• cümə, 26 Aprel, 10:14
  • Baku Bakı 12°C

Azərbaycan-Rusiya münasibətlərinin inkişafı üçüncü tərəfin əleyhinə yönəlməyib

03.09.15 10:55 1850
Azərbaycan-Rusiya münasibətlərinin inkişafı üçüncü tərəfin əleyhinə yönəlməyib
Azərbaycana səfər gələn Rusiyanın xarici işlər naziri Sergey Lavrovu srağagün Prezident İlham Əliyev qəbul edib. Görüş zamanı dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik şəkildə uğurla inkişaf etdiyini, əməkdaşlığımızın müxtəlif sahələri ilə bağlı məsələlərin operativ və səmərəli şəkildə həll olunduğunu vurğulayıb, bu baxımdan müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Azərbaycan ilə Rusiyanın beynəlxalq qurumlar çərçivəsində də fəal və uğurlu qarşılıqlı fəaliyyət göstərdiklərini bildirən Prezident İ.Əliyev dünyada və regionda hadisələrin sürətlə inkişaf etdiyi bir dövrdə ölkələrimizin həyata keçirdikləri mütəmadi məsləhətləşmələrin önəmli olduğunu söyləyib. Rusiyalı diplomat isə bildirib ki, Azərbaycan və Rusiya Cənubi Qafqazda, Xəzər dənizi hövzəsində strateji tərəfdaş ölkələrdir və ümumilikdə, beynəlxalq münasibətlərin bütün vacib və mürəkkəb məsələlərinin həlli ilə bağlı çox yaxın mövqelərə malikdirlər. Əlaqələrimizin müxtəlif sahələrinə toxunan Rusiyanın xarici işlər naziri Prezident İ.Əliyevlə görüşün ikitərəfli münasibətlərin, regionda vəziyyətin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi baxımından yaxşı imkan yaratdığını, bu münaqişənin həllində müəyyən irəliləyişlərin əldə ediləcəyinə ümidvar olduğunu bildirib. Rusiyalı diplomatın səfəri medianın, siyasi şərhçilərin də diqqət mərkəzində olub. Bəziləri S.Lavrovun Bakıya gəlişinə əsas səbəb kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə Rusiyanın maraq göstərməsini, Azərbaycanla birlikdə Ermənistana təzyiq göstərmək niyyətində olmasını, Moskva-Tehran arasındakı Mehri dəmiryolu xəttini bərpa etmək istəməsini, bunun müqabilində işğal olunmuş 7 rayonun geri qaytarılmasını göstəriblər. Bütün bunlar barədə “Kaspi”nin suallarını Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov cavablandırır.
- Elman müəllim, Rusiya xarici işlər nazirinin Azərbaycana səfər etməsini, burada dövlət başçısı ilə görüşüb bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparmasını necə dəyərləndirirsiniz?
- Sergey Lavrovun Azərbaycan səfəri ilk növbədə ikitərəfli münasibətlərin bugünkü səviyyəsinə baxış və eyni zamanda gələcək perspektivlərə xidmət edə biləcək addımların müəyyənləşdirilməsi baxımdan olduqca əhəmiyyətlidir. Bakıda keçirilən görüşlər zamanı ikitərəfli münasibətlərin müxtəlif spektrləri müzakirə olunub. Nəzərə almaq lazımdır ki, Rusiya Ermənistan-Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir. Lavrovun Bakıda keçirdiyi görüşlərdə bu məsələ də əsas müzakirə mövzusu kimi diqqətdə saxlanılıb. Regional təhlükəsizlik, İŞİD-in təhdidləri, terrorizmlə birgə mübarizə və digər bu kimi məsələlərin də gündəmdə saxlanması istisna deyil. Bundan başqa, qarşıdan BMT-nin Baş Məclisinin növbəti sessiyası gəlir. Rusiya mediasının yaydığı məlumata görə, həmin sessiyada Vladimir Putin də iştirak edəcək. Putinin bu sessiyada çox kəskin bəyanatlarla çıxış edəcəyi, Qərb siyasi dairələri və NATO rəhbərliyi ünvanına kəskin ittihamlar səsləndirəcəyi söylənilir. Gözlənilən bu çıxışın Putinin bir neçə il bundan öncə Münhen Təhlükəsizlik Forumunda səsləndirdiyi ittihamların davamı kimi də qiymətləndirirlər. Heç şübhəsiz, Lavrov Bakıda olarkən bu məsələlər ətrafında Azərbaycanın mövqeyini də öyrənmək istəyib. Çünki Azərbaycan milli və dövlət maraqlarına söykənən, balanslı siyasət yeridir. Azərbaycan Rusiya, eləcə də digər qonşu dövlətlərlə, həmçinin Qərb dövlətləri, xüsusən ABŞ və Avropa İttifaqı ölkələri ilə də münasibətlərin inkişafında maraqlıdır. Bu kontekstdə Azərbaycan Prezidenti yalnız xalqın iradəsinə söykənərək müstəqil siyasət həyata keçirir. Ona görə də bu istiqamətdə rəsmi Bakının mövqeyini bir daha öyrənmək Kremlin istəyi olub.
- Siz də qeyd etdiniz ki, S.Lavrovla Azərbaycan Prezidenti arasında keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də müzakirə olunub. Aparılan müzakirənin nəticəsi münaqişənin həllinin tezləşməsinə hər hansı formada təsir edə biləcəkmi?
- Münaqişə barədə sonuncu dəfə Rusiya və Azərbaycan xarici işlər nazirləri iyul ayında Moskvada bir araya gəlmişdilər. Hələ o zaman rusiyalı diplomat bildirmişdi ki, Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin intensivləşdirilməsi vaxtı artıq çatıb. Yəni, münaqişənin həlli prosesi intensivləşdirilməlidir. Bu isə hər zaman konkret nəticələrə hesablanır. Həmin müddətdən keçən vaxt ərzində Ermənistan tərəfi Azərbaycanla sərhəddə, qoşunların təmas xəttində vəziyyəti kifayət qədər gərginləşdirib. Ermənistan silahlı qüvvələri atəşkəs rejimini dəfələrlə pozub. Belə mənzərə münaqişənin dinc yolla həlli imkanlarına ciddi zərbədir. Bundan irəli gələrək də münaqişənin həlli üçün müharibə variantı daha da aktuallaşır, qaçılmaz olur. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, hörmətli Əli Həsənov bu günlədə mediaya müsahibəsində də qeyd olunan məsələlərlə bağlı çox aydın şəkildə mövqe sərgiləyib. Bildirilib ki, Ermənistan danışıqlarda imitasiya taktikasını tətbiq etdiyi, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul olunan qərarlara laqeydlik göstərdiyi, Ermənistana - işğalçıya qarşı cəza tədbirləri görülmədiyi təqdirdə, münaqişənin dinc yolla həlli yolları tükənə bilər, müharibə qaçılmaz olar. Belə bir müharibə isə Azərbaycan və Ermənistanla yanaşı, bütün Cənubi Qafqazı bürüyə bilər. Prezidentin köməkçisinin bu açıqlaması Ermənistana bir mesajdır ki, vəziyyətin bu cür davam etməsi müharibə riskini artırır. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin iki həlli yolu var. Biri dinc, digəri müharibə yolu. Hələlik dinc yolla həll prosesinə üstünlük verən Azərbaycan tərəfinin səbri tükənməz deyil. Rəsmi Bakı Ermənistan tərəfinin danışıqlar xətrinə danışıqlar prinsipini artıq qəbul etmək istəmir, ərazi bütövlüyü məsələsini də danışıqların predmeti kimi qəbul etmir. Rusiya tərəfi də bunu görür və bilir. Ona görə də Lavrovun Bakı səfərində heç şübhəsiz qeyd olunan məsələlər ətrafında da geniş müzakirələr aparılıb və bunun münaqişənin həlli prosesinə təsiri şübhəsizdir.
- S.Lavrov Azərbaycan Prezidenti ilə görüşü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi baxımından yaxşı imkan kimi qələmə verib və münaqişənin həllində müəyyən irəliləyişlərin əldə ediləcəyinə ümidvar olduğunu bildirib. Rusiyalı diplomatın bu nikbinliyi nədən qaynaqlanır, bəlkə rəsmi Moskvanın konkret təklifləri var?
- Rusiyanın belə bir mövqeyi Azərbaycan tərəfinə xoşməramlı jestdir. Bununla Kreml münaqişənin tənzimlənməsində özünün hər zaman xüsusi rolunun olduğunu, digər həmsədr dövlətlərdən daha çox Rusiyanın Ermənistana təsir etmə gücünə sahib olduğunu diqqətə çatdırır və Azərbaycan tərəfinin də hər zaman belə düşüncədə olmasını istəyir. Rusiyalı diplomatın bu açıqlamasının arxasında həm də o dayanır ki, Rusiya rəsmi İrəvanın mövqeyini dəyişmək üçün müəyyən addımlar ata, Ermənistanı konstruktiv mövqeyə gətirə bilər və sair. Reallıqda da Rusiya qədər Ermənistana təsir edəcək, onun mövqeyini dəyişə biləcək ikinci dövlət yoxdur. Ermənistanda Rusiyanın həm hərbi bazası var, həm də bu ölkə iqtisadiyyatının böyük hissəsi Kremlin nəzarəti altındadır. Hərbi, siyasi və iqtisadi baxımdan Ermənistan Rusiyadan tam asılı cırtdan dövlətdir. Belə cırtdan ölkənin münaqişənin həllində müstəqil söz sahibi olması, sərbəst mövqe nümayiş etdirməsi qeyri-mümkündür. Təbii ki, Azərbaycan da bu reallıqları görür və dəyərləndirir. Rusiya ilə ölkəmiz bütün sahələrdə, o cümlədən hərbi təhlükəsizlik, hərbi texniki əməkdaşlıqda maraqlı tərəfdir. Azərbaycan-Rusiya münasibətlərinin inkişafı üçüncü tərəfin əleyhinə yönəlməyib. Eyni zamanda Azərbaycanın Qərb dövlətləri ilə əməkdaşlıq münasibətləri də başqa bir ölkələrin, o cümlədən Rusiyanın əleyhinə deyil. Biz regionun əməkdaşlıq, sülh və təhlükəsizlik mərkəzinə çevrilməsində maraqlıyıq. Buna qarşı yeganə təhdid Ermənistanın işğalçılıq siyasətidir. Ona görə də rəsmi Bakı öz tərəfdaşları ilə müzakirələrdə bir nömrəli problem kimi bu məsələni gündəmə gətirir, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyir.
- Bəzi ekspertlər iddia edirlər ki, S.Lavrovun Azərbaycana gəlməsi Mehri dəmiryolunun açılmasına nail olmaq niyyəti güdür. Bunun üçün rəsmi Moskvanın Bakı ilə birlikdə Ermənistana siyasi təzyiq göstərəcəyi, hətta işğal altındakı 7 rayonun geri qaytarılacağı da qeyd olunur. Deyilənlər nə dərəcədə doğrudur?
- Belə yanaşma nəzəri baxımdan mümkün olsa da, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı indiki həssas məqamda mehri dəmiryolunun açılması, İranla Rusiya arasında dəmiryol əlaqəsinin bərpa olunması inandırıcı görünmür. Bu daha çox perspektivdə müzakirə olunacaq məsələlərdən biridir. Lavrovun səfər müddətində məhz bu məsələni diqqət mərkəzində saxlaması da inandırıcı görünmür. Amma fikirlərlə şərikəm ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar bu ölkənin maliyyə və bank sektorunda, iqtisadiyyatında müəyyən problemlər yaradıb. Belə bir vəziyyətdə rəsmi Moskva Azərbaycanla iqtisadiyyat sektorunda, xüsusən də kənd təsərrüfatı sahəsində əlaqələrə yeni dinamizm verməkdə maraqlıdır. Bu, Azərbaycanın da maraqlarına uyğundur. Çünki ölkəmiz Rusiya boyda böyük bir bazara çıxışını daha da artırır.
- Ekspertlər gələcəkdə Türkmənistan qazının Xəzər dənizinin dibi ilə Azərbaycana, buradan isə Türkiyə üzərindən Avropaya çatdırılması layihəsinin, Türkiyə, Türkmənistan və Azərbaycan xarici işlər nazirlərinin bu mövzuda Antalyada müzakirə aparmasının da Rusiyada narahatlıqla qarşılandığını bildirirlər. Bu hadisə də S.Lavrovun Bakıya gəlişinə bir səbəb ola bilərdimi?
- Türkmənistan qazının Azərbaycan vasitəsi ilə Avropa bazarına çıxarılması məsələsi ətrafında Avropa İttifaqı rəsmi Aşqabadla danışıqlar aparması barədə məlumatlar var. Hətta bu danışıqların son mərhələdə olduğu da qeyd edilir. Lakin hər kəsə məlumdur ki, bu məsələdə Rusiyanın mövqeyi fərqlidir. Kreml bu layihənin reallaşmasında maraqlı deyil. Moskvada hesab edirlər ki, sözügedən layihə Rusiyanın enerji sektorunda inhisarçılığını zəiflətməyə hesablanıb. İran da bu məsələdə birmənalı mövqe nümayiş etdirmir. Həmin layihədən söz düşəndə hər iki dövlət Xəzər dənizinin çirklənməsi ehtimalını, ekoloji problemləri gündəmə gətirir, narazılıqlarını ifadə edirlər. Ancaq Lavrovun Bakı səfərinin ən mühüm səbəbi heç də bu deyil. Əgər belə olsaydı, Rusiya xarici işlər naziri Bakıdan sonra dərhal Aşqabada səfər etməli, orada da ciddi müzakirələr aparmalı idi. Bundan başqa, rəsmi Moskva sözügedən məsələni xarici işlər nazirini Bakı və Aşqabada səfərə göndərmədən, digər diplomatik kanallar, rəsmilər arasında telefon danışığı vasitəsi ilə də yoluna qoya bilərdi.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər