• şənbə, 27 Aprel, 09:00
  • Baku Bakı 12°C

Azərbaycan və Ermənistan prezidentləri görüşəcəkmi?

27.09.17 10:45 1714
Azərbaycan və Ermənistan prezidentləri görüşəcəkmi?
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində tərəflər arasında növbəti dəfə görüş keçirilib. Belə ki, ötən həftə BMT Baş məclisinin 72-ci sessiyası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti, Əndrü Sxofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan görüşüblər.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ətraflı fikir mübadiləsi aparılıb. Bu xüsusda, Ermənistan, Azərbaycan və həmsədrlər tərəfindən atılmalı olan addımlar nəzərdən keçirilib. Həmçinin görüş əsnasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifinə uyğun olaraq Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün keçirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub.

E.Məmmədyarov münaqişənin həlli üzrə substantiv danışıqların davam etdirilməsi üçün həmsədrlər tərəfindən səsləndirilən bir sıra maraqlı təkliflərin Azərbaycan tərəfindən dəstəkləndiyini bildirib.

Ermənistanın substantiv danışıqlardan qaçdığı bir məqamda prezidentlərin görüşü baş tutacaqmı?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mizəzadə bildirdi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü zərurətdən yaranıb: "Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğalda saxlaması artıq Azərbaycandan çox onların inkişafına ciddi zərbə vurur. Əhalisi köçür, iqtisadiyyatda geriləmə baş verir, Ermənistan dövlətçiliyinin özü artıq ciddi təhlükə altındadır. Bu baxımdan Ermənistan özü üçün sərfəli olan vəziyyətdə Dağlıq Qarabağ problemini həll etməyə çalışır. Ancaq aydın olur ki, torpaqlar işğaldan azad olunmayana qədər hər hansı bir irəliləyişdən söhbət gedə bilməz. Həmçinin Azərbaycanın iqtisadiyyatda inkişafı, beynəlxalq arenada siyasi nüfuzunun artması da onun Dağlıq Qarabağ probleminin həllində mövqeyini kifayət qədər möhkəmləndirir.Rəsmi məlumatda bildirilir ki, danışıqlarda müəyyən yeni təkliflər olub və tərəflər bu təkliflərə razılıq bildiriblər. Əgər Azərbaycan yeni təkliflərə razılıq bildiribsə, deməli, söhbət Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsələsi çərçivəsində gedir. Heç bir halda Azərbaycan torpaqlarının bir santimetri də Ermənistana güzəştə gedilə bilməz. Bu baxımdan yeniliyin hər halda müsbət istiqamətdə olmasını arzulayardım”.

A.Mizəzadə qeyd etdi ki, bir neçə gündən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri bəyan etdikləri kimi regiona səfər edəcəklər: "Prezidentlərin görüşünün təşkil edilməsi ilə bağlı danışıqların aparılması gözlənilir. Əgər ortada müəyyən məsələlər üzrə razılaşma varsa, bu gün problemin həlli istiqamətində azacıq da olsa, irəliləyiş gözlənilirsə, əlbəttə ki, Azərbaycan bu danışıqlara razılıq verə bilər. İstənilən halda problemin həlli zamanı artıq yetişib və bunu Ermənistan ciddi şəkildə dərk etməlidir.Prezidentlərin görüşəcəyini indidən demək çətindir və həmsədrlər bunu etməyə çalışırlar. Azərbaycan görüş naminə görüşməyin əleyhinədir. O zaman prezidentlərin görüşünə razılıq verilə bilər ki, nə isə bir nəticə əldə edilsin. Çox təəssüf ki, Ermənistan qeyri-ciddi danışıq tərəfidir və Azərbaycan bu vəziyyətlə dəfələrlə qarşılaşıb. Hər halda, həmsədrlərin səfəri zamanı bütün bu məsələlər ciddi şəkildə araşdırılacaq”.

Politoloq Fikrət Sadıxovun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü özü-özlüyündə müsbət nəticə verdi: "Burada problemin həllini deyil, məsələnin gedişatını nəzərdə tuturam. Azərbaycanın xarici işlər naziri də bəyan etdi ki, müəyyən təkliflər var. Yəni, o, bununla demək istədi ki, müzakirə predmeti mövcuddur. Bu, konstruktiv və substantiv şəraitdə keçsə, əlbəttə ki, müəyyən ilkin nəticələr əldə etmək olar. Burada dövlət başçılarının görüşü nəzərdə tutulur. Mənə elə gəlir ki, vaxtilə keçmiş amerikalı həmsədr Hoqlandın irəli sürdüyü təkliflər əsasında olan təşəbbüslərdən söhbət gedir. O, prosesin işğal olunmuş rayonların azad edilməsindən başlanılmasını təklif edirdi və bununla bağlı 6 prinsip səsləndirib. Əgər bunun əsasında danışıqlar baş tutsa, bu bizim maraqlarımıza cavab verən addım olar və biz nə isə əldə edə bilərik. Fikrimcə, məhz bu, Nyu-Yorkda baş tutan görüşün əsas müsbət nəticəsidir”.

F.Sadıxov əlavə etdi ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutacağını əminliklə demək mümkün deyil: "Lakin həmsədrlər bu görüşün keçirilməsinin daha çox istəyirlər və bunun üçün əllərindən gələni edəcəklər. Hesab edirəm ki, görüş naminə hansısa görüş təşkil etməyin heç də mənası yoxdur. Çünki masanın üzərində Azərbaycanın marağına cavab verən konkret təkliflər olmalıdır. Azərbaycanın maraqları dedikdə, biz beynəlxalq hüquq normalarını nəzərdə tuturuq. Əgər belə təkliflərin müzakirəsi planlaşdırılsa, əlbəttə ki, dövlət başçıları görüşə bilər. Amma bir şərtlə ki, Ermənistana müəyyən təzyiqlər olunsun. Ermənistan özü-özlüyündə normal konstruktiv plana riayət etmir. Ona görə də iki istiqamət eyni vaxtda vacibdir: Birincisi, həmsədrlər tərəfindən təkliflər irəli sürülməlidir, digər tərəfdən isə Ermənistana müəyyən təzyiq göstərilməlidir. Bundan sonra mərhələli plan əsasında münaqişənin həllinin ilk addımları atılmalıdır”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər