• çərşənbə axşamı, 19 mart, 12:27
  • Baku Bakı 8°C

Azərbaycanı güclü görmək istəyiriksə...

11.07.18 16:47 9540
Azərbaycanı güclü görmək istəyiriksə...
Bu gün bizə güclü Azərbaycan lazımdır. Beynəlxalq hüququn ayaqlar altına atıldığı, güclülərin zəifləri əzib keçdiyi dünyada müstəqilliyimizi qorumaq üçün başqa seçimimiz yoxdur. Bu artıq danılmaz bir həqiqətdir ki, ayaqda durmaq üçün mütləq güclü olmalıyıq.
Şükürlər olsun ki, neçə illərdir Azərbaycan dövlətinin daha da güclü olması üçün lazım olan addımlar atılır. İqtisadiyyatımız inkişaf etdirilir, əhalinin sosial təminatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır, ordumuz ildən-ilə güclənir. Elə bu yaxınlarda keçirdiyimiz hərbi parad hamımızı çox qürurlandırdı.
Problemlərimiz yoxdurmu? Əlbəttə ki, var. Hər gün məişətimizdə nə qədər qan qaraldacaq hallarla rastlaşırıq. Bəzən məmur məsuliyyətsizliyindən qaynaqlanan çətinliklərimiz də olur. Vətəndaşlarımızın hamısı da yağ-bal içində yaşamır. Sosial problemlərimiz də, bu problemlərin aradan qaldırılması üçün dövlətin nəzərdə tutduğu proqramların icrasında neqativliklər də var. Amma bütün bunlar bizə dövlətimizi sevməyə mane ola bilməz! Lakin çox təəssüf ki, bəzilərimiz başqa yol tuturlar. Xaricdən körüklənən nifrət, dövlətə inamsızlıq fonunda guya ölkədə hər şeyin pis olması görüntüsü yaradılır. Bunun üçün müasir informasiya texnologiyalarının bütün imkanlarından istifadə edilir.
Gəncədə icra başçısına qarşı silahlı hücumu pisləyərkən də bu meyillərin şahidi olduq. Xüsusən də sosial şəbəkələrdə bəlli bir qrup icra başçısına - dövlətin qanuni təmsilçisinə silah çəkən birini qəhrəman kimi təqdim etməyə cəhd göstərdi. Deyəndə ki bu, açıq-aşkar cinayətdir, dövlətə qarşı qanunsuz çıxışdır, bunun arxasında duranlar var, bizi nələrdə ittiham etmədilər... Nəticə də dünən axşam Gəncədə baş verənlərdir. Terrorçunu müdafiə edənlər sonunda polisə əl qaldırdılar. İki polis zabiti keçmişi qaranlıq, müxtəlif cinayətlərdə ittiham olunan şəxslər tərəfindən qətlə yetirildilər. Necə deyərlər, "xoruzun quyruğu” göründü. Məlum oldu ki, bu adamların məqsədi heç də ədalətsizliyə qarşı mübarizə deyil. Əsas məqsəd ölkəni çalxalamaq, insanları öz müstəqil dövlətlərinə qarşı qaldırmaq, Azərbaycanı Suriya, Liviya kimi gücsüz, dağılmış dövlətə çevirməkdir. Daha doğrusu, bu adamların beynini yuyan, onları manqurta çevirən böyük güclərin məqsədi budur.
Həmin qrupa üz tutaraq demək istəyirəm: qardaşlar, bacılar, sizin təklif etdiyiniz və ya sizə təklif olunan mübarizə yolu deyil. Bu yolla ölkədə heç bir problem həll olunmayacaq. Dünyanın heç bir ölkəsində bu cür münasibətlərlə dövlətlər ideallaşmayıb, sistemi daha da demokratikləşməyib. Bu yolla dövlətləri dünya xəritəsindən siliblər, Suriya kimi döyüş poliqonuna çeviriblər. Liviya kimi 3 yerə bölüblər, İraq kimi əlacsız duruma salıblar. Ona görə də oyuna getməyin!
Onu da birmənalı şəkildə başa düşmək lazımdır ki, bu ssenariləri Azərbaycanda reallaşdırmaq mümkün deyil. Çünki xalqımız kifayət qədər ayıq, siyasi baxımdan savadlıdır. Bəlkə də insanları bir yerə qədər aldatmaq, yoldan çıxarmaq olar. Amma elə ki, "xoruzun quyruğu” görünür, vətəndaşlarımız ayılır, kimlərinsə onlardan istifadə etməsinə imkan vermirlər. Gəncə hadisələri ilə bağlı da bunu açıq şəkildə gördük. 2 gün əvvəl Yunis Səfərovu "qəhrəman” elan edənlərin çoxu dünən axşam sosial şəbəkələrdəki statuslarını silməyə, mövqelərini dəyişməyə başladılar. Oyuna çəkildiklərini anladılar.
Prezidentin köməkçisi hörmətli Əli Həsənovun da dediyi kimi, Gəncədə yaranmış həssas dönəm cəmiyyətimizin dövlətin ətrafında daha sıx birləşməsini tələb edir. Bu hadisələr bizi daha da çevikləşdirməli, reaksiya vermə imkanlarımızı artırmalıdır.
Dövlətin qanuni təmsilçisinə, polis zabitlərinə əl qaldıranlar terrorçu kimi qəbul edilməli, nəinki onların özləri, dəstəkçiləri də aşkarlanıb qanunun yol verdiyi ən sərt şəkildə cəzalandırılmalıdır. Yaranmış situasiya bütün bunların qısa müddət ərzində edilməsini tələb edir və heç bir şübhəm yoxdur ki, hüquq-mühafizə orqanları, dövlətin müvafiq strukturları bu işi görəcəklər. Azərbaycanı güclü görmək istəyiriksə, müstəqilliyimizin möhkəmləndirilməsi əsas amalımızdırsa, bunu mütləq etməliyik. Hər şey göz qabağında, hər şey açıq-aşkardır. Müstəqil dövlətimizə və dövlətçiliyimizə qarşı separatçıların, radikal dindarların, yalnız pula və məişət komfortuna işləyən "iaşə müxalifəti”nin sinxronlaşdırılmış ideoloji təxribatı ilə üz-üzəyik. Bu təxribatın əsas fiqurları da xarici ölkə vətəndaşları, beyinləri yuyulmuş manqurtlar, qatı cinayətkarlardır. Onlar "uf” demədən icra başçısını güllələyə, polis zabitlərini bıçaqlaya bilirlər. Məqsəd isə ölkədəki ictimai-siyasi sabitliyi pozmaq, rahat, əmin-amanlıq şəraitindəki həyatımızı korlamaqdır.
Zərrə qədər də şübhəniz olmasın ki, onların məqsədi yoxsulluqdan əziyyət çəkənləri bu durumdan çıxarmaq, haqsızlıqla üzləşənlərin problemlərini həll etmək, az qazananların daha çox pul qazanmasına imkan yaratmaq deyil. Onların məqsədi yalnız və yalnız dağıtmaq, qan tökmək, xaos yaratmaqdır.
Buna görə də insanlarımız ayıq-sayıq olmalı, kimsənin isti ocağımıza su səpməsinə imkan verməməlidirlər. Bu dövlət - 100 il əvvəl qurucu babalarımızın əsasını qoyduqları, müasir siyasi liderlərimizin yenidən çiçəkləndirdikləri respublika göz bəbəyimiz kimi qorunmalıdır. Azərbaycanın daha da güclü olması üçün əlimizdən gələni etməliyik.
Uca Yaradan günü-gündən güclənən müstəqil Azərbaycanımızı qorusun!
İlham Quliyev
banner

Oxşar Xəbərlər