• çərşənbə axşamı, 19 mart, 09:04
  • Baku Bakı 8°C

Azərbaycan ordusu Xalqın Ordusudur!

04.08.20 19:44 12131
Azərbaycan ordusu Xalqın Ordusudur!
Bu həmrəylik, bu güc işğalçı Ermənistana qarşıdır, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına yönəlib
Müasir Azərbaycan inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider dövlətidir. Böyük uzaqgörənliklə həyata keçirilən müstəqil daxili və xarici siyasət, sosial ədalət prinsiplərinin gözlənilməsi, balanslı yanaşma ölkədə xalq-iqtidar münasibətini yaxşılaşdırmaqla yanaşı, beynəlxalq arenada da mövqeyimizi gücləndirib. Beynəlxalq birliyin layiqli üzvünə çevrilən Azərbaycan etibarlı tərəfdaş, Avropanın enerji təhlükəsizliyində, regionun inkişafında mühüm rol oynayan ölkəyə çevrilib.
Bu fonda Azərbaycan Silahlı Qüvvələri də böyük inkişaf yolu keçib, dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Bu, bir tərəfdən Silahlı Qüvvələrə ayrılan vəsaitlə, ölkə rəhbərinin hərbiyə olan diqqət və qayğısı ilə bağlıdırsa, digər yandan Azərbaycan cəmiyyətində vətənpərvərliyin yüksək səviyyəsi, vətəndaşlarımızın işğal altındakı ərazilərimizin hərbi yolla azad edilməsinə daim hazır olması ilə əlaqədardır. Yəni, Azərbaycanda xalq-iqtidar-ordu həmrəyliyi var və bu həmrəylik, bu güc işğalçı Ermənistana qarşıdır, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına yönəlib. İyulun 12-də dövlət sərhədinin Tovuz rayonundan keçən hissəsində işğalçı Ermənistanın növbəti təxribata əl atmasından sonra bu həmrəylik bir daha nümayiş olundu.
Prezident İlham Əliyev ötən həftə şimal-qərb regionlarına səfəri zamanı Balakən regional ASAN Mərkəzinin açılışında iştirak edib və geniş nitq söyləyərək bu amilə diqqət çəkib. Qeyd edib ki, iyul ayının ortasında Nazirlər Kabinetinin toplantısında bu məsələ ilə bağlı fikirlərini ifadə edəndən sonra cəmi bir həftə ərzində 50 mindən çox Azərbaycan gənci Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə üz tutub, könüllü olaraq Vətəni qorumaq üçün qeydiyyatdan keçiblər. O, Azərbaycan Ordusunun tam komplektləşdirildiyini, bu gün əlavə canlı qüvvəyə ehtiyac olmadığını xatırladaraq vurğulayıb ki, ehtiyac olduğu təqdirdə 50 mindən çox insan Vətən, torpaq uğrunda vuruşmağa hazırdır. Dövlət başçısı Azərbaycanın xalqının və dövlətinin Qarabağ məsələsində həmrəy olduğunu dilə gətirib. Deyib ki, Tovuzda Ermənistanın əvvəlcədən planlaşdırılmış təxribatının qarşısının qəhrəmancasına alınması, dövlət sərhədinin və mülki insanların təhlükəsizliyinin təmin olunması, hərbi əməliyyatlarda yüksək texnologiyaların effektiv tətbiqi Azərbaycan Silahlı Qüvvələrinin yüksək inkişaf səviyyəsini və döyüş qabiliyyətini nümayiş etdirir.
Dövlət başçısı deyib ki, dünyanın bir çox ölkələrində gənclərin ordudan yayınması və alternativ hərbi xidmətlərə üz tutması, həmçinin Ermənistan daxil olmaqla, digər ölkələrdə muzdluların orduya cəlb edilməsi fonunda Azərbaycan gənclərinin, ümumiyyətlə xalqın vətənpərvərliyi, könüllü olaraq ordu sıralarına yazılması olduqca müsbət haldır. Prezidentin fikrincə, bu, Silahlı Qüvvələrimizdə aparılan köklü islahatların, xalqın orduya inamının və xalq-ordu vəhdətinin göstəricisidir: "Azərbaycan ordusu Xalqın Ordusudur! Tovuzda baş vermiş döyüşlərdə Ermənistan tərəfindən ön sıraya muzdluların, əsasən Suriyadan olan ermənilərin, orduda qeydiyyatda olmayan qismən yaşlı insanların yerləşdirilməsi, həmçinin, Qarabağdan olan ermənilərin gətirilməsi faktları məlumdur. Nəticə etibarilə, Ermənistan tərəfi itkilərini əsaslı şəkildə gizlədib. Həmin insanlar mülki şəxs kimi uçotda olduğu üçün sonradan mülki şəraitdə ölməsi barədə məlumat verilir... Ermənistan xalqı və mediası bu hərbi avantüraya görə Ermənistan rəhbərliyindən hesabat tələb etməlidir”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Azərbaycanın 20 faiz ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini söyləyib. Deputatın fikrincə, Ermənistanın qeyri-konstruktivliyi səbəbindən 30 ilə yaxındır aparılan sülh danışıqları nəticə vermir, üstəlik, işğalçı dövlət hərbi təxribatlara əl atır ki, bu da Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həllini gündəmə gətirir. O deyib ki, işğal altındakı ərazilərin hərbi yolla azad edilməsi Azərbaycanın suveren hüququdur: "Prezidentin çağırışından sonra bir həftə ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 50 mindən çox gənc müraciət edərək vuruşmağa hazır olduğunu bildirib. Bu, xalq-ordu vəhdətinin mühüm göstəricisidir. Cənab Prezidentimizin də vurğuladığı kimi, bu gün Azərbaycan Ordusu tam kompleksləşdirilib, güclü kadr potensialımız var. Bununla belə, yetişən gənc nəsil Vətən, torpaq uğrunda vuruşmağa daim hazırdır. Tovuz rayonunun sərhəd ərazisində baş verən erməni təxribatı Azərbaycan xalqının Qarabağ məsələsində həmrəy olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın əvvəlcədən planlaşdırılmış təxribatının qarşısını qəhrəmancasına aldı. Bununla da dövlət sərhədinin və mülki insanların təhlükəsizliyi təmin olundu. Bu hadisələr növbəti dəfə göstərdi ki, Azərbaycan əsgəri kimin və nəyin naminə döyüşdüyünü yaxşı bilir. Bu, əsas məsələdir. Xalqına güvənən, onun iradəsini ən yüksək səviyyədə ifadə edən cənab Prezidentimiz dəfələrlə qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ probleminin həllində prinsipial mövqeyindən heç zaman geri çəkilməyəcək, tarixi torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Bu gün Azərbaycan Ordusu keçirdiyi hərbi təlimlər vasitəsilə gücünə güc qatır, döyüş qabiliyyətini artırır, eyni zamanda Ermənistana və onun havadarlarına lazımi mesaj verir”.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev də Silahlı Qüvvələrimizin inkişafından, xalq-iqtidar-ordu həmrəyliyindən söhbət açarkən bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə müasir texnika ilə təchiz edilmiş qüdrətli Azərbaycan Ordusu istənilən vaxt torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Onun sözlərinə görə, Aprel döyüşləri, Günnüt zəfəri, son olaraq isə Tovuz istiqamətində Ordumuzun Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi cəza tədbirləri bunu bir daha sübut edir: "Bu gün istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmən tərəfindən törədilən çirkin hadisələrdə xalqımız dövlətimizin, Prezidentimizin yanında olmaqla milli birlik və həmrəylik nümayiş etdirir. Hadisələrlə bağlı ordumuzu dəstəkləyən insanlarımız torpaqlarımızın azadlığı uğrunda döyüşə getmək üçün müraciətlər edirlər. Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrimizin zəfər salnaməsi adlandırdığı Aprel döyüşləri, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu tərəfindən 11 min hektar ərazimizin azad edilməsi göstərdi ki, istənilən vaxt Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzü bərpa etmək qüdrətindədir. Bu gün adı güclü ordular sırasında çəkilən Azərbaycan Ordusunda iradəli, əzmli, cəsarətli, qəhrəman və gənc nəslə nümunə olan qeyrətli Vətən oğullarımız var. Vətənin, millətin keşiyini çəkən oğullarımızın arxasında da Azərbaycan xalqı dayanır”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər