• şənbə, 27 Aprel, 04:37
  • Baku Bakı 14°C

Azərbaycandan Türkiyəyə önəmli dəstək

23.01.18 10:00 2043
Azərbaycandan Türkiyəyə önəmli dəstək
Türkiyə üçün strateji dəyərə malik Afrin əməliyyatı dünyanın diqqət mərkəzindədir. Qardaş ölkə üçün təkcə təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan önəmli olan bu bölgə neçə gündür ki, hərbi əməliyyatlara şahidlik edir. Əksəriyyət hesab edir ki, cənubda İdlib, şərqdə Azezinin yerləşdiyi Afrin PKK terrorçularının işğalında qaldıqca, vəziyyət təhlükəli olaraq qalacaq.Belə bir mürəkkəb durumda Türkiyənin yanında yer alan, onu müdafiə edən ölkələr barmaqla sayılacaq qədərdir.

Bütün hallarda olduğu kimi, bu dəfə də Azərbaycanda qardaş ölkənin atdığı addımları və siyasəti dəstəkləmə kampaniyası geniş vüsət alıb. Azərbaycan politoloqları, ekspertlər, millət vəkilləri sosial şəbəkələrdə yazdıqları statuslarında birmənalı olaraq Türkiyənin atdığı addımları dəstəkləyirlər. Türkiyə Suriyanın şimalındakı kürd bölgələrinin - Kobani və Afrin xəttinin birləşdirilməsi, beləliklə, özünün cənub sərhədlərində kürd qurşağının yaradılması cəhdlərini milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirilir. Statuslarda xüsusi qeyd edilir ki, Afrin məsələsinin Türkiyənin təhlükəsizliyi üçün xüsusi əhəmiyyəti var. Belə ki, ilk növbədə Türkiyə 911 km-lik Suriya ilə sərhədində terror ordusunun yaradılmasının qarşısını almış olacaq. Eyni zamanda PYD/YPG/PKK ittifaqının Aralıq dənizinə çıxmaq imkanlarını məhdudlaşdıracaq, özünün Hatay və Kilis bölgələrinə buradan bilavasitə gələn təhdidləri önləmiş olacaq. Suriya ilə sərhəddə 10 min km. ərazinin Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun nəzarətinə verilməsi, sərhəd bölgəsində 30 km güvənli bölgənin yaradılması, terrorçuların Amanos dağlarından sızaraq Türkiyəyə keçməsinin qarşısının alınması, "Fərat qalxanı”nın güvənlyinin davamlılığı, ABŞ-ın Suriyada möhkəmlənməsinin qarşısının alınması da bu əməliyyatın başlıca məqsədlərindəndir.

Afrin ilə Kobanini birləşdirərək kürd dəhlizi yaratmaqla, Türkiyənin ərəb dünyası ilə əlaqəsinin kəsilməsinə çalışırlar. Bu səbəbdən Afrin əməliyyatı mühasirəni yarmaq baxımından önəmlidir. ABŞ və Rusiya ilə münasibətlərə gəlincə, artıq bu dövlətlər öz mövqeyini bildirib.

Yeri gəlmişkən, rəsmi Bakı da əməliyyat başlayandan bəri qardaş ölkəyə dəstəyini nümayiş etdirib. "Azərbaycan terrorizmdən əziyyət çəkmiş dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir. Beynəlxalq və regional sülh və təhlükəsizliyin təmin edilməsi üçün terror təhlükəsinin kökünün kəsilməsi xüsusilə vacibdir”. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Türkiyə ordusununAfrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı” əməliyyatına münasibət bildirərkən söyləyib. H.Hacıyev deyib ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyat Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etmək, bölgədəki terror təhlükəsini zərərsizləşdirmək və ərazidə yaşayan mülki insanları terror hücumları və təhdidlərindən qorumaq məqsədi daşıyır: "Türkiyə dəfələrlə terror hücumlarına məruz qalıb və nəticədə çoxsaylı günahsız insanlar həlak olub. Azərbaycan Türkiyənin terror təhdidinə qarşı əsaslı təhlükəsizlik narahatlıqlarını tam şəkildə anlayır. Biz qardaş Türkiyə xalqının bir daha heç zaman xain terror hücumlarına məruz qalmamasını arzu edir və diləyirik”.

Rəsmi Ankara da bu bəyanata adekvat reaksiya verib. "Türkiyə Silahlı Qüvvələri tərəfindən yanvarın 20-də PKK terrorçularına qarşı Suriyanın Afrin rayonunda başladılan hərbi əməliyyat ölkəmizin sərhədlərinin qorunması məqsədilə həyata keçirilir. Terrorçular əmin olsunlar ki, digər hərbi əməliyyatlarda olduğu kimi, Afrin əməliyyatını da Türkiyə ordusu qələbə ilə başa vuracaq”. Bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin yeni rəhbəri Hami Aksoy bildirib.Azərbaycanın Afrin əməliyyatlarında Türkiyəyə verdiyi siyasi dəstəkdən məmnunluqlarını vurğulayan Hami Aksoy qeyd edib ki, qardaş Azərbaycan hər zaman Türkiyənin yanındadır: "Türkiyəyə bir çox dövlətlər dəstək verir. Ancaq onların arasında qardaş Azərbaycanın bizim yanımızda olması çox vacibdir. Türkiyənin hər zaman Azərbaycana verdiyi dəstək kimi, qardaş Azərbaycan da hər an bizim yanımızda olduğunu bəyan edir. Bu bizi çox sevindirir və qardaşlığımızın bariz nümunəsidir”. XİN rəsmisi deyib ki, Türkiyə hökuməti Afrin əməliyyatları ilə bağlı mütəmadi olaraq ictimaiyyətə məlumat verir: "Bu gün də Afrin əməliyyatlarının gedişatı ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika ölkələri üzrə müşavirinin köməkçisi, səfir Sedat Önal media üçün mətbuat konfransı keçirəcək. Mətbuat konfransında Afrin əməliyyatları ilə bağlı ətraflı məlumat veriləcək, jurnalistləri maraqlandıran suallar cavablandırılacaq”.

Onu da qeyd edək ki, qardaş ölkənin mətbuatı, telekanalları Azərbaycanın Türkiyənin keçirdiyi əməliyyata dəstək verməsini geniş şəkildə işıqlandırılıb. Nüfuzlu nəşrlər Azərbaycanın bu dəstəyinin böyük önəmi olduğunu, ölkəmizin sözün əsl mənasında qardaş və onlar üçün strateji dövlət olduğunu qeyd ediblər. Məsələn, "Sabah” qəzeti "ABD'li sözcüden Afrin açıklaması” başlıqlı məqalədə qeyd edir ki, bir sıra ölkələr, o cümlədən Azərbaycan "Zeytun budağı” əməliyyatında Türkiyəyə dəstək nümayiş etdirib. Məqalədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin bəyanatı tam şəkildə əks olunub. Ən önəmlisi odur ki, Azərbaycan haqqında bəzən qərəzli, qeyri-obyektiv məlumatları öz səhifələrində yerləşdirən "Sözçü” qəzeti də rəsmi Bakının mövqeyinə geniş yer ayırıb. Bildirib ki, Türkiyə üçün zəruri dəstək rəsmi Bakıdan gəlib. "Qardaş ölkənin Xarici İşlər Nazirliyi "Zeytun budağı” əməliyyatında Ankaranın yanında olduğunu bəyan edib”.
"NTV”də dərc olunan "Azerbaycan'dan Zeytin Dalı Harekatı'na destek” başlıqlı məqalədə də bu mövzudan bəhs edilib. Xüsusi qeyd edilir ki, Azərbaycan da terrordan əziyyət çəkən bir ölkədir. Bu səbəbdən də rəsmi Bakı haqlı olaraq Türkiyənin haqq işini müdafiə edib. Öz növbəsində "Haberler.com” saytı, İHA, "Anadolu” agentlikləri də məsələyə geniş yer ayırıblar.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər