AZE | RUS | ENG |


Azərbaycan mədəniyyətini Yaponiyaya aparmış musiqiçi - Fotolar

Azərbaycan mədəniyyətini Yaponiyaya aparmış musiqiçi - Fotolar
Gülnarə Azuma Səfərova: “Dünyanın hər yerində sözümüzlə, musiqimizlə, mədəniyyətimizlə ermənilərə qalib gəlməliyik”

Həmyerlilərimizin xoş sədasını dünyanın o başından eşidəndə, insanın ürəyi dağa dönür. Bəli, "o, Azərbaycan vətəndaşıdır” ifadəsini fəxrlə deyirik. Uzun müddətdir ki, Yaponiyada yaşayan və Azərbaycan musiqisini, mədəniyyətini orada təbliğ edən Gülnarə Azuma Səfərova da belələrindəndir. Gülnarə xanım uzun müddət vətənindən ayrı düşsə də, öz milli mentalitetini, dünyaya göz açdığı ölkənin mədəniyyətini heç zaman unutmayıb.

Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin bitirib. 1997-2007 illərdə Bakı Muisiqi Akademiyasının dosenti vəzifəsində çalışıb. Beynəlxalq müsabiqə laureatı, pedaqoji elmlər doktorudur. 2008-ci ildən Yaponiyada yaşayır. Klassik musiqi ilə yanaşı, Yaponiyada Azərbaycan musiqisini təbliğ edir. Konsert və həmçinin Azərbaycan mədəniyyəti haqqında musiqi leksiyalarının təşkilatçısıdır. "Ongakuno-ie” (Musigi Evi) adlı yeni bir qrupun yaradıcısı və rəhbəridir. Bu qrup Yaponiyada musiqi ilə bağlı kiçik layihələr hazırlayır. 2016-cl ildə "Azerbaijani Music & Japanese Taiko” adli CD disk buraxıb.
 
- Gülnarə xanım, sizi Yaponiyaya aparan səbəb nə oldu?
- Mən Yaponiyaya 8 il bundan əvvəl Yaponiya vətəndaşı ilə ailə qurub gəlmişəm. Ona gədər Bakıda yaşayıb işləyirdim. Yaponiyaya gələnə qədər Bakı Musiqi Akademiyasında dosent vəzifəsində çalışmışam. Yoldaşımın soyadı Azumadır. Yaponların adımı rahat yadda saxlamaları üçün yoldaşımın soyadını götürmüşəm.
 
- Buradakı musiqi təhsili ilə Yaponiyadakı musiqi təhsili arasında nə kimi oxşar və fərqli cəhətlər var?
- Yaponiyada gözəl klassik musiqi ifaçıları var. Mənim musiqiçi dotslarımın arasında da gözəl ifaçılar çoxdur. Amma mənə elə gəlir ki, musiqi təhsili bazisi bizdə Yaponiyadan daha güclüdür. Yaxşı baxsaq, dünyada uğur qazanmış asiyalı klassik musiqi ifaçılarının demək olar ki, əksəriyyəti musiqi təhsillərini Avropa və ya Amerikada alan insanladır. Amma milli mədəniyyətinə, milli musiqisinə gəldikdə isə, onu demək lazımdır ki, yaponlar öz mədəniyyətini çox gözəl qoruyub saxlayır və ən yüksək səviyyədə dünyada təbliğ edirlər.
 
- Musiqinin dili yoxdur deyirlər. Orada Azərbaycan musiqilərinə maraq varmı?
- Düz buyurursunuz. Musiqinin dili olmadığı üçün hansı ölkənin musiqisi olursa-olsun, insanın ürəyinə toxunur. Mən elə bu haqda öz konsert-leksiyalarımda da yapon dinləyicilərinə həmişə danışıram. Yaponlar musiqimizi böyük maraqla qəbul edirlər. Yapon musiqiçiləri məndən çox vaxt Azərbaycan musiqisi notlarını istəyirlər. Bu, çox sevindirici haldır. Vətənimizdən uzaq olduğumuza görə, bəzən Azərbaycan əsərlərinin notlarını əldə etməkdə çətinliklərimiz olur. Bu işdə mənə kömək edən Bakı Musiqi Akademiyası Kitabxanasının müdiri Dürdanə xanım Əliyarovaya öz təşəkkürümü bildirirəm. Yaponiyaya gələndə məni bir musiqiçi kimi ən çox təəccübləndirən və kədərləndirən o oldu ki, erməni bəstəkar Xaçatryanın adını Yaponiyada tanımayan yoxdur. Hətta onun əsərlərini də yaxşı tanıyır və ifa edirlər. Axı bizim onlara qalib gəlmək gücümüz yalnız silahda deyil! Sözümüzlə, musiqimizlə, mədəniyyətimizlə onlara qalib gələk. Mən çox istərdim ki, biz də bu istiqamətdə özümüzü daha çox göstərək. Bir-birimizə kömək, dayaq olaq. Bir-birimizin uğurlarına sevinək. Tək Yaponiyada yox, bütün ölkələrdə Azərbaycan mədəniyyətinin daha çox tanınması üçün hamımız əl-ələ verib çalışmalıyıq. 
 
- Azərbaycan mədəniyyəti haqqında musiqi leksiyalarının təşkilatçısısınız. Bu leksiyaları harada tədris edirsiniz?
- Leksiyaları hansısa bir təhsil ocağında yox, konsert salonlarında keçiririk. Musiqisevərlər, Azərbaycan musiqisinə marağı olanlar bir araya yığılıb söhbət edir, musiqi əsərlər ifa edirik.
 
- "Ongakuno-ie/Musigi Evi" adlı yeni bir qrupun yaradıcısı və rəhbərisiniz. Burada nələr təbliğ olunur? 
- Bəli, bu qrupu biz yapon musiqiçi dostlarımla birgə yaratmışıq. Bizim burdakı konsert və musiqi tədbirlərimiz öz hesabımıza qurulur. Təşkil etdiyimiz konsertlər vasitəsilə Azərbaycanın musiqisini təbliğ etmək, yaponlara bizim ölkənin mədəniyyətini daha çox tanıtmaq məqsədi ilə yaranmış bir qrupdur. Ongakuno-ie xeyriyyə konsertləri təşkil edir. Qrupun 2016-cı ildə təşkil etdiyi ən yaddaqalan hadisələr içərsində iki konsert olmuşdur. Onun biri Azərbaycan musiqisi konserti idi. Piano və yapon milli zərb alətində Azərbaycan musiqisini ifa etmişdik. Konsert mənim yeni CD-min təqdimat konserti kimi keçirilmişdi. Konsert dolu zalda, şən əhval-ruhiyyədə keçdi. Hətta dinləyicilərə Azərbaycan çayı və Azərbaycan şərabı da təqdim etmişdik. O biri konsert isə xeyriyyə konserti idi. Professional musiqiçilərlə yanaşı, eşitmə qabiliyyəti zəif olan və Daun xəstəliyindən əziyyət çəkən iştirakçılar da bir yerə toplaşıb, hamımız bir yerdə gözəl konsert keçirtdik. Siz görəydiniz, xəstəlikdən əziyyət çəkən iştirakçılar nə gözəl ifa etdilər! Bizdən də yaxşı! Konsertdən sonra apardığımız sorğu göstərdi ki, belə xeyriyyə konsertlərinə ehtiyacı olanlar çoxdur. Ongakuno-ie bundan sonra da bu xətti mütləq davam etdirəcək. Bu il keciriləcək konsert artıq planlaşdırılıb, güman edirəm ki, uğurla alınacaq. Bizim qrup yaşından, millətindən, və s. asılı olmadan musiqisevərlərin bir yerə toplaşdığı məkandır. Yapon dinləyicisini tək klassik musiqisi ilə yox, müxtəlif janrlardan ibarət olan musiqi ilə tanış edirik. Burada, əlbəttə, bizim Azərbaycan musiqimizi də yüksək professional səviyyədə təbliğ edirik. Professional musiqiçilərlə yanaşı, Ongakuno-ie layihələrinə musiqi sevən insanlar, istedadlı uşaqlar da cəlb olunur. Onların arasında, uşaq evlərinin məzunları, hansısa bir xəstəliyə görə Konservatoriyada musiqi təhsili ala bilməyən, amma fakultativ şəkildə məşq edən insanlar və s. olur.
 
- Yapon və Azərbaycan mədəniyyətləri arasında əsas fərqlər nədir? 
- Yaponlar çox özünəməxsus bir millətdir. Yapon mədəniyyəti və cəmiyyətinə xas olan xüsusiyətlərin arasında dünyanın heç bir başqa ölkəsində olmayan xüsusiyyətlər var. Mənim fikrimcə, yaponları əsas 3 cəhətləri ilə xarakterizə etmək olar: 1. Təbiətə çox bağlı millətdirlər. 2. Həddindən artıq mədəni, məsuliyyətli və işgüzardırlar. 3. Yaranan hər bir problemin həllində qarşıdakı insanın yox, ilk öncə özünün səhvini axtarıb, onu düzəltməyə çalışırlar.  
 
- Orada təhsil sistemi hansı səviyyədədir? 
- Ümumi təhsil sistemi çox yüksək səviyyədədir. Məktəblilərdə təkcə  intellektual qabiliyyət, mədəni zövq və bədənin sağlamlığı yox, həmçinin kollektivdə işləmək, işdə bir-birilərinə dayaq olmaq kimi xüsusiyyətlər tərbiyə olunur. Bundan başqa, orta məktəbin yuxarı sinif şagirdlərinin məktəb tətili zamanı hansısa bir yüngül işdə işləmək imkanları da var. Bu imkandan cavanların demək olar ki, hamısı istifadə edir. İşdə məsuliyyət hissi, cüzi olsa da ailəsinə maddi kömək, həm də öz əziyyəti ilə qazanan pulu dəyərləndirmək kimi vacib elementlər gənc insanın cəmiyyətə sosiallaşma prosesində böyük rol oynayır.  
 
- Yaponiyada Azərbaycanı tanıyırlarımı? Bizə qarşı münasibət necədir? 
- Son zamalnar Azərbaycana maraq artıb və bu çox sevindirici bir haldır.  Yaponiyada yaşayan azərbaycanlılar cəmi 40-50 nəfər olsa da, hər bir azərbaycanlı ölkəsinin adını orada uca tutur. Mən Yaponiyaya təzə gələn zaman yaponların demək olar ki, Azərbaycan haqqında məlumatları çox az idi. Ölkənin harada yerləşdiyini bilməyənlər də var idi. Amma son zamanlar ölkələrimiz arasında əlaqələr daha da genişlənməyə başlayıb. Yapon televiziyasında Azərbaycan haqqında verilişlər gedir, Azərbaycan klassik musiqisi yapon musiqiçilərin ifasında səslənir, Azərbaycanda yapon malları sərgiləri keçirilir, Yaponiya və Azərbycan haqqında yeni kitablar nəşr olunur, Azərbaycanın ali məktəb tələbələri Yaponiyaya oxumağa gəlirlər. Azərbaycanın tanınmasında idmançılarımızın da rolu böyükdür.  Rio-de-Janeyro Olimpiya Oyunlarında bizim idmançılarımız yüksək nəticə göstərmişdilər. Yadıma maraqlı bir əhvalat düşür. Cüdo üzrə qızıl medal uğrunda döyüşən azərbaycanlı Rüstəm Orucov və yaponiyalı Shohei Ononun TV-də canlı yayımını səhər saat 4-də yoldaşımla birgə izləyirdik. Hər kəs öz ölkəsinin idmançısını dəstəkləyirdi. O dəqiqələr yoldaşımla bir-birimizə rəqib kimi televiziya qarşısında oturmağımız maraqlı idi. Güman edirəm ki, 2020-ci ildə Yaponoyada keçiriləcək Olimpiya Oyunlarında da Azərbaycan idmançılrı ölkəmizi şərəflə təqdim edəcəklər.
 
- İstərdim, konsertləriniz haqqında bizə məlumat verəsiniz.
- 2011-ci ildə Yaponiyada baş vermiş güclü zəlzələnin nəticəsini aradan qaldırmaq üçün insanlara dəstək məqsədilə 2011-2012-2013-cü illərdə  bir neçə xeyriyyə konsert silsiləsi keçirtmişdik. Bizim ilk böyük uğurlarımızdan biri 2013-cü ildə "Yapon və Azərbaycan musiqisi” adlı böyük bir konsertin keçirilməsi oldu. Konsert mən yaşadığım Zama prefekturasının rəhbərliyi və Yaponiyadakı Azərbaycan səfirliyinin köməkliyi ilə təşkil olunmuşdu. Konsert haqqında yapon mediası da geniş informasiya verdi. Hər il yeni proqram, yeni proyektlə tamaşaçıları sevindirməyə çalışıram: klassik fortepiano konsertləri, milli musiqi alətləri ilə sintez üzərində qurulmuş çıxışlar və s. Keçən 2016-cı ildə bir neçə böyük layihəmiz uğurla başa çatdı. Bunlardan iki fortepiano üçün əsərlərdən ibarət klassik musiqi gecəsini (gözəl yapon pianoçusu Kosuke Nara ilə birgə), Azərbaycan bəstəkarı Sevda İbrahimovanın fortepiano və orkestr üçün konsertini (Shuji Yajimanın dirijorluq etdiyi Sagamihara gənclər orkestrinin müşayiəti ilə), yapon müasir müzikl əsərində pianoda ifanı (Tokio Dövlət Teatrının proyekti) göstərə bilərəm. Xüsusilə, yapon milli zərb aləti ilə birgə yaratdığımız sintez musiqi layihəsi haqqında danışmaq istəyirəm. Vadayko adlanan yapon milli zərb aləti ifaçısı olan gənc Kenji Furutate ilə birgə hazırladığımız ilk CD internetdə, həmçinin Yaponiyada Azərbaycanın mağazalarında satılır. Marağı olanlar Bakı metrosunun Sahil stansiyası yaxınlığında yerləşən "Xəqan AVN” audio-video mağazasından soruşa bilərlər. Sonda qeyd edim ki, bundan sonra da Azərbaycan mədəniyyətini Yaponiyada təbliğ etmək üçün var gücümüzlə çalışacağıq.
 
Xəyalə RƏİS


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7081
GBP 1 İngilis funt sterlinqi 2.1901
TRY 1 Türk lirəsi 0.4835
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2096
EUR 1 Avro 1.9988
CHF 1 İsveçrə frankı 1.7610
USD 1 ABŞ dolları 1.7008