• cümə, 26 Aprel, 05:14
  • Baku Bakı 16°C

“Azərbaycan öz avropalı tərəfdaşları ilə əməkdaşlığın inkişafında maraqlıdır”

26.10.13 12:48 1713
“Azərbaycan öz avropalı tərəfdaşları ilə əməkdaşlığın inkişafında maraqlıdır”
Ramiz Mehdiyev: “Dövlət Departamentinin bəzi məmurları seçkilərlə bağlı Avropa strukturlarına təzyiq göstərməklə ABŞ-Azərbaycan tərəfdaşlığına ziyan vurur”
“Avropa siyasətindəki son hadisələri təhlil edərkən bir neçə əsas məqamı ayırmaq olar. Əvvəla, pozitiv məqamı - Avropa Parlamentinin qətnaməsini qeyd etmək lazımdır. Orada göstərilir ki, Ermənistan-Azərbaycan münaqişəsi BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunmasını tələb edən qətnamələri əsasında həll olunmalıdır”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində deyib.
R. Mehdiyev bildirib ki, məlum qətnamə bir sıra Avropa strukturlarının Azərbaycan ərazilərinin işğalı məsələsinə ciddi yanaşdığını söyləməyə əsas verir: “Bu, münaqişənin səbəblərini təhrif etməyə və işğala haqq qazandırmağa çalışan Ermənistan xarici siyasətinin iflasıdır. Lakin bu obyektiv addımla yanaşı, biz Avropanın siyasətində bir sıra prinsiplərlə ziddiyyət müşahidə edirik – hansı ki, həmin prinsiplərin təntənəsi üçün Avropa siyasi məkanında çoxsaylı dövlətlərarası siyasi strukturlar yaradılıb. Avropada iqtisadi və maliyyə böhranının sosial və demokratik böhrana çevrildiyini sezmək çətin deyil. Avropa Birliyinə etimad məsələsində yaranmış böhranın güclənməsi, onun siyasi hadisələrə yanaşmasında qeyri-adekvatlıq, müstəqil oriyentasiyasını itirməsi və s. məsələlər məhz bununla bağlıdır. Situasiyanın bütün mürəkkəbliyini nümayiş etdirən faktorlardan biri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə ABŞ Dövlət Departamentinin nümayəndələrinin Azərbaycandakı seçkilərlə bağlı yanlış siyasi qənaətə əsaslanan bəyanatlarıdır. Hələ seçkilərdən əvvəl bizə məlum idi ki, ATƏT Parlament Assambleyası xaricdən təzyiq nəticəsində absurd bir bəhanə ilə Azərbaycana müşahidəçi göndərməkdən imtina edib. Azərbaycan tərəfinin dəfələrlə etdiyi müraciətlərdən sonra ATƏT PA müşahidəçiləri seçkilərdə iştirak etdilər və seçki prosesinin təşkilini yüksək qiymətləndirdilər. Avropalı parlamentarların qənaətincə, seçkilər azad və şəffaf olub və bu, ölkənin demokratikləşməsi istiqamətində daha bir addımın göstəricisidir. Biz Vaşinqtondakı müəyyən dairələrin təzyiqinə məruz qalan avropalı siyasi xadimlərin düşdüyü çətin vəziyyəti anlayırıq. Lakin bu, Azərbaycana münasibətdə tətbiq olunan ikili standartlara haqq qazandırmır. Hesab edirəm ki, bu cür uzağı görməyən fəaliyyətlə, xüsusən Azərbaycandakı seçkilərlə bağlı AŞPA və Avropa Parlamentinin mövqelərinə təzyiq göstərməklə ABŞ Dövlət Departamentinin bəzi məmurları ABŞ-la Azərbaycan arasında mövcud olan tərəfdaşlığa ziyan vururlar. Buna necə sakit yanaşmaq olar ki, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara, ATƏT PA müşahidə missiyasının rəhbəri, Avropa Parlamentinin müşahidə missiyasının rəhbəri Pino Arlakki, eləcə də Avropa Birliyinin missiyası və digər beynəlxalq təşkilatların nümayəndələri seçkiyə müsbət qiymət verdikləri halda, amerikan tərəfi prezident seçkiləri kimi Azərbaycanın demokratik inkişafında vacib bir mərhələni ləkələyən aşkar yalan mövqelər irəli sürür və bunun lobbiçiliyini edir. Avropa strukturlarının kənardan diktə nəticəsində öz mövqelərini məcburən dəyişmələri dərin təəssüf doğurur. Belə çıxır ki, Azərbaycanın Avropa Birliyi ölkələri ilə əməkdaşlığı və tərəfdaşlığının səviyyəsi ABŞ Dövlət Departamentindəki müəyyən dairələrin kaprizlərindən asılı olmalıdır. Vaşinqtondakı ayrı-ayrı məmurlar azlığın (ATƏT DTİHB və ABŞ DD) mövqeyini çoxluğa (ATƏT, AŞPA, Avropa Parlamenti) sırımaq cəhdlərindən əl çəkmirlər, hətta baxmayaraq ki, çoxluq Azərbaycanın seçki prosesindəki tərəqqini, azad və şəffaflığı yekdilliklə qeyd edib. İdeal seçki heç yerdə, o cümlədən Qərbdə də yoxdur. Lakin kimlərinsə əsassız, subyektiv mövqelərindən qaynaqlanan faktların şişirdilməsi və ya qəsdən təhrif olunması qətiyyən qəbul edilə bilməz”.
R. Mehdiyevin fikrincə, ABŞ-ın bəzi siyasi dairələri Azərbaycanı təcrid etmək fikrindən daşınmayıb, lakin onların özləri təcrid vəziyyətinə düşüb: “Öz planlarına hansısa yolla haqq qazandırmaq üçün bu dairələr Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq qurumlara təzyiq göstərərək, onları Azərbaycandakı seçkilərə verdikləri pozitiv qiymətdən imtinaya məcbur edirlər. Lakin anlamırlar ki, əvvəlki qiymətdən imtina heç nəyi dəyişmir. Dünya ictimaiyyəti böyük miqdarda dövlət və hökumət başçısının timsalında Azərbaycan prezidenti İlham Əliyevi 2013-cü ilin oktyabr seçkilərində inamlı qələbə münasibətilə təbrik edib. Bu, beynəlxalq təşkilatlardan öz maraqlarını həyata keçirmək üçün ayrı-ayrı dövlətlərə təzyiq aləti kimi istifadə edən qüvvələrin ciddi siyasi fiaskosudur. Bu qüvvələr anlamalıdır ki, ikili standart siyasəti bir təzyiq metodu kimi artıq onlara siyasi divident gətirmir. Əksinə, bu siyasət özünün dünya siyasətindəki birincilik rolundan həzz almağa davam edənlərin ziyanına işləyir. Bu yaxınlarda, oktyabrın 22-də, Con Hopkins Universiteti nəzdindəki Beynəlxalq Tədqiqatlar Məktəbində Amerika siyasətinin veteranı, sözünə dəyər verilən məşhur politoloq Zbiqnev Bjezinski iştirakçılar qarşısında çıxış edərkən (orada Madlen Olbrayt, Stiven Hedli, Robert Geyts, Brent Skoukroft iştirak edirdi) aşağıdakıları bildirib: “ABŞ öz siyasətinin davamlılığına bağlı qalmalıdır və xaricdəki məsələlərə müdaxilə ilə bağlı bütün məsələlərdə ciddi ehtiyatlılıq nümayiş etdirməlidir. İfrat müdaxilənin nəticələri fəlakətli ola bilər”. Hesab edirəm ki, bundan daha yaxşı ifadə etmək mümkün deyil”.
PA rəhbəri sonda vurğulayıb ki, Azərbaycan öz avropalı tərəfdaşları ilə əməkdaşlığın inkişafında maraqlıdır: “Mehriban qonşuluq və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə bundan sonra da ciddi əməl edəcəyik”.
banner

Oxşar Xəbərlər