəki "5-ci kolon” vasitəsilə iğtişaşlar təşkil etmək, qarışıqlıq salmaq və Azərbaycanı fakt qarşısında qoymaq, onu güzəştə məcbur etmək mümkün deyil: "Azərbaycan Qərbin qonşu dövlətlərlə bağlı apardığı kampaniyaların, sanksiyaların heç birinə qoşulmur, öz ərazisindən bu və ya digər ölkəyə qarşı platsdarm kimi istifadə edilməsinə imkan vermir”.
Ə.Həsənov bildirib ki, istənilən dövlətin xarici siyasətində milli mənafelər naminə diasporun və xaricdəki mənafe qruplarının gücündən istifadə etmək istiqaməti mühüm yer tutur: "Lobbiçilik Qərb siyasətinin dünyaya tanıtdığı fəaliyyətdir. Qərb ölkələrinin bir çoxunda, məsələn ABŞ-da bu fəaliyyət qanunla tənzimlənir. ABŞ xaricdə həmin məqsədlər üçün ildə 200 milyard dollardan çox vəsait xərcləyir. Avropa İttifaqı "Şərq tərəfdaşlığı” proqramı da daxil olmaqla siyasət, təhsil, QHT sahəsinə aid layihələrə yüz milyonlarla avro sərf edir. Azərbaycan da eyni yolu gedir, ölkəmizdə iqtisadi maraqları olan şirkət və qurumların, enerji və nəqliyyat dəhlizləri siyasətindən bəhrələnən dövlətlərin gücündən istifadə edir, ayrı-ayrı siyasətçilər, media strukturları, QHT-lər, parlament fraksiyaları ilə işləməyə can atır. Heydər Əliyev Fondu, AİDA xəttilə mühüm layihələr həyata keçirilir, ölkənin imici naminə beynəlxalq tədbirlərə ev sahibliyi edilir. Azərbaycan beynəlxalq təşkilatlarla iş aparmamalıdırmı? Gələn qonaqlar ac yola salınmalıdırmı? Onlara ölkəmizin simvolu olan suvenirlərin təqdim edilməsində nə qəbahət var?
Ermənipərəst "People in Need”, eləcə də "Freedom House”, "Amnesty International” və "Human Rights Watch” kimi təşkilatların maliyyələşməsində xüsusi rolu olan "Carnegie Corporation”ın rəhbərliyi erməni diasporunun nümayəndələrindən ibarətdir. Dövlət katibi olarkən öz kabinetini anti-Azərbaycan kampaniyaları üçün qərargaha çevirmiş Con Kerri də bu gün "Carnegie Corporation”da ekspert kimi çalışır. Nədən ermənilərin lobbi fəaliyyətinə Qərbdə "yaşıl işıq” yandırılmalı, amma Azərbaycan dövlətinin özünü müdafiə etmək haqqı tanınmamalıdır? Əgər Azərbaycan beynəlxalq arenada öz maraqlarını müdafiə etmək üçün fəal siyasi və iqtisadi qruplardan, sağlam düşüncəli nüfuzlu şəxslərdən istifadə edirsə, bunun nəyi pisdir? Bəs formalaşdırılmış lobbi Azərbaycan üçün hansı işlər görüb? Avropanın müxtəlif strukturlarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiyədək qəbul etdiyi sənədlərin sadəcə sadalanması kifayət qədər yer və zaman alardı. Bu uğurda həm Azərbaycan diplomatiyasının, həm də diasporun böyük əməyi var. İlk dəfə belə sənədlər qəbul ediləndə, o zaman AŞPA-dakı erməni nümayəndə heyəti və Ermənistan xarici siyasət idarəsinin uzun müddət hansı şok yaşadığını nə tez unutduq?
2013-cü ildə iflasa uğramış bədnam "Ştrasser layihəsi”nin şokunu yaşayanlar AŞPA-dakı "korrupsiya hesabatı”ndan sonra yenidən "siyasi məhbus” məsələsində qisasa və revanşa hazırlaşırlar. Bu, Azərbaycana, onun milli maraqlarına qarşı qurulmuş növbəti məkrli oyundur. Necə düşünürsünüz, dövlət öz mənafeyini qorumalı deyilmi? Biz xarici anti-Azərbaycan dairələrin məqsədlərini başa düşürük, ancaq Azərbaycandan olan və bu kampaniyalara dəstək verənləri, o qarayaxmalarda yer alanları anlaya bilmirik. Həmişə erməni lobbisinin fəaliyyətini nümunə göstərərək Azərbaycanı öz gücünə iqtisadi lobbi, siyasi dəstək qrupları formalşdırmamaqda ittiham edənlərin bugünkü əks-mövqeyini məntiqlə izah etmək mümkün deyil. Biz ölkə daxilindəki opponentlərdən "niyə Azərbaycan lobbisi Avropa strukturlarında, Qərb dövlətlərinin parlamentlərində, beynəlxalq strukturlarda azdır?”, "niyə bu və ya digər Qərb ölkəsində ictimai rəyə təsiri olan qurum, QHT, düşüncə mərkəzi Azərbaycan lobbisinə çevrilməyib?” suallarını eşitmək istəyirik. Bunun qısa cavabı da var. Birincisi, lobbini yaratmaq kifayət qədər böyük zaman və gərgin fəaliyyət tələb edir. Cənab Prezidentin son təyinatlarının bu işi daha da sürətləndirəcəyinə heç bir şübhə yoxdur. İkincisi, bəzən diaspor və lobbi quruculuğuna dəstək göstərməli olan bəzi şəxslər sadəcə xəyanət yolu tutmuşlar”.
Prezidentin köməkçisi Ə.Həsənov əlavə edib ki, Avropa Şurası yanında səfir postu kimi yüksək vəzifə tutan diplomat indi AŞPA və digər Avropa strukturlarına Azərbaycanın lobbi fəaliyyəti barədə gizli şikayət-donos göndərməsi haqda "qürurla” danışır: "Çox mühüm səbəb budur - lobbi qurmalı olanlardan bəziləri bu işin önünü kəsmək üçün hətta xəyanəti belə göz önünə almışlar. Lobbi quruculuğuna yardım edəcək bəzi diaspor nümayəndələri isə Qərbin formalaşdırdığı "iaşə müxalifəti”nə çevrilib və Azərbaycan dövlətinə qarşı erməni lobbisi ilə birlikdə mübarizə aparırlar. Həmin "iaşə müxalifəti” AŞPA-da ermənipərəst "People in Need” təşkilatının dinləmələrində canfəşanlıq edir. Ancaq nə qədər acınacaqlı görünsə də, opponentlər bizi lobbinin zəifliyində deyil, ümumiyyətlə lobbi fəaliyyətini təşkil etməkdə günahlandırırlar. Avropanın bəlli çevrələrindən bəhrələnən radikal müxalifətin xalqın heysiyyatına hesablanmış və XIX əsrə xas "vaveyla, şəriət əldən getdi” tərzdə şüarı, hətta hansısa oteldə baş verən hadisəyə görə hakimiyyəti ittiham etməsi onların populizminin və primitivliyinin göstəricisidir. Əvvəla, Pedro Aqramuntun məlum açıqlaması bu iddialara çox tutarlı cavab oldu. Digər tərəfdən isə, bir müddət əvvəl "niyə otellərdə cütlüklərdən sənəd tələb olunur” deyənlərin bu gün tam əks fikir səsləndirməsi onların sadəcə manipulyasiya həvəskarı olduğunu təsdiq edir. İndi sadə bir suala cavab istəyirəm: əgər hər hansı oteldə hansısa xoşagəlməz hadisə baş veribsə, kimsə kiməsə nə isə təklif edibsə, bunda hakimiyyəti ittiham etmək nə dərəcədə düzgündür?”
Administrasiya rəsmisi vurğulayıb ki, bəzi ölkələrin nümunəsinə uyğun olaraq, opponentlərimizdən milli məsələlərdə sağlam düşüncə, obyektiv mövqe gözlənilir: "Siz hakimiyyətə qarşı müxalif ola bilərsiniz, amma dövlət və xalqa qarşı müxalifətçilik heç bir dövrdə və heç bir xalqın tarixində təqdir olunmayıb. Görünür, xarici dairələr hakimiyyət opponentlərinin xidmətlərindən yararlanmaqla Azərbaycan dövlətini gözdən salacaq ictimai narazılıq formalaşdırmağa can atırlar. Lakin əminliklə deyə bilərik ki, əvvəllər olduğu kimi, bu süni ajiotaj yaratmaq cəhdi də uğursuzluğa məhkumdur. Azərbaycan əməkdaşlığa, tərəfdaşlığa açıq ölkədir, lakin heç vaxt təzyiq, şantaj, təhdid siyasətini qəbul etməyib və etməyəcək. Buna görə də belə cılız kampaniyalarla Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək cəhdinin iflasa uğrayacağı heç bir şübhə doğurmur”.
AŞPA-da Azərbaycan əleyhnə aparılan kampaniya ilə bağlı ölkəmizin qurumdakı nümayəndə heyətinin açıqlamaları da oldu. Eyni zamanda ayrı-ayrı millət vəkilləri anti-Azərbaycan qüvvələrin fəaliyyətinə münasibət bildirib.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, müstəqil Azərbaycan dövləti həm dünya miqyasında, həm də daxildə yeritdiyi siyasi xəttində əmin və qətiyyətlidir: "Biz bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun AŞ PA-nın ölkəmizlə bağlı hesabatına bildirdiyi fikirlərdə də gördük. Bu, son dərəcə mühüm mesaj, Azərbaycana təzyiq yolları axtaran qüvvələrə qarşı tutarlı cavab, prinsipial mövqe nümayişidir. Əli Həsənovun "görünür, məhz bu mənzərə - bir tərəfdə güclü və öz inkişafını uğurla davam etdirən Azərbaycan, digər tərəfdə də siyasi kataklizmlər burulğanında çabalayan, sabaha heç bir ümidi olmayan Ermənistan reallığı xarici anti-Azərbaycan dairələri ciddi narahat edir” fikirləri, əslində Qərb dünyasının zaman-zaman Azərbaycana münasibətdə ortaya qoyduğu siyasətin mühüm göstəricisini açıqlayır. Bəli, Qərbin bəzi dairələri hər zaman Cənubi Qafqaz regionuna vahid orqanizm kimi yanaşır. Bu yanaşmada müstəqil dövlət anlayışı yoxdur. Yalnız iqtisadi maraqlar var. Azərbaycan inkişaf edirsə, stabildirsə, burada asayiş qorunursa, əksinə, Ermənistan siyasi böhran burulğanındadırsa və Ermənistanı Azərbaycan kimi sabit mövqeyə çıxarmaq mümkün deyilsə, üstəlik, Azərbaycan gücləndikcə işğalçı Ermənistanın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi zəifləyirsə, deməli, hansısa formada Azərbaycanın yüksələn xəttinə ləkə gətirmək lazımdır. Hesab edirəm ki, Əli müəllim məhz bu məqamı əsaslandırılmış arqumentlərlə diqqətə çatdırıb.
Cənab Həsənovun fikirlərindən hasil olan qənaət onu da deməyə əsas verir ki, Azərbaycanın diaspor və lobbi fəaliyyətində yeni mərhələ başlanmalıdır. Şübhəsiz, bu, çox yaxın zamanda özünün əməli nəticələrini verəcək. Deməli, mövcud istiqamətdə görüləcək işlərin daha fundamental şəkildə gerçəkləşdirilməsi mütləqdir. Diaspor təşkilatlarımızın aktivliyi o həddə çatdırılmalıdır ki, onlar xaricdə aparılan anti-Azərbaycan kampaniyasına tutarlı əks reaksiya ortaya qoya bilsinlər”.
Ə.Amaşov qeyd etdi ki, istər AŞPA-nın məlum hesabatı, istər 11 aprel prezident seçkiləri ərəfəsində başlanılmış və dövlət idarəçiliyinə qarşı xaotik münasibəti stimullaşdırmağa hesablanmış "söyüş kampaniyası”, istərsə də daha əvvəlki illərdə ölkəmizə qarşı seçilmiş qərəzçilik xətti bu sahəyə diqqətin artırılmasını tələb edir: "Əli müəllim bu baxımdan problemləri sadalayıb, həmçinin diplomatiyamızla yanaşı, diaspor təşkilatlarımızın Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasındakı uğurlarının gələcək fəaliyyət üçün baza rolunu oynadığını da əsaslandırıb”.

Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər