AZE | RUS | ENG |

“Azərbaycanda 7 yaşlı uşaqlar da məni tanıyır” - Fotolar

“Azərbaycanda 7 yaşlı uşaqlar da məni tanıyır” - Fotolar
“Təhminə və Zaur”un Təhminəsi: Qadın olmaq - bir addım geridən başlamaqdır

90-cı illərə öz damğasını vuran türkiyəli aktrisa Meral Konrat. Biz onu "Təhminə və Zaur” filminin Təhminəsi kimi tanıyırıq. Təhminə obrazı ilə Azərbaycan tamaşaçılarının qəlbində taxt quran aktrisa Türkiyə mətbuatına müsahibə verib, müsahibəsində Azərbaycana olan sevgisindən və Təhminə obrazından da ağızdolusu danışıb. Müsahibəni olduğu kimi sizə təqdim edirik. 
 
- Meral xanım, bizə özünüz haqqınızda danışa bilərsinizmi?
- Mərmərə Universitetinin Gözəl Sənətlər fakültəsinin memarlıq ixtisasında təhsil almışam. Tələbəlik illərimdə aktrisa kimi reklamlara çəkilməyə başladım. Bu reklamlar məni aktrisa olaraq tanıtdı. Beləliklə, ilk "Üçüncü göz” filminə çəkildim. Bu filmdəki obrazıma görə "ən yaxşı qadın aktrisa” mükafatını qazandım və bu uğur məndə filmə böyük sevgi oyatdı. Universitetdən aldığım diplomu evin divarından asdım. Bu günə qədər aktrisa olaraq addım-addım irəlilədim. Bir çox filmlərdə canlandırdığım obrazlara görə mükafatlandırıldım. Sonrasında saysız film və seriallarda baş rol obrazı ilə çıxış etdim. Mənim üçün ən dəyərli obrazım Azərbaycanda "Təhminə və Zaur” filmində oynadığım Təhminə oldu. O zamanlar Təhminənin sözləri Azərbaycan dilində idi və mən çox çətinliklə o sözləri əzbərləyirdim. Təhminə obrazını Azərbaycan dilində oynadım və bu obraz mənə Moskvada və Azərbaycanda böyük mükafat qazandırdı. Azərbaycan xalqı məni azəri olaraq görür. Daha sonra Azərbaycanda bir neçə dəfə "Təhminə və Zaur” filmi və serialı çəkildi. Bir neçə "Təhminə və Zaurlar” oldu. Ancaq hər kəs o "Təhminələr”də Meral Konratı axtarıb. Azərbaycanda "Təhminə və Zaur” filmi indi də tez-tez göstərilir. Mən o filmə 1993-cü ildə çəkilmişəm. Ancaq Azərbaycana getdiyim zaman hər kəs məni tanıyır, əli ilə mənin göstərib "Təhminə” deyərək yanıma qaçırlar. 7 yaşındakı uşaqlar belə məni tanıyır və mən buna çox təəccüblənirəm. Həqiqətən inanılmaz bir şeydir. Bəzən orada olanda, insanlar yanıma gəlib söhbət edirlər və mənə toxunurlar: "Sənə toxunduq, bundan sonra ölsək də qəm yemərik. Siz canlı imişsiniz” deyirlər. Hazırda Azərbaycanda mənə qarşı inanılmaz bir sevgi var. Ən çox bəyəndikləri aktrisalar arasında yer alıram. Onların media nümayəndələri hər il məndən müsahibə almağa gəlirlər. Bundan başqa, ən önəmli filmlərimdən biri də Rauf Denktaşın ssenarisinə uyğun, Ünal Küpelinin rejissorluğu ilə çəkilmiş "İşğal altında” filmidir ki, bu film xaricdə və Türkiyədə bir çox mükafatlara layiq görülüb. Barış Mançonun "Sahildə” mahnısının klipində yer almışam. TGRT-də 10 il "Vitrin” verilişinin aparıcısı olmuşam. Hazırda aktrisalıq üzrə dərs deyirəm. 
 
 
 
- Tarık Akan ilə oynadığınız film sizə hansı qapıları açdı?
- Əslində, film sektoruna daxil olmağım bu filmlə baş verdi. Bu filmə əvvəlcə barmaqarası baxsam da, sonradan tək peşəm aktyorluq oldu. 
 
- İndi pedaqoq kimi fəaliyyət göstərirsiniz. Yeni Meral Konratlar yetişirmi?
- Yeni Meral Konratların yetişməsi çox çətindir. Çünki mən dişimlə, dırnağımla bu yerlərə gəlib çıxdım və bunu bacardım. Bu günə qədər bir çox mükafatlara layiq görülmüşəm. Yeni Meral Konratlar bir az çətin yetişər. Amma çox yaxşı aktyorlar yetişdirmişəm. Onlar bu gün kino sahəsində bir çox yerlərdə çalışırlar və uğur qazanırlar. İnşallah, daha yaxşı yerlərə gedib çıxarlar. 
 
 
 
- Hazırda film sektorundan hər hansı bir təklif alsanız, dəyərləndirərsinizmi?
- Bu günə qədər aktrisalığı buraxmamışam. Teatr, aktrisalıq dərsləri, aparıcılıqla məşğul olmuşam. Amma menecerlərim hər zaman zəif olub. İni menecerlərlə doğru zamanda doğru layihələrlə çalışacağıq. İndiyə qədər bir çox təkliflər almışam. Onların içərisində yer almaq istədiklərim də olub. İndi menecerim Dərya Kaplan ilə yeni bir yola çıxırıq.
 
- Yeni nəsil aktyorlar haqqında nə düşünürsünüz?
- Məncə, çox uğurludurlar. Onların içərisində çox yaxşı aktrisalar var. Bizim zamanımızda ailələr bu sənətə çox tərs baxırdılar. Ancaq indi bir çox ailələr uşaqların əlindən tutub onların aktyor kimi yetişməsi üçün mübarizə aparırlar. Bu sənət artıq yüksək dəyərləndirilir. Bir çox aktyorluq akademiyaları, kursları açılır və orda gənclərimizə aktyorluq dərsləri keçirilir. Keçmişdə bizim sənətimizdə belə bir münasibət yox idi.
 
 
 
- "Yaz aşkım” serialında baş rolları canlandırdığınız Kərim Tekinlə bağlı xatirələrinizi bizimlə bölüşə bilərsinizmi?
- "Yaz aşkım” serialının prodüseri mən idim. O film əslində serial olacaqdı. Aktyor seçimləri əsnasında Kərimin ilk klipini gördüm və onunla görüşdük. Kərim də belə bir layihədə yer almaq istədiyini söylədi. Kıbrısda çəkilişlərə başladıq. Kərim ailəsi ilə heç tətilə çıxmadığını və ailəsinin də orda olmaq istədiyini dedi. Biz də sevə-sevə qəbul etdik. Çəkilişlər başlayanda,  Kərim mənə davamlı olaraq bir kağıza müqavilə imzalatdırırdı. Səbəbini soruşanda, "sonra cəriməsini mən çəkirəm” deyirdi. Kərim birinci bölümün sonunda avtomobil qəzası keçirirdi və ikinci bölümdə onun yaşadığı ortaya çıxacaqdı. Kərim o müqaviləni imzalatdıranda deyirdi ki,  "siz sonra bu obrazı başqasına təklif edərsiniz, mənim içim rahat etməz, ona görə də sizə bu kağızları imzalatdırıram”. Mən isə ona tək bir söz deyirdim: "Kərim, səninlə başladıq, səninlə davam edəcəyik”. Ancaq yenə də Kərimin içi rahat etmirdi. Sonradan qəza səhnəsini çəkdik və o mənə yaşadığı bir hadisəni çəkməyimizi xahiş etdi. "Biz bunu necə çəkərik, maşını hardan taparıq” düşünə-düşünə iki gün müddətində axtardıq və onun istədiyi maşını tapa bilmədik. Serialın davamlılığı üçün eyni maşının olmağı vacib idi. Kərim çox məyus idi. Serialın montajı üçün İstanbula döndük. İkinci bölümdən çəkilişlərə başlayacaqdıq. Montaj işləri görülərkən çəkilişlərdən 10 gün sonra Kərimi itirdik. Bu mənə çox təsir etdi. Ondan sonra hər zaman özlüyümdə "görəsən o səhnəni çəksəydik, Kərim yaşayardımı” - deyə düşünməyə başladım. Bu mənim həyatımda ən kədərli an idi. Və o serialı davam etdirə bilmədim. Serial film olaraq qaldı. Sanki Kərimin ürəyinə dammışdı ki, o bu serialda axıra qədər oynaya bilməyəcək. Mən isə ona söz vermişdim ki, mən onun arxasından başqa birinə obraz vermərəm. Danışdığımız kanal serialın davam etməsini istəsə də, mən çəkmədim. Onlar Kərimin serialdakı qəza görüntülərini istədilər, ancaq onu da vermədim. Mən onu sadəcə Kərim Təkinin oynadığı film olaraq buraxdım. Davamını çəksəydim, rahat olmazdım.
 
 
 
- Siz indi müasir filmlərdə də çəkilirsiniz. Yeşilçam zamanlarıyla bu günün kinoları arasında hansı fərqlilik var?
- Mən Yeşilçamın ən çətin zamanlarına təsadüf etmişəm. Yaxşı ki, bu sənətə o dövrlərdə gəlmişəm. Çox çətin şərtlər altında filmlər çəkirdik. Təsəvvür edin ki, filmdə səhnədən-səhnəyə keçid edəndə, üzərimizi dəyişərkən çəkilişlərin yaxın olduğu yerlərə gedir, onlardan əynimizi dəyişmək üçün icazə istəyirdik. "Üçüncü göz” filmində mən çarşablar içində, hər tərəfi yara olan bir qadını canlandırırdım. Dedilər ki, sizin üçün bir ev tapmışıq, orda geyinəcəksiniz və mən əynimi dəyişmək üçün qapını döydüm. Qapını açanlar "Allah versin, başqa qapıya” deyərək qapını üzümə bağladılar. Çünki onlar fərqli bir aktrisa gözləyirdilər və məni dilənçi hesab etdilər.  Üz-gözü yara, paltarları cırıq olan birini görüb, dilənçi hesab etmişdilər. Biz onları çox çətinliklə mənim aktrisa olmağıma inandırmışdıq. Çox çətin şərtlər altında işləyirdik. İndi aktrisaların çəkiliş prosesində istirahət etməyi üçün karavanlar, uzun maşınlar, hər şey hazırlanır. İndiki aktyorlar daha çox şanslıdırlar. Onlar çəkiliş prosesində bir neçə dəfə səhv edə bilərlər. Bizim dövrümüzdə çoxlu təkrar çəkilişlər etmək imkanımız yox idi. Çox ekonomik şərtlərlə çəkilişlər edirdik. İndiki aktyorlar bu sıxıntıların heç birini yaşamırlar. O illərin indi ilə müqayisəsində dağlar qədər fərq var. 
 
 
 
- Bir türk qadını olaraq aktrisa kimi uğur qazanmaq çətindirmi?
- Bu çox gözəl bir duyğudur. O həyəcanı yaşamaq həqiqətən gözəl idi. İstəyirəm ki, bizi yaxşı layihələrdə görsünlər. Mən indiyə qədər aldığım bütün mükafatları həqiqətən öz alın tərimlə, çalışaraq qazanmışam. Təəssüf edirəm ki, gənc yeni prodüserlər bizləri tanımır. Qadın olmaq - bir addım geridən başlamaqdır. Qadınlara qarşı şiddətin tətbiq edildiyini görəndə çox kədərlənirəm. Bir çox kanalda tez-tez bu kimi xəbərləri izləyirəm. Qadına şiddət və  gənc qızlarımızın təcavüzə uğradıqlarını görürük. Qadınlarımıza sahib çıxmaq lazımdır. Bunu nə qədər söyləyiriksə, səhəri gün yenə eyni xəbərlərlə rastlaşırıq. İnşallah, bu hadisələr bitər. Səssiz fəryadlar edirik. Artıq səsimizi duysunlar və qadına şiddətə son versinlər...
 
Xəyalə Rəis

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917