AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan iqtisadiyyatı pandemiya dövründə də öz dayanıqlılığını qoruyub saxladı

Azərbaycan iqtisadiyyatı pandemiya dövründə də öz dayanıqlılığını qoruyub saxladı

Siyasət
04 Avqust 2020, 18:51 2217
Bütün çətinliklərə rəğmən, regionların sosial-iqtisadi inkişafına yönəlmiş layihələr təxirə salınmadı

Pandemiyanın ən çox zərər vurduğu sahələrdən biri də ölkələrin iqtisadiyyatıdır. Cari ilin 6 ayı ərzində dünyanın əksər ölkələrində tətbiq edilən sərt karantin rejimi qlobal iqtisadi dinamikanın xeyli aşağı düşməsinə səbəb oldu. Bunun nəticəsində ilin birinci rübündə neftin qiymətində kəskin enmələr müşahidə olundu. Nəticədə əksər ölkələrdə sosial-iqtisadi layihələr təxirə salındı, bir sıra vacib layihələr gündəmdən çıxdı.
Təbii ki, Azərbaycan da dünyanın bir hissəsi olaraq pandemiyanın fəsadlarından ciddi zərər gördü. Amma hətta belə bir məqamda ölkəmizdə regionların sosial-iqtisadi inkişafına yönələn layihələrin icrası təxirə salınmadı. Bu layihələrin həyata keçirilməsi ölkə iqtisadiyyatının və kənd təsərrüfatının inkişafının pandemiya dövründə də prioritet istiqamət olaraq qalmasından xəbər verir.
Dövlət başçısının tapşırığı ilə regionlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər görülür. Elə bu günlərdə Prezident İlham Əliyevin şimal-qərb regionuna səfəri də bunu bir daha sübut etdi. İyulun 29-da Balakən regional "ASAN xidmət” mərkəzinin açılışında iştirak edən Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış oldu. Prezidentin köməkçisi, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevə məlumat verdilər ki, bir hektara yaxın ərazidə inşa olunan dördmərtəbəli bu Mərkəz Balakən, Zaqatala, Qax rayonlarında qeydiyyatda olan 284 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək.
İqtisadçı millət vəkili Vüqar Bayramov deyir ki, pandemiya dövründə də Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını qoruyub saxladı: "Düzdür, pandemiya qlobal və eləcə də milli iqtisadiyyata çox ciddi zərbə vurdu. Neft bazarında mart ayından başlayaraq dalğalanma müşahidə olunur. Təbii ki, bu məqam neft ölkələrinin gəlirlərinə ciddi təsir göstərdi. 2020-ci ilin birinci yarısında Azərbaycan iqtisadiyyatında ÜDM-in həcmində 7 faiz azalma qeydə alındı. Digər ölkələrlə müqayisədə bu nəticə məqbul hesab oluna bilər. Avrozonada yarım ilin yekunlarında ÜDM-in həcmindəki azalma ikirəqəmli bir göstərici ilə -12 faizlə ifadə olunub. Bütövlükdə inkişaf etmiş ölkələr üzrə iqtisadi azalma tempi 10 faizə yaxındır. Bu isə ondan xəbər verir ki, Azərbaycanda iqtisadi azalma çox da böyük deyil. Bu da pandemiyanın təsirlərinə Azərbaycan hökumətinin çevik reaksiya verməsi, iqtisadi paket çərçivəsində sahibkarlara, günəmuzd işləyən vətəndaşlarımıza dövlət dəstəyinin verilməsi nəticəsində reallaşdı. Sahibkarlar iqtisadi paket çərçivəsində güzəştli vergi, güzəştli kredit paketlərindən faydalana bildi. Burada söhbət kifayət qədər böyük həcmdə - 500 milyon manatlıq vergi paketindən gedir. Bu da pandemiya dövründə Azərbaycan iqtisadiyyatında ciddi azalmaların qarşısını almaqda mühüm rol oynadı. Eyni zamanda pandemiya dövründə diqqət çəkən məqamlardan biri də regionların inkişafı ilə bağlı oldu. Cənab prezident İlham Əliyevin bu müddət ərzində müxtəlif  bölgələrə səfəri ondan xəbər verir ki, pandemiya dövründə regionların inkişafı Azərbaycan hökuməti üçün prioritetdir. Nəticə etibarilə sənaye müəssisələrinin və sosial obyektlərin istifadəyə verilməsi, məşğulluğun təmin edilməsi, regionlarda ASAN xidmət mərkəzlərinin sayının artırılması, mərhələli şəkildə regionlarla Bakı arasındakı fərqin azaldılmasına, eyni zamanda regionda yaşayan vətəndaşların dövlət xidmətlərinə elektron çıxışının artırılmasına imkan yaradır. Bütövlükdə götürsək, 2020-ci ildə Azərbaycan pandemiyaya çevik reaksiya verən ölkələrdən biri oldu. Ötən dövr ərzində ölkə iqtisadiyyatının dayanıqlılığının qorunub saxlanılmasına nail olundu. Bu da post-pandemiya dövründə real sektorda daha qısa zaman ərzində iqtisadi artımın əldə olunmasına şərait yaradır”.
 
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli deyir ki, regionlarda aqrar sahənin inkişafı ilə bağlı bir neçə istiqamət üzrə iş aparılır: "İlk növbədə əsas prioritet su resurslarına qənaət və yeni su mənbələrinin tapılmasıdır. Yeni texnologiyaların tətbiqi ilə qənaət texnologiyasına keçid etmək çox mühümdür. Bununla yanaşı, strateji ehtiyatların yaradılması ilə bağlı fəaliyyət planı qəbul olunub. Regionlarda aqrar sektorun inkişafı ilə bağlı ən mühüm addım yaxın illərdə suvarma probleminin aradan qaldırılması ilə bağlıdır. Çünki su olmadıqdan sonra heç bir innovasiyanı, heç bir layihəni reallaşdırmaq mümkün olmur. Hətta dağlıq və yüksək dağlıq ərazilərdə suvarma problemi qalmaqdadır. Bu zonalarda sututarların yaradılması çox vacibdir. Prezident regionların torpaq iqlim şəraitinə və əmək vərdişlərinə görə inkişafına dair göstəriş verdi. İnnovasiya bu vərdişlər və resurslar üzərində qurulmalıdır. Dövlət başçısı şimal-qərb zonası üzrə fındıqçılıq sahəsinin daha da inkişaf etdirilməsini prioritet kimi irəli sürdü. Tədqiqatlar göstərir ki, fındıq strateji əhəmiyyəti olan bir meyvədir. Fındıq istehsalı kənd təsərrüfatı sahəsinin sənaye yönümlülüyünü artırır. Hazırda əkilən fındıq bağları 80 min hektar ərazi təşkil edir. Həmin ərazidən 18 min ton məhsul əldə olunur ki, bu da 100 milyon dollar gəlir gətirir. Bu da aqrar sektorda üçüncü mövqedə formalaşan istiqamətdir. Çox böyük valyuta axını gətirdiyinə görə, dövlət başçısı regionlara səfəri zamanı bu məsələni xüsusi vurğuladı. Balakən-Zaqatala-Qax regionunda fındıqçılıq əməktutumlu bir sahə hesab olunur. Məşğulluğun təmin olunmasında bu məsələ xüsusi rol oynayır. Dövlət başçısının şimal-qərb zonasına səfərinin ən mühüm nəticələrindən biri odur ki, bu sahəyə və bütövlükdə aqrar sektora yeni bir yanaşmanın tətbiqinin əsası qoyulacaq”.
 
Şəbnəm