Azərbaycan Ordusu öz gücünü göstərir - Fotolar
Hər bir dövlətin əsas rəmzlərindən biri də onun ərazi
bütövlüyünü, suverenliyini, vətəndaşlarını qoruyacaq ordunun olmasıdır. Məhz
buna görə də 1918-ci il mayın 28-də Demokratik Cümhuriyyət elan olunduqdan az
müddət sonra bu istiqamətdə mühüm qərar qəbul edilib. 1991-ci ildə dövlət müstəqilliyinin
bərpasından sonra da qəbul edilən ilk qərarlardan biri Azərbaycan Ordusunun
yaradılması ilə bağlı olub. Lakin müstəqilliyimizin ilk illərində siyasi
hakimiyyətdə rəhbər vəzifə tutanların səriştəsizliyi ordu quruculuğu sahəsində
də böhran yaradıb. Ayrı-ayrı vəzifəli şəxslər öz ətrafında silahlı birləşmələr
yaradıb, vahid komandanlıq olmayıb. Amma 1993-cü ildə ulu öndər Heydər Əliyevin
xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtması Azərbaycan Silahlı Qüvvələrinin
tam formalaşması, vahid komandanlığın təmini, ordumuzun maddi-texniki
bazasının, silah-sursat arsenalının gücləndirilməsi istiqamətində mühüm addımların atılması ilə nəticələnib.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli
davamçısı Prezident İlham Əliyevin 2003-cü ildən ölkəyə rəhbərlik etməsindən
sonra Azərbaycanın hərbi potensialı daha da artıb. İndiyə qədər ölkəmizə ən
müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat
və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən
güclü ordusudur. Azərbaycan Ordusunda mənəvi-psixoloji, döyüş ruhu, sosial,
ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq ən yüksək səviyyədədir.
2016-cı ilin aprel döyüşləri, Cocuq Mərcanlı kəndi ətrafında strateji yüksəkliklərə
nəzarətin ələ keçirilməsi, 2018-ci ilin Günnüt əməliyyatları Azərbaycan əsgərinin
gücünü, qüdrətini bir daha bütün dünyaya nümayiş etdirib. Bunlarla paralel
olaraq, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hərbi sənaye
kompleksi də yaradılıb. Artıq Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul
istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları
nümayiş olunur. Eyni zamanda Azərbaycan Ordusu beynəlxalq terrorizmə qarşı
mübarizədə də fəallıq göstərir. Ölkənin Sülhməramlı Qüvvələri Əfqanıstandakı
koalisiya əməliyyatlarında iştirak edir.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması
də Azərbaycanda ordu quruculuğu sahəsində atılan ilk addımlardan sayılır. Belə
ki, hələ sovet dövründə gələcəkdə müstəqil Azərbaycanın milli zabit kadrlarının
yetişdirilməsi zərurətini uzaqgörənliklə diqqətə alan ulu öndər Heydər Əliyevin
təşəbbüsü ilə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Lisey
yaradılıb. Ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu hərbi təhsil ocağına ən
yüksək səviyyədə diqqət və qayğı göstərən ümummilli lider Heydər Əliyevin
1998-ci və 2002-ci illərdə imzaladığı sərəncamlarla Hərbi Liseyin
yaradılmasının 25 və 30 illik yubileyləri dövlət səviyyəsində geniş qeyd
edilib. Prezident İlham Əliyev də Azərbaycanda nizami ordu quruculuğu, Silahlı
Qüvvələrimizin hərbi qüdrətinin artırılması çərçivəsində Hərbi Liseyin
inkişafına da yüksək diqqət və qayğı göstərib. Bu diqqət və qayğının daha bir
nümunəsi kimi, sözügedən liseydə yenidənqurma və əsaslı təmir işlərinin
aparılmasını, burada təhsil alan kursantların yaşayış və məişət şəraitinin
yaxşılaşdırılmasını göstərmək olar.
26 iyun Silahlı Qüvvələr Günü Cəmşid Naxçıvanski
adına Hərbi Liseyə gələn Prezident İlham Əliyev orada yaradılan şəraitlə tanış
olub, liseyin kursant və müəllimlərini təbrik edib. O, hazırda Azərbaycan
Silahlı Qüvvələrinin dünya miqyasında güclü ordular sırasında olduğunu diqqətə
çatdırıb. Qeyd edib ki, Azərbaycan Ordusunun gücü, döyüş qabiliyyəti, peşəkarlığı
artır və bu gün ordumuz ən yüksək səviyyədədir: "Ulu öndərin misilsiz xidmətləri
Azərbaycan xalqının qəlbində daim yaşayır. Biz onun işini davam etdiririk. Ordu
quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi
texnika alınır, döyüş qabiliyyəti artır. Bir sözlə, bu gün Azərbaycan Ordusu öz
gücünü göstərir və göstərməlidir. Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ
bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan
azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək.
Bizim imkanlarımız artır, maddi vəziyyətimiz yaxşılaşır, orduya lazım olan
texnika, silah-sursat alınır, gətirilir. Bir sözlə, biz bütün bu işləri ona görə
edirik ki, daha güclü orduya malik olaq və öz ərazi bütövlüyümüzü bərpa edək”.
Milli Məclisin Müdafiə,
təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Xanlar Fətiyev mövzu ilə bağlı bildirib ki, Ali Baş Komandan İlham
Əliyev daim ordu quruculuğunu, hərbi texnikaların müasirləşməsini, yeni - bu
günün tələblərinə uyğun olan hərbi sursatların alınmasını, ölkəmizdə bir çox
silah və sursatların istehsal olunmasını daim diqqət mərkəzində saxlayır. Onun
sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz istənilən anda
işğal altında olan torpaqlarımızı azad etmək iqtidarındadır. Deputat deyib ki,
Azərbaycan Ordusu bunu 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı
zamanı bir daha sübut edib. Millət vəkilinin qənaətincə, ordumuzda olan hərbi
texnika, şəxsi heyətin yüksək hazırlığı, hərbçilərin qələbə əzmi, psixoloji vəziyyəti
bunu deməyə əsas verir ki, Azərbaycan bir qarış torpağını belə güzəştə getməyəcək:
"2003-cü ildən indiyə qədər Azərbaycanın hərbi büdcəsi orta hesabla 15 dəfə
artıb. Prezident İlham Əliyevin ordu quruculuğundakı digər mühüm prinsipial
siyasəti ölkənin hərbi sənayesinin yaradılması ilə bağlıdır. Müharibə vəziyyətində
yaşayan Azərbaycanın Silahlı Qüvvələrinin maddi-texniki bazasını milli məhsullar
hesabına daha da gücləndirmək məqsədilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyi
yaradılıb. İndi nazirliyin müəssisələrində müxtəlif təyinatlı silah-sursat və hərbi
vasitələrin istehsalı həyata keçirilir. Bu isə ordumuzun daha da qüdrətli
olmasına xidmət edir”.
X.Fətiyev vurğulayıb ki, beynəlxalq reytinqlərə əsasən
Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. Onun
fikrincə, bu, artıq onu göstərir ki, Ali Baş Komandan şəxsi heyətin
formalaşdırılması istiqamətində əməli addımlar atır: "Prezident İlham Əliyev
daim çıxışlarında qeyd edir ki, bu gün hər bir Azərbaycan vətəndaşı haqlı
olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər. Hərbçilərimiz bu gün ən çətin
döyüş tapşırıqlarını yerinə yetirməyə qadir bir qüvvədir. Ali Baş Komandanın
bir əmri kifayətdir ki, ordumuz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda
müqəddəs mübarizəyə başlasın. Bunun üçün ordumuzda hər bir şərait var. Dövlət
başçısı hər bir Azərbaycan vətəndaşı kimi hərbçilərimizin də sosial rifahını
yüksəltmək məqsədi ilə bir çox qərarlar qəbul edib. Prezident İlham Əliyev tərəfindən
mütəmadi olaraq hərbçilərimizə yaşayış evlərinin verilməsi, onların məvaciblərinin
artırılması dövlətimizin orduya qayğısını göstərir. Təkcə ötən il 300-ə yaxın hərbçi
yeni mənzillə təmin olunub. İyunun 18-də ölkə başçısının əməkhaqlarını artırılması ilə bağlı sərəncamları bir çox
dövlət qulluqçuları ilə yanaşı, hərbçilərimizin də maddi rifahını yüksəltməyə
xidmət göstərir”.
Alpər TURAN