Azərbaycanı üç qitədə təbliğ edən xanım - Fotolar
Deyirlər vətən sərhəddən başlayır.
Ancaq mən bu fikirlə razı deyiləm. Vətən hər bir Azərbaycan vətəndaşının ayaq
basdığı torpaqdan başlayır. Onlar getdikləri hər bir ölkəyə özləri ilə bərabər
kiçik bir Azərbaycan aparırlar. Bunu müsahibim - Bakı-Hyuston Qardaşlaşmış
Şəhərlər Assosiasiyasının prezidenti və "Azərbaycan mərkəzi”nin direktoru İradə
Axundova ilə söhbətdən daha yaxşı anladım.O üç qitədə - Avropa, Afrika və son 25 ildə Amerikada yaşayıb. Həyat
yoldaşının işi ilə əlaqədar olaraq müxtəlif ölkələrdə yaşamağa məcbur olan
İradə xanım getdiyi hər bir ölkədə Azərbaycanın təbliğatı ilə məşğul olub.
Harada yaşamasından asılı olmayaraq, düşdüyü mühitdə Azərbaycan ab-havası
yaratmağa çalışıb. Onun üçün vətən, torpaqdan ibarət olan anlam daşımır.Onunla söhbət çox maraqlı və eyni zamanda doyumsuzdur. Kifayət qədər
təcrübəsi var. Mənim üçün o, kitab kimi bir xanımdır. Vərəqlədikcə, hər
səhifəsində bir macəra, həyəcanla rastlaşırsan.Beləliklə, İradə xanım
"Kaspi”nin suallarını cavablandırır.
-
İradə xanım, rəhbəri olduğunuz "Azərbaycan
mərkəzi” indiyə qədər hansı layihələr imza atıb?
- Bu mərkəz artıq 7 ildir ki, fəaliyyət göstərir. Əsas məqsədimiz
Amerikalılara və orada yaşayan digər xalqın nümayəndələrinə Azərbaycanı
tanıtmaqdan ibarətdir. Bu mərkəz Azərbaycanın qədim mədəniyyətini, tarixini
dünyaya bəyan edərək, təbliğat xarakteri daşıyır. Biz burada tez-tez
senatorlarla və Texas konqres nümayəndələri ilə görüşürük. Mərkəzimizdə Azərbaycana
həsr olunmuş musiqi gecələri keçirilir. Nəinki musiqi, biz xalqımızın başına
gətirilən müsibətləri burada anır, onunla bağlı təbliğat aparırıq. Belə ki,
Xocalı, 20 Yanvar faciələri kimi hadisələri qeyd edir, təbliğat işləri ilə
məşğul oluruq. Bundan əlavə, Novruz bayramı, Respublika günü, Müstəqillik günü
və digər bayramlarımızı qeyd edirik. Misal üçün, 28 May Respublika Gününü
ənənəvi olaraq Hyuston meriyasının zalında keçirdik. Əsas məqsədimiz isə gələn qonaqları
Azərbaycanla tanış etmək və ölkəmizi tanıtmaqdan ibarətdir. Biz əvvəllər
təbliğata başlayanda tədbirə gələn qonaqların çoxu Azərbaycan sözünü heç deyə
bilmirdilər. Ancaq indi bizim
məclislərimizə Hyustondakı müxtəlif ölkələrin konsulları, meriyanın
nümayəndələri gəlirlər. Hyuston meri
bizi çox yaxşı tanıyır. Hətta yaxın zaman çərçivəsində Azərbaycana gəlməyi də
planlaşdırır.
- Bakı-Hyuston Qardaşlaşmış
Şəhərlər Assosiasiyası necə yarandı?
- Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyası 1976-cı ildə
Amerikali Dovi De Vriz tərəfindən Hyuston şəhərinin merinin dəstəyi ilə
yaradılıb. Ümumiyyətlə, Amerikada
Beynəlxalq Qardaş Şəhərlər Assosiasiyaları bütün ştatlarda fəaliyyət göstərir.
Assosiasiya 1956-cı ildə prezident Duayt Eyzenhauer tərəfindən SSR-i və Amerika arasında adi insanların
bir-biri ilə dostluq və mədəni əlaqələrin inkişafı üçün yaradılmışdı. Bu,
ABŞ-da Azərbaycanla əlaqə yaradan və amerikalılar
tərəfindən təşkil olunan ilk cəmiyyətdir. Mən 2010-cu ildən bu cəmiyyətə
rəhbərlik edirəm. Cəmiyyətdə azərbaycanlılarla yanaşı, başqa millətlərin
nümayəndələri də fəal iştirak edirlər.
-
Bəs, Amerika mediası ilə münasibətləriniz necədir?
- Amerika mediası ilə mütəmadi şəkildə çalışırıq. "Hyustonpress” rəhbərlik etdiyim "Azərbaycan
mərkəzi” haqqında bir məqalə çap etmişdi. Bu məqalə böyük maraqla
qarşılanmışdı. Bizim işimizdə mətbuatın da
dəstəyi qaçılmazdır.
- Yəqin ki, bizim
mədəniyyətimizlə yaşadığınız ölkənin mədəniyyəti arasında böyük fərqlər də var.
Bu dəyişikliyə necə uyğunlaşırsınız?
- Əlbəttə, Amerikalılar həm mədəniyyət, həm də mentalitet cəhətdən
çox fərqli cəmiyyət olmaqla yanaşı, insanların dünyagörüşləri də müxtəlifdir.
Bunun da səbəbləri var. Həm dini, həm də mədəni amillər bu fərqi izah edə
bilər. Onlarda ailə münasibətləri bizə
nisbətən çox fərqlidir. Misal üçün, onlar uşaqlara daha çox sərbəstlik
verirlər. Ancaq övladlarına qarşı çox tələbkardırlar. Uşaqların tam sərbəst, müstəqil fikirli
böyüməsi, özünəinamın artması üçün müxtəlif
fikirli böyüməsi üçün dərsdənkənar fəaliyyətlərlə məşğul olmasını təmin
edirlər. Övladları 16 yaşına çatdıqdan sonra ailələrin çoxu uşaqlara tam da olmasa, sərbəstlik verirlər. Cəmiyyətə
alışmaq, işləmək və xərclərini ödəmək kimi məsuliyyəti gənc yaşlarından öyrənirlər. Beləliklə,
özlərini cəmiyyətdə təsdiq etmiş olurlar və ailədən asılılıqları tədricən yox
olur. Orada yaşayan uşaqlar 18 yaşlarında
tam müstəqil həyata qədəm
qoyurlar. Amerikada ailələrin çoxu mühafizəkar və ənənələrinə bağlı insanlardır.
Bu xüsusiyyətləri mənə Azərbaycandakı ailələri xatırladır. Amma bildiyiniz kimi
Amerika müxtəlif dini və milli mənsubiyyətə sahib insanlar tərəfindən qurulub.
Onlar müxtəlif dinlərə və mədəniyyətlərə böyük hörmətlə yanaşırlar. Azərbaycan musiqisini və mətbəxini çox
sevirlər. Bizim keçirdiyimiz konsertlərə
amerikalılar böyük maraqla gəlirlər. Türkiyəli opera müğənnisi Oya Ergünün dünya şöhrətli orqançı
Cəmilə Cavadova-Spitsberqlə birlikdə Hyuston şəhərində konsert verməsini misal
gətirə bilərəm. Konsert çox maraqla qarşılandı.
- Oya Ergün Azərbaycanda da sevilən
sənətçilərdəndir.
- Oya və Cəmilə xanımın konserti türk konsulluğu tərəfindən
dəstəklənmişdi. Bu konsert həqiqətən də maraqlı keçdi və ziyalı kütləsinin
könlünə xitab etdi. Ümumiyyətlə, türk konsulu Fərhat bəy və eyni zamanda Azərbaycan səfirliyi də bizə həmişə
dəstək olur.
-
İradə xanım, bəs necə oldu ki, siz Amerikada yaşamalı oldunuz?
- Biz 1993-cü ildə azərbaycanlı həyat yoldaşımın işi ilə əlaqədar olaraq
vətəni tərk etdik. İspaniyada, Səudiyyə Ərəbistanda yaşadıq. Ondan sonra
Amerikada yaşamağa başladıq və artıq 25 ildir ki, burdayıq. Nərminə adında bir
qızım var. Azərbaycanda 20 nömrəli
məktəbdə direktor müavini və müəllim vəzifəsində işləmişəm. Yoldaşım isə kimya
elmləri üzrə professordur. Yoldaşımın işi ilə əlaqədar 3 qitədə yaşamalı
olmuşuq. Hansı ölkədə yaşamağımdan asılı
olmayaraq ürəyim hər zaman Azərbaycanla döyünüb. Harada yaşasam da, ölkəmi bir
an belə unutmamışam. Ürəyimin bir hissəsi Azərbaycandadır.
- Orada gününüz necə keçir?
Qızınıza vaxt ayıra bilirsinizmi?
- Bir nəvəm var, vaxtımın çoxunu da onunla keçirmək istəyərdim, amma
bu məsuliyyətli missiyanı davam etdirmək üçün daha çox çalışmalıyıq. Əlbəttə, əsas
fəaliyyət istiqamətimiz ölkəmizin mədəniyyətini, tarixi həqiqətlərini təbliğ
etmək, elm, təhsil, turizm sahəsində müxtəlif layihələr həyata keçirmək, xüsusilə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ictimaiyyətə həqiqətlərin
çatdırılması üçün böyük səylər göstərməkdir. Ölkəmizin tanıdılması prioritet
olmaqla yanaşı, diasporumuzun da formalaşması və inkişafı bizim üçün əsasdır.
Bu kimi məsələlərin üzərində fasiləsiz olaraq çalışırıq. Son illər həyata
keçirdiyimiz layihələr bizim "Azərbaycan
mərkəzi”ni və "Qardaşlıq cəmiyyəti”ni Texasda, Hyustonda tanıdıb.
- Deyirlər insanın yaşı
artıqda, vətən onu daha çox özünə çəkir.
Bəs sizdə necə?
- Mənə elə gəlir ki, vətəni sevmək, onun üçün darıxmaq yaşdan asılı deyil. Əvvəllər mənə vətəndən
kənarda yaşamaq çox çətin gəlirdi. İspaniyada
xüsusi ilə çətin oldu. Məktəbdə ingilis dilini öyrəndiyim üçün dil problemi
yaşadıq. Onun üçün də, ilk olaraq getdiyim ölkənin dilini öyrəndim. Burada adi
insanlar belə sənə kömək edirlər. Bütün
dünyada insanlar eynidir. Yaxşılığa, səmimiliyə səmimiliklə cavab verirlər.
Avropada yaşayandan sonra fundamental müsəlman ölkəsində yaşadım. Yeni dostlar,
yeni qanunlar və yeni həyat.
-
Yəqin ki, sizə çətin olar...
- Elədir. Hərdən özümü hərbiçi qadın kimi hiss edirdim. Yoldaşım işdə, məni övladımızla
birgə yeni həyat və yeni mühit gözləyirdi. Allaha çox şükür ki, həmişə qarşıma yaxşı
insanlar çıxıb. Sədaqətli dostlar və yaxşı insanlar. Azərbaycan səfirliyi
həmişə mənə yaxın olub. Hətta Səudiyyə Ərəbistanında Azərbaycan səfirliyində də çalışmışam.
- Prezident tərəfindən
mükafata layiq görülməyiniz haqqında danışardınız. Bu, sizdə hansı hissləri
oyatdı?
-Bu mükafat mənim üçün çox dəyərlidir. Fəaliyyətimizi
dəstəkləyən və qiymətləndirən Azərbaycan prezidenti cənab İlham Əliyevə, Heydər
Əliyev Fonduna, SOCAR şirkətinə, Diasporla iş üzrə Dövlət Komitəsinə,
Mədəniyyət və Turizm Nazirliyinə, xüsusilə bizə diqqət göstərən və
diasporamızın Amerikada ilk gündən inkişafına dəstək olan ABŞ-dakı əvvəlki
səfirimiz cənab Hafiz Paşayeva və hal-hazırda ölkəmizin fövqəladə və səlahiyyətli
səfiri Elin Süleymanova dərin təşəkkürümü bildirirəm.
Xəyalə Rəis