Azərbaycan tarixinin şanlı səhifəsi

Azərbaycan tarixinin şanlı səhifəsi

Siyasət
13 İyun 2019, 18:10 293
Ötən əsrin 90-cı illərində müstəqilliyinə ikinci dəfə qovuşan Azərbaycan daxili və xarici səbəblər ucbatından yenidən təhlükə ilə qarşı-qarşıya qaldı. Bütün bunlara səbəb isə həmin vaxt hakimiyyətdə olanların yürütdüyü yarıtmaz və səbatsız siyasətlə bağlı idi. Onların idarəetmə qabiliyyətinin aşağı olması, eləcə də siyasi ambisiyalarının nəticəsi olaraq, Ermənistan Qarabağ torpaqlarının işğalını davam etdirirdi. Ölkənin bu durumunda isə paytaxt Bakıda hakimiyyət uğrunda mübarizə aparanlar, silahlı dəstələr yaradıb, öz çirkin niyyətlərini həyata keçirirdilər. Məsələ ondadır ki, həmin dövrdə Azərbaycan həm cənubdan, həm şimaldan parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Bütün bunların fonunda xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan tarixinə  şanlı səhifələrdən biri kimi yazıldı. Çünki məhz ümummilli lider təkcə rəhbər olaraq deyil, həm də böyük azərbaycanlı kimi ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Məhz həmin şanlı tarixin davamı olaraq, bu gün hər bir azərbaycanlı fəxrlə "var millətimin imzası, imzalar içində” deyə bilər.
 
15 İyun Qurtuluş Gününün Azərbaycanın dövlətçilik tarixindəki yeri ilə bağlı danışan Milli Məclisin deputatı Sahibə Qafarova "Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, 1993-cü ilin 15 iyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi, bu tarix həm də Azərbaycanın gələcəyini müəyyənləşdirdi: "Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün, onun tariximizdəki mahiyyətini qiymətləndirənlər, dərk edənlər üçün çox dəyərlidir. Milli Qurtuluş Günü sadəcə, təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 İyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əlirza oğlu Əliyevdir. Əgər o dövrdə ulu öndər Heydər Əliyev bu ağır məsuliyyəti öz üzərinə götürüb ölkəmizdə siyasi hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, xalqımızın azadlıq arzularının reallaşması mümkün olmazdı. Həmin dövrdə ölkəmizdə mövcud olan siyasi böhran, hakimiyyətin səriştəsizliyi kövrək olan müstəqillik sütunlarını tamamilə sarsıtmışdı. AXC-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti, dövlət idarəçiliyi sisteminin olmaması, 1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yaratdığı xaos, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması, Azərbaycanın bir dövlət kimi müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qalmasını şərtləndirmişdi. Həmçinin köhnə iqtisadi münasibətlər sisteminin çökməsi, yeni dövrdə isə iqtisadiyyatı bərpa etmək istiqamətində heç bir addım atılmaması, inflyasiyanın min faizlə ifadə olunması, sosial böhran, yoxsulluq və işsizliyin pik həddə çatması insanların sabaha olan inamlarını da tamamilə yox etmişdi. Digər yandan da, ölkədəki bu ağır vəziyyətdən istifadə edən Ermənistanın, himayədarlarının köməyi ilə torpaqlarımızı işğal etməsi, prosesləri idarə olunmaz həddə gətirib çatdırmışdı”.
 
S.Qafarova qeyd etdi ki, məhz belə bir ağır şəraitdə xalqımız yeganə ümid yeri kimi ulu öndər Heydər Əliyevi görürdü: "Ona görə də, Azərbaycan xalqı israrla ümummilli liderimizi Bakıya dəvət etdi. Heydər Əliyev qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb və burulğanlı proseslərin içərisindən uğurla çıxararaq müstəqil respublikamıza həm bölgədə, həm də dünyada layiqli yer və böyük nüfuz qazandırdı. Bütün ömrünü Azərbaycan xalqının firavan həyatına, dövlətimizin möhkəmlənməsinə həsr edən ulu öndər Heydər Əliyev öz əməli, atdığı addımları, fəaliyyəti, tariximiz və dövlətçiliyimiz qarşısındakı titanik xidmətləri ilə əsil dövlət xadimi, dahi şəxsiyyət, vətənini, xalqını sevən əsil vətəndaş olduğunu sübuta yetirdi. Xalqımızın ən çətin günlərində, tariximizin ən mürəkkəb dövrlərində məhz ulu öndər Heydər Əliyev məsuliyyəti öz üzərinə götürərək süqutun astanasında olan bir dövləti yenidən inkişaf yoluna çıxardı. Dahi lider millətini bütün bəlalardan hifz edib qorudu, respublikada ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin etdi.
 
Ulu öndər Heydər Əliyevin tarixi qayıdışı ilə əsası qoyulan Azərbaycanın müstəqil inkişaf yolu, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlərlə müşayiət olunur. Bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, stabil və inamlı inkişafı Heydər Əliyev ideyaları və bu ideyaların uğurla və dönmədən həyata keçirilməsi ilə birbaşa bağlıdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən illər Azərbaycan tarixinə sabitlik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Şübhə yoxdur ki, qarşıdakı illərdə Heydər Əliyev yolu və siyasəti Azərbaycanı daha böyük zirvələrə qaldıracaq, müstəqil respublikamız daha böyük zəfərlərə imza atacaq”.
 
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, hər bir ölkənin tarixində onun liderlərinin, ölkə başçılarının tutduğu mövqe və apardıqları siyasət əsas önəm daşıyan faktorlardan birincisidir: "Çünki həm dövlətin yüksəlişi, həm də mövcud olan problemlərin aradan qaldırılması, eyni zamanda hər bir dövlət qarşısında çağırışlara cavab vermək üçün liderin apardığı rol və onun dünya siyasətində tutduğu mövqe çox vacibdir. Bu kontekstdən məsələləri təhlil edərkən, doğrudan da, ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində misilsiz rol oynadığını əminliklə bildirmək olar.
Azərbaycan dövlətçiliyi hər zaman tarixdə çətin sınaqlar qarşısında qalıb. 1990-cı ilin əvvəllərində Ermənistan-Azərbaycan münaqişəsinin başlanması ilə ölkəmiz çox çətin bir vəziyyətdə idi. Bu dövrdə həm də Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir dövrdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev, Azərbaycan üçün xilaskarlıq rolunu oynadı və nəticəsi də, bu gün göz qabağındadır. Heydər Əliyevdən sonra artıq yeni Azərbaycanın təməli qoyuldu. Bu gün, onun qurduğu dövlətin apardığı balanslı və rasional xarici siyasət, çox çətin geostrateji mövqedə yerləşməyimizə baxmayaraq, Azərbaycanın bütün çağırışlardan və təhdidlərdən üzüağ çıxmasını təmin edir.
 
Z.Məmmədov vurğuladı ki, ümumilikdə, o illərdə Azərbaycan Rusiya, Ermənistan, İran tərəfindən çox böyük təhdidlərlə qarşılaşırdı: "Həmin ərəfədə rasional siyasətə ehtiyac var idi ki, bunun da öhdəsindən Heydər Əliyev gəldi. Ulu öndərin Azərbaycan xalqı, dövləti qarşısındakı xidmətlərini sözsüz ki, bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Ümummilli liderin xidmətləri ilə bağlı çoxlu sayda kitablar yazılıb və yazılmaqdadır. Ərsəyə gələn hər bir nəşr, eyni zamanda məqalə, bu xidmətlərə müxtəlif yanaşmaları ortaya qoysa da, ümumi fikir budur ki, Azərbaycanın hər bir uğuru ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 
Azərbaycan xalqı, ulu öndərin siyasi kursunu davam etdirməklə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcək”.
 
BƏXTİYAR