AZE | RUS | ENG |

Azərbaycan prezidenti İtaliyada mühüm görüşlər keçirib

Azərbaycan prezidenti İtaliyada mühüm görüşlər keçirib
Azərbaycan prezidenti İlham Əliyev İtaliyaya rəsmi səfəri çərçivəsində bir sıra mühüm görüşlər keçirib


X X X

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Romada İtaliya Senatının sədri Pietro Qrasso ilə görüşüb.

Görüşdə Azərbaycan ilə İtaliya arasında strateji əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub.

İtaliyanın ölkəmizin əsas ticarət tərəfdaşı olduğu vurğulanıb, iqtisadi əməkdaşlığımızın şaxələndirilməsinin önəmi qeyd edilib.

Azərbaycanda çoxsaylı italyan şirkətlərinin fəaliyyət göstərməsinin əlaqələrimizin inkişafına töhfə verdiyi bildirilib. İki ölkə arasında əlaqələrin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafında mühüm rol oynadığı qeyd olunub. Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə, İtaliyanın isə Avropa İttifaqına sədrliyi dövründə birgə fəaliyyətin həyata keçirilməsinə əminlik ifadə edilib.

İtaliya Senatının sədri ölkəsinin Azərbaycana Qafqazda sabitliyin təminatçısı kimi yanaşdığını bildirib. Prezident İlham Əliyev İtaliya Senatının sədrinə Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələri və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti barədə məlumat verib.

Görüşdə iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin, o cümlədən dostluq qruplarının rolunun önəmi qeyd olunub, bu sahədə gələcək əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

X X X

Azərbaycan prezidenti Romanın “Mercati di Traiano” muzeyində olub, burada şəhərin meri ilə görüşüb

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Roma meriyası arasında saziş imzalanıb.

Azərbaycan prezidenti İlham Əliyev iyulun 14-də Romanın “Mercati di Traiano” muzeyində olub, burada şəhərin meri İqnatsio Marino ilə görüşüb və İtaliya jurnalistlərinə müsahibə verib.

Prezident İ. Əliyevi İ. Marino qarşılayıb.

Dövlət başçısına Romanın “Mercati di Traiano” muzeyi barədə ətraflı məlumat verilib.

Bildirilib ki, nadir eksponatların qorunduğu muzey qədim Roma tarixinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Muzeyin yerləşdiyi ərazidə müxtəlif vaxtlarda aparılan arxeoloji qazıntılar bir çox nadir memarlıq nümunələrini üzə çıxarıb. Digər tərəfdən, bu qazıntılar qədim dövr tarixinin müxtəlif mərhələlərinin tədqiqinə geniş imkanlar açıb. Ona görə də “Mercati di Traiano” muzeyinin əhəmiyyəti heç vaxt azalmır, onun ümumbəşəri dəyəri getdikcə daha da artır.

Daha sonra keçirilən görüşdə Roma meri Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, enerji sahələrində əlaqələrin genişləndiyini bildirib. O, Azərbaycanla mədəniyyət sahəsində əlaqələrin inkişafında maraqlı olduqlarını, bunun ölkələrin və xalqların bir-birini daha yaxından tanımaları üçün yaxşı imkan yaratdığını deyib.

Mer Heydər Əliyev Fondu ilə geniş əməkdaşlıq əlaqələrinə toxunaraq Fondun dünyada ümumbəşəri dəyəri olan bir çox mədəni və humanitar layihələri uğurla həyata keçirdiyindən xəbərdar olduğunu bildirib. O, Heydər Əliyev Fondu ilə birgə reallaşdırılan layihələrin əhəmiyyətinə toxunub. “Mercati di Traiano” muzeyinin ərazisində arxeoloji qazıntı işlərinin aparılmasında Heydər Əliyev Fondunun xidmətlərini yüksək qiymətləndirən mer buna görə təşəkkürünü çatdırıb.

Prezident İ. Əliyev bu memarlıq və mədəniyyət mirasının təkcə Romaya deyil, bütün bəşəriyyətə aid olduğunu deyib, arxeoloji qazıntı işlərində Azərbaycanın da iştirak etməsindən fərəh hissi keçirdiyini bildirib. “Düşünürəm ki, bu, bizim ikitərəfli əlaqələrimizin vacib elementidir” deyən dövlət başçısı mədəniyyət sahəsində əlaqələrin inkişafının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Prezident İtaliya tarixinin və mədəniyyətinin Azərbaycanda yaxşı tanındığını, ölkəmizin mədəniyyətinin də İtaliyada təbliğinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

Prezident İ. Əliyev ölkələr arasında əlaqələrin çox yüksək səviyyəyə çatdığını deyərək İtaliyanın Avropada və dünyada Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu bildirib. Hazırda tərəfdaşlığın enerji sektorunda uğurla həyata keçirildiyini, Avropanın enerji xəritəsini dəyişəcək TAP layihəsinin Azərbaycan üçün də böyük önəm təşkil etdiyini deyən dövlət başçısı əmin olduğunu bildirib ki, əməkdaşlıq əlaqələri gələcəkdə infrastruktur, tikinti, yüksək texnologiyalar və iqtisadiyyatın digər sahələrini də əhatə edəcək.

Görüşdən sonra prezident İ. Əliyev muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Daha sonra dövlət başçısı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Roma şəhər meriyası arasında sazişin imzalanması mərasimində iştirak edib.

Saziş “Mercati di Traiano” muzeyinin yerləşdiyi ərazidə arxeoloji qazıntı işlərinin aparılmasına maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutur.

Sonra İ. Marino Roma şəhərinin rəmzi olan xatirə hədiyyəsini prezident İ. Əliyevə təqdim edib.

Mərasim başa çatdıqdan sonra dövlət başçısı və Roma meri arxeoloji qazıntı işlərinin aparılacağı əraziyə, həmçinin Roma şəhərinin mənzərəsinə baxıblar.

Sonda prezident İ. Əliyev İtaliya jurnalistlərinə müsahibəsində bildirib ki, bu gün əlaqələrimizdə çox vacib bir gün olduğunu qeyd edib: “İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir, müxtəlif sahələri əhatə edir. Biz yaxşı dost və tərəfdaşlarıq. Biz fəxr edirik ki, Azərbaycan sizin tarixi memarlıq irsinizin bərpasında iştirak edir. Sizin tarixiniz, mədəniyyətiniz, memarlığınız bütün bəşəriyyətə məxsusdur. Azərbaycan fəxr edir ki, bu prosesin iştirakçısıdır.

Bu gün biz merlə müzakirələr apardıq və əməkdaşlığımızı davam etdirəcəyik. Bu gün imzalanan saziş o deməkdir ki, biz yeni əməkdaşlıq mərhələsinə qədəm qoyuruq. Siyasi, iqtisadi, enerji məsələləri bizim üçün çox vacibdir və ölkələrimizi birləşdirir. Lakin mədəniyyət təkcə siyasətçiləri, ölkələri yox, həm də insanları birləşdirir. Bu gün ölkələrimiz arasında mədəniyyətlərarası münasibətlər, insanlar arasında təmaslar, bir-birimizin tarixinə göstərdiyimiz qarşılıqlı maraq bu tərəfdaşlığı gücləndirir. Ona görə də biz bu gün ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlıqdan danışa bilərik, çünki o həyatın bir çox sahələrini əhatə edir.

Ümid edirəm ki, biz birlikdə tezliklə bu ərazilərdə əhəmiyyətli tapıntılar aşkarlayacağıq”.
Öz növbəsində, mer İ. Marino göstərdiyi yardıma görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib: “Bu yardım sayəsində biz Aleksandria küçəsində arxeoloji qazıntı işlərini aparacağıq. Cənab prezidentin İtaliyaya növbəti səfəri zamanı biz gördüyümüz işlərin nəticələrini nümayiş etdirəcəyik.

Onu da deyim ki, ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunuq. Təbii ki, bu gün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Roma şəhər meriyası arasında imzalanmış bu mühüm saziş ölkələrimizin mədəniyyət sahəsində əlaqələrinin inkişafından xəbər verir. Biz buna böyük əhəmiyyət veririk. Əminəm ki, bu sənəd əməkdaşlığımızın gələcəkdə daha da genişlənməsinə töhfəsini verəcək”.

X X X

İyulun 14-də Romada Azərbaycan Rrezidenti İlham Əliyevin İtaliyanın baş naziri Matteo Renzi ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub.

İki ölkə arasında arasında əlaqələrin strateji səviyyəyə qalxdığı bildirildi, energetika sahəsində əməkdaşlığın yaxşı perspektivləri olduğu qeyd edilib. Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmi vurğulanıb. Azərbaycan-İtaliya əlaqələrinin Avropa İttifaqı ilə əməkdaşlıq baxımından əhəmiyyəti qeyd edilib, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb./apa/

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN