Azərbaycanca oxuyanda zövq alan türkiyəli alim

"Azərbaycanca oxuyanda zövq alıram. İnsanların
bu dildə əlaqələrindən danışsaq, bir səmimiyyət hiss olunur. Danışarkən sözlər
çox içdən gəlir. Nəzakət, kübarlıq var, Azərbaycan dilində. Dilin estetik gözəlliyi,
bədiiliyi var. Şeir dilidir, kəlmələri duyğu yüklüdür. Azərbaycan şairlərin, rəssamların,
sənətçilərin bol olduğu ölkədir. Yəqin ki, bir az da bununla əlaqəlidir. Çox azərbaycanlı
tanıdım, hamısında sənətlə bağlılıq gördüm” – bu sözləri bizimlə söhbətində ölkəmizdə
ilk dəfə qonaq olan TürkiyəninBiruni Universitetinin təhsil
fakültəsinin dekanı Prof.Dr. Adnan Ömerustaoğludedi.
Deyir
ki, insanın, ölkənin dili çox şey anlatmaq qabiliyyətinə malikdir: "Bir insanla
danışanda, onu, istifadə etdiyi dildən anlayarsan. Hansı anlayışlar onun
dünyasında önə çıxır? Məsələn, maddi şeylərə qiymət verən bir insanın dilində
pulla, malla, ticarətlə əlaqəli kəlmələr çox olur. Dünyası estetik tərəfdən zəngin
olan insanın cümlələrində isə sənət, bədii anlayışlar daha çox yer alır.
Mühafizəkar, dindar insanlara baxsanız, o tipli anlayışları çox istifadə
etdiyini görəcəksiniz. Ona görə, "dilimizin sərhədi dünyamızın sərhədidir”
deyilir. Dilimiz bizim sahib olduğumuz mədəniyyət quruluşunu, nə olduğumuzu
anladır. Biz dillə bir hadisəni, insanı anladırıq, amma bu zaman həm də özümüzü
ifadə etmiş oluruq”.
- Bakıya ilk dəfə gəlsəniz də, hələ müsahibədən kənar
söhbətlərdə ölkəmiz haqqında kifayət qədər məlumatlı olduğunuz görünür.
- Bəlkə
də, yaxşı müşahidə aparmışam. Təbii ki Azərbaycan haqqında məlumatım var idi,
amma kitabda oxumaqla, küçələrində dolaşmaq insana bir ölkə ilə əlaqəli fərqli
şeylər öyrədir. Bəzən kitabda oxuduqların o qədər də cəlbedici olmur, amma küçələrində
gəzib, insanlarla danışanda daha fərqli gözəlliklər ortaya çıxa bilir.
İnsanlar, küçələr sənə bir dünya anladar, ölkənin özəlliyini təqdim edər. Bəzən
isə kitabda elə gözəl şeylər oxuyarsan ki, getdiyin yerdə onları tapa bilməzsən.
Ya siz çox keçmişə aid məlumat oxuyubsunuz, ya da çox özəl bir şeylər yaşayan
insanın xatirələrini. Bir şəhəri, ölkəni canlı gördüyünüzdə, insanlarla söhbət
etdiyinizdə, daha təcrübi biliklər əldə edirsiniz. Azərbaycana çox sıx rejimli
bir səfərimiz oldu, müəyyən qədər insanlarla ünsiyyət qurduq. Bütün bunlarla Azərbaycana
haqqındakı düşüncəmizi, məlumatımızı yenidən inşa etdik.

- Maraqlıdır, Bakının küçələrində gəzəndə,
insanları ilə ünsiyyətdə olanda nələri gördünüz?
- Azərbaycan
çox sürətli dəyişiklik və inkişaf içərisindədir. Şəhərdəki memar fəaliyyəti diqqət
çəkir. Yeni memarlıq işləri şəhəri bu
baxımdan zənginləşdirib. Məkan çox önəmlidir, çünki məkan anlamı insana təsir
edən özəlliyə sahibdir. Yeni məkanların yaradılması, dizayn edilməsi böyük
yenilikdir. Mədəni inkişaf tərəfdən bunun ciddi qatqısı var. Görünür ki, keçmiş
memarlıq tərzləri də qorunub saxlanılır, sadəcə, buna indi daha yeni formalar
qatılır.
Bakının
küçələri çox təmizdir. Bu da diqqətimi çəkdi. Bir də Dənizkənarı Bulvarın
uzunluğunun bu qədər çox olması mənə xoş təsir bağışladı. İstanbulda,
Boğaziçində olduğu kimi, sahil villalarla bağlanmayıb. Bəlkə 2-3 milyon adam
axşam sahilə enib gəzə bilər. Bəzi universitetlərə, məktəblərə getdik.
Bağçalarında mütləq ağac var. Ağac da mədəniyyət deməkdir. Onu qorumaq da önəmlidir.
Tədrislə bağlı elə çox fikir söyləyə bilmərəm, çünki bunu müşahidə etməyə çox
vaxt olmadı. Bəzi universitetlərdə görüşlər keçirdik, iş birliyi qurmağı
düşünürük.
- Gəlişinizin əsas səbəbi nə idi?
-
Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun 100 illik yubileylərinə
həsr edilmiş "Türkdilli ölkələrdə təhsil və sosial elmlər” beynəlxalq
simpoziumunda iştirak
etmək üçün gəldim. Fürsət oldu, rejimim nə qədər sıx olsa da, bu fürsəti dəyərləndirib
gəldim. Çünki Bakını görməkdə gecikmişdim.

- Dediniz ki, universitetlərlə iş birliyi
düşünürsünüz. Burda konkret nələr nəzərdə tutulur?
- Biruni
Universiteti İstanbulun mərkəzində yerləşir. Tibb üstünlük təşkil etsə də, bizdə
başqa fakültələr də tədris olunur. Bu istiqamətlərdə iş birliyi qurmaqla bağlı
universitetlərin rəsmi şəxsləri ilə görüşlər apardıq. Bizim dünyanın bir çox
ölkələrindəki universitetlərlə əlaqələrimiz, iş birliyimiz var. Azərbaycan
bizim üçün özəldir, coğrafiya, dil yaxınlığı var. Bəlkə tələbə mübadiləsi edə
bilərik. Bizim tələbələr bir müddət Bakıda hansısa universitetdə oxuyacaq,
burdakı tələbələr də bizim universitetdə.
Yaxud,
ortaq proqram yarada bilərik. Məsələn, Azərbaycandakı fəlsəfə proqramı ilə
Türkiyədəki proqramı qarşılaşdırıb, ortaq bir proqram yaradarıq. Bəlkə də, bunu
digər türk ölkələri ilə birlikdə edib, daha da genişləndirib YUNESKO-ya qədər təqdim ediləcək bir layihə
halına sala bilərik.
Bir
başqa plan isə müəllim heyətinin mübadiləsidir. Bir də ortaq simpoziumlar və
konqreslər keçirmək. Bu istiqamətdə əslində, müəyyən işlər var, amma indi daha
sistemli hala gətirmək istəyirik.
- Biruni Universitetində azərbaycanlı tələbələr təhsil
alır?
- Tibbi
fakültələrdə var. Bir tələbənin gəlib bütün təhsilini orda alması başqa bir
şeydir. Biz deyirik ki, qarşılıqlı tələbə mübadiləsi edək. Bizim təhsil
sistemimiz bu cür dəyişiklikləri etməyə uyğundur. Azərbaycanla bunu digər ölkələrlə
etdiyimizdən daha asan edə biləcəyik, çünki dil məsələsi qısa müddətdə həll
edilir.
- Bu əlaqələr maliyyə cəhətdən universitetlər üçün
uyğun olurmu?
- Bu,
Avropada "Erasumus” proqramı çərçivəsində edilir. Tələbələr ailələrə yük olmur.
Azərbaycan və Türkiyə güclü dövlətdir, bir fond yaradıb bunu qarşılaya bilərlər.
Bunu etməyin önəmini anlamaq, istəmək və qərar vermək lazımdır. Əgər valideyn
uşaqlarının yaxşı təhsil almasını istəyirsə, büdcəsinin böyük qismini ona
yatırmalıdır. Dövlət də maliyyəsinin böyük qismini təhsilə yatırmalıdır. Tədris
bahalıdır, amma təhsilsizliyin maliyyə xərci dövlət üçün daha böyükdür.

- Burda tələbələrlə ünsiyyətdə ola bildiniz?
-
Pedaqoji Universitetdə bəzi tələbələrlə danışdıq. Amma bu qısamüddətli təmasımda
tələbələrin bacarıqları ilə bağlı fikir söyləmək çətin olar. Bir dərsi keçmək,
birini keçməmək tələbənin müvəffəqiyyət göstəricisi deyil. Müvəffəqiyyət daha
böyük anlamda ölçülməlidir. Amma Azərbaycanda və Türkiyədə gördüyüm bir inkişaf
var. Bu inkişaf təhsilə də istər-istəməz
öz təsirini göstərir.
- Əvvəllər bizdə daha yuxarı yaşlarda elmə meyillənmə
var idi, indi bu, gənclik dövrünə də təsadüf edir. Türkiyədə bu cəhətdən vəziyyət
necədir?
- Elmə gəlməyi
arzulayan, o istiqamətdə erkən yaşlarda hədəfini müəyyənləşdirənlər var.
Dünyada da belədir. Amma gənclərin bu istiqamətə meyillənməsini təşviq edən işlər
görmək lazımdır. Elm məktəbləri quraraq, festivallar təşkil edərək və s. Bu işi
öz axarına buraxmaq olmaz. Elmi sevdirəcək fəaliyyətləri artırmaq önəmlidir.
Çünki dünyanın güclüləri elmi fəaliyyətdə irəlidə olanlardır. Kim biliyi
istehsal edib texnologiyaya çevirirsə, daha irəlidə olur. Gənclərə, uşaqlara
bunu göstərməliyik. İndi bilik toplumu informasiya toplumuna keçir. Artıq tədrisdə
kodlama önəmlidir. Süni intellekt çalışmaları bu gün dünyada aktualdır. Tibb
istiqamətində də sürətli şəkildə inkişaf gedir. 80-ci illərə qədər bəlkə də
dünyadakı biliyin bütün təcrübəsi bəlli bir axarla gedirdi. Amma o illərdən
sonra hər beş ildə bu bilik iki dəfə artdı. 2000-ci ildən sonra isə 2 ildə 2 dəfə
artdı. İndi artıq bu sürəti ölçə bilmirik. O qədər sürətli bilik artımı gedir
ki. Və indi həm də biliyi çox sürətli istehsal etməliyik. Burda da bir yarış
var. Biri biliyi istehsal edib, texnologiyaya çevirdiyi an, siz gecikirsinizsə,
onu sizin istehsal etməyinizin anlamı qalmır. O biliyin də artıq bir bazarı
var.
- Yəni, deyirsiniz ki, gəncləri elmə istiqamətləndirməliyik?
- Elm hara yol alır, hansı sahələrdə daha sürətlə
irəliləyir? Bunları izləmək lazımdır. İnsanların həyatını asanlaşdıran biliklərin
istehsalı önəmlidir. Gələcək elmdədir. Güclü olmaq üçün biliyi istehsal etmək
lazımdır. Biliyi istehsal etdiyiniz qədər gücünüz var. Keçmişdə belə deyərdik
ki, bir mədəniyyətin inkişafı bir kitab üzərindən olur. Kitabı yazıb istehsal
edirsinizsə, güclü mədəniyyətə sahib olursunuz. Artıq elmi biliyi istehsal etmək
lazımdır. Sadəcə, elmdən danışdığımız üçün bunu deyirəm. Amma sənət istehsalı
da önəmlidir. 21-ci əsrdə elm qədər önəmli olan sənət istehsalıdır. Sənət
istehsalı insanın estetik yaşamı üzərində daha təsirlidir. Elmi biliyin
istehsalı insanın bütün yaşamının komfortlaşdırılması baxımından daha önəmlidir.
Zaman-zaman elmin, təbiətə zərər verəcək müəyyən qədər məhsulların istehsalına
gətirib çıxardığını da deyirlər. Amma onların qarşısını almağın yolu da elmi
biliyi istehsal etməkdədir. Elmdən vaz keçə bilmərik.

- Təhsilin elmi istiqamətini çox adam davam
etdirir, amma bu sadəcə, kağız üzərində qalır, sonra heç bir fəaliyyət olmur...
- "Hər kəs
elm adamı olmalıdır” deyə bir şey yoxdur. Ölkənin elmi anlamda istehsalını
aparacaq zəkalı adamların, çalışqanların bu sahədə olmasına şərait yaratmaq
lazımdır. Təbii ki, yüksək tədris önəmlidir, elm sahəsində yüksək tədris
almamış insanı düşünə bilmərik.
ABŞ-ın
hazırladığı hesabatlara baxanda görürük ki, dünyadakı yoxsullar arasında yüksək
təhsil alanlar yoxdur. Cinayətlə nəticələnən hadisələrdə yüksək təhsil almışlar
yüzdə bir faiz belə təşkil etmir. Bu onu göstərir ki, daha yaxşı bir dünya üçün
təhsil lazımdır. Hər kəs təbii ki, elm adamı olmayacaq. Amma gələcəyin
dünyasında da keçmişdə olduğu kimi, təhsilli insanlar fərq yaradacaqlar. Təhsilli
insanların yaşam keyfiyyəti daha yüksəkdir. Bunu görürük.
- Fəlsəfə adamı ilə fəlsəfədən danışmasaq olmaz.
- Fəlsəfə
sadəcə, filosofların sözlərini təkrar etmək, onların bir komanda anlayışları üzərindən
müzakirəsini aparmaq deyil. Fəlsəfənin bir yönündə bu ola bilər, amma fəlsəfə həyatın
tam içindədir. Əslində, hər kəs həvəskar bir filosofdur. Niyəsini də deyim.
Ölümü, həyatı, yalnızlığı, məsuliyyəti, azadlığı, ədaləti, cəsarəti düşünməyən
insan varmı? "Burda niyə varam?” deməyən adam varmı? "Eşq, sevgi nədir?” sualını
özünə verməyən insan ola bilərmi? Bəs, bunları yaşamayan insan varmı? Yoxdur,
min illərdir ki bu, belədir. Gələcək minilliklərdə də belə olacaq. Çünki insanın
təbiəti, düşündükləri istəkləri, qərarları var. İnsan özünü, qarşındakını,
kainatı anlamaq, gördüyü davranışlara anlam vermək istəyir. Dostu yanından
keçdi, salam vermədi. Buna səbəb tapmağa çalışır. Belə olunca fəlsəfə həmişə
bizimlə bərabərdir.
Bilirsiniz,
biz müdir də olarıq, işçi də, dekan da olarıq, rektor da, prezident də ola bilərik,
yaxud da olmarıq. Amma bunlar hamısı bizim bu dünyadakı rolumuzdur. O rolları
oynayırıq və bunu çox qabartmamaq lazımdır. Çox şey əldə edəndə, ona görə çox qürurlanma,
çox itirəndə də çox üzülmə. Filosoflar belə baxar, çünki hər şeyin keçici
olduğunu bilirlər. Bir filosof deyib ki, fəlsəfə ölməyi öyrənmək, ölümə
hazırlanmaq deməkdir. Ona görə, hamımız
bir az həvəskar filosofuq. Fəlsəfə bizdən uzaq deyil, bizimlə birlikdədir.
Aygün
Asimqızı
