• cümə, 26 Aprel, 17:28
  • Baku Bakı 23°C

Azərbaycan polisi böyük fədakarlıq nümayiş etdirir

08.06.20 17:45 6649
Azərbaycan polisi böyük fədakarlıq nümayiş etdirir
Asayiş keşikçiləri xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların da köməyinə çatır, humanist davranışları ilə milli həmrəyliyə töhfə verirlər
Azərbaycanda koronavirus təhlükəsinə qarşı görülən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığına, ölkəmizin COVID-19 epidemiyasından mümkün qədər az itkilərlə çıxmasına yönəlib. Bu çərçivədə 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.Qeyd olunub ki, sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almaqla tərk edə bilər. Kütləvi informasiya vasitələrində bu barədə maarifləndirici məlumatlar ictimailəşdirilməklə yanaşı, daxili işlər orqanlarının əməkdaşları gün ərzində xüsusi səsgücləndiricilər vasitəsilə vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə əməl etmələri barədə çağırışlar ediblər.


Qanun keşikçilərini gözdən salmaq cəhdi

Lakin əfsuslar olsun ki, bəzi vətəndaşlar məsuliyyətsiz davranaraq karantin qaydalarını pozmaq üçün müxtəlif vasitələrə əl atıblar. Belələri sanki qaydaları pozmağı, heç bir zərurət olmadığı halda küçələrdə veyil-veyil gəzməyi, hündürmərtəbəli binaların damında nərd, domino oynamağı, manqalda kabab bişirməyi, polisin qanuni tələbinə riayət etməməyi, hətta bəzi hallarda asayiş keşikçilərinə müqavimət göstərməyi, ona bıçaqla hücum etməyi özləri üçün "qəhrəmanlıq” kimi qəbul ediblər. Təbii ki, bütün bu hallar qanun pozuntusudur və buna qarşı mübarizə aparmaq polisin bilavasitə vəzifəsidir. Öz xidməti borcunu yerinə yetirən qanun keşikçisinə hər hansı formada mane olmaq, ona hücum çəkmək daha böyük məsuliyyət yaradan əməldir. Təəssüflər olsun ki, ötən şənbə və bazar biz bu kimi halların da şahidi olduq. Ən acınacaqlısı isə budur ki, bəzi sosial şəbəkə istifadəçiləri məsuliyyətsiz davranan, vətəndaşlar üçün təhlükə yaradan, asayiş keşikçilərinin haqlı tələbinə tabe olmayanları qınamaq əvəzinə, sərt karantin rejiminin tələbini pozanlara qarşı mübarizə aparan polis əməkdaşlarını hədəfə almağa, qanun keşikçilərini gözdən salmağa hesablanmış məlumatlar da paylaşdılar.

Qeyri-obyektiv və qərəzli münasibət

Belə "klaviatura qəhrəmanları” polisin ötən şənbə və bazar günü xroniki xəstəliyi olan, yaralanan şəxsləri, qolu sınan azyaşlını xəstəxanaya çatdırması, jurnalistin xəstə anasına, bir hamilə qadına yardım etməsi kimi faktları, öz yeməyini yaşlı qadınla bölüşən, övladının qidasını xəstə uşaq üçün gətirən, bacısının dəfninə getmək istəyən qadına kömək edən asayiş keşikçilərinin yaxşı əməllərini heç xatırlamadılar da. Çünki dünyaya yalnız qara eynək arxasından baxan, reallıqları olduğu kimi deyil, qeyri-obyektiv, qərəzli şəkildə təqdim edən belə şəxslərin yeganə məqsədi polisin adına ləkə yaxmaq idi. Sevindirici haldır ki, onların bu qaragüruhçuluğu vətəndaş cəmiyyəti, ölkə vətəndaşlarının mütləq əksəriyyəti tərəfindən sərt şəkildə qınanmaqdadır.


Koronavirusla mübarizədə ön cəbhədə yer alanlar

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, pandemiya ilə mübarizədə ön cəbhədə yer alan Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirir. Deputatın sözlərinə görə, dövlət pandemiya şəraitində insanların sağlamlığı və rifahının qorunması üçün bütün resurslarını səfərbər edib: "Koronavirusla mübarizədə ön cəbhədə yer alan polislər, həkimlər böyük fədakarlıq nümunəsi ortaya qoymaqla, bu prosesə mühüm töhfə verirlər. İstər karantin rejimi dövründə, istərsə də son günlər bəzi məhdudiyyətlərin yenidən tətbiq olunduğu hazırkı şəraitdə qaydalara əməl olunması, təhlükəsizliyin təmini istiqamətində uğurla fəaliyyət göstərən Azərbaycan polisi böyük fədakarlıq nümayiş etdirir. Polis vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi naminə xidməti borcunu layiqincə yerinə yetirir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir, qanunla müəyyən olunmuş qaydada öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atır. Sosial şəbəkələrdə izlədiyimiz görüntülərdə əks olunduğu kimi, Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların da köməyinə çatır, onlara yardım əli uzadır, humanist davranışları ilə həm də milli həmrəyliyə töhfələrini verir. Bütün bunlar vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır”.


Milli maraqlara qarşı yönəlmiş davranış

Millət vəkili deyib ki, sosial şəbəkələr vasitəsilə Azərbaycan polisinə qarşı "qara piar” kampaniyası təşkil etmək milli maraqlara yönəlmiş davranış kimi yolverilməzdir: "Karantin rejimi çərçivəsində həftəsonu tətbiq olunan qapanma şəraitində – evdən çıxma qadağasının qüvvədə olduğu iki gün ərzində polis fədakar fəaliyyət göstərib, qarşısına qoyulan vəzifələri yüksək səviyyədə icra edib. Lakin təəssüflər olsun ki, bəzi hallarda sosial şəbəkələrdə polisin fəaliyyətinə kölgə salmaq məqsədilə əsassız iddiaların irəli sürülməsinin şahidi olduq. Xüsusilə də radikal müxalifət düşərgəsinin sabotajla məşğul olaraq karantin rejimi çərçivəsində görülmüş işlərlə bağlı manipulyativ informasiyalar yaymaq, vətəndaş-dövlət münasibətlərində etimadsızlıq mühiti yaratmaq cəhdləri müşahidə edilir. Onlar sosial izolyasiya qaydalarının tətbiqini internet resurslarından və sosial şəbəkələrdən istifadə etməklə ictimai rəyə fərqli formada təqdim etməyə çalışırlar. Hətta insanların sağlamlığının qorunması naminə atılan addımları "azadlıqların məhdudlaşdırılması” kimi göstərmək cəhdləri var. Bu, tamamilə manipulyativ yanaşmadır, çünki sosial özünütəcrid vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə atılan addımdır. Təbii ki, hazırkı pandemiya dövründə ictimai maraqlarımızın tələb etdiyi karantin rejiminin tələblərinin bu cür manipulyasiya edilməsi ümumi mənafelərimizə qarşı atılmış təhlükəli addım kimi qiymətləndirilməlidir. Ona görə də bu cür hərəkətlər ictimai rəy tərəfindən ciddi şəkildə qınaq obyektinə çevrilməlidir. Bütövlükdə, sosial şəbəkələr vasitəsilə Azərbaycan polisinə qarşı "qara piar” kampaniyası təşkil etmək, onun fədakar və uğurlu fəaliyyətinin üzərinə kölgə salmaq milli maraqlara qarşı yönəlmiş davranış kimi yolverilməz və qəbulolunmazdır”.


Sosial şəbəkələrdə aparılan çirkin təbliğat

H.Babaoğlu bildirib ki, dezinformasiya yaymaq ictimai və hüquqi məzmuna malik olan məsələ kimi informasiya təhlükəsizliyinə təhdid yaradır: "Hər şeydən əvvəl unutmaq olmaz ki, tətbiq edilən qaydalar təkcə dövlət orqanları deyil, ümumilikdə bütün cəmiyyət, fərdi qaydada hər bir vətəndaş qarşısında ciddi məsuliyyət müəyyənləşdirir. Ən əsası isə, kütləvi informasiya vasitələri, fəal sosial şəbəkə istifadəçiləri məsuliyyətli, həssas və diqqətli olmalı, ajiotaja, sosial təşvişə xidmət edən, eləcə də müvafiq hüquqi məsuliyyət doğuran yalan, dezinformasiya xarakterli məlumatların yayılmasına rəvac verən davranışlara yol verilməməlidir. Çünki bu məsələlər ictimai və hüquqi məzmuna malik olmaqla, həm də cəmiyyətimiz və dövlət üçün informasiya təhlükəsizliyi məsələsidir. Nəticə etibarilə, milli maraqlar ətrafında birləşmiş hər bir şəxs bu cür hallara qarşı mübarizə aparmalıdır. Müvafiq dövlət strukturlarının hüquq müstəvisində həyata keçirdiyi tədbirlərlə yanaşı, fərd olaraq xalqın təhlükəsizliyi, əhalinin sağlamlığı naminə həyata keçirilən tədbirlərin əhəmiyyətini azaltmaq, yaxud görülən işlərin üzərinə kölgə salmaq məqsədilə sosial şəbəkələrdə aparılan çirkin təbliğatın qarşısını həm də ictimai qınaq vasitəsilə almalıyıq”.


Əks düşərgəni təşkilatlandıranlar

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli də karantin dövründə kütləvi itaətsizliyin təşkil edilməsi üçün xüsusi bir kampaniya aparıldığını dilə gətirib. O qeyd edib ki, kampaniya təşkilatçıları bir tərəfdən COVİD-19-un uydurma bir oyun olması barədə çaşdırıcı fikirlər səsləndirir, insanların fikirlərini qarışdırır, digər tərəfdən də hökuməti, asayiş keşikçilərini hədəfə alırlar: "Polisə qarşı neqativ rəy yaratmaq cəhdi də bu kontekstdədir. Sosial şəbəkələrdə "polislə vətəndaşların qarşıdurması” kimi təqdim edilən video görüntülərdə diqqət çəkən bir məqam var. Görüntüləri paylaşanların əksəriyyəti qeyd edirlər ki, "polislərin saxladıqları şəxsin kimliyi bəlli deyil”, "hansı səbəbdən saxlanıldığı bilinmir” və sair. Amma dərhal da əlavə edirlər ki, "adamlar düz edib polisin başına zibil atırlar”. Əgər saxlanılan şəxsin kimliyi, hansı əməli törətməsi və sair bəlli deyilsə, onda hansı əsasla polis haqsız sayılır? Polisi "haqsız” kimi təqdim edənlər kimlərdirlər, nəyi hədəfləyiblər? Pandemiya dövründə, xüsusilə də son iki gündə polisin fədakar fəaliyyət göstərməsi, qarşısına qoyulan vəzifələri yüksək səviyyədə icra etməsi ilə bağlı yüzlərlə fakt gündəmə gəlib. Tibbi müdaxiləyə ehtiyacı olan vətəndaşlara polis nəfərinin yardım etməsindən tutmuş, Azərbaycanın dövlət rəmzlərinə sayğılı münasibətinə qədər çeşidli video görüntülər yayılıb. Bəs əksini sübut etməyə çalışanlar kimlərdirlər? Əks düşərgəni təşkilatlandıran, "operativ” materiallarla təmin edənlər, saatlarla pusqu çəkib ən xırda detalları videolentə alanlar kimlərdirlər? Düşünürəm ki, bunun ciddi araşdırmaya ehtiyacı var”.


Nəzakət və vətəndaşa əsl sevgi nümunəsi

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayevdə ötən şənbə və bazar tətbiq edilən karantin rejimi çərçivəsində Azərbaycan polisinin vətəndaşlarla nümunəvi münasibətini alqışlayıb, onlara təşəkkür edib. O, qəzetimizə açıqlamasında söyləyib ki, yeni növ koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması prosesində polislər birbaşa ön cəbhədə aktiv mübarizə aparırlar: "Təəssüf ki, hələ də bəzi Azərbaycan vətəndaşları COVİD-19-un ölkə ərazisində hansı sürətlə yayıldığını və virusun törədə biləcəyi ağırlaşmaları dərk etmir. Bu da reallığı, təhlükəni dərk edən və hətta maddi ehtiyacı olmasına rəğmən, evdə oturaraq xüsusi rejimə əməl edən digər vətəndaşlar üçün təhlükə yaradır. Həmin etinasız insanlara həqiqətləri çatdırmaq məqsədi ilə televiziyalarda, mətbuatda və sosial şəbəkələrdə aparılan maarifləndirmə işləri də təsir etmir. Bu, dövlətini və millətini sevən hər bir insanı məyus edir. Son 2 gündə yayılan videolardan hər bir kəs gördü ki, laqeyd, məsuliyyətsiz, qaydalara əməl etməyən insanlara qarşı şərəfli mübarizəni Daxili İşlər Nazirliyinin əməkdaşları - Azərbaycan polisləri aparır. Polislər həkimlərə ağır xəstələrin yanına getmək üçün şərait yaradır, xalqımızın bütün təbəqədən olan nümayəndələrinin problemlərini həll edir, eləcə də onlara qarşı səbr və təmkin nümayiş etdirirlər. Belə davranışlar həqiqətən alqışa layiqdir və millətini sevən insanlarda qürur hissi yaradır. Bu addımlar Azərbaycan polisindən nəzakət və vətəndaşa əsl sevgi nümunəsidir”.

Dövlətin təhlükəsizliyi və xalqın sağlamlığı naminə

N.Abdullayev bildirib ki, Azərbaycan polisinin belə nümunəvi davranışına qarşı bəzi insanlar sosial şəbəkələr vasitəsilə əks təbliğat aparır,asayiş keşikçiləri barəsindəxoşa gəlməyən, millətə yaraşmayan, neqativ rəy formalaşdırmağa çalışırlar: "Həmin insanlara səslənib bildirmək istəyirəm ki, virusun bu qədər yayıldığı dövrdə özünü və hətta dolayısı ilə öz ailəsini də sizə görə risklərə atan polislərimizə qarşı bu cür davranmaqdan əl çəkmək lazımdır. Polislər vətəndaşları daha da pis hallara düşməsin deyə qoruyur, xidməti vəzifəsini yerinə yetirirlər. Karantin qaydalarına qanunla müəyyən olunmuş şəkildə əməl edilməlidir ki, xoşagəlməz hadisələr yaşanmasın.Dövlətin təhlükəsizliyi, xalqın sağlamlığı üçün özünü və ailə üzvlərini riskə atan polislərimizə xüsusi təşəkkürlərimi çatdırıram”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər