• cümə, 26 Aprel, 19:38
  • Baku Bakı 22°C

“Azərbaycanda dünyaya nümunə sayılacaq muxtariyyət nümunəsi mövcuddur”

21.10.14 15:50 3255
“Azərbaycanda dünyaya nümunə sayılacaq muxtariyyət nümunəsi mövcuddur”
Ötən həftə Avropa Şurasının (AŞ) Yerli və Regional Hakimiyyətlər Konqresinin 27-ci sessiyasının plenar iclasında “Ukraynada və qonşu ölkələrdə baş verən separatçı gərginliklər” adlı bəyanat layihəsi ətrafında müzakirələr aparılıb. Müzakirələrdə iştirak etmək üçün Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov, Ukraynanın regional inkişaf, quruculuq, mənzil və bələdiyyə xidmətləri naziri Vyaçeslav Neqoda, Moldovanın xarici işlər və Avropa quruculuğu naziri Valeriu Çiveri, Kiyev şəhər Bələdiyyələr Şurasının sədri və şəhər merinin müavini Oleksi Reznikov, habelə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Tengiz Şergelaşvili dəvət olunublar. Konqresdəki müzakirələr, belçikalı Mark Kulsun hazırladığı sənədə əlavələrin edilməsi, Ermənistan nümayəndə heyətinin buna etirazı və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını AŞ-nın Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Anar İbrahimov cavablandırır.
- Anar müəllim, Siz rəhbərlik etdiyiniz nümayəndə heyəti ilə birlikdə ölkəmizi bu Konqresdə təmsil edirsiniz. Əvvəlcə Konqresin fəaliyyəti barədə məlumat vermənizi istərdim...

- Avropa Şurasını Konqresinin tarixi bir tərəfdən Şuranın daxilində ötən əsrin 50-ci illərindən başlayaraq institusional dəyişikliklərin, digər tərəfdən isə yerli və regional səviyyədə vətəndaşların iştirakının artırılması, xüsusən də Yerli azadlıqlar haqda Avropa Xartiyasının qəbulundan sonra aktuallaşaraq gündəmə gəlib. Həmin dövr üçün, xüsusilə də II Dünya müharibəsindən yenicə çıxmış Avropa bu sahədə də müəyyən prinsiplərin və maraqların təmsil edilməsinə siyasi istək nümayiş etdirərək AŞ PA-dan əlavə Yerli və Regional hakimiyyətlər Konqresinin də qurumun məşvərətçi orqanı kimi yaradılmasına nail ola biliblər. İndiki halında Konqres 1994-cü ildə fəaliyyətə başlayıb və bu ilk növbədə 1988-ci ildə AŞ-nın mühüm bir sənədi olan Avropa yerli özünüidarəetmə xartiyasının qəbul edilməsi və onun sonradan implementasiyası ilə bağlı olub. Konqres bir qədər əvvəl qeyd etdiyim kimi, AŞ-nın konsultativ qurumu kimi Nazirlər Komitəsinin və Parlament Assambleyasının qarşısında səlahiyyətlərinə aid məsələlərdə yerli və regional hakimiyyətləri təmsil edir, yuxarıdakı qurumlara tövsiyələrini təqdim edir. Konqresin əsas hədəfləri qitədə yerli və regional hakimiyyətlərin təmsilçiliyi, beynəlxalq əməkdaşlığı, koperasiyası, mədəni əlaqələr və dialoq, transsərhəd əməkdaşlığın inkişafı və bir sıra digər məsələlərlə bağlı olsa da, əsas yük təbii ki, regionların və özünüidarəetmə strukturlarının mənafelərinin qitədə təmsil edilməsidir. Düzdür, son zamanlar AŞ-da və Konqresin özündə gedən islahatlar bu vəzifələrin sayını artıraraq onlara yerli və regional seçkilərin monitorinqini, yerli səviyyədə insan hüquqlarının qorunması, vətəndaş iştirakının təmin edilməsini əlavə edib, bu da qurumun siyasi çəkisini artırıb. Digər tərəfdən Konqres yuxarıda sözügedən yerli özünüidarəetmə xartiyası əsasında üzv-ölkələrdə daim monitorinq mexanizmi vasitəsilə bu proseslərdə iştirak edir.
- Azərbaycan nə zamandan bu Konqresdə nümayəndə heyəti ilə təmsil olunur?

- Konqreslə Azərbaycanın əlaqələri hələ ölkəmizin AŞ-na üzv olmamışdan əvvələ təsadüf edir. 1999-cu ildə Azərbaycanda ilk bələdiyyə seçkiləri keçirildiyi an ümummilli lider Heydər Əliyevin dəvəti ilə Konqres bu seçkilərə özünün müşahidə missiyasını göndərib. Təbii ki, 2001-ci ildən artıq quruma üzv olandan sonra bu əlaqələr sistemli xarakter alıb, elə nümayəndə heyəti də həmin dövrdən təşkil olunub. İlk dövrdə müşahidəçi qismində iştirak olsa da, sonradan tam hüquqlu iştirak təmin edilib. Konqres daxili quruluşuna görə bir sıra xüsusiyyətlərə malikdir və burda həm yerli həm də regional hakimiyyətlər təmsil olunduğu üçün iki palata şəklində fəaliyyət göstərir. Yerli Hakimiyyətlər Palatasında –bələdiyyələr, Regionlar Palatasında isə qitənin regionları, muxtariyyətləri, federal subyektlərinin təmsilçiliyi təmin edilir. Ümumi maraq doğuran məsələlərdə hər iki palatanın birgə sessiyası olur. Bu baxımdan Konqresdə ölkəmizin bələdiyyələrinin nümayəndələri Yerli Hakimiyyətlər Palatasında, Azərbaycanda yeganə regional idarəetmə subyekti kimi isə Naxçıvan Muxtar Respublikasının parlamentinin nümayəndələri isə Regionlar Palatada təmsil olunurlar. Təbii ki, seçkilər zamanı nümayəndə heyətinin tərkibi yenilənir. Bu zaman Konqresin tələblərinə əsasən siyasi partiya, gender və coğrafi şərtlər nəzərə alınmaqla müəyyən edilmiş prosedur vasitəsi ilə təsdiq olunur. Nümayəndə heyətinin say tərkibi isə Parlament Assambleyası ilə eynidir, 6 əsas və bir o qədər də əvəzedici üzvümüz var.
- Bu günə kimi Konqresdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə hansı məsələlərin müzakirəsi aparılıb, hansı qərarlar qəbul olunub?

- Qeyd etdiyim kimi Azərbaycan qurumda 10 ildən artıqdır ki, təmsil olunub. Bu müddət ərzində yerli səviyyədə keçirilən seçkilərdə Konqresin iştirakı təmin olunub və deyə bilərəm ki, Konqres bələdiyyə seçkilərini izləyən əsas institut kimi çıxış edib. Digər tərəfdən Konqres Azərbaycanla bağlı 4 monitorinq missiyasını həyata keçirib. Sonuncu bu kimi tədbir 2012-ci ildə həyata keçirilib, Qaydaya əsasən indi Konqres ölkəmizdə post-monitorinq missiyasını həyat keçirir ki, bu da əvvəlki müzakirələrdə qəbul olunan tövsiyələrin implementasiyası ilə bağlıdır. Və təbii ki, bu müzakirələr qurumdakı Azərbaycan nümayəndə heyətinin fəal iştirakı ilə gedir. Digər tərəfdən qurumun baxış acısının geniş olması, digər məsələləri də, xüsusən qitədə ümumi maraq doğuran məsələlərin müzakirəsində də nümayəndə heyətinin üzvləri iştirakını labüd edir. Burada iki məqam var, birincisi mövqeyimizin bildirilməsidirsə, digər tərəfi qazandığımız təcrübə baxımından vacibdir. Bu gün Avropanı narahat edən bir sıra mələlər var ki, Konqresin gündəliyində prioritet hesab olunur. Onlardan subsidiarlıq, səlahiyyətlərin bölünməsi və aşağı idarəetmə strukturlarına ötürülməsi, xüsusi statuslu regionların vəziyyəti və bu sahədə təcrübə, vətəndaşların iştirakının təmin edilməsi, elektron hökumət və bir çox digər məsələlər var ki, bunlar bizim dövlətimiz üçün də aktualdır. Son vaxtlar dünyada baş verən iqtisadi böhran və onun yaratdığı fəsadlar xüsusi müzakirə edilir. Və deyə bilərəm ki, heç də bütün məsələlərdə biz öyrənci rolunla qalmırıq. Əksinə elə iqstisadi artım və dinamik inkişafın fonunda Azərbaycan dövlətinin tərəfindən regionların inkişafına yönələn strategiyası, yoxsulluğun kəskin azaldılması, işsizliyin, xüsusən də gənclər arasında bu halın azalması, regionlara yönəldilən investisiyaların ilbəil artması, yerlərdə infrastrukturun yenilənməsi şübhəsiz bizi fərqləndirən müsbət amillərdəndir. Faktiki olaraq, Avropada iqtisadi, maliyyə və bunun nəticəsi olaraq sosial sferada baş verən mənfi tendensiyalar ölkəmizdə aparılan düşünülmüş islahatlar vasitəsilə heçə endirilib. Tədricən yerliözünüidarəetmə strukturlarının səlahiyyətlərinin artırılması isə strateji hədəf kimi qəbul olunub. Digər tərəfdən Azərbaycanda Avropaya nümunə sayıla biləcək muxtariyyət nümunəsi mövcuddur. Bunu təkcə biz yox, Avropa Şurasının Konqresi də qəbul edir. Elə keçən ilin oktyabrında Avropanın xüsusi statusa malik ərazilər adlı sənədi hazırlanarkən Azərbaycanla bağlı Naxçıvan Muxtar Respublikasının statusu və praktikası müsbət təcrübə kimi qurumun sənədlərində göstərilib. Bütün bunların hamısı təbii ki, ölkəmizdə aparılan düzgün siyasətin nəticəsi olmaqla bərabər, mükəmməl siyasi sistemin təşəkkül tapmasının göstəricisidir.
- Konqresin ötən həftə keçirilən 27-ci sessiyasının plenar iclasında “Ukraynada və qonşu ölkələrdə baş verən separatçı gərginliklər” adlı bəyannamə layihəsi ətrafında müzakirələr aparılıb. Azərbaycan nümayəndə heyəti də həmin müzakirələrdə iştirak edib. Bu barədə bir qədər ətraflı məlumat verə bilərsinizmi?

- Ukraynada yaranan böhran və onun nəticələri bundan əvvəlki sessiyalarda, müxtəlif komitələrdə müzakirə olunub. Bu təbiidir, xüsusən də məsələnin yerli və regional aspektləri nəzərə alınarsa. Bu dəfəki müzakirələrin və bəyannamənin bir xüsusiyyəti var idi, o da Ukraynadakı baş verən hadisələrin digər üzv-dövlətlərdəki vəziyyətlə əlaqəli müzakirəsi idi. Son dövrlər xüsusən də AŞ-da aydın bir tendensiya izlənir. Qurum məcburdur ki, problemlərə qiymət verərkən ümumi dəyərlərdən və prinsiplərdən çıxış etsin. Konqresdə də bu müşahidə olunmaqdadır. Hətta deyərdim ki, bu bizim gözləntilərimizə tam cavab verir. Budəfəki sessiyaya Ukraynadan başqa separatçılıqla üzləşən, xüsusən də aqressiv separatçılıqdan əziyyət çəkən, əraziləri işğal olunan və nəzarətdən kənar olan postsovet dövlətlərinin rəsmi nümayəndələr iştirak edirdi. Ölkəmizin mövqeyini hökumət adından ədliyyə naziri təmsil edirdi. Faktiki olaraq, Azərbaycan sənəddə adı gedən ölkələrdən daha çox və nəticələri daha ağır sayıla biləcək aqressiv separatçılıqla və işğal faktoru ilə qarşılaşıb. Bundan fərqli olaraq, erməni tərəfi etnik təmizlənmə siyasəti həyata keçirib ki, bu da hərbi cinayət olmaqla işğal olunmuş ərazilərdə insan hüquqlarının kütləvi şəkildə pozulması ilə nəticələnib. Öz növbəmizdə nümayəndə heyəti də müzakirələrdə fəal iştirak edərək ümumi prinsiplər əsasında münaqişələrə qiymət verilməsini, işğal faktorunun regional və yerli demokratiyaya əsas maneə, insan hüquqlarına isə zərbə olduğunu və sair məqamları çatdırmağa çalışırdıq. Onu da deyim ki, bu təkcə sözügedən məsələnin müzakirəsi zamanı yox, daim aparılır, kluarlarda və görüşlərimizdə həmkarlarımıza bu haqda məlumat verilir.
- Mətbuatdan o da məlumdur ki, əvvəlcədən Konqres bu sənədin müzakirələrinə separatçılıqdan əziyyət çəkən ölkələr kimi yalnız Ukrayna, Gürcüstan və Moldovanın təmsilçilərini dəvət etsə də, daha sonra bu müzakirələrə Konqresin sessiyasında çıxış etmiş Azərbaycanın ədliyyə nazirini də dəvət edib, Azərbaycanın da separatçılığa məruz qaldığını qeyd edib. Sizcə Konqres nəyə görə, lap əvvəlcədən deyil, məhz sonradan Azərbaycanın da təmsilçilərini müzakirələrə dəvət edib?

- Təəssüf ki, Azərbaycan bəzi hallarda ikili standartlar və hətta qərəzçiliklə rastlaşır. Bu bizim üçün yeni deyil və müxtəlif platformalarda bu kimi hallara rast gəlirik. Sözügedən sənədin ilk müzakirəsi hələ bu ilin iyun ayında Kişinyovda keçirilən Konqresin Monitorinq Komitəsinin iclasında qaldırılıb. O zaman da bəzi qüvvələr Azərbaycanın adının sənədə salınmasını, müzakirələrə qatılmasını istəməyib. Bunu səbəbi isə məlumdur. İstənilən halda bu məsələdə Azərbaycan daha çox separatçılığa, xüsusən də onun ağır forması olan aqressiv, hərbi separatçılığa məruz qalıb. Və onlar bilirdilər ki, beynəlxalq hüquq, ədalət Azərbaycanın tərəfindədir. Ona görə məsələnin üzərindən sükutla keçməyi düşünüblər. Amma bu gün Azərbaycan dövlətinin səsini eşitməmək olmaz, artıq nə zaman o zamandır, nə də dövlətimizin çəkisi 90-cı illərin əvvəllərində olduğu kimidir. Bu prinsipiallığın nəticəsi olaraq, Azərbaycan tərəfi də müzakirələrdə son anda dəvət olunub.
- Konqresin belçikalı üzvü Mark Kulsun hazırladığı sənədin müzakirələrində Azərbaycanın Konqresdəki nümayəndə heyətinin üzvləri, digər xarici həmkarları ilə birgə sənədin 6-cı paraqrafına əlavə irəli sürüblər və bu, qəbul olunub. Zəhmət olmasa bu barədə bir qədər ətraflı məlumat verərdiniz. Sözügedən sənəd konkret nəyi nəzərdə tuturdu və Azərbaycan tərəfi hansı əlavələrin ora edilməsini vacib sayıb?

- Bu paraqrafa həmkarlarımızla birlikdə bir düzəliş etmək üçün yazılı sənəd tərtib edərək müzakirəyə çıxarmışdıq. Sənəddə deyilirdi ki, olan ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn əsas prinsipləri separatçı hallarla məruz qalan üzv-dövlətlərindəki münaqişələr üçün dinc yolla həll edilməsinin əsas prinsipidir. Sənədin bu formada qəbulu özü özlüyündə müsbətdir. Çünki bir çox hallarda separatçılığa meyl edənlər və onların xaricdəki havadarları beynəlxalq hüquqda ərazi bütövlüyü, suverenliklə bərabər xalqların öz müqəddəratının həlli kimi prinsipin olmasından da sui-istifadə etməyə çalışırlar. Fikir verirsinizsə, sənəddə öz müqəddəratını həll etmə prinsipinə toxunulmayıb, bu isə mühüm amildir. Çünki son zamanlar elə Avropanın özündə baş verən hadisələr bu məsələnin necə həssas olduğunu göstərməklə, bir növ reallıq hissini itirməkdə olan qüvvələrə də bir siqnal idi. Digər tərəfdən, sənəddə ümumi prinsiplərdən söhbət gedir ki, bu da ikili yanaşmanı qəbul etmir. Yəni, münaqişələr yalnız eyni prinsiplər, ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı şərti ilə dinc yolla həll edilə bilər.
- Əlavədəki “dövlətlərin” sözü əvəzinə konkret olaraq Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanın adının salınmasına Ermənistan nümayəndə heyəti üzvlərinin reaksiyası necə oldu?

- Bəli son anda şifahi düzəlişlə “üzv-dövlətlər” ifadəsinİ daha da konkret göstərməyi təklif etdik və Azərbaycanın da adı olan 4 ölkənin qeyd olunmasını təklif etdik. Əslində bu təbii idi, çünki müzakirələrin forması və mahiyyəti, iştirakçıları da məhz bu ölkələrdən idi. Əslində erməni nümayəndə heyəti bundan əvvəlki ifadəyə, yəni ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsipinə də etiraz etdi. Onların bu reaksiyası gözlənilirdi. Təkcə nümayəndələri deyil, onların AŞ yanında daimi nümayəndəsi də hər vəchlə sənədin qəbul olunmamasına çalışırdı. Hətta bu barədə Konqresin Bürosuna məktub da göndərmişdi. Amma reallıq və Azərbaycan dövlətinin artan nüfuzu bütün bu cəhdləri heçə endirdi. Onlar özləri də bunu hiss etdilər. Məsələ səsə qoyuldu və böyük səs çoxluğu ilə qəbul olundu.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər