• cümə, 26 Aprel, 07:20
  • Baku Bakı 12°C

“Azərbaycanda bütün fundamental azadlıqlara riayət olunur” - Yenilənib

24.06.14 16:38 1131
“Azərbaycanda bütün fundamental azadlıqlara riayət olunur”  - Yenilənib
“Bizim əsas problemlərimizdən biri beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərimizin, Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır. Ermənistanla Azərbaycan arasındakı münaqişə bütün regionu təhlükə ilə üzləşdirir. Bu münaqişəyə “dondurulmuş” münaqişə deyirlər, amma bu, doğru deyil, o heç də dondurulmuş deyil. Amma bu münaqişəni dondurmaq mümkündür və bunun yolu da münaqişəni həll etməkdir”. APA-nın Avropa bürosunun xəbərinə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasındakı çıxışında deyib.
Dövlət başçısı bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixən ayrılmaz bir hissəsidir: “Azərbaycanlılar bu regionda min illər, əsrlər boyu yaşayıblar, ermənilər isə bura yalnız 200 il əvvəl gəliblər. Bizim Dağlıq Qarabağdakı heykəllərimiz, mədəni irsimiz çox təəssüf ki, dağıdılıb və dağıdılmaqdadır. Bütün bunları Ermənistanın işğalçı ordusu həyata keçirib. Bu münaqişə ona gətirib çıxarıb ki, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş ərazilərimizin 20 faizi işğal altındadır. Erməni bandaları tərəfindən etnik təmizləmələr aparılıb və bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşüb. Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayon 20 ildən çoxdur ki, işğal altındadır. Bu, ədalətsizlikdir. Dağlıq Qarabağ Azərbaycanın tarixi bir hissəsidir, mən deyərdim ki, bütün Azərbaycanın əmələ gəldiyi bir bölgədir və bu, bizim xalqımıza aid bütün coğrafi adlarda özünü göstərir. Dağlıq Qarabağ birmənalı olaraq Azərbaycanın tərkib hissəsidir və Ermənistandan başqa bütün dünya ölkələri bu ərazilərin Azərbaycana məxsus olduğunu qəbul edir. Dağlıq Qarabağda hökm sürən rejimi də heç kim qəbul etmir. BMT-nin Təhlükəsizlik Şurası bununla bağlı 4 qətnamə qəbul edib və işğalçı erməni qüvvələrinin işğal edilmiş ərazilərdən çəkilməsini tələb edib. Lakin çox təəssüf ki, dediyim kimi, bu qətnamələrdəki müddəaların heç biri həyata keçirilmədi. Bu da məhz həmin ikili standartlar siyasətinin nəticəsidir. Bəzən elə hallar olur ki, BMT-nin qətnamələri bir neçə saat ərzində yerinə yetirilir. Bizim bu məsələmizdə isə artıq 20 il vaxt keçib, amma ortada heç bir mexanizm yoxdur ki, bunu həyata keçirsin. Ermənistan bu əraziləri tərk etmək istəmir, status-kvonu saxlamaq istəyirlər, bu da bütün beynəlxalq vasitəçilərin, Minsk Qrupunun səyləri ilə ziddiyyət təşkil edir. BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü - Rusiya, ABŞ və Fransa hər dəfə qeyd ediblər ki, mövcud status-kvo qəbuledilməzdir, Ermənistan işğal etdiyi ərazilərdən işğalçı qüvvələrini çıxarmalıdır. Amma bütün bunlara əməl olunmur, beynəlxalq hüquqa, dünyanın aparıcı ölkələrinin çağırışlarına, AŞPA-nın qəbul etdiyi qətnamələrə, xüsusilə də 2005-ci ildə qəbul edilmiş 1416 saylı qətnaməyə əməl olunmur. Belə bir qətnamə Avropa Parlamenti tərəfindən də qəbul olunmuşdu. Eyni zamanda ATƏT-in qərarı var və bütün bu sənədlər işğal edilmiş ərazilərdən Ermənistanın çıxmasını tələb edir. Çox təəssüf ki, münaqişə hələ də öz həllini tapa bilmir”.
Ermənilərin işğal etdikləri ərazilərdə abidələri, qəbirləri dağıdaraq vandalizm hallarına yol verdiklərini ATƏT-in bölgədə olan faktaraşdırıcı missiyasının da təsdiqlədiyini deyən prezident İlham Əliyev tarixi Azərbaycan torpağı olan İrəvanın XX əsrin əvvəllərində Ermənistana paytaxt kimi verildiyini bildirib: “Azərbaycan bu məsələyə konstruktiv yanaşır və 20 il ərzində biz sülh danışıqları prosesinə tərəfdar olduğumuzu ifadə etmişik. Lakin biz anlamalıyıq ki, belə bir proses sonsuza qədər davam edə bilməz, tez və ya gec nəsə baş verməlidir. Ona görə də Ermənistan rəhbərliyi XXI əsrdə digər dövlətin ərazisinin işğalının qəbuledilməzliyini nə qədər tez anlasa, bir o qədər yaxşı olar. Ermənistanın burada - demokratiya evində çıxış etmiş əvvəlki prezidenti demişdi ki, guya ermənilərlə azərbaycanlılar arasında milli uyğunsuzluq mövcuddur. Hazırkı prezident də münaqişədən danışarkən bunun dini zəmində baş verdiyi haqda ifadələr səsləndirmişdi. Bunlar qəbulolunmazdır. Çünki azərbaycanlıların heç bir başqa xalqla uyğunsuzluğu yoxdur. Bu monoetnik ölkənin 99 faizi ermənilərdən ibarətdir və azərbaycanlılar da daxil olmaqla, bütün digər millətlər Ermənistanı tərk etmək məcburiyyətində qalıblar. Biz bu problemləri anlamalıyıq, ədaləti, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməliyik”.
Ərazi bütövlüyü beynəlxalq hüququn əsas prinsiplərindəndir. Ermənistanın tez-tez işlətdiyi, xalqların öz müqəddəratını təyin etmə prinsipi dövlətlərin ərazi bütövlüyü prinsipi ilə ziddiyyət təşkil etməməlidir.
---------
17:01

Azərbaycan prezidenti İlham Əliyev bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında çıxış edib.
APA-nın Avropa bürosunun xəbərinə görə, dövlət başçısı bildirib ki, Azərbaycanda indi yüksək templə inkişaf gedir və ölkədə islahatlar aparılır: “Bu islahatlar 90-cı illərin ortalarından, təxminən elə bizim ölkənin müstəqilliyindən sonra başlayıb.
Müstəqilliyimizin ilk illəri bizim xalqımız üçün faciəyə çevrildi. İqtisadi çətinliklər var idi, siyasi və iqtisadi böhran yaranmışdı, Azərbaycandakı ilk hakimiyyətin ölkəni qeyri-effektiv idarə etməsi çox ciddi vəziyyətə gətirib çıxarmışdı. Ümumiyyətlə, əsas məsələ bizim dövlətimizin mövcudluğu idi. 90-cı illərin ortalarında Azərbaycanın yeni demokratik Konstitusiyası qəbul olundu. Ölkədə sosial və iqtisadi inkişaf dövrü başladı. Biz fəal şəkildə Avropa Şurasına üzv olduq. Bizim öz istəyimizlə bu təşkilatın üzvü olmaq və ölkədə aparılan islahatları dərinləşdirmək niyyətimiz var idi. Təbii ki, Avropa Şurasının üzvlüklə bizim üzərimizə müəyyən öhdəliklər qoyacağını aydın başa düşürdük və biz bu öhdəlikləri yerinə yetirməyə həmişə hazır olmuşuq. Biz indi də üzərimizə düşən öhdəlikləri həyata keçiririk. 60-a yaxın konvensiyaya qoşulmuşuq, qanunvericiliyimizi yeniləmişik. Hazırda apardığımız islahatlar bizim cəmiyyətdə çox müsbət ab-hava yaradır. Fundamental azadlıqlar məsələsinə gəldikdə, Azərbaycanda bütün bunların hamısına riayət olunur. Sərbəst siyasi fəaliyyətlə məşğul olmaq, siyasi azadlıqlar mövcuddur. Bizim ölkədə yüzlərlə siyasi institut, siyasi partiya fəaliyyət göstərir.
KİV tam azaddır və Azərbaycanda gündəlik, həftəlik, aylıq çoxlu sayda qəzet və jurnal çap olunur, ölkədə çoxlu sayda televiziya kanalları, eləcə də regional kanallar fəaliyyət göstərir. Bundan başqa, ölkəmizdə internet tam azaddır və əhalinin 70 faizindən çox internetdən istifadə edir. Azad internetin olduğu, senzuranın olmadığı şəraitdə biz heç cür söz və ifadə azadlığını məhdudlaşdıra bilmərik. Əksinə, KİV-in azadlığını daha da genişləndiririk. Çünki mətbuatın azad olması demokratiya deməkdir və bu, hökumətin hansısa çatışmazlıqlar üzərində qüvvəsini cəmləşdirməsinə yardım etmiş olur. Bu, hökumətlə cəmiyyət arasında mühüm əlaqə yaradan amillərdəndir. Bu, müasir Azərbaycanın əhəmiyyətli uğurlarındandır və biz bununla fəxr edirik. Bir daha təkrar etmək istəyirəm, mətbuat azadlığı tam şəkildə təmin olunub. Eyni zamanda sərbəst toplaşmaq azadlığı da tam təmin olunub. Və bütün bunlar bizim islahatlara nə dərəcədə sadiq olduğumuzun bariz nümunəsidir. Bizim üçün islahatların aparılması prioritet təşkil edən məsələlərdəndir.
Biz bunu ona görə etmirik ki, üzərimizə düşən öhdəlikləri yerinə yetirək, yaxud beynəlxalq təşkilatlardan müsbət qiymətlər alaq, biz ölkəmizi müasirləşdirmək fikrindəyik və işlərimizi bu istiqamətdə aparırıq. Mən bunu həmişə demişəm, indi də deyirəm ki, güclü demokratik təsisatlar olmadan bizim iqtisadi uğurlarımız möhkəm ola bilməz. Məhz buna görə bizdə demokratik islahatlarla iqtisadi islahatlar paralel aparılır və ümumilikdə cəmiyyətimizdə müsbət ab-hava yaranıb. Bununla yanaşı, bizim ölkədə din və etiqad azadlığı mövcuddur, bu da əsas uğurlarımızdan biridir.
Bizim cəmiyyətimiz multietnik və çoxmillətlidir, müxtəlif dinlərin təmsilçiləri dinc və əmin-amanlıq şəraitində birgə yaşayır. Bu, əsrlər boyu belə olub. Multikultiralizm də bizim üçün prioritet təşkil edən məsələlərdəndir. Biz Avropa Şurasındakı sədrliyimiz dövründə fəaliyyətimizi bu məsələnin üzərində də cəmləşdirəcəyik.
Çox təəssüf ki, indi dünyanın bir çox bölgəsində, istər bizim qonşuluğumuzda, istərsə də Yaxın Şərq kimi regionlarda narahatlıq yaradan tendensiyalar mövcuddur. Bunlar bölücülük və nifrət kimi tendensiyalardır. Biz bu problemləri həll etməliyik”.
Prezident İlham Əliyev AŞPA-da çıxışı zamanı deyib ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyinin prioritetlərindən biri də beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarların həyata keçirilməsidir.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanla bağlı da bir neçə qətnamə və qərarlar var: “Bunlardan əsası BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrdir. Lakin praktikada bunların heç birisi həyata keçirilmədi. Buna görə də, fikrimcə, beynəlxalq səviyyədə qəbul edilmiş qətnamələrin implimentasiya mexanizminin yaradılması olduqca vacib məsələdir. Belə bir mexanizmi biz hamımız birlikdə tərtib etməliyik. Yoxsa bu qətnamələr öz mövcudluğunu və əhəmiyyətini itirəcək. Biz tövsiyə edərdik ki, beynəlxalq hüququn norma və prinsiplərinin aliliyi təmin edilsin. Bu, çox əhəmiyyətli məsələdir”.
Dövlət başçısı AŞPA sədri, xanım Ann Brassörə Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyi üçün təşəkkür edib: “Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipi hesab olunur”.
banner

Oxşar Xəbərlər