• cümə, 19 Aprel, 03:40
  • Baku Bakı 18°C

"Azərbaycan xalqının hərtərəfli inkişafa nail olacağına əminəm"

19.10.16 13:44 3363
"Azərbaycan xalqının hərtərəfli inkişafa nail olacağına əminəm"
Cənubi Koreya demokratik dövlət olaraq 1948-ci ildə qurulsa da, qısa müddətdə yüksək inkişaf etmiş sənaye və iqtisadiyyatı olan dövlətə çevrilib. Təhsilə, mədəniyyətə və insanlar arasındakı münasibətə yüksək dəyər verən ölkənin uğur formulunu "Kaspi”nin redaksiyasında qonaq olan fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu açıqladı.
Uğur formulu

- Cənab səfir, bu yaxınlarda Bakıda Koreyanın Milli Günü qeyd olundu. Qonaqlar tədbirdə milli geyimlərinizi müşahidə etmək, milli mətbəxinizlə tanış olmaq və musiqinizi dinləmək şansı qazandılar. Bir sözlə, Koreya Respublikasına qiyabi səyahət etdilər. Heç şübhəsiz, bu Gün hər bir xalqın həyatında əziz bayramdır. Yəqin ki, Milli Gününüzü qeyd etməyə qədərki yol asan olmayıb.
- Koreya xalqının əsasının 4348 il əvvəl Mərkəzi Asiya və Altay dağlarından şərqə doğru köç etmiş padşah Danqun tərəfindən qoyulduğu nəql edilir. Oktyabrın 3-ü - xalqımızın əsasının qoyuluşunu Milli Gün olaraq qeyd edirik. Həmin padşah Danqun xalqa humanizm ideyalarını diqtə edib ki, bu ideyaların əsasını da yaşamaq üçün başqalarına kömək etmək tutur. Bu ideyalara uyğun olaraq sülhsevər Koreya xalqı 5000 illik tarixi boyunca bir dəfə də başqa bir ölkəyə birinci hücuma keçməyib. Tarixi boyunca xaricdən gələn hücumlara sinə gərmiş uzaqgörən Koreya xalqı mədəniyyətə və təhsilə yüksək dəyər verir. Ötən 50 ildə Koreyanı inkişaf etmiş ölkə səviyyəsinə çatdıran əsas amil də bu adət-ənənə və mədəniyyətdir. Ancaq yaxşı bilirsiniz ki, Koreya xalqı böyük dövlətlərin təzyiqi ilə iki hissəyə ayrılıb. Şimali Koreya ölkə quruculuğunda uğursuzluğa düçar olub və nüvə silahı əldə etmək cəhdləri ilə Cənubi Koreyaya hədə-qorxu gəlməkdədir. Onlar artıq nüvə silahının əldə edilməsinin son mərhələsinə çatıblar. Şimali Koreya bizlə şimaldakı xalq arasında, hətta dünyaya qorxu yaratmaqda davam edir. Koreya Respublikası sülhsevər bir mədəniyyətin daşıyıcısı olaraq Şimalı Koreyanın təhlükəsizliyimizi şübhə altında qoyan belə hərəkətlərinin qarşısını mütləq alacaq.

- Son illər Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafı ilə bağlı addımlar atır, dünya ölkələrinin təcrübəsini öyrənir. Koreyanın inkişaf etmiş və şaxələndirilmiş iqtisadiyyatı var. Koreya qeyri-neft sektorunun inkişafı ilə bağlı hansı yolu keçib? Koreya iqtisadiyyatının uğurlarının əsasında nə dayanır?
- 1962-ci ildə Koreyanın indiki iqtisadi inkişaf dövrünə start verilib. Həmin ildə ölkədə adambaşına düşən Ümumi Daxili Məhsul (ÜDM) 62 dollar idi. Bu rəqəmdə son 50 ildə 450 dəfə artım olub və hazırda Koreyada adambaşına düşən ÜDM 28 min dollara yaxındır. Hazırda Koreyada iqtisadi inkişaf bütün sahələrdə reallaşdırılıb. Bu, kənd təsərrüfatının, informasiya texnologiyalarının və elektronika məhsullarının idxalı, ixracı və s. sahələri əhatə edir. Azərbaycanda iqtisadiyyatın diversifikasiyasında, həmçinin qeyri-neft sektorunun inkişafında ölkənin Koreyadan öyrənə, Koreyanın da Azərbaycana dəstək ola biləcəyi məsələlər çoxdur. Avropa ölkələrindən İngiltərəni, Fransanı, Almaniyanı götürsək, artıq onların iqtisadi inkişafı çoxdan həyata keçib. Ancaq Koreyanın iqtisadi inkişafı çox uzaq bir müddəti əhatə etmir. Bununla belə, inkişaf prosesi göz qabağındadır. Bilirsiniz ki, Koreya Altay dil ailəsinə mənsubdur. Bu ailənin üzvü olaraq Koreyada insan münasibətləri böyük rol oynayır. İki insan arasındakı münasibət onların gələcəkdə görəcəyi işlərə çox təsir edir. Bu baxımdan da Azərbaycanla oxşar cəhətlərimizin çox olduğuna inanıram. Digər bir oxşar cəhətimiz isə hər iki ölkədə insan resurslarının yüksək səviyyədə, həmçinin təhsilli olmasıdır. Eyni zamanda, hər iki ölkədə bazar kiçikdir və ona nəzarət etmək asandır. İqtisadi sahədə informasiya texnologiyaları, səhiyyə, kənd təsərrüfatı, turizm, nəqliyyat sahəsi, neft-kimya sənayesində əməkdaşlıq potensialı çox böyük rol oynaya bilər. Koreyanın inkişafa nail olması, yüksək göstəricili artımın əsas səbəbini uzaqgörən, güclü liderliklə bərabər, Koreya xalqının özünün çalışqanlığı və əqidə möhkəmliyində görürəm. Bu dövrdə iqtisadi siyasətin əsas istiqamətlərini ixracyönlü iqtisadi siyasət, sistemli inkişaf planı, yüksək səviyyəli təhsil, təşəbbüskar və çalışqan işçi mədəniyyətinin təbliği təşkil edirdi. Azərbaycanın Koreyadan öyrənə biləcəyi, Koreyanın Azərbaycana verə biləcəyi şeylərə gəlincə, iqtisadi yardımdan daha çox bizdə KOİCA təşkilatı var ki, bu, hökumət yardımlarını təşkil edir. Bu təşkilatın başçılığı ilə həyata keçirilən yardımlara Azərbaycanın ehtiyacı yoxdur, ancaq Azərbaycanın ehtiyacı olan, məsələn, hansısa sahədə texniki işçilərin öyrədilməsi, təlimlər, treninqlərdir. Biz də bu vasitələrlə Azərbaycana Koreyanın təcrübəsini öyrətməyə çalışırıq. Hazırda təcrübə mübadiləsi sahəsində başqa layihələr də var. Azərbaycan Diplomatiya Akademiyasında Koreyadan 3 ekspert informasiya texnologiyaları sahəsində çalışır, 2 nəfər professorun da dəvət olunması nəzərdə tutulur. Həmçinin səhiyyə xidməti sahəsində də Koreyanın yüksək təcrübəsi var. Bunun üçün Koreya Tibb Universitetinin professorlarının Azərbaycana dəvət olunub dərs keçmələri planlaşdırılır. Azərbaycanda məhdud xidmətli Koreya klinikaları mövcud olsa da, bizim burada ən azı 5 minə yaxın xəstə qəbul edə biləcək daha böyük xəstəxana tikmək planımız var. Mənim buradakı fəaliyyətim dövründə bu layihə reallaşarsa, Azərbaycan xalqına hədiyyəm olar.

- Məlumatımız var ki, tibb elmi Koreyada inkişaf edib, hətta plastik cərrahiyyə sahəsində dünyada ən yüksək yerlərdən birini tutur.
- Düzdür, bu sahə inkişaf edib. Bundan əlavə, Koreyada beyin əməliyyatları dünya standartlarına uyğun həyata keçirilir. Həmçinin ölkə xərçəngin müalicəsi üzrə də çox məşhurdur. Hazırda ildə Rusiyadan Koreyaya tibbi turizm üzrə yüz minə yaxın insan daxil olur. Həmçinin Cənub-Şərqi Asiyadan da gələnlərin sayı yüz minə yaxındır. Bayaq dediyim xəstəxananın yaradılması Azərbaycanda həm də insan resurslarının yetişdirilməsinə və təhsilli şəxslərin iş tapmasına kömək edəcək. Daha böyük nəticəsi isə Koreyanın regionda səhiyyə mərkəzinə çevrildiyi kimi Azərbaycanın da Cənubi Qafqaz regionu üçün səhiyyə mərkəzinə çevrilə biləcəyidir.

- Cənubi Koreyanın bir dövlət olaraq uğur hekayəsinin sirri nədədir? Uğur formulunuzu necə ifadə edərdiniz?
- Koreya iqtisadi inkişafın təməlini qoyanda dünyada axırdan üçüncü pis yaşayan ölkələr sırasında idi. 190 ölkə vardısa, 188-ci ən kasıb ölkə Koreya idi. O zaman Efiopiya, Somali kimi ölkələr bizdən yaxşı yaşayırdılar. 1962-ci ildə hakimiyyətə gələn prezident iqtisadi islahatların əsasını qoydu. O, Cənubi Koreyanın hazırkı xanım prezidentinin atasıdır. O, iqtisadi inkişaf planını uğurla həyata keçirdi. Məhz onun planları Koreyanın iqtisadi inkişafını möcüzəyə gətirib çıxardı. Burada həmçinin xalqın demokratiyaya yaxınlaşmasının və iqtisadi inkişafa yönəlməsinin səbəbləri rol oynadı. İqtisadi inkişaf birdən-birə həyata keçmədi, bu, mərhələli həyata keçirildi. Hal-hazırda istehsal sahələri inkişaf edir. Hər sahədə ixracat yüksək səviyyədə həyata keçirilir. Bu inkişaf təkcə prezidentin liderliyi ilə həyata keçmədi, həmçinin xalqın əməksevərliyi, çalışqanlığı, yaradıcı düşüncəyə sahib olması, təşəbbüskarlığı ilə baş verdi. Mən çox yerlərdə olduğumdan, insanlarla görüşdüyümdən, təcrübəmə əsasən xalqın keyfiyyətlərini çox asanlıqla təyin edə bilirəm. Azərbaycanlılar da koreyalılardan daha yüksək çalışqanlığa, təşəbbüskarlığa və savada sahibdirlər. Azərbaycan xalqının da Koreyanın təcrübəsindən istifadə edərək hərtərəfli inkişafa nail olacağına əminəm.
Bütün sahələrdə əməkdaşlıq
- Azərbaycanla Koreya arasında hazırkı ikitərəfli əlaqələrin inkişafı barədə nə deyə bilərsiniz? Bu əlaqələrlə bağlı Koreya Respublikası hansı addımlar atmaq niyyətindədir? Hazırda Azərbaycana bir çox ölkələrdən investisiya yatırılır. Bu sahədə Koreyanın hansısa planları varmı?
- 1992-ci ildən Azərbaycanla Koreya arasında diplomatik münasibətlər mövcuddur. Bu müddət ərzində müxtəlif sahələrdə əməkdaşlıq inkişaf etdirilib. Parlamentlərarası, dövlət başçıları səviyyəsində görüşlər həyata keçirilib. İqtisadi sahədə əməkdaşlıq yaranıb. Koreya hökuməti investorları təşviq etməlidir ki, onlar Azərbaycana daha çox gəlsinlər. Hələ dövlət bunları təşkil edə, investisiya axınına nəzarət edə bilməyib. İnvestisiya qoyuluşuna başqa ölkələrə marağının artması üçün əslində bir az uzaqgörən düşünmək lazımdır. 1-2 ilə xeyir görməkdən daha çox neçə illik xeyir nəzərdə tutulmalıdır. İqtisadi əməkdaşlığı təşkil etmək üçün iki ölkə arasında anlaşma, mədəniyyətlərin, xalqların bir-birini tanıması, gediş-gəlişin çox olması lazımdır. Ölkələr arasında gediş-gəlişin olması üçün əsas isə yolun olmasıdır. Bunun üçün müasir dövrdə birbaşa təyyarə reysləri qurulmalıdır. Qafqaz regionunun böyük turizm potensialı var və birbaşa təyyarə reysinin açılması koreyalı turistlərin Azərbaycana axınına səbəb ola bilər. Digər yol isə quru yolla əlaqədir ki, yeni "İpək yolu”nun reallaşdırılması buna böyük dəstək olacaq. Həm quru, həm də hava yolu ilə birbaşa reyslərin təmin olunması iki ölkə xalqlarının qarşılıqlı axınını təmin edə bilər. Mən də öz növbəmdə əlimdən gələn hər şeyi edərək Azərbaycanda Koreya şirkətlərinin investisiya qoyuluşunun artımına dəstək olacağam.

- Perspektivdə Koreya ilə Azərbaycan arasında vizasız rejimin tətbiq olunması ilə bağlı fikirlər varmı?
- Düz deyirsiniz ki, iqtisadi münasibətlərin möhkəmlənməsində, gediş-gəlişdə viza rejiminin sadələşdirilməsi çox vacibdir. Vizasız rejimin mümkün olması deyil, yaxın müddətdə vizanın verilməsinin sadələşdirilməsi həyata keçirilib. Koreya vətəndaşları üçün Azərbaycan vizasının verilməsi sadələşdirilib. Buna cavab olaraq həmçinin Azərbaycandan Koreyaya gedənlər üçün vizanın alınması prosesi də sadələşdirilib.
Sülhə çağırış

- Koreyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini bilmək istərdik.
- Koreya Respublikası və xalqı Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir. Mən bu münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq sülh yolu ilə həll olunmasına ümid edirəm. Səfirliyimiz də ildə 2-3 dəfə məcburi köçkün və qaçqın düşərgələrinə dəstək məqsədli tədbirlər həyata keçirir. Bu ilin may ayında 3 gün Xocavənd qəsəbəsindəki məcburi köçkün düşərgəsində tədbir təşkil etdik. Bu tədbirlər sırasına tibbi müayinə və müalicə, şagirdlər arasında müsabiqə daxil idi. Biz həmin müddətdə bir çox şəxslərlə tanış olduq, qaçqın və məcburi köçkünlərin ağrı-acısını bölüşməyə çalışdıq. Çünki Koreya da müharibə keçib, bu ağrı-acıları yaşayıb. Özüm də böyüyənə qədər həmin acıları görmüşəm. Ona görə də mən Azərbaycanın məcburi köçkünlərinin ağrı-acılarını yaxından başa düşdüm. Bu tədbiri təşkil etdiyinə görə SEBA-Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının rəhbəri Rühəngiz Heydərovaya təşəkkür etməliyəm.

- Şimali Koreyanın nüvə proqramı ilə bağlı sizin dövlətin səyləri nə qədər güclənsə də, ortada real nəticə yoxdur. Problemin həlli ilə bağlı hansı addımlar atmağı planlaşdırırsınız?
- Şimali Koreya nüvə silahını əldə etmək üçün inkişafın son mərhələsinə gəlib çatıb. Koreya hökuməti də, xalqı da Şimali Koreyanın bu cəhdlərindən çox narahatdır. Fikrimcə, bu, təkcə Şimali və Cənubi Koreyanın problemi deyil, həmçinin dünyanın problemidir. Bütün dünya bu problemin həllinə təsir etməyə çalışmalıdır. Bunun səbəbi odur ki, hazırkı Koreya hakimiyyəti qeyri-sabitdir. Həmçinin hakimiyyətin başında duran liderin hərəkətləri məntiqsizdir. Belə bir təhlükəli silahın bu cür liderin əlində olması böyük problemdir. Şimali Koreyanın nüvə silahına sahib olması hansı problemlərə gətirib çıxara bilər? Bu, ilk növbədə hökumətin beynəlxalq normalara hörmət etmədiyini göstərir. Həmçinin bu silahı qeyri-qanuni yollarla başqa ölkələrə, terrorçu təşkilatlara satmaq ehtimalı var. Bir ölkə nüvə silahına malikdirsə, demək, ətraf ölkələr də müdafiə məqsədilə bu silahı əldə etməlidirlər. Biz də, Yaponiya da, Şərqdəki digər ölkələr də bunu etməliyik. Bu, ümumiyyətlə, regionun nüvə silahlanmasına gətirib çıxara bilər. Bu isə dünya üçün yeni təhlükələr yarada bilər. Nüvə silahı qırğın silahıdır. Və bununla bir ölkəni dağıtmaq yox, bütün bəşəriyyətin sonuna gətirib çıxarmaq olar. Qeyri-sabit bir dövlətin əlində belə bir kütləvi silahın olması təhlükəli haldır. Bilirsiniz ki, hal-hazırda Şimali Koreyada aclıq hökm sürür. Belə bir dövrdə ölkə rəhbəri maliyyə vəsaitini nüvə silahının əldə edilməsinə ayırır. Keçən ay Şimali Koreyanın şimal hissəsində daşqın baş verdi, 500-dən çox insan vəfat etdi. Həmin vaxt Şimali Koreya rəhbəri əhalinin vəziyyəti ilə maraqlanmadan nüvə silahının testini həyata keçirirdi. Bunun nəticəsidir ki, əhali Şimali Koreyadan sığınacaq almaq üçün Cənubi Koreyaya köç edir. Əvvəllər Koreyanın yaxşı yaşadığını dediyimiz elit təbəqəsi də qruplar halında Şimali Koreyadan Cənubi Koreyaya köçür. Hal-hazırda 30 minə yaxın köç etmiş belə şəxs Cənubi Koreyada yaşayır.

- Müsahibələrinizin birində demisiniz ki, hazırda dünyada baş verən bir çox qlobal nizamsızlığın səbəbi qarşılıqlı hörmət və mədəniyyətlərarası ünsiyyətin kasadlığıdır. Dünyada multikultural dəyərləri necə inkişaf etdirmək olar? Koreyada 50 faiz vətəndaş heç bir dinə sitayiş etmir. 25 faiz konfutsilik, 25 faiz buddizmə, qalan 25 faiz isə xristianlığa sitayiş edir. Bu etnik tərkiblər ölkədə multkiltural dəyərləri necə qoruyurlar?
- Müasir dünyada elm və texnikanın inkişafı ilə bağlı insanların düşüncə tərzində dəyişiklik əmələ gəlib. Bu dəyişiklik də ölkələr arasında anlayışlardakı dəyişikliyə gətirib çıxarıb. Əvvəllər bir-birini başa düşmək idealizm prinsipləri əsasında baş verirdisə, indi daha çox şəxsi və ya dövlətin özünün düşündüyü realizm prinsipləri əsasında münasibətlər əsas götürülür. Şəxsi münasibətlərdə də elədir: əgər bir şəxs yalnız özünü düşünürsə, ətrafında olan insanların əmin-amanlığını təhlükə altında qoyur. Eyni nüansı dövlətlərarası münasibətlərə də şamil etmək olar. Beynəlxalq cəmiyyət də bir-birinə kompromisə getməklə, anlaşmaqla öz əmin-amanlığını tapır. Dövlətlərarası qarşılıqlı anlaşmanı təmin etmək üçün mədəni əlaqələri inkişaf etdirmək lazımdır. Beynəlxalq arenada əmin-amanlığı təmin etmək üçün mədəni faktorları öz fəaliyyətimizdə əsas götürürük. Gələn il mədəniyyətlə bağlı tədbirləri daha geniş miqyasda həyata keçirməyi düşünürük. Azərbaycan muğamı ilə Koreyanın musiqi növü arasında oxşarlıq var. Bu janrların birlikdə konsertini təşkil etməyi düşünürük.
Müasir insanın axtarışı...

- Diliniz bizə çox doğma gəlir. Elə bil dillərimizin ahəng qanunu eynidir...
- Dilin və mədəniyyətin uyğunluğu, tarixi köklərimizin bir yerdən gəlməyi, ölkələrimiz arasında yaxınlıq qonşu xalq kimi yaşamağımıza görə olub. Koreyada «Ailə kitabı» deyilən bir anlayış var: hər ailənin kitabı tutulur və orada tarixlər qeyd olunur. Bütün şəxslərin adları, ulu babalar haqqında bütün məlumatlar bu kitabda yazılır. Bizim ailənin həmin kitabının 2000 illik tarixi var. Əcdadlarımızın türk xalqlarından gəlməsi haqqında məlumatlar çoxdur. Yəni əsasən türk xalqları içərisində Hun türkləri qeyd olunur.

- "Sehirli nağıl rəsm müsabiqəsi” keçirmək də planlarınıza daxildir. Nağıllara inana bilərik?
- Bilirsiniz ki, müasir insanlar nağıllara, əfsanələrə, çoxallahlılığa o qədər də inanmırlar. Müasir insanın axtardığı tək şey məntiqdir. Bu inamsızlıqdır ki, ölkələr inkişaf etsə də, insanların yaşayış səviyyəsi yüksəlsə də, insanlar narahat olmağa, xoşbəxtliklərini itirməyə başlayıblar. Ancaq nağılın, əfsanənin yolu ilə insanlar böyük ideyaları öyrənə bilirlər. İnsanlar elmin, texnikanın sübut etmədiyi yüksək ideyalara nağıllar, əfsanələr yolu ilə çata bilirlər. Nağıllar insanların müəyyən yaş dövründə ürəyindən keçənləri bölüşdüyü bir vasitədir. Onun reallığa uyğun olub-olmaması əsas deyil, əsas olan onun daşıdığı hisslərdir, ideyalardır. Uşaq nağıllarını oxuyub bir-birimizi başa düşə biliriksə, demək ki, biz bir-birimizin hisslərimizi, düşüncələrimizi bölüşə bilirik.

- Cənab səfir, hobbiniz haqqında bilmək istərdik...
- Səyahət etməyi xoşlayıram. Həm işimlə əlaqəli çox gəzmək lazım olur, həm də özüm fürsət olan kimi fəaliyyətdə olduğum ölkədə regionları gəzirəm. Həmin ölkəni öyrənmək və insanları ilə tanış olmaq mənim diplomat kimi fəaliyyətimə daxildir. Bir ildir ki, Azərbaycanda fəaliyyətdəyəm. Bu müddətdə Qəbələ, Quba, Naxçıvan, Lənkəran, Beyləqan, Sumqayıtda olmuşam. Bu yaxınlarda Gəncəyə səfər etməyi planlaşdırıram. Qırğızıstanda çalışanda çox gəzdiyimə görə məni «Xalq səfiri» deyə çağırırdılar. Səfərlərim zamanı xalqla görüşüb danışıram və bu, mənim diplomatik fikirlərimi, görmək istədiyim işlərin istiqamətini formalaşdırır.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər