• şənbə, 27 Aprel, 03:04
  • Baku Bakı 14°C

Azərbaycanın adını göylərə qaldırmalıyıq

11.06.15 11:16 2098
Azərbaycanın adını göylərə qaldırmalıyıq
Alim Qasımov: “Avropa Oyunlarının açılış mərasimində mənim ifamda maraqlı bir şou olacaq”
“Muğam elə bir dünyadır ki, istənilən əcnəbini sehirləyə, onu öz təsir dairəsinə sala bilir. Ona görə də muğamımız müqəddəsdir. Hər fürsətdə onu layiqincə təmsil etmək lazımdır”. Bu sözləri Azərbaycanın xalq artisti, görkəmli muğam ustası Alim Qasımov deyir. Birinci Avropa Oyunlarının məşəlçilərindən olan muğam ustası “Kaspi” qəzetinə müsahibəsində maraqlı detallara toxunub. Odur ki, birbaşa mətləbə keçək:
- Alim müəllim, Azərbaycanda keçirilən birinci Avropa Oyunlarına müasibətinzi öyrənmək maraqlı olardı.
- Sevirnirik ki, Avropa Oyunları dünyada ilk dəfə olaraq Azərbaycanda keçiriləcək. Bu, çox əlamətdar hadisədir. Əcnəbilərə öz qonaqpərvərliyimizi göstərəcəyik. Prezidentimizin də, birinci xanımımızın da üzü ağ olacaq. Bu hadisə hər bir azərbaycanlını sevindirməlidir. Ölkəmiz buna tam hazır vəziyyətdədir. Biz xarici qonaqları necə lazımdır, elə də qarşılayıb yola salacağıq. Ümumiyyətlə, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı ürəyimdəki bütün xoş sözləri demək istərdim, amma buna vaxt çatmaz.
Avropa Oyunları ilə bağlı görülən bütün işlərə dövlət başçımız İlham Əliyev və Mehriban xanım Əliyeva nəzarət edir. Onların dəstəyi ilə Avropa Oyunları ölkəmizdə möhtəşəm şəkildə baş tutacaq. Onlar bu gün idmana, sənətə, uşaqlara və bütün sahələrə xüsusi diqqət göstərirlər. Allah həmin insanları həmişə var eləsin. I Avropa Oyunları Azərbaycana ilk növbədə hörmət gətirəcək. Mən istənilən yerə gedəndə bu oyunlar haqda danışıram. Çünki o, Azərbaycan adlı evimizə qonaq gəlir. Buna görə çox sevinirəm. Bu yarışdan sonra ölkəmizin şöhrəti dünyanı dolaşacaq. Gəlin, kin-küdurəti unudaq, qonaqları elə qarşılayaq ki, şad-xürrəm qayıtsınlar. Öz idmançılarımıza da uğurlar diləyirəm. Qoy yarışlarda layiqli yerlər tutsunlar. Onsuz da hamı bilir ki, bir çox ölkə bizi istəmir, inkişafımıza paxıllıq edir. Buna görə də belə tədbirlərlə Azərbaycanın adını göylərə qaldırmalıyıq.
- Məşəlin paytaxtımıza gətirildiyi gün siz də məşəlçilər sırasında idiniz. Hansı hissləri keçirdiniz?
- Bəli. Həmin gün mənim üçün ən xoş günlərdən biri idi. Çox sevincli idik. Biz yaşlı sənət əhlinə belə münasibət göstəriləndə, daha artıq həvəslə işləyirik. Çox sağ olsun cənab prezidentimiz ki, bizi də bu şərəfə layiq gördü, bizi şərəfləndirdi. O, paytaxtda qarşıladığı məşəli bizlərə ötürərək ölkəsinin sənət adamlarına olan münasibətini bir daha göstərdi. Bu, sənətkar, yaradıcı adam üçün çox şərəfli bir hissdir. Məşəli daşıyarkən izləyici olan yüzlərlə vətəndaşımız bizi də alqışladı. Sevinc hisləri onların gözlərindən, hərəkətlərindən duyulurdu. Ayın 12-də birinci Avropa Oyunlarının açılış mərasimi olacaq. Hər birimiz inanırıq ki, açılış tədbiri çox möhtəşəm olacaq və uzun illər yaddaşlarda qalacaq. Arzumuz budur ki, idmançılarımız da oyunlarda layiqli yerləri tutsunlar, qızıl və gümüş medalların çoxu ölkəmizdə qalsın.
- Azərbaycanın ev sahibliyi etdiyi əksər beynəlxalq tədbirlərdə mütləq şəkildə muğama yer verilir. Bu zaman isə Alim Qasımovun adı ön sıralarda çəkilir...

- Doğrudur. Mənə göstərilən bu hörmətə, etimada görə dövlətimizə, dövlət başçımıza öz minnətdarlığımı bildirirəm. Dünyanın Azərbaycan muğamını dinləməsi, onun haqqında məlumatlanmasından gözəl heç nə ola bilməz. Əksər ölkələrdə olmuşam, muğam konsertləri ilə çıxış etmişəm. Bilirəm ki, xaricilər Azərbaycan muğamını necə qarşılayırlar, bəyənirlər. Muğamımız elə bir dünyadır ki, istənilən əcnəbini sehirləyə bilir, onu öz təsir dairəsinə salır. Ona görə də muğamımız müqəddəsdir. Hər fürsətdə onu layiqincə təmsil etmək lazımdır. Bu mənada Avropa Oyunlarının da böyük rolu olacaq. Yəni bizim Avropaya getməyimizə gərək qalmayıb. Avropa özü Bakıya gələcək. Bizə qalan isə odur ki, öz yurdumuzda öz mədəniyyətimizi, sənətimizi nümayiş etdirək.
- Yəni deyirsiniz ki, avropalılar milli musiqimizi, muğamımızı başa düşə biləcəklər?
- Muğam Şərq fəlsəfəsidir. Şərq fəlsəfəsi sufi və hissiyatla bağlıdır. Axşam məşq edirdim. Özlüyümdə qısa bir zümzümə etdim. Bizim xoreoqraf əcnəbidir. O, səsimi dinləyəndən sonra qollarını bir-birinə sürtdü. Dedi ki, səsinizi dinlədim, tüklərim biz-biz durdu. Bizim qulağımız hər zaman eşidib deyə, muğamı o dərəcədə ilahiləşdirmirik. Avropalıalar üçün isə bu, qeyri-adi bir şeydir. I Avropa Oyunları dövründə Azərbaycana çoxlu turistlər gələcək. Onlar bizim ifamızı öz səhnələrində dinləyiblər, qoy bu dəfə də Azərbaycan səhnəsində dinləsinlər. Onlar muğamı dinləyəndə sanki bədənlərinə iynə batırırsan. Muğamın sirrini o dəqiqə duyurlar. Bununla belə, muğamatımızı özümüzə də sevdirməliyik, onu cavanlara, gənc nəsilə aşılamaq lazımdır.
- İyunun 12-də “Bakı-2015” Birinci Avropa Oyunlarının açılış mərasimində necə, sizin ifanızı görə biləcəyikmi?
- Əlbəttə, həmin gün mənim ifamda maraqlı bir şou olacaq. Hazırda xarici xoreoqraflarla, təcrübəli insanlarla məşqlər gedir. Gözəl bir açılış mərasimi hazırlanıb. Düşünürəm ki, nəinki Avropanın, bütün dünyanın diqqətini çəkəcəyik. Azərbaycan göstərəcək ki, o, sülhün, demokratiyanın və sabitliyin tərəfdarıdır. Bu oyunların ölkəmizdə keçirilməsinin özü də dünyaya bir sülh mesajıdır, sağlamlıq çağırışıdır. Hazırda Azərbaycan regionda idman ölkəsi kimi tanınır. Artıq dünyada hər kəs ölkəmizi idman diyarı kimi tanıyacaq. Avropa Oyunları deyəndə, ağıla ilk gələn Azərbaycan olacaq.
- Bilmək olarmı, açılışda sizin repertuarınız nələrdən ibarətdir?
- Bu barədə ətraflı məlumat vermək istəmirəm. Oyunların başlamasına cəmi 1 gün qalıb. Bir az da səbr etsəniz, özünüz hər şeyin şahidi olacaqsınız. Sizə yalnız onu deyə bilərəm ki, hər şey möhtəşəm hazırlanıb.
- Hansı idman növünə marağınız var?
- Bütün idman növlərinə marağım var, ancaq onlarla məşğul olmaq üçün cəsarətim çatmır. İdmanla məşğul olmaq üçün sağlam bədənə malik olmaq şərtdir. İdmançıların gözəl bədəni, cəsarəti olmalıdır. Mən də idmanı yalnız izləməklə kifayətlənirəm. Gənc yaşlarımda karate və boksla məşğul olmuşam. Tale belə gətirib ki, onu davam etdirməmişəm, öz yolumu müəyylənləşdirib bu sənətə gəlmişəm. Məhz bu sahədə xalqıma xidmət etmişəm. Ancaq cavanlara məsləhətim budur ki, seçdikləri sənətdən asılı olmayaraq, həm də idmanla məşğul olsunlar. Peşəkar idmançı olmasalar da, sağlamlıqlarını təmin etsinlər. Əbəs yerə deməyiblər ki, idman sağlamlığın rəhnidir.
İnanıram ki, hər zaman olduğu kimi, Azərbaycan idmançıları Avropa Oyunlarında da öz sözlərini deyəcəklər. Qalib idmançılarımız yenə də adlarını tarixə yazdıracaqlar. Onların hər birinə uğurlar arzulayıram.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər