• cümə axşamı, 28 mart, 14:36
  • Baku Bakı 16°C

Azərbaycan “smart ölkə” konsepsiyasını irəli sürür

01.09.20 14:08 935
Azərbaycan “smart ölkə” konsepsiyasını irəli sürür
Azərbaycan iqtisadiyyatı qarşısında duran iki əsas çağırış Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla idarə olunur. Birincisi, pandemiyanın sosial-iqtisadi təsirlərinin azaldılması sahəsində sistemli siyasət həyata keçirilir. İkincisi, milli iqtisadiyyatın post-pandemiya dövründə inkişafına dair hazırlıqlar gedir. Hər iki istiqamətdə görülən işlər və qarşıdakı islahatlarla bağlıAZƏRTAC-ın suallarına İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı cavab verir.
- Vüsal müəllim, Azərbaycanda iqtisadi islahatların əsas istiqamətlərini necə xarakterizə edə bilərsiniz?
- Ölkədə iqtisadi islahatların xarakterini üç amil şərtləndirir. Azərbaycan iqtisadiyyatı texniki resessiyaya daxil olduğundan yeni biznes tsiklinin başlanması, həmçinin neft gəlirlərinin azalması ilə yeni tarazlıq nöqtəsinə keçid və qlobal çağırışlara uyğun olaraq post-pandemiya dövrünə hazırlıq əsas amillərdir. Həm də bu il strateji yol xəritələrinin icra planlarının da sonuncu ilidir. Bu halda dövlət kapitalizmi və liberallaşma, həmçinin dövlət və bazar tənzimlənməsi arasında yeni tarazlıq nöqtəsinin tapılması tələb olunur. İqtisadiyyatın rəqabətqabiliyyəti drayverlərin – rəqəmsal iqtisadiyyat, emal sənayesi, tikinti, turizm, aqrar sektor, nəqliyyat, logistika və sair hesabına daha da gücləndirilməlidir. Bu zaman dəyər zəncirlərinə qoşulma, idxalın əvəzlənməsi və ixracyönümlülük, həmçinin sektor, məhsul və müəssisə əsaslı yanaşmaların tətbiq olunması zəruridir. İqtisadiyyatın dövlət sektorunda səmərəliliyin artırılması, özəl sektorda isə rəqabət mexanizminin daha da gücləndirilməsi çağırışı var. Tədiyə balansını və icmal büdcənin balansını tarazlaşdırmaq, habelə inkişafın davamlılığını təmin etmək üçün qeyri-dövlət sərmayə qoyuluşunu artırmaq əsas şərtdir. Bunun üçün sahibkar inamı və gözləntiləri adekvat olmalıdır. Fukuyamanın təbirincə desək, iqtisadiyyat inamın üzərində qurulur.
Maliyyə sektorunun inkişafı üzrə strateji baxışa uyğun olaraq şoklara qarşı dayanıqlı, risk idarəetməsinə dərindən fokuslanmış, effektiv tənzimləmə və güclü infrastruktur elementləri ilə əhatə olunmuş, iqtisadi inkişafı dəstəkləyən maliyyə sistemi formalaşdırılmalıdır.Səmərəli dövlət idarəetməsi bir sıra məsələləri, o cümlədən, dövlət əmlakının idarə edilməsi, fiskal institutların gücləndirilməsi, dövlətin maliyyə menecmenti, vətəndaş iştirakçılığı, rəqəmsallaşma, şəffaflıq, hesabatlılıq və səmərəliliyi əhatə edir. Xüsusilə, kölgə iqtisadiyyatının azaldılması və korrupsiya ilə mübarizə ədaləti bərpa edir, rəqabət mühiti yaradır, dövlət büdcəsinə yeni gəlir mənbələri təmin edir.Klaus Şvab bu yaxınlarda çap olunan "Böyük yenilənmə” - Great Reset kitabında inkişaf üçün əsas istiqamətləri müəyyənləşdirib: Düşüncə tərzi, yeni ölçü, təşviqlər və kommunikasiya. Azərbaycan da qlobal çağırışlara uyğun olaraq "smart ölkə” konsepsiyasını irəli sürməklə rəqəmsal dövlət, rəqəmsal iqtisadiyyat və rəqəmsal cəmiyyətin inkişafını prioritet seçib.Beləliklə, bir tərəfdən dövlət antiböhran tədbirləri həyata keçirməklə pandemiyanın sosial-iqtisadi təsirlərini minimuma endirir, digər tərəfdən də postpandemiya gündəliyini formalaşdırır. Bu arada demək lazımdır ki, Azərbaycan dövləti pandemiya, quraqlıq, aşağı neft qiymətləri və Ermənistanın dövlət sərhədimizdə törətdiyi fəsadların nəticələri ilə eyni zamanda mübarizə aparır, böhran idarəetməsini həyata keçirir.Manatın sabitliyi və aşağı inflyasiya şəraitində qeyri-neft sənayesi, informasiya və rabitə xidmətləri və aqrar sahə artır, turizm, nəqliyyat, tikinti, ticarət, ictimai iaşə kimi sahələr isə geriləyir. İlin əvvəlindən adambaşına ÜDM-in 3,5 faiz azaldığı şəraitdə Azərbaycan vətəndaşının rifahının təmin olunması üçün güclü sosial siyasət əsas şərtdir. Cari əməliyyatlar hesabının kəsirinin iqtisadiyyata təsirini minimallaşdırmaq, sosial rifahı və biznesi dəstəkləmək üçün yığımdan istifadə olunur, bu zaman icmal büdcənin bu il üçün proqnozlaşdırılan 8,5 milyard manat kəsiri izah olunandır. Azərbaycanda Vaqner qanununa uyğun olaraq büdcə xərcləri ÜDM-in artımına nisbətən daha sürətlə artır. Bu ilin ilk 7 ayında ÜDM 2,8 faiz azaldığı halda, dövlət büdcəsinin xərcləri 7,9 faiz artırılıb. Böhran idarəetməsi şəraitində büdcə qaydalarını müvəqqəti "unudub”, iqtisadiyyata nəfəs vermək lazımdır.
- Pandemiya şəraitində əhalinin sosial rifahının qorunması daha əhəmiyyətli bir məsələ kimi önə çıxıb. Azərbaycan sosial dövlət olaraq bu sahədə hansı işləri görür?
- Dünya Bankı qlobal yoxsulluq səviyyəsinin COVID-19 səbəbi ilə 100 milyon nəfərə qədər artacağını proqnozlaşdırır. Bunun üçün də hökumətlər sosial proqramlarını genişləndirirlər. Azərbaycanda da pandemiyanın mənfi sosial təsirlərini azaltmaq üçün tədbirlər görülür.Bu ilin ilk altı ayında Azərbaycanda dövlət büdcəsi xərclərinin 42,5 faizini və ya 5 milyard manata qədərini sosialyönümlü xərclər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1 milyard manat və ya 26,1 faiz çoxdur. Bu dövrdə ən çox artan əlbəttə ki, səhiyyə xərcləri olub - 75,8 faiz və ya 287,1 milyon manat. Müqayisə olunan dövrdə təhsil xərclərinə 53,5 faiz və ya 517,0 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 13,2 faiz və ya 196,4 milyon manat daha çox vəsait yönəldilib. Dürüstləşdirmədən sonra dövlət büdcəsinin azalan gəlirləri və artan xərclərini, xüsusən də sosial təyinatlı xərcləri tarazlaşdırmaq üçün 2,3 milyard manat maliyyə təminatı yaradılıb. Yəni genişləndirilmiş sosial proqramlar bu ilin sonuna qədər tam həcmdə icra ediləcək. Dövlət büdcəsinin dürüstləşdirilməsindən sonra səhiyyə sahəsi üzrə əlavə tələbatın ödənilməsi üçün 369 milyon manat, sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat, cari ildə bir sıra təşkilatlar üzrə artırılmış əməkhaqlarının maliyyə təminatı və vakant vəzifələrin komplektləşdirilməsi üçün 37,3 milyon manat, bəzi təşkilatların maddi-texniki təminatının möhkəmləndirilməsi, hərbçilərə ev kirayəsi haqqının ödənilməsi və digər zəruri xərclərin maliyyə təminatı üçün əlavə 9,1 milyon manat vəsait proqnozlaşdırılır.4,8 milyon insanı əhatə edən sosial tədbirlər iş yerlərinin qorunması, işsiz və qeyri-formal işləyən vətəndaşların sosial rifahının yaxşılaşdırılması, özünüməşğulluq və sosial layihələrin əhatə dairəsinin genişləndirilməsini özündə ehtiva edir. Özəl və dövlət sektorunda 1 milyon 650 min vətəndaşın iş yerləri qorunub. Ümumi əmək müqavilələrinin sayı 7 faiz artıb, bununla da, əməkhaqqı fondu ölkə üzrə cari ilin ilk 6 ayı ərzində 8 faiz artım nümayiş etdirib. Vətəndaşlara yaşayış minimumu məbləğində, yəni 190 manat həcmində birbaşa aylıq ödənişlər aprel-may aylarında bütün ölkə üzrə 600 min şəxsə ödənilib. Bu ödəniş iyul ayından əlavə olaraq karantin rejiminin tətbiq olunduğu digər 8 şəhər və rayonda 287 min vətəndaşla birlikdə ümumilikdə 16 rayon və şəhərdə ödənilir. Bu tədbirin ümumi maliyyə yükü 229 milyon manat təşkil edir. İlin əvvəli yaradılmış 1 illik müddəti əhatə edən 38 min iş yerinə əlavə olaraq 2 aylıq müddətə nəzərdə tutulmuş 52 min ictimai iş yeri yaradılaraq cəmi 90 min ictimai iş yeri təklif olunur. İctimai işlər üçün ödənilən əməkhaqqı minimum əməkhaqqı həcmində, yəni, 250 manat məbləğindədir. Özünüməşğulluq proqramı çərçivəsində göstərilən dəstəyin də əhatə dairəsi genişləndirilib. Belə ki, maliyyə yükü 45 milyon manat olan proqrama cari il ərzində 12 min şəxsin cəlbi nəzərdə tutulur.Sosial müavinət və təqaüd alan şəxslər üçün də müəyyən müsbət dəyişikliklər olunub. Belə ki, pensiya ödənişlərinin ödənilməsi vaxtı önə çəkilərək ayın sonunda deyil, ayın ortalarında ödənilməyə başlanılıb. Bundan başqa, pensiyalarda 16,6 faiz sığorta hissəsi indeksasiya edilib, bununla da, 1,2 milyon pensiyaçının pensiyalarında 16,6 faizlik artım olub. Ümumilikdə pensiya ödənişləri ötən ilin 6 ayı ilə müqayisədə 436 milyon manat və ya 24 faiz artıb.Bundan başqa, pandemiya dövründə ünvanlı sosial yardım proqramının prosedurlar və qaydaları sadələşdirilib, bununla da, proqramdan yararlanan şəxslərin sayında artım müşahidə olunub. İlin əvvəlində proqramın əhatə etdiyi 70 min ailəyə yeni 14 min ailə əlavə olunub və nəticədə hazırda ünvanlı sosial yardım 84 min ailədən olan 350 min insana təqdim edilir. Qeyd olunan artımın maliyyə yükü isə 8 milyon manatdır.Pandemiya dövründə özəl sektorun da dəstəyi ilə 100 min ailəyə ərzaq payı təqdim edilib. Bundan başqa, pandemiya şəraitində 65 yaşdan yuxarı 15 min tənha yaşayan vətəndaşlarımıza sosial xidmət göstərilir. Eyni zamanda, 9 sosial xidmət müəssisəsində 1000-dən artıq şəxsə qulluq təmin olunur.Əhalinin kommunal ödənişlərlə bağlı olan yükünün azaldılmasına da dövlət tərəfindən dəstək göstərilib, aprel-may aylarında 10 milyon manat maliyyə yükü ilə əhaliyə güzəştli işıq limiti artırılıb.Əlillik müddətləri bitən şəxslərin pandemiya dövründə maddi rifahının aşağı düşməməsi məqsədilə maliyyə yükü 3 milyon manat təşkil edən əlillik təqaüdlərinin müddətinin uzadılması tədbiri həyata keçirilib. Nəticədə 14 min şəxsin ödənişlərinin müddəti uzadılıb və onların təqaüd almağa davam etmələrinə şərait yaradılıb.Mənzil-avtomobil proqramı bu il maksimum şəxsi əhatə edib. Belə ki, may-iyun ayları ərzində 300 şəhid ailəsinə və Qarabağ müharibəsi əlillərinə mənzil təminatı həyata keçirilib, 100 müharibə əlilinə avtomobil təqdim olunub. İlin sonunadək 1500 mənzil və fərdi ev, 400 avtomobilin təqdim olunması da nəzərdə tutulub.Bütün bu tədbirlər onu göstərir ki, Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sosial rifah məsələlərini və vətəndaşın maraqlarını prioritet olaraq seçib.
- Azərbaycanın maliyyə-bank sektorunda hansı təmayüllər cərəyan edir?
- Azərbaycanın maliyyə-bank sisteminin bu ilin iyul ayına aid göstəriciləri resessiv trendlərin səngidiyini göstərir. Bu isə, ilin əvvəlindən etibarən nisbətən "yumşaq prudensial çərçivə”yə keçid, requlyativ yükün azaldılması, kredit ekspansionizmi istiqamətində atılan davamlı sanasiya tədbirlərinin nəticəsidir. Belə ki, cari ildə sektorun aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6 faizlik artım nümayiş etdirib, biznes kreditlərinin ümumi portfeldə çəkisi ilin əvvəli ilə müqayisədə sabit qalıb, istehlak kreditlərinin xüsusi çəkisi isə 3 faizə yaxın azalıb. Eyni zamanda, bankların xidmət şəbəkəsinin (filial, şöbə ATM-lər üzrə) əhatə dairəsi üzrə azalma tendensiyası dayanıb və iyulda mötədil artım tendensiyası nümayiş etdirib. Təsadüfi deyildir ki, iyulda sektorun işçi sayında 0,4 faiz və kapital ehtiyatlarında 1,2 faiz artım qeydə alınıb. Bütün çağırışlara baxmayaraq, bank sektoru rentabelli şəraitdə fəaliyyət göstərə bilib və sektorun xalis mənfəəti bu ilin iyulunda 15 faiz artaraq 428 milyon manata çatıb. Digər tərəfdən, 2020-ci il iyulun sonuna olan göstəricilərə əsasən, bank sektorunun ümumi kredit portfelinin həcmi iyun ayı ilə müqayisədə 35 milyon manat artaraq 14 milyard 585 milyon manat olub. Eyni zamanda, artıq iyuldan başlayaraq maliyyə bazarlarında aparılan sanasiya tədbirlərinin nəticəsi olaraq kredit portfellərinin keyfiyyət əmsallarında müsbət siqnallar qeydə alınıb. Örnək olaraq, bu ilin ilk 7 ayının göstəricilərinə əsasən, qeyri-işlək kreditlərin ümumi kredit portfellərində xüsusi çəkisi - NPL əmsalı ilin əvvəli ilə müqayisədə 1,14 faiz azalmaqla 7,28 faizə enib. Onu da qeyd edək ki, bu göstərici Azərbaycanın bank sektorunda 2015-ci ilin neft qiymətləri böhranından sonra qeydə alınmış ən yaxşı göstəricidir və sektoral bank risklərinin yumşaldılması baxımından xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan artıq Azərbaycan NPL əmsalının azaldılması istiqamətində Sloveniya, Estoniya, Danimarka kimi mühüm inkişaf trendlərini yaşamış ölkələrin sırasında qeyd oluna bilər.Bank sektorunda artıq ikinci yarımilin əvvəllərindən etibarən yenilənmə və bərpa trendlərinin başladığını göstərən digər stabilləşmə siqnalları da qeydə alınıb. Belə ki, məlum səbəblərlə əlaqədar olaraq, bank sektorunda yerləşdirilmiş əmanətlərin həcmindəki azalma tendensiyası dayanıb, iyul ayının sonuna əmanətlərin həcmi 7 milyard 774 milyon manata çatıb ki, bu da iyun ayı ilə müqayisədə təxminən 1 faizlik artım deməkdir. Dedollarizasiya prosesləri cari ildə də davam edib. Təkcə iyulda depozitlərin tərkibində manatın xüsusi çəkisi 1 faiz artmaqla 41 faizə çatıb. Qeyd edək ki, həm depozitlər, həm də kreditlər üzrə (kredit portfelində manatın çəkisi 68 faizə çatıb) dedollarizasiya prosesləri üzrə 2016-ci ildən sonra ən yaxşı göstəricilər qeydə alınıb.Qeydə alınan müsbət göstəricilərdə antipandemiya tədbirləri çərçivəsində görülən tədbirləri, mövcud 1,5 milyard manatlıq kredit portfeli üzrə faiz subsidiyaları və dövlət zəmanətinin verilməsi, həmçinin banklara verilən requlyativ güzəştlərin hesabına 1 milyard manat mövcud kredit portfelinin restruktrizasiyasının xüsusi təsirini qeyd etməliyik. Həmçinin antipandemiya tədbirləri çərçivəsində sahibkarların dövlət zəmanətli krediti şəffaf formada əldə etməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan Elektron Kredit Platforması sahibkarların kredit sifarişlərinin qəbulu məqsədilə istismara verilib. Artıq müvafiq platforma üzərindən 660 milyon manat həcmində yeni biznes krediti sifarişi üzrə müraciətlər daxil olub ki, bu da maliyyə sektorunun likvidliyinə müsbət təsirini göstərməklə birgə, maliyyə-bank sektorunda proqressiv trendlərin qarşıdakı müddətdə də davam etməsinə müsbət fonda tətikləyici təsir göstərəcək.Maliyyə-bank sektorundan ən böyük gözlənti iqtisadi artımın maliyyələşdirilməsində yaxından iştirakın təmin edilməsidir. Bu sahədə daha çox işlərin görülməsinə ehtiyac var.
- Koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətdə kənd təsərrüfatı məhsul istehsalçılarının zərər çəkməməsi üçün görülən kompleks tədbirlər öz nəticəsini necə göstərir?
- Dünya Ərzaq Təşkilatının (FAO) hesabatına görə, qlobal qida bazarlarında COVID-19 pandemiyası ilə bağlı çətinliklər olsa da, aqro-ərzaq sektoru böhrana digər sektorlardan daha çox müqavimət göstərə bilər. Azərbaycan nümunəsi də buna sübutdur. Bu ilin yanvar-iyul aylarında kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artıb. Bitkiçilik sektoru üzrə artım 0,7 faiz, heyvandarlıq üzrə isə 3,2 faiz olub. Burada bir nüansı qeyd edim ki, bu il kənd təsərrüfatı ciddi çağırışlarla üz-üzə olduğu bir şəraitdə bu artım baş veribdir. Bir tərəfdən koronavirus pandemiyası, digər tərəfdən quraqlıq və su qıtlığı bu sahənin inkişafı üçün problemlər yaradıb. Belə bir şəraitdə bu ilin 7 ayı ərzində taxıl, günəbaxan və barama istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb. Onu da qeyd edək ki, 2020-ci ilin yanvar-iyul aylarında 444 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub. Kartof ixracı 26 faiz, tərəvəz ixracı 13,5 faiz, albalı və gilas ixracı 15 faiz artıb. Həmçinin bu müddətdə kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyinin təmininə də töhfə verib. Karantin müddətində əhalinin ərzaq məhsulları ilə təminatında hər hansı bir çatışmazlıq olmayıb.Bir məqamı da xüsusi ilə vurğulamaq istəyirəm ki, Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı çox mühüm məqamlara toxunub. Qeyd edib ki, ərzaq təhlükəsizliyi o demək deyil ki, biz bütün ərzaq məhsullarını Azərbaycanda tam həcmdə istehsal etməliyik: "Biz gərək ərzaq təhlükəsizliyinə, necə deyərlər, düşünülmüş şəkildə yanaşaq. Bu ərzaq təhlükəsizliyinin böyük hissəsi, təbii ki, Azərbaycanda formalaşmalıdır və əgər indi buğda istehsalını istisna etsək, bütün digər əsas ərzaq qida məhsulları ilə özümüzü böyük dərəcədə təmin edirik. Ancaq eyni zamanda, bu, bizim ixrac imkanlarımıza da maneçilik törətməməlidir. İxrac bazarlarına çıxara biləcək məhsullara da diqqət yetirilməlidir”. Göründüyü kimi Prezident də ərzaq təhlükəsizliyi məsələsi ilə bağlı prioritet istiqamətləri müəyyənləşdirib. Ərzaq təhlükəsizliyi və rəqabətqabiliyyətli məhsul istehsalı bir medalın iki üzü kimi qiymətləndirilir. Azərbaycan bu sahədə qızıl ortanı tapmalıdır. Məhz həyata keçirilən siyasət nəticəsində son 7 il ərzində ölkəmiz ardıcıl olaraq Qlobal Ərzaq Təhlükəsizliyi İndeksindəki mövqeyini yüksəldib. Hətta sonuncu hesabatda Azərbaycan 53-cü yeri tutub və ərzaq təhlükəsizliyinin təmininə görə Asiya və Sakit okean ölkələri arasında ilk onluqda təmsil olunub. İndi əsas məsələ aqrar sahənin rəqabətqabiliyyətini daha da artırmaqdır. İsrail, Yeni Zelandiya və Niderlandın təcrübəsi göstərir ki, aqrar siyasətdə əsas prioritet məhsuldarlığın artırılmasına yönəldilməlidir. Bu yolla biz, əmək, torpaq, su və kapital resurslarımızı daha səmərəli istifadə etməklə, həm rəqabətqabiliyyətli aqro-biznesi inkişaf etdirə, həm də ərzaq təhlükəsizliyini təmin edə bilərik.
- Azərbaycanda dövlət sərmayələrinin səmərəliliyinin artırılması sahəsində ardıcıl siyasət həyata keçirilir. Bu sahədə daha hansı tədbirlərin görülməsinə ehtiyac var?
- İslahatlar kəsilməz və davamlı xarakter daşıyır. İnvestisiya qoyuluşunun iqtisadi və sosial təsiri onun səmərəliliyindən çox asılıdır. Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən aparılan son araşdırmada, dövlət investisiyalarının səmərəliyinin ölçülməsində müxtəlif yanaşmalar təqdim edilib. Belə ki, araşdırma nəticəsində müəyyən olunub ki, dövlət investisiyalarının potensial faydalarının təxminən 30 faizi investisiya prosesindəki səmərəsizlik səbəbindən itirilir. Ölkə üzrə adambaşına düşən gəlir artdıqca investisiya məhsuldarlığındakı itki azalır. Orta hesabla aşağı gəlirli inkişaf etməkdə olan ölkələrdə dövlət investisiyasının 40 faizi, inkişaf etməkdə olan ölkələrdə 27 faizi, inkişaf etmiş ölkələrdə isə 13 faizi səmərəsiz idarəetmə və monitorinq prosesinin olmaması səbəbindən itkiyə məruz qalır.Dövlət investisiyalarının səmərəliliyi onun necə idarə edilməsindən çox asılıdır. Güclü dövlət investisiya idarəetmə institutlarına sahib ölkələrdə yatırılan investisiyalar daha çox proqnozlaşdırıla bilən, etibarlı, səmərəli və məhsuldar olur. Bu institusional tənzimlənmələrin gücləndirilməsi yuxarıda qeyd edilən səmərəlilik itkisini azalda bilər. Bu səbəbdən BVF dövlətin investisiya idarəetmə bacarıqlarının qiymətləndirilməsində ölkələrə yardım etmək üçün 2015-ci ildə fiskal idarəetmənin qiymətləndirilməsi vasitələrindən biri kimi yeni metodoloji çərçivə olan "Dövlət İnvestisiya İdarəetməsinin Qiymətləndirməsi” (Public Investment Management Assessment - PIMA) yanaşmasını hazırladı. Bundan əlavə, maliyyə şəffaflığının qiymətləndirilməsi, dövlət-özəl tərəfdaşlığın fiskal risklərinin qiymətləndirilməsi modeli, maliyyə stresləri testi və balans hesabatı yanaşması kimi metodoloji alətlər də mövcuddur ki, 2012-ci ildən davamlı olaraq inkişaf etdirilən bu alətlər ölkə üzrə müxtəlif idarəetmə məsələlərinin, xüsusi ilə xərclər və risklər ilə bağlı məsələləri qiymətləndirməyə kömək edir.PIMA BVF-nin dövlət sərməyəsinin bütün mərhələlərində investisiya idarəetmə infrastrukturunun qiymətləndirilməsi alətidir və bu sahədə iqtisadi institutların qurulması üçün əsas vasitəsidir. Hazırda dünya üzrə 63 ölkədə dövlət investisiyalarının idarəedilməsinin qiymətləndirilməsi PIMA metodoloji çərçivəsi əsasında aparılır.PIMA aşağıda qeyd edilən üç əsas mərhələdə dövlət investisiya qərarını formalaşdıran 15 fəaliyyəti qiymətləndirir: Planlaşdırma – davamlı investisiya planlaşdırılmasının aparılması, bölüşdürülmə – düzgün sektorlara və layihələrə investisiya bölgüsünün aparılması, implementasiya – layihələrin ayrılmış büdcəyə və icra müddətinə uyğun olaraq məhsuldar icra edilməsi.Azərbaycan da davamlı olaraq fiskal institutların təkmilləşdirilməsi çərçivəsində beynəlxalq təcrübəyə uyğun siyasətini qurur.Azərbaycanda mövcud "təhlükəsizlik yastığı” və ictimai-siyasi sabitlik şans verir ki, biz kəskin xarici və daxili borclanmaya getmədən, həm də manatın məzənnəsi və inflyasiyanı nəzarətdə saxlamaqla antiböhran tədbirlərini davam etdirək və iqtisadiyyatı yeni dövrə hazırlayaq.
banner

Oxşar Xəbərlər