• şənbə, 27 Aprel, 03:06
  • Baku Bakı 14°C

Azərbaycandan dünyaya çatdırılan söz

17.06.15 10:47 1246
Azərbaycandan dünyaya çatdırılan söz
İdman, dostluq, həmrəylik, insanlıq bayramı... İlk Avropa Oyunlarının açılış mərasimindən keçən hər gün bu möhtəşəm tədbirin təkcə idman arenaları, stadionlar çərçivəsində məhdudlaşmadığını, əslində daha böyük bir missiya daşıdığını göstərir. Bəli, bu gün ölkəmizin ev sahibliyi etdiyi ilk Avropa Oyunları birbaşa olaraq ehtiva etdiyi idman yarışlarının keçirilməsi vəzifəsindən qat-qat geniş olan bir missiyanı üzərinə götürüb. Bu missiya Azərbaycandan bütün dünyaya tolerantlıq çağırışı, bəşəriyyəti sülh və əmin-amanlığa dəvət missiyasıdır. Bu mənada ilk Avropa Oyunları Azərbaycan üçün həm də səsimizin dünyaya çatdırılması, milli kimliyimizin bir daha və daha böyük əzmlə sübuta yetirilməsinə xidmət edən zəfər bayramıdır.
Azərbaycana etimad
İlk Avropa Oyunlarının təşkilatçılığının ölkəmizə həvalə edilməsinin tarixi, həmin vaxtdakı şərait barədə çox yazılıb. Ölkə Prezidenti İlham Əliyevin də dediyi kimi, 2012-ci ilin sonunda Avropa Olimpiya Komitəsi birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edib ki, bu da sözün əsl mənasında tarixi bir qərar idi: “Çünki başqa qitə oyunlarından fərqli olaraq, Avropada Oyunlar heç vaxt keçirilməmişdir. Bu, Azərbaycana Avropa Olimpiya ailəsi tərəfindən göstərilmiş böyük etimad idi”.
Təbii ki, belə böyük etimad ölkəmiz üçün şərəf olmaqla yanaşı, həm də üzərimizə böyük məsuliyyət qoyurdu. İlk növbədə ciddi vaxt məhdudluğu mövcud idi. İkincisi, çox təəssüflə qeyd olunmalıdır ki, Qərbin böyük dövlətləri Azərbaycan kimi ərazicə kiçik, yeni müstəqillik qazanmış ölkələrə birmənalı olaraq həmişə qəribə bir şübhə ilə yanaşır. Bu şübhəyə ikili standartlar deyilən bir qıcığın da əlavə olunduğunu nəzərə alsaq, Azərbaycana bir növ az zamanda böyük möcüzə həyata keçirmək həvalə olunurdu. Lakin xoşbəxtlikdən bizi nə vaxt məhdudluğu, nə də digər amillər qorxutdu. Azərbaycan rəhbərliyi bu etimada onu tam doğruldacaq bir əzm, hətta “köhnə dünya” nəhənglərinin belə üzərinə götürməyə risk etmədiyi yükün altına girməkdən çəkinməyəcək bir qətiyyətlə müsbət cavab verdi. Gəlin bu yola Prezident İlham Əliyevin ilk Avropa Oyunlarının rəsmi açılış mərasimi iştirakçılarının şərəfinə rəsmi qəbulda söylədiyi fikirlər fonunda nəzər salaq: “ Bu, ölkəmiz üçün tarixi hadisədir. Çünki bu günə qədər ölkəmizdə bu miqyasda idman yarışları keçirilməmişdir. Eyni zamanda, bu, Avropa üçün də tarixi hadisədir. Çünki başqa qitələrdən fərqli olaraq, Avropada heç vaxt qitə oyunları keçirilməmişdir. Baxmayaraq ki, olimpizm hərəkatının və olimpizm ideyalarının vətəni Avropadır. Bu tarixi qərar 2012-ci ilin dekabrında qəbul edilib...”.
Milliliyin dünyaya təqdimatı
İlk Avropa Oyunlarının açılış mərasimi elə ilk dəqiqələrdəncə bütün dünyaya, yerli və xarici ictimaiyyətə mühüm bir mesaj verdi: bu, sıradan bir tədbir, adi şou yox, möhtəşəmlik nümayişi, müqəddəs üçrəngli bayrağımızdakı rəngləri təcəssüm etdirən bir tədbirdir; bu, millilik, türkçülük, şərəfli keçmiş, şanlı soy-kök, müasirlik və dini dəyərlərin dünyaya təqdimatıdır; bu, Azərbaycançılıq ideyalarının təcəssümü, tolerantlıq və birgəyaşayışın, inkişafın Azərbaycan modelinin dünyaya əyani nümayişidir.
Bu mərasimdə nələr yox idi?! O hissləri ani də olsa yaşayıb, yada salaq:
“Tamaşaçıların sürəkli alqışlarından sonra stadiona bir anlıq sükut çökdü. Bu sükutu dünya şöhrətli xanəndə Alim Qasımovun ifa etdiyi muğamın avazı pozdu. Sonra ritmik nağara sədaları altında 24-dən sıfıra doğru geriyə sayım başladı. Bu, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 ilini əks etdirirdi. Rəqəmlər sıfıra yaxınlaşdıqca nağaraların səsi zilə qalxırdı. Stadion gur işığa qərq olur və minədək rəqqasə səhnənin əsas hissəsini ətəkləri ilə örtürdü. Onların ətəkləri Azərbaycanın dünyaca məşhur xalılarındakı həndəsi fiqurlarla, dekorativ naxışlarla işlənmişdi. Torpağın çatlarından çıxan alov səhnənin kənarında dayanmış adama tərəf irəlilədi, ruh və ya holoqram kimi onu bürüyüb cana gətirib oyatdı. Həmin adam şair Nizamidir. Şairin əlində tutduğu tərəzinin bir gözündə qadın, digər gözündə kişi fiquru vardı. Nizami poeziyasının ruhundan doğan musiqi parçası tamaşaçıları şairin xəyal dünyasına apardı. Nəzərlər stadionun mərkəzində havadan asılmış iri tərəziyə yönəldi. Nizami əlindəki tərəzini fırlatdıqca iri tərəzi də fırlanırdı. Havadan asılmış iri tərəzinin gümüşü rəngli gözündə qadın (Ay), qızılı rəngli gözündə isə kişi (Günəş) rəqs edirdi. Nizaminin qəhrəmanları Leyli və Məcnunun rəmzləri olan kişi və qadın dövrə vura-vura rəqs edir, qovuşmağa çalışır, lakin birləşə bilmirdilər.
Səhnə ətrafındakı halqada üç yüzədək ifaçı göründü. Qədim tarixə malik miniatür sənətinin yaratdığı obrazlar səhnədə göründükcə halqanın ətrafı rənglə dolurdu. Halqa fırlandıqca adamlar sanki miniatür rəsmlərdə təsvir olunan obrazları canlandırırdılar. Nizami tamaşaçını yaradıcılığının doqquz mövzusu ətrafında səhnədən-səhnəyə aparırdı. Evlər, saray və məktəblər, şahzadələr, əjdahalar, atlar, digər real və əfsanəvi varlıqlar görünürdü.
Halqa tam dövrə vurduqdan sonra yerdən nar ağacı boy verib qalxdı. Nizami ağacdan bir nar dərdi. Qəfildən hər şey dondu.
Nizaminin ətrafındakı miniatürlər dünyası torpağa bataraq yoxa çıxdı, tərəzi uzaqlaşdı və ifaçılar səhnəni tərk etdilər.
Stadionun mərkəzinə doğru uçan, bolluq, oyanış, sevgi, uğur mücəssəməsi olan və Azərbaycanı rəmzləşdirən nəhəng bir nar göründü. Nar paralandı və onun dənələri – qırmızı rəngli yüzlərlə şar tribunaların üzərində uçmağa başlayaraq ecazkar mənzərə yaratdı”.
Bəli, bu idi tədbirin ifadə gücü, ecazkarlığı, möhtəşəmliyi və bizi dünyaya tanıtmaq baxımından əhəmiyyəti!
Erməni təbliğatına güclü zərbə
Təbii ki, İlk Avropa Oyunları bir çox digər məsələlər baxımından da ölkəmiz üçün əhəmiyyətə malikdir. Bu tədbir turizm və infrastrukturun inkişafı, ölkəmizin tanıdılması və s. kimi məqamlarla yanaşı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da xüsusi önəm daşıyır. Bu mənada sözügedən tədbir dövlətimizin bu istiqamətdə indiyədək apardığı təbliğat siyasətinin məntiqi davamı, daha doğrusu, zirvə nöqtəsidir. Çünki oyunların əhatə etdiyi miqyas, emosional təsir gücü, bədii çalarların təbliğatı baxımdan effekti, etiraf edək ki, minlərlə təşkilatın və ayrı-ayrı diplomatların gördüyü işdən daha çox söz demək iqtidarındadır. Bu, çox qısa zaman kəsiyində nəhəng bir informasiya yükünün dünyaya çatdırılmasıdır. Burada isə hər şey var:
- Azərbaycanın hər şeyə qadir, güclü, müstəqil dövlət olması;
- Azərbaycanın qədim və zəngin tarixə malik olması;
- Ölkəmizin torpaqlarının işğal olunması faktı, bu savaşda həyatını və sağlamlığı itirənlərin, əlil olanların mövcudluğu;
- Nizami poeziyası, “Sarı gəlin”, xalçaların naxışları, balaban, muğam və sair kimi dəyərlərimizə sahiblik iddialarına düşüb əleyhimizə çıxanların hamısının təbliğatının uydurmalığı;
- Nəhayət, Azərbaycanın özündə Qərb və Şərqin vəhdətini, milliliklə Avropa dəyərlərini birləşdirən unikal bir dövlət olması.
Sözsüz ki, bu və digər mesajlar ermənilər və onların havadarlarının ölkəmiz əleyhinə təbliğatına çox ciddi zərbə sayılmalıdır. Çünki ilk Avropa Oyunlarının açılış mərasimi möhtəşəmliyi, ən yüksək Olimpiya standartlarını nümayiş etdirməsi, öz gözəlliyi, rəngarəngliyi, heyrətamizliyi ilə yanaşı, kompozisiyasının sülhü, humanizmi, insanlar, sivilizasiyalar arasında barışığı, Şərq və Qərbin harmoniyasını əks etdirməsi ilə də erməni təbliğatının dağıdılması idi. Ümumiyyətlə, Avropa Oyunları dünya idman tarixində mühüm hadisə olmaqla, bəşəriyyətin həyatında mühüm yer tutan idmanın təqdimatına yeni standartlar gətirdi ki, bunun özü də əleyhdarlarımızın təbliğatını puç etmək baxımından böyük əhəmiyyət daşıyır.
Tədbirə beynəlxalq maraq
Təəssüf ki, hətta o cür möhtəşəm açılış mərasimini belə görə bilməyən, öz dar düşüncə tərzindən çıxış edib Avropa Oyunlarının əhəmiyyətinə kölgə salan, onu az qala ikinci növ tədbir kimi təqdim edənlər var. Belə şəxslərin arqumentlərindən biri də budur ki, guya tədbir dünya miqyasında boykot edilir. Belələrinə bircə sual var: açılış mərasimində çoxlu sayda dövlət və hökumət başçısının, nüfuzlu və tanınmış şəxslərin iştirakı bu mühüm idman yarışmasına olan yüksək beynəlxalq diqqət və marağın təzahürü deyilmi? Fikrimizcə, bunu dərk etməkdən ötrü sadəcə olaraq, oyunların açılış mərasimində iştirak etmək üçün Bakıya gəlmiş mötəbər qonaqlara qısaca nəzər salmaq kifayətdir: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Serbiya Prezidenti Tomislav Nikoliç, Monteneqro Prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç, Monako Şahzadəsi II Albert, Lüksemburqun Böyük Hersoqu Anri, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Abdullah Bin Musaad Bin Əbdüləziz, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti şeyx Əhməd əl-Fahad Əl-Sabah, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri... Bu siyahını genişləndirmək də olar. Necə deyərlər, fakt göz qabağındadır və əlavə şərhə ehtiyac yoxdur.
Ən mühüm məqamlardan biri də odur ki, Azərbaycanda olan çoxsaylı turistlər və idmançıların özləri də Birinci Avropa Oyunlarının açılış mərasiminin təşkilini yüksək qiymətləndirir və bu yarışların ən yüksək standartlara cavab verdiyini söyləyirlər. Bu isə o deməkdir ki, açılış mərasimi Azərbaycanın güclü potensialını, ən mürəkkəb vəzifələrin öhdəsindən layiqincə gəlmək bacarığını əyani göstərə bilib. Birinci Avropa Oyunlarının açılış mərasimində hər hansı narahatlıq və xoşagəlməz halın müşahidə edilməməsi, təhlükəsizlik, nəqliyyat və digər məsələlərin ən yüksək səviyyədə təşkil olunması isə bizim ən məhdud vaxt şəraitində belə ortaya mükəmməl bir iş qoymaq bacarığımızın təsdiqidir.
Bir qədər də reaksiyalar barədə
Sevindirici haldır ki, tədbirin açılış mərasimi xarici media tərəfindən yüksək qiymətləndirilib. Azərbaycanın milli mədəniyyətinin yüksək səviyyədə nümayiş olunması dünya kütləvi informasiya vasitələrində xüsusi qeyd olunub. Avropa Oyunlarının xarici mətbuat və sosial şəbəkələrdə müzakirəsi isə həm də göstərir ki, bu mühüm idman yarışması bütün dünyanın diqqət mərkəzindədir. Məhz buna görə də sosial şəbəkələrdə xarici auditoriya, eləcə də idman ictimaiyyəti Avropa Oyunları haqqında yüksək fikir və rəylər bölüşür. Təsadüfi deyil ki, “Twitter”dəki Bakı2015 haştaqı dünya trendində top onluğa düşüb.
Açılış mərasimi həm də ötən dövr ərzində müəyyən mərkəzlərdən idarə olunan anti-Azərbaycan kampaniyasının tam iflasa uğradığını göstərir. Xüsusilə Böyük Britaniya mediasının açılış mərasiminə münasibəti təsdiq edir ki, bu gün onların qarşısına qoyulmuş əsas vəzifə nəyin bahasına olursa-olsun İlk Avropa Oyunlarını və onu keçirən ölkəni – Azərbaycanı gözdən salmaqdır. Bu tapşırığa uyğun olaraq, ilk Avropa Oyunlarını gözdən salmaq üçün heç bir bəhanə tapa bilməyən xarici anti-Azərbaycan şəbəkəsi bayağı şəkildə primitiv iddialar irəli sürməkdən başqa heç nə edə bilmir. BBC, “Guardian”, “İndependent” və digər bu kimi media qurumları öz qərəzli münasibətlərini bu dəfə də gizlədə bilmədiklərindən hələ də qarayaxma xarakterli iddialarını davam etdirirlər. Bu isə haradasa başadüşüləndir. Çünki bu şəbəkə Azərbaycan kimi kiçik müsəlman ölkəsinin bu qədər təzyiqə necə məharətlə cavab verməsi, Birinci Avropa Oyunlarının mühüm tarixi hadisəyə çevrilməsi, özünün bütün cəhdlərinə baxmayaraq, sivil dünyanın Avropa Oyunlarını dəstəkləməsi və nəyə görə cəhdlərinin belə acınacaqlı şəkildə iflasa uğramasından əməllicə çaşıb. Bu şəbəkənin xüsusən də açılış mərasimindən sonra iflası, heç yerdə dəstək tapa bilməməsi ona gətirib çıxarıb ki, indi o, Emin Milli, Arzu Qeybulla, Keti Pisr, Rebekka Vinsent kimi bir neçə belə anti-Azərbaycançı şəxsin ümidinə qalıb. Nə etmək olar, bu, məntiqi sonluqdur – bütün Şər qüvvələrinin yaşadığı məntiqi sonluq.
Araz AĞAYEV
banner

Oxşar Xəbərlər