AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şanlı Aprel qələbəsi

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şanlı Aprel qələbəsi

Siyasət
02 Aprel 2020, 18:06 743
Bu döyüşlər göstərdi ki, Azərbaycan münaqişənin dinc vasitələrlə tənzimlənməsinə razılıq verməklə, əslində Ermənistana güzəşt edir

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən sayılan şanlı Aprel döyüşlərindən dörd il ötür. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. 
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin öndə və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirib və qəti zərbələrlə sıradan çıxarıb. Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 500-dən artıq döyüşçüsü yaralanıb.


"Hər bir insan bu gün özünü hərbçi hiss edir”

Mövzu ilə bağlı "Kaspi”-yə açıqlama verən millət vəkili Aydın Mirzəzadə bildirdi ki, Aprel döyüşləri Azərbaycan xalqının heç vaxt öz torpaqlarını güzəştə getməyəcəyi qətiyyətini göstərdi: "Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində həm iqtisadi, həm siyasi, həm də diplomatik sahədə çox gücləndi. Ermənistanın ötən əsrin 90-cı illərində bəzi xarici dairələrin dəstəyi ilə işğal etdiyi torpaqların bir hissəsini azad edə bildik. Bu döyüşlər Ermənistanın məğlubedilməzliyi mifinin dağılmasına, Ermənistan daxilində qarşısıalınmaz siyasi proseslərin başlanmasına səbəb oldu. Təsadüfi deyil ki, Ermənistan indiyə qədər Azərbaycanın vurduğu həmin o ağır zərbələrdən özünə gələ bilmir. Azərbaycan strateji əhəmiyyətli bir neçə yüksəkliyi işğaldan azad etməklə özünün qüdrətini göstərdi. Eyni zamanda Azərbaycan xalqının mətinliyi, dövləçiliyinə, ordusuna bağlılığı da bir daha nümayiş olundu. Hər bir kəs həmin döyüşdə iştirak etmək üçün silaha sarılmağa hazır idi. Xalq öz əsgərinin, ordusunun, dövlətinin yanında oldu. Bu müddət ərzində Azərbaycan problemin həlli ilə bağlı aparılan danışıqlarda öz mövqeyini daha da möhkəmləndirdi”.  
Millət vəkili vurğuladı ki, bu gün də Ermənistan Azərbaycanın yenidən döyüşlərə başlayacağı ilə bağlı bir qorxu, xof yaşanmaqdadır: "Onlar bilməlidirlər ki, Azərbaycan işğal altında olan torpaqları işğaldan azad etmək üçün hər an əməliyyata başlamağa hazırdır. Ermənistanın ərazi bütövlüyümüzü tanımaqdan başqa çıxış yolu yoxdur. Bu döyüşlərlə qələbə ruhumuz, vətənsevərlik hissimiz daha da gücləndi. Hesab edirəm ki, hər an hər bir azərbaycanlı çağırışla torpaq uğrunda döyüşə hazırdır. Problemin həlli ilə bağlı hərtərəfli iş aparılır, bunların içində hərbi yol həmişə gündəmdədir. Ən əsası isə, hər bir insan bu gün özünü hərbçi hiss edir. Hər bir gənc ordu sıralarnda qulluq etmək istəyir. Ordumuz bu gün dünyanın 50 ən güclü ordusu sırasındadır. Bu, bir tərəfdən aparılan dövlət siyasəti, digər tərəfdən xalqla ordunun birliyi nəticəsində mümkün olub”.
 

"Ölkəmiz hərbi yolla öz torpaqlarını işğaldan azad etmək iqtidarındadır”

Milli Məclisin deputatı, politoloq Elşad Mirbəşiroğlu bizimlə söhbətində Aprel döyüşlərinin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını vurğuladı. Millət vəkilinin sözlərinə görə, Azərbaycan orudusunun şücaəti, bir sıra strateji məntəqələrin azad edilməsi ermənilərin gözündə belə orduları ilə bağlı mifləri darmadağın etdi: "2016-cı il aprelin 2-5 arasında Ermənistanın silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan ordusunun addımları, hesab edirəm ki, Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu mif elə Ermənistan cəmiyyətinin gözündə darmadağın oldu. Ermənistan cəmiyyətindəki əhval-ruhiyyə aydın nümayiş etdirdi ki, əhalinin orduya olan inamı ciddi şəkildə sarsıldı. Yaxşı xatırlayırıq ki, Ermənistan ordusunun daxilində çaxnaşma baş verdi. Bir sıra vəsifəli şəxslər, generallar vəzifələrindən azad edildi. Aprel döyüşünün Ermənistanın məğlubiyyəti olduğunu Ermənistan hakimiyyəti aydın dərk edir və o məğlubiyyətin bu gün də araşdırılması prosesi davam etməkdədir. Təbii ki, Aprel döyüşləri bütövlükdə münaqişə vəziyyəti ilə bağlı yeni reallığı ortaya qoydu. Döyüşlər zamanı Azərbaycana beynəlxalq instansiyalardan ardıcıl olaraq müraciətlər daxil olmağa başladı. Münaqişənin dinc vasitələrlə tənzimlənməsi istiqamətində fəallığın artırılması daha intensiv səslənirdi. Qeyd etmək lazımdır ki, Aprel döyüşləri münaqişə vəziyyətində Azərbaycanın hərbi potensialını, hərbi gücünü ortaya qoymaqla yanaşı, siyasi potensialını da gücləndirmiş oldu. Beynəlxalq ictiamiyyət aydın dərk etdi ki, Azərbaycan münaqişənin dinc vasitələrlə tənzimlənməsinə razılıq verməklə, əslində Ermənistana güzəşt edir. Ölkəmiz hərbi yolla öz torpaqlarını işğaldan azad etmək iqtidarındadır. Təbii ki, bu, Azərbaycanın eyni zamanda həm beynəlxalq, həm də regional mövqelərinin gücləndiyi anlamına gəlir. Aprel döyüşləri münaqişənin tənzimlənməsi prosesində bu və ya digər formada iştirak edən instansiyaların daha ciddi yanaşmasını şərtləndirdi. Diqqət yetirsək görərik ki, Aprel döyüşlərindən sonra beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan sənədlərdə Azərbaycanın ədalətli mövqeyi daha açıq mətnlə, intensiv şəkildə dəstəklənməyə başladı. Bu, bir tendensiya halını aldı. Beynəlxalq təşkilatlar çərçivəsində münaqişə vəziyyəti ilə bağlı qəbul olunmuş sənədlərdə birbaşa və dolayı yolla Ermənistanın işğalçı dövlət olduğu etiraf, münaqişənin ərazi bütövlüyü çərçivəsində tənzimlənməsinin vacibliyi qeyd olunmağa başladı”.
Həmsöhbətimiz vurğuladı ki, bu gün bütün dünyanın qəbul etdiyi reallıq ondan ibarətdir ki, Azərbaycan regional təhlükəsizliyin davamlı, regionda sülhün möhkəm olmasını istəyən bir dövlət olaraq, münaqişənin dinc vasitələrlə tənzimlənməsinə üstünlük verir: "Aprel döyüşləri ilə Azərbaycan bir əzələ nümayişini də etdi. Xüsusilə bu, ATƏT-in Minsk qrupuna, regionda geosiyasi və geoiqtisadi maraqları olan mərkəzlərə bir mesaj idi ki, biz istəsək, öz torpaqlarımızı hərbi yolla azad edə bilərik. Sadəcə, regionda genişmiqyaslı müharibənin başlanması regioanal təhlükəsizliyə ciddi təhdid yaradacaq, eyni zamanda regionda maraqları olan dövlətlərin maraqlarını da ciddi sual qarşısında qoyacaq. Hesab edirəm ki, Aprel döyüşlərinin ən vacib mesajlarından biri də məhz bundan ibarət oldu”.
 
 
"Ərazi bütövlüyümüzü mütləq şəkildə bərpa edəcəyik”

Hərbi ekspert Arzu Nağıyev də bizimlə söhbətində qeyd etdi ki, Aprel döyüşləri, ilk növbədə Azərbaycan xalqının iradəsini ortaya qoyub. Onun fikrincə, bu qısamüddətli döyüşlər Azərbaycan dövlətinin və xalqının Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial mövqeyini növbəti dəfə nümayiş etdirib: "Azərbaycan dövləti öz ərazisində iki gün ərzində keçirdiyi antiterror əməliyyatı nəticəsində demək olar ki, bütün dünyaya sübut etdi ki, burada vuruşanlar işğalçılıq siyasətini həyata keçirmək istəyən separatçı qüvvələr və Ermənistan rəhbərliyinin quldur dəstəsidir. Özlərinə ordu deyən quldur dəstələri darmadağın edildikdən sonra ən mühüm strateji əhəmiyyəti olan yüksəkliklərdən biri ələ keçirildi və mühüm strateji yollara nəzarət gücləndirildi. Bundan sonra isə, təbii ki, ən mühüm məsələ Lələtəpə və onun ətrafında olan infrastrukturların yenidən qurulması, Cocuq Mərcanlı kəndinin bərpa olunması idi. Bu məsələlər də yüksək səviyyədə həll olundu. Bununla da növbəti dəfə bütün dünyaya göstərdik ki, biz onsuz da işğal olunmuş əraziləri azad etdikcə, orada infrastrukturu da tam şəkildə bərpa edəcəyik”.  
Müsahibimiz Aprel qələbəsini həm iqtisadi, həm siyasi, həm də diplomatik baxımdan mühüm adlandırdı: "Azərbaycan Madrid prinsipləri, Kazan protokolları və digər beynəlxalq razılaşma, qayda və normaları pozmadan öz ərazisində bu mühüm əməliyyatı apardı.  Bu bizə təbii ki, çox böyük ruh yüksəkliyi verdi, lakin ermənilər bundan nəticə çıxarmadı. Qondarma bir rejim yenidən hansısa qondarma seçkilər keçirir və digər istiqamətlərdə addımlar atır. Bu döyüşlərdə tam şəkildə kimin təcavüzkar və ərazi bütövlüyünü pozan dövlət olması sübut edildi. Baxmayaraq ki məhz bu əməliyyatdan sonra Ermənistanda hakimiyyət dəyişikliyi oldu, amma bundan müvafiq beynəlxalq qurumlar nəticə çıxarmadı. Təbii ki, Azərbaycanda bu məsələnin hərb yolu ilə həll olunması bir variant olaraq qalır, çünki necə deyərlər, ermənilər ipə-sapa yatmaq istəmirlər və artıq Qarabağ kartından istər Paşinyan, istər Koçaryan, istərsə də digər Sarkisyanlar olsun, öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Bu da bütün regionda böyük bir müharibənin alovlanmasına gətirib çıxara bilər. Onda artıq regional və böyük dövlətlər ayılıb görəcəklər ki, bu prosesləri dayandırmaq mümkün olmayacaq. Bundan isə heç kəs müsbət divident qazana bilməyəcək. Ona görə də bu prosesləri indidən dayandırmaq üçün ermənilərə təsir mexanizmi artmalı, kimin təcavüzkar olması bütün beynəlxalq prinsiplərə uyğun olaraq onlara göstərilməlidir”.

Aygün ƏZİZ